Məhkəmə qərarları › İş №2-1(103)-638/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-638/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-638/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2- 1(112)-812/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 24.10.1999-29.10.1999-cu il tarixlərdə fərarilik etməsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, AR Müdafiə Nazirliyinin hərbi qulluqçusu olaraq 25.05.1993-cü il tarixdən 25.05.1995-ci il tarixədək-310 saylı hərbi hissədə; 27.10.1993-cü il tarixdən 22.07.1994 il tarixədək 310 saylı h/h-dən Qarabağ döyüş bölgəsinə "A” Qrupunun tərkibində; Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş döyüş bölgələrində yerləşən hərbi hissələrdə: 25.05.1995-ci il tarixdən 18.08.2000-ci il tarixədək-N saylı h/h-də; 18.08.2000-ci il tarixdən 03.08.2005-ci il tarixədək-215 saylı h/hdə, 03.08.2005-ci il tarixdən 31.08.2011-ci il tarixədək-928 saylı h/h-də xidmət etmiş; 04.08.2011-ci il tarixdə müdafiə nazirinin müvafiq saylı əmrinə əsasən, 928 saylı h/h-dən ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olduğu dövr ərzində ona ödənilmiş aylıq pul təminatı ilə bağlı müvafiq arayış verilməsini AR Müdafiə Nazirliyindən xahiş etsə də, verilmədiyi, imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim etdiyi iddia ərizəsi baxılması 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat xanım Hacıbəyovanın icraatına verilmiş və tərəfindən № 2-1 (81)-3391/2020 saylı inzibati iş üzrə cavabdeh AR Müdafiə Nazirliyinə sorğu məktubu göndərilərək, iddia ərizəsində qeyd olunan inzibati aktın məhkəməyə təqdim edilməsi xahiş edilmişdi. AR Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 12.12.2019-cu il tarixli, 12/3740 saylı məktuba əlavə edilmiş arayış-məlumatda N saylı h/h-də xidmət etdiyi müddətdə pul təminatının azaldılmasının səbəbi kimi qanunsuz və əsassız olaraq, onu ləkələmək, təhqir etmək, ləyaqəti alçaltmaq məqsədi ilə həmin müddətdə h/h-nin Avtomobil texniki-təminat xidmətinə cavabdeh zabit vəzifəsində, “mayor” rütbəsində olduğu, eləcə də, Naxçıvan MR-sı blokada vəziyyətində olduğu vaxt, yalan, uydurma, böhtan xarakterli, həqiqətə uyğun olmayan sözlər qeyd edərək, sıra sayı üzrə 8-də, 24.10.1999-29.10.1999cu il tarixlərdə guya ki, fərari olduğu göstərilmişdir. Həmin məsələnin hərtərəfli, obyektiv, ədalətli araşdırılması və hüquqlarının bərpa edilməsi üçün tərəfindən 22.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinə şikayət ərizəsi ilə müraciət edərək, onun o vaxtlar MN-nin zabiti olaraq mayor rütbəsində 24.10.1999-29.10.1999-cu il tarixlərdə həqiqətən də hərbi xidmət keçməkdən boyun qaçırmağı, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərarilik etməyi ilə bağlı hər hansı sübutların olub-olmaması, bu iş üzrə araşdırma işinin aparılıb-aparılmaması, hərbi hissə komandirinin müvafiq saylı əmrinin mövcud olub-olmaması, cinayət işinin başlanılıb-başlanılmaması, əgər cinayət işi başlanmayıbsa hansı səbəbdən başlanılmaması barədə ətraflı məlumat verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin artıq uzun müddətin keçməsinə baxmayaraq, müraciətinə qanunsuz və əsassız olaraq cavab verilmir, laqeyd, etinasızlıq münasibəti göstərilir, cavab verilməsindən qəsdən və bilərəkdən yayınılır, cavab verməmək mövqeyi tutur, sənədlərin verilməsindən dolayı olaraq imtina edilir ki, bununla da hüquqları kobud şəkildə pozulur. Bütün yuxarıda qeyd olunanları nəzər alıb, hesab edir ki, AR Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş 12.12.2019-cu il tarixli, 12/3740 saylı məktubda qeyd olunan 24.10.1999-29.10.1999-cu il tarixlərdə fərari olmağı ilə bağlı sənədlərin verilməsindən imtina edilməsi qanunsuzdur. Bu səbəbdən də həmin sənədlərin verilməsi vəzifəsinin AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə tələbi əsaslıdır, qanunidir və məhkəmə tərəfindən təmin olunması barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2-1(112)-3997/2020 saylı qərardadı ilə N nömrəli hərbi hissə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı N saylı hərbi hissədə 24.10.1999-29.10.1999-cu il tarixlərdə fərarilik etməsi ilə bağlı təsdiqedici sənədlərin, barəsində intizam qaydasında görülmüş tədbirlər, tətbiq edilmiş cəzalar barədə hərbi hissənin nizami hissə üzrə əmrlər kitabından və yaxud da, həmin əmrin qeydiyyata alınması barədə hərbi hissə üzrə əmrlərin qeydiyyatı kitabından çıxarış; İddiaçı birbaşa rəisi tərəfindən hərbi hissə komandirinə ünvanlanmış, ibtidai araşdırma (təhqiqat) işinin təyin edilməsi barədə raportun surəti və yaxud da həmin raportun qeydiyyata alınması barədə hərbi hissənin daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarış; hərbi hissə komandiri tərəfindən hərbi prokurorluğa göndərilmiş rəsmi məktubun surəti və yaxud da, həmin məktubun qeydiyyata alınması barədə hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabından çıxarış; ibtidadi araşdırma-təhqiqat işinin təyin edilməsi barədə hərbi hissə üzrə verilmiş əmrin surəti və yaxud da, həmin əmrin qeydiyyata alınması barədə hərbi hissə üzrə əmrlərin qeydiyyatı kitabından çıxarış; ibtidai araşdırma-təhqiqat işi üzrə iş materiallarında olan bütün sənədlərin surəti; ibtidai araşdırma-təhqiqat işi üzrə toplanmış materialların hərbi prokurorluğa göndərilməsi barədə müşayiətedici məktubun surəti və yaxud da, həmin məktubun hərbi prokurorluğa göndərilməsi barədə hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabından çıxarış, prokurorluq tərəfindən qəbul edilmiş prosessual qərarın (cinayət işinin başlanması və yaxud cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar) surəti və yaxud da, qəbul edilmiş qərarın hərbi hissəyə rəsmi qaydada göndərilməsi barədə hərbi hissənin daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarış; İddiaçı şəxsi işində aparılmış qeydlərdən çıxarış; yuxarıda göstərilən hansısa sənədlərin saxlama müddəti bitmişdirsə və müəyyən edilmiş qaydada məhv edilmişdirsə, sənədlərin yandırılması üçün təyin edilmiş komissiyanın yaradılması barədə hərbi hissə komandirinin əmrin surəti və yaxud da, həmin əmrin qeydiyyata alınması barədə hərbi hissə üzrə əmrlərin qeydiyyatı kitabından çıxarış; yuxarıda sadalanan hansısa sənədlərin saxlama müddəti bitmişdirsə və müəyyən edilmiş qaydada yandırılaraq məhv edilmişdirsə, bununla bağlı tərtib edilmiş aktın surəti və yaxud da, həmin aktın qeydiyyata alınması barədə hərbi hissənin daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarışın təsdiq edilmiş surətlərinin verilməsi vəzifəsinin AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(112)-812/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh MN-yi 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olaraq baxılmış 2-1(81)-3391/2020 saylı inzibati iş üzrə sorğuya cavab olaraq, 2019-cu il tarixli, 12/3740 №-li məktuba əlavə edilmiş arayış-məlumatda 216 h/h-də xidmət etdiyi müddətdə pul təminatının azaldılmasının səbəbi kimi 24.10.1999-29.10.1999-cu il tarixlərdə əgər “fərari” olduğunu qeyd edirsə və bunun yanlış olduğunu, səhvən yazıldığını etiraf etmirsə, adını ləkələmək, nüfuzuna xələl gətirməkdən çəkinmirsə və bunu israrla təsdiq edirsə, onun da qanunla qorunan hüquqları var ki, həmin vaxtlar mayor rütbəsində, idarə heyətinin zabiti kimi belə bir hadisənin baş vermədiyini, h/h komandirinin belə bir əmrinin mövcudluğundan ümumiyyətlə heç vaxt xəbəri olmadığını məhkəmənin nəzərinə çatdırır və bu səbəbdən də haqlı olaraq ərizə yazıb həmin təsdiqedici sənədlərin təqdim edilməsini cavabdehlərdən tələb etmişdir. Məhkəmə prosesində həmin sənədin mövcudluğunu öyrəndikdən sonra səhvən yazıldığı, yanlışlığa yol verildiyini düşündüyü üçün məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün AR Müdafiə nazirinə müraciət edərək, 24.10.1999-29.10.1999-cu illərdə həqiqətən də hərbi xidmət keçməkdən boyun qaçırmağı, h/h-ni və ya xidmət yerini özbaşına tərk etməyi, fərarilik etməyi ilə bağlı hər hansı sübutların olub-olmaması, bu iş üzrə araşdırma işinin aparılıb-aparılmaması, h/h komandirinin müvafiq saylı əmrinin mövcud olubolmaması, ona qarşı hər hansı hüquqi addımlar atılıb-atılmaması, cinayət işinin başlanılıbbaşlanılmaması, əgər cinayət işi başlanmayıbsa hansı səbəbdən başlanılmaması barədə məlumat verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Həmişə olduğu kimi müraciətinə ümumiyyətlə cavab verilmədiyi üçün ləkələnmiş nüfuzunun təmizlənmədi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yəni ki, cavabdeh tərəf onun 216 h/h-də xidmət etdiyi müddətdə 24.10.1999-29.10.1999-cu illərdə fərarilik etdiyini birmənalı olaraq təsdiq edirsə, hesab edir ki, o, da iddiaçı olaraq bununla bağlı təsdiqedici sənədlərin, arxiv materiallardan çıxarışları, qeydiyyat kitablarından çıxarışların məhkəməyə təqdim edilməsində haqlıdır. Eləcə də, qərardadın mətnində qeyd olunan “Məhkəmə hesab edir ki, MN-yi tərəfindən iddiaçı haqqında verilən məlumatlar arxivdə saxlanılan materiallar əsasında verilir. AR MN-nin A 02-03.2020-ci il tarixli, 11/1289 №-li məktubunda isə 216 №-li h/h-nin 1999-cu ilə aid araşdırma materiallarının və qəbul edilmiş prosessual qərarların 100 №-li h/h-nin arxivinə təhvil verilmədiyi bildirilmişdir" ifadəsi absurddur və həqiqətə uyğun deyil. Belə ki, sorğulara cavab məktublarında cavabdeh tərəf nə yazmışdırsa, hansı sənədləri təqdim etmişdirsə, hətta təqdim edilmiş sənədlər iddia tələbinə uyğun olmasa belə məhkəmə nədənsə bununla razılaşmış, cavabdehlərə heç bir irad bildirməmiş, sənədlərin təqdim edilməsinin israrla tələb etməmişdir. Əgər MN-yi, 1999-cu ilə aid araşdırma materialları və qəbul edilmiş prosessual qərarlar 100 №-li h/h-nin arxivinə təhvil verilmədiyini iddia edirsə, necə olur ki, 297 №-li və 302 №-li əmrləri tapıb məhkəməyə təqdim edə bilirlər. Cavabdehlər, sənədlərin təqdim edilməsində maraqlı olmadığı, daima süründürməçiliyə yol verdiyi, məsələnin həllini qəsdən uzatdığı, sorğulara mahiyyəti üzrə cavab vermədiyi, yayındığı üçün, eləcə də, xidmət müddətində h/h-də ştat vəzifə borclarından əlavə təhqiqatçı kimi də fəaliyyət göstərdiyi, yəni h/h-də fərarilik və özbaşına tərk etmə halları baş verdikdə AR MN-nin 30.05.2002-ci il tarixli, 200 №-li əmri ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrində cinayət təqibi üzrə təhqiqatın aparılma qaydası haqqında Təlimat" əsasında h/h komandirləri hansı ardıcıllıqla qanuni hərəkətlər etməli olduğunu bildiyi üçün tərəfindən 14.01.2021-ci il tarixli dəqiqləşdirilmə barədə ərizəsində tələblər qoyulmuşdur. Məhkəmə tərəfindən cavabdehlərə sorğular göndərilərək qeyd etdiyim sənədlərin təqdim edilməsi tələb edilsə də, nədənsə çox uzun müddət ərzində nə MN-yi, nədəki 216 h/h sorğulara cavab verməmiş və heç bir münasibət bildirməmişdir. Lakin, ona aydın olmayan səbəblərdən məhkəmə bütün bunları uyğun hesab etmiş və iddianı mümkünsüz saymışdır. Göründüyü kımı, Bakı İnzibati Məhkəməsi qeyd etdiyi bütün dəlilləri nəzərə almadan, faktiki halları, sübutları ümumiyyətlə araşdırmadan əsassız qərardad qəbul etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı sənədlərin verilməsi vəzifəsinin AR Müdafiə Nazirliyinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçı cavabdeh orqan tərəfindən verilmiş məktubla razı olmadığını, N saylı hərbi hissədə 24.10.1999-29.10.1999-cu il tarixlərdə fərarilik etməsi ilə bağlı təsdiqedici sənədlərin verilməli olduğunu iddia edir. Məhkəmə isə hesab etmişdir ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçı haqqında verilən məlumatlar arxivdə saxlanılan materiallar əsasında verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02.03.2020-ci il tarixli 11/1289 nömrəli məktubunda isə N nömrəli hərbi hissənin 1999-cu ilə aid araşdırma materiallarının və qəbul edilmiş prosessual qərarların N nömrəli hərbi hissənin arxivinə təhvil verilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı 24-29 oktyabr 1999-cu il tarixlərdə “fərari” qeydi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığı müraciətinə 02.03.2020-ci il 11/1289 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd edilən faktın araşdırılması məqsədilə 4 fevral 2020ci il tarixdə N nömrəli hərbi hissəyə sorğu ünvanlandığı və həmin hərbi hissənin N fevral 2020-ci il tarixli 602 nömrəli cavab məktubunda onun N nömrəli hərbi hissə komandirinin N oktyabr 1999-cu il tarixli N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə yemək qeydiyyatından çıxarıldığı və 29 oktyabr 1999-cu il tarixli 302 nömrəli əmri ilə xidmət yerinə qayıtdığı üçün yemək qeydiyyatına alındığı qeyd edilmişdir. Bundan əlavə həmin məktubda N nömrəli hərbi hissənin 1999-cu ilə aid araşdırma materiallarının və qəbul edilmiş prosessual qərarların N nömrəli hərbi hissənin arxivinə təhvil verilmədiyi göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Müdafiə nazirinin 23 dekabr 2006-cı il tarixli müvafiq əmrinə əsasən araşdırma və təhqiqat materiallarının saxlama müddəti 3 (üç) il təşkil edir və saxlama müddəti başa çatmış sənədlər müəyyən edilmiş qaydada məhv edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə daxil olmuş 03 noyabr 2020-ci il tarixli 3775 nömrəli məktubundan görünür ki, ehtiyatda olan mayor İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin 24.10.1999-cu il tarixli N nömrəli və 29.10.1999-cu il tarixli 302 nömrəli nizami hissə üzrə əmrlərindən çıxarışlar göndərilmiş, əlavə olaraq N nömrəli hərbi hissənin 1999cu ilə aid araşdırma materialları və qəbul edilmiş prosessual qərarlar Əlahiddə ümumqoşun Ordunun arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, 1999-cu ili əhatə edən əmrlər kitabı saxlanması üçün Naxçıvan şəhəri N nömrəli hərbi hissənin arxivinə təhvil verilmiş və həmin əmrlərin verilməsi üçün əsasların saxlama müddəti başa çatdığına görə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən məhv edildiyindən sənədlərin surətinin göndərilməsi mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(112)-812/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar