Məhkəmə qərarları › İş №2-1(103)-647/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-647/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-647/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödənişin və mənəvi zərərin ödənilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2429/2021 saylı 06.10.2021-ci ilil tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun və iyul ayları üçün hər ay 190 manat olmaqla cəmi 760 manat birdəfəlik ödənişin və 2000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı əri ilə ünvan 1 ünvanında yaşayır. Hər ikisi işsizdir və Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydə alınıblar. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 saylı Qərarına uyğun olaraq ona (fın:xxxxxxx) və əri aztəminatlı ailə sayılmayaraq və ərinə (fın: 1 BDAVJA) 190 manat birdəfəlik ödəmənin təyin olunmasından qanunsuz və əsassız olaraq imtina olunmuşdur. Cavabdehin işə əlavə olunmuş, iddiaçıya ünvanladığı oxşar məzmunlu 11 iyun, 20 iyul, 23 sentyabr və 26 sentyabr - 2020-ci il tarixli məktublarından görünür ki, imtinanın əsası kimi göstərilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmış və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. İddiaçı 25.04.2020-ci il tarixli müraciət əsasında 26.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmış, əlavə araşdırma nəticəsində onun “aztəminatlı sayılmadığına görə” 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadı ilə iddia 2000 manat məbəlğində mənəvi zərərin ödənilməsi tələbinə dair hissəsində mümkün sayılmamışdır. Eyni zamanda, məhkəmənin 09.02.2021-ci il tarixli digər bir qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının, ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin 2020-ci ilin aprel-may iyun və iyul ayları üçün hər ay 190 manat olmaqla ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərar qanunsuz və əsassızdır. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi və buna uğun vəsaitin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmə Məşğulluq haqqında Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda birdəfəlik ödəmənin verilməsi proqrammı başa çatdırılaraq icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin oluaraq, ödənişlər həyata keçirilmişdir. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs nazirliyin Məşbulluqu alt sisteminqdə (MAS) saxlanılır və bu şəxsin istəyi ilə müraciəti olduğu halda məşğuluğunun təmin olunması məsələsinə qanunvmüvafiq olaraq baxılır. «Məşğulluq haqqında» Qanuna uyğun olaraq X2 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmsına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədi ilə SMS-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Mərkəzdə iş aparılır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədi ilə özünüməşğulluğa cəlb edir. Məhkəmə qanunvericiliyin imkanından istifadə etməyərək dövlətin əlavə maliyyə yükünə səbəb olur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə, onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) V.Abbasov cavabdehin apllyasiya şikayəti ilə razılaşmamış, əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında, cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda imtinanın faktiki və hüquqi hallarının tam müəyyən edilmədiyini bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün olmadığını qeyd edərək, İPM-in 73.2 və 73.3-cü maddələrinə istinadən, hesab etmişdir ki, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası mahiyyəti etibarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, cavabdehin birdəfəlik müavinətin ödənilməsi ilə bağlı iddiaçıya ünvanladığı “SMS” cavabında, habelə, onun 2020-ci il - 11 iyun, 20 iyul, 23 sentyabr və 26 sentyabr tarixli cavabd məktublarında, mübahisəli birdəfəlik ödənişin verilməsindən imtinanı əsası kimi iddiaçının “aztəminatlı sayılmadığı” göstərilmiş, lakin bunun nədə ifadə olunduğuna aydınlıq gətirilməmişdir. Halbuki, qanunvericiliklə işsiz statusuna malik şəxslərə həmin ödənişin verilməsinin hüquqi əsasları konkret müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» 2020-ci il 19 mart tarixli 1950 №-li Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş X3 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin cavabdeh nazirlik tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” təsdiq olunmuşdur. Həmin «Qayda»nın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarına əsasən adıçəkilən Qaydanın 2.3-cü bəndinə aşağıdakı yarımbəndlər əlavə olunmuşdur: 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara ; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li Sərəncamından irəli gələn tapşırığı müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” ilə, ödəmənin hansı hallarda verilməsi, hansı hallarda isə verlmədiyi konkret sadlanmışdır. Lakin cavabdeh inzibati orqan, işsiz statusuna malik olduğunu mübuhisələndirmədiyi İddiaçı aztəmintlı olmadığını “Qayda”nın qeyd olunan tələblərinə uyğun əsaslandırmamış, bununla bağlı müvafiq inzibati araşdırma aparmamış, qeyri-müəyyən formada iddiaçıya “aztəminatılı sayılmadığı”nı əsas gətirməklə, 190 manat məbləğində birdəfəlik ödənişin verilməsindən imtina olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçıya imtina cavabı verərkən, cavabdeh orqan sözügedən “Qayda” ilə müəyyən edilən şərtlərdən verilməsinə əsas olan şərtlərdən kənarlaşmış, öz mülahizəsinə əsasən iddiaçıya imtina cavabı vermişdir. Ən azından, inzibati orqan olaraq, həmin Qanunun 28.1.1-ci və 28.1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdeh iddiaçının ünvanladığı sonrakı müraciətləri (ərizələri) əsasında, onun aztəminatlı olmadığını aydınlaşdırmaq üçün inzibati icraat başlamağa və “Qayda” ilə müəyyən olunan şərtlər nəzərə alınmaqla, müvafiq inzibati araşdırma aparmağa borclu idi. Konkret halda isə “aztəminatlı sayılmaması” anlayışı altında, cavabdehin “Qayda”nın 2.3-cü bəndində nəzərdə tutulan işsizlərə birdəfəlik ödəmə verilməməsinə əsas olan hansı şərti nəzərədə tutduğu bəlli deyil. Qeyri-müəyyən şəkildə isə iddiaçının aztəminatlı sayılmadığından iddiaçının hazırkı tələbi üzrə konkret qərarın qəbul edilməsini imkansız edir. Belə olan halda, İPM-in 73.2-ci maddəsinini tələbinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qeyd olunan prosessual hüquq normasına əsasən cavabdehin imtinasının faktiki və hüquqi halları tam müəyyən etmədiyini və bu baxımdan iddiaçının tələbinin işin hazırkı vəziyyətində təmin etmək mümkün olmadığı barədə hüququi mövqeyini ortaya qoymaqla, Məcəllənin 73.2-ci maddəsinə müvafiq qərarı qəbul etməsi ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası məhkəmənin “İnzibati icraat haqqında” Qanunun 61.3-cü və 73.3-cü maddəsinin müddəalarına istinadən, dolayısı ilə iddiaçının birdəfəlik müavinətin verilməsi ilə bağlı diskression sələhayytlərə malik olmasını vurğulayan mövqeyi ilə razılaşmır. Çünki, adıçəkilən “Qayda” ilə işsizlərə birdəfəlik ödənişin həm verilməsi, həm də verilmədiyi hallar, bitmiş siyahıda konkret sadalanmışdır ki, bu halda da, cavabdeh orqanın diskression sələhiyyətə malik olduğu müəyyən edilə bilməz. Beləlikldə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin halları, maddi və prosessual hüquq normaları baxımından düzgün nəticə kimi qiymətləndiririr və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən, formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2429/2021 saylı 06.10.2021-ci ilil tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2429/2021 saylı 06.10.2021-ci ilil tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar