Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-695/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 04 mart 2023-cü il tarixli qərarla ona əsassız olaraq mənfəət vergi bəyannaməsi üzrə vergi hesablanmışdır. İddiaçı əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olmuş, digər fəaliyyətlər turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və turoperatorların fəaliyyətindən ibarət olduğu müəyyən edilmişdir. Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmalar müəyyən edilmişdir. İddiaçının fəaliyyət sferası da daxil olmaqla əldə edilən mənfəətin 75 faizi üzrə güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh cəmiyyətin bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsini əsas gətirərək iddiaçının zərərçəkən kateqoriyasına aid olmadığına istinad edərək 75 faiz güzəştin tətbiqini əsassız hesab etmiş, əlavə mənfəət vergisi hesablamışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 7 vergi ödəyicisinə elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmiş, həmin elektron qaimə-fakturaların əksər hissəsinin büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlət orqanlarına təqdim edildiyi və iddiaçının 93 faiz gəlirlərinin dövlət sifarişləri əsasında formalaşdığı müəyyən edilmişdir. Həmin qurumların isə xüsusi karantin dövründə fəaliyyətinə icazə verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəalarının Cəmiyyətə şamil olunmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, İddiaçı MMC barəsində qəbul edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********906400 saylı 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəmiyyətin bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə məlumatların öncədən təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********833900 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba izahat və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə 26.627,29 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********906400 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi orqanının uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyət növlərinin (96090) digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi (*əsas fəaliyyət növü), (70100) mərkəzi ofislərin fəaliyyəti, (79120) turoperatorların fəaliyyəti, (79900) turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət və təqdim etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən faktiki fəaliyyətinin tədbirlərin təşkili (otel, restoran xidmətləri və s.) olması müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyət kodlarından biri (79900-turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət) uyğun olduğundan müvəqqəti vergi rejimi tətbiq ediləcək vergi ödəyicilərinin ilkin siyahısına daxil edilmişdir. Cəmiyyətin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən 7 vergi ödəyicisinə ümumilikdə 607.410,95 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Lakin təqdim edilmiş elektron qaimə-fakturaların 564.759,17 manat (ƏDV-siz) olan hissəsi büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlət orqanlarına, yəni Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə (VÖEN: **********), Azərbaycan Respublikası DİN Polis Akademiyasına (VÖEN: **********) və Azərbaycan Milli Antidopinq X7 Şəxsə (VÖEN: **********) təqdim edildiyi və Cəmiyyətin 93,0%-i gəlirlərinin dövlət sifarişləri üzrə formalaşdığı məlum olmuşdur. Həmin qurumların isə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə fəaliyyətinə icazə verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları Cəmiyyətə şamil olunmadığı müəyyən edilmişdir. Qeyd olunan elektron qaiməfakturaların malların adı hissəsində müxtəlif malların (süd, çay, duş geli, şampun, hava təravətləndirici, süngər, şəkər tozu, tibbi maska, səs gücləndirici cihaz və s.) və xidmətlərin adları (otellərin bronlaşdırılması, mehmanxana xidmətlərinin təşkili) qeyd edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinə əsasən pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarların təsdiq edilməsi həmin Sərəncama əsasən yaradılmış İşçi Qrupuna tapşırılmışdır. Bununla əlaqədar olaraq İşçi Qrupu tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahəsi üzrə (sənaye, ticarət, xidmət, nəqliyyat, digər) 14 fəaliyyət növü (istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna), avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri, ölkədaxili yük və sərnişindaşıma (o cümlədən taksi ilə) fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti, ictimai iaşə fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları), hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, digər xidmət fəaliyyəti) müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin araşdırılmasının nəticəsində xx.xx.2022-ci il tarixli **********021800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul olunmuşdur. Cavabdeh apelyasiya şikayətinə əlavə verərək Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə əlavədə həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən X6 Xidməti və İnnovasiya və X2 təqdim etdiyi sənədlərin təhlilindən nəticəyə gəlinmişdir ki, pandemiya dövründə iddiaçının işçilərinin 50 faizindən çoxu işə cəlb edilməmişdir. İnnovasiya və X2 təqdim etdiyi sənədin ilkin olaraq oxunması çətindir və iddiaçı tərəfindən həmin şəxslərin özlərində olan 2020-ci il tarixində portala daxil edilmiş şəxslər olması barədə hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Həmçinin, Hesabat axtarış sistemindən əldə edilən məlumatlara əsasən 2019-cu və 2020-ci ildə bağlanılan əmək müqavilələrinə görə MMC-nin 9 işçisi olmuş, Azərbaycan Respublikası İnnovasiya və X2 məktubuna əsasən onlardan 5-nin işə çıxmasına icazə verilmişdir. Həmçinin, iddiaçının VM-nin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarı ilə tam məhdudlaşdırılmış olsun. Həmin qərara əsasən iddiaçının fəaliyyəti tam dayandırılmamışdır. Bununla yanaşı, 7 avqust 2020-ci il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarın 6.1-ci bəndi, yəni fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır müddəası ləğv edilmişdir. Eyni zamanda, məhkəmə qərarında qeyd olunur ki, iddiaçı müəssisəyə bağlı hökumət tərəfindən maddi yardımların edildiyi də nəzərə alınmalıdır. Bu mənada Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi anlamında koronavirus pandemiyası dövründə iddiaçının fəaliyyətinin məhdudlaşdırılması öz təsdiqini tapdığından, vergi qanunvericiliyi ilə bağlı güzəşt hüququndan istifadə etməkdə iddiaçı haqlı sayılmalıdır. Bildirilir ki, əmək haqqının ödənilməsi ilə bağlı edilmiş maliyyə yardımını məhkəmənin iddianın təmin edilmə əsası kimi göstərməsi anlaşılmazdır. Belə ki, 2019-cu və 2020-ci illər üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən vergiyə cəlb olunan mənfəət 2019-cu il üzrə 8687,4 manat və 2020-ci il üzrə 177515,23 olmuşdur. Göründüyü kimi 2020-ci il üzrə vergi ödəyicisinın vergiyə cəlb olunan mənfəəti əvvəlki illə müqayisədə artmışdır. Yuxarıda qeyd olunan qanunvericilik aktları pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlərdir. Lakin hazırkı iş üzrə pandemiya dövrü vergi ödəyicisinın gəlirlərinə hər hansı bir mənfi təsir göstərməmiş, əksinə 2020-ci il üzrə vergiyə cəlb olunan mənfəəti xeyli dərəcədə artmışdır. Həmçinin, iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürüldüyü üçün iddianın mümkünsüz sayılması barədə vəsatət verilmiş lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, hazırkı inzibati mübahisənin əsası iddiaçının pandemiyadan zərər çəkən sahibkar olub-olmaması, buna münasibətdə 75 faiz mənfəət vergisi üzrə güzəştin tətbiq edilib-edilməməsi ilə bağlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının fəaliyyət sferasını, eləcə də sahibkarlıq fəaliyyətinin digər tərəfi olan şəxslərin büdcə təşkilatları olmasına istinad edərək iddiaçının pandemiya dövründə fəaliyyətinə mənfi təsirin olmadığına istinad edərək güzəştin tətbiqindən imtina edilməsi və bu barədə mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanmalı olması qənaətinə gəlmişdir ki, iddiaçı həmin mövqeyə əks arqument irəli sürərək fəaliyyətinə pandemiya ilə əlaqədar məhrumiyyətlərin mövcud olmuş olduğunu, bu səbəbdən də 75 faiz məbləğində güzəştin ona da tətbiq edilməli olmasını, nəticədə də həmin qərarın qanunsuz və əsassız olmasını iddia edir. Birinci instansiya məhkəməsi iddiaçının arqumentini qanuni və əsaslı, cavabdehin qəbul etdiyi qərarın qanunsuz və əsassız olmasını müəyyən edərək qeyd etmişdir ki, Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr qanuna əsasən əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, İnnovasiya və X2 təqdim etdiyi sənədin ilkin olaraq oxunması çətindir və iddiaçı tərəfindən həmin şəxslərin özlərində olan 2020-ci il tarixində portala daxil edilmiş şəxslər olması barədə hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Həmçinin, Hesabat axtarış sistemindən əldə edilən məlumatlara əsasən 2019-cu və 2020-ci ildə bağlanılan əmək müqavilələrinə görə MMC-nin 9 işçisi olmuş, Azərbaycan Respublikası İnnovasiya və X2 məktubuna əsasən onlardan 5-nin işə çıxmasına icazə verilmişdir. Bundan əlavə, iddiaçının VM-nin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 208 nömrəli Qərarı ilə tam məhdudlaşdırılmış olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı fərdi xidmətlərin göstərilməsi, turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət, mərkəzi ofislərin fəaliyyəti, turoperatorların fəaliyyəti sferasında sahibkarlıq fəaliyyəti göstərmişdir. -Mübahisələndirilən qərardan görünür ki, iddiaçıya mənfəət vergisi üzrə 26.627,29 manat vergi hesablanmışdır. -İş materiallarında olan qərarlardan görünür ki, iddiaçının adıçəkilən qərardan şikayəti təmin edilməmiş, şikayət instansiyasının qərarı Nazirliyin Apellyasiya Şurası tərəfindən də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, iddiaçıya pandemiya ilə əlaqədar muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciəti əsasında maliyyə dəstəyinin göstərilməsi təmin edilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş əsas olmuş hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamının:
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.
3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etsin; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.2. bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 10 aprel 2020-ci il tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”-nin: 1.2. X10 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X8 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan, operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 2.4. Pandemiya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş göndərilir. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli Qərarının: 1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “X5” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli, 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələri və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələr müəyyən edilmişdir (qərarın 3-cü və 4-cü bəndləri). “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (qərarın 1.1ci bəndi və həmin qərara əlavə). İstinad olunan qərarların məzmunundan göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tutulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərara əlavənin 4.4-cü, 4.11-4.12-ci, 4.14-4.16-cı, 5.4-5.6-cı, 6.2-6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndinin digər müddəalarla birgə təhlilinə əsasən, həmin bənddə qeyd olunan sahələrin fəaliyyəti qismən məhdudlaşdırılan sahələrə aid edildiyi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, istehsal prosesinə cəlb olunan işçilərin sayının əhəmiyyətli şəkildə (50 faiz həddində) azaldılması müvafiq təsərrüfat subyektinin fəaliyyətinin qismən məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, müəssisənin işçilərinin 50 faizinin işə cəlb olunması həmin müəssisənin fəaliyyətinin qismən məhdudlaşdırılmasını və bunun üzərindən ona münasibətdə Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinin tətbiqini istisna edən hal kimi təfsir oluna bilməz. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş X6 Xidməti və İnnovasiya və X2 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmamışdır ki, həmin hal iddiaçının fəaliyyətinə pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edildiyi aşkar göstərir. Bu zaman, məhkəmə hesab edir ki, iddiaçının büdcə təşkilatlarına münasibətdə sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etməsi də pandemiya nəticəsində mənfi təsirə məruz qalmaya münasibətdə vəziyyəti dəyişməməklə, iddiaçının sahibkarlıq fəaliyyətinin keyfiyyət və kəmiyyəti ilə bağlı olan haldır. Pandemiyanın mənfi təsiri sahibkarlıq fəaliyyətini iflic olması mənası daşımadığından həmin dövrdə iddiaçının qanunvericiliklə qadağan edilməyən sahibkar kimi bacarığı hesabına gəlirini maksimum, itkilərini minimum hala düşürməsi vergi qanunvericiliyi, eləcə də dövlətin ona güzəşt tətbiq etməli olması baxımından digər şəxslərin həmin iddiaçıdan üstün olması hesab edilməməlidir. Eyni zamanda, iddiaçı müəssisəyə hökumət tərəfindən maddi yardımların edildiyi də nəzərə alınmalıdır. Bu mənada Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi anlamında koronavirus pandemiyası dövründə iddiaçının fəaliyyətinin məhdudlaşdırılması öz təsdiqini tapdığından, vergi qanunvericiliyi ilə bağlı güzəşt hüququndan istifadə etməkdə iddiaçı haqlı sayılmalıdır. Vergi Məcəlləsinin 3.11-ci maddəsinin müddəaları baxımından da iddiaçı tələbində haqlıdır. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Tərəflər arasındakı əsas mübahisənin iddiaçının fəaliyyətinin pandemiya dövründə qismən məhdudlaşdırılmış hesab olunması ilə bağlı olduğu və vergi qanunvericiliyinin bu məsələni tənzimləyən normalarının birmənalı olmadığı nəzərə alındıqda, Vergi Məcəlləsinin əlaqəli normaları iddiaçının xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə