Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-709/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə iddiaçılar X4 və X2 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” publik hüquqi şəxsə qarşı məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3836/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, X1 hazırkı psixi xəstəliklərinin müəyyən edilməsi üçün Ağcabədi rayon xəstəxanasının poliklinika şöbəsində xx.xx.2002-ci il tarixdə qeydə alınmış “Asteniya ilə nəticələnmiş reaktiv psixoz” diaqnozu ilə həmin şəxsin eyni poliklinika şöbəsində xx.xx.2018-ci il tarixdən hazıradək tibbi qeydiyyatda olan “şizofreniya asteniya ilə nəticələnən təkrarlanan reaktiv psixoz” diaqnozuna dair toplanmış tibbi sənədlər əsasında sözügedən psixi xəstənin barəsində cavabdehin xx.xx.2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Şikayətin dəlillərinə görə, işi mahiyyəti üzrə həll edən məhkəmə cavabdehin yazılı etirazına tənqidi yanaşmayaraq, normativ sahəvi hüquqi sənədlərə istinad etmədən, ekspert rəyini inzibati akt olmadığı qənaətinə gəlməklə, iş üzrə dürüst hüquqi nəticə verməmişdir. Belə ki, onlar ekspertin rəyindən deyil, onun keçirilməsində iştiraklarının təmin edilmədiyi üçün cavabdehin qanunla müəyyən edilmiş vəzifəsinin yerinə yetirmədiyini mübahisələndirmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələr). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu kontekstdə, bütün növ inzibati iddiaların mümkünlük şərtlərindən ən birincisi mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasıdır. Lakin işdən görünür ki, inzibati iddianın sözügedən başlıca mümkünlük şərtinə iş üzrə əməl olunmur. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Göründüyü kimi, qanunvericiliyə görə, ekspert rəyi qanunla müəyyən olunmuş qaydada əldə edilən sübutlardan biridir. İşdən isə müəyyən olunur ki, iddia ilə qanuniliyi mübahisələndirilən xx.xx.2019-cu il tarixli ekspert rəyi Ağcabədi Rayon Məhkəməsinin 2(017)-391/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı əsasında keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının nəticəsi olaraq verilmişdir. Göstərilənlər ümumiləşdirilsə, ekspert rəyi digər sübutlar kimi müstəqil olaraq məhkəmə mübahisəsinin predmeti ola bilmədiyi üçün, ona iddianın yaxud iddiaya etirazın dəlili kimi təqdim olunduğu proses çərçivəsində işə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, şikayətin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPMin 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3836/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar X4 və X2 apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova