Məhkəmə qərarları › İş №2-1(103)-713/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-713/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-713/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, “xxxxxxxxx” ASC-nin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə iddiaçı “xxxxxxxxxxxxx” Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin kredit müqavilələri üzrə faiz və cərimə hesablanmasının dayandırılması, sığortaolunanların kredit borclarının əvəzləşdirilməsi və kredit və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair razılaşmalara xitam verilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı inzibati işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun qarant kimi çıxış etdiyi kredit müqavilələri üzrə kredit məbləğinə xx.xx.2017-ci il tarixdən sonra faiz və cərimə hesablanmasının dayandırılması, sığortaolunanların “xxxxxxxxx” ASC-yə olan, ümumilikdə, 443.799 manat kredit borclarının (416.663 manat əsas borc, 27.136 manat ləğvetmə tarixinədək hesablanmış faiz borcu), həmin borcun təminatı (qarantiyası) kimi çıxış edən əmanət hesabındakı məbləğlərin 443.799 manat hissəsi ilə əvəzləşdirilməsinə və “Həyatın yığım sığortası üzrə kreditin və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair” razılaşmalara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı (sığortaçı) ilə “xxxxxxxxx” ASC (sığortalı) arasında “Həyatın yığım sığortası” müqavilələri bağlanmışdır. Sığorta olunanlar və kredit alanlar bankın işçiləri olmuşdur. Sığortaçı ilə Bank arasında imzalanmış bank əmanəti müqavilələrinə əsasən əmanətin məbləği “Həyatın yığım sığortası” müqavilələri üzrə Bank (sığortalı) tərəfindən hər ay ödənilən sığorta haqları hesabına formalaşmışdır. Əmanət hesablarındakı pul vəsaitləri qarantiya müqaviləsi və müvafiq qarantiya məktubları əsasında Bank tərəfindən bloklaşdırılmış və sığorta olunanlara bərpa olunan kredit xətti ayrılmışdır. Həmin kredit xətti üzrə sığorta olunanlara verilmiş kreditlər üzrə Sığortaçı qarant qismində çıxış etmiş və bu barədə razılaşmalar imzalanmışdır. Kredit xəttindən istifadə etmiş sığorta olunanların sayı 28 nəfər təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bank müflis elan edildikdən sonra iflas proseduru çərçivəsində Sığortaçının 547.611 manat və 190.201,26 ABŞ dolları həcmində olan kreditor tələbi qeydə alınmışdır. Həmin məbləğin 640.869,63 manata ekvivalent olan hissəsi sığorta müqaviləsi üzrə sığorta olunanların xeyrinə Bankın ödədiyi sığorta haqları hesabına formalaşmışdır. Bank ləğv edilməsinə baxmayaraq, sığorta olunanlara ayrılmış kreditlər üzrə faizlərin hesablanması hazırda davam edir. Həmin kreditlərin təminat mənbəyi olan əmanətlərə isə faizlərin hesablanması dayandırılmışdır. Hazırda 28 nəfər sığorta olunanın ümumi borcu 501.079,90 manat təşkil edir və göstərilən məbləğin 85.063,80 manat hissəsi faiz borcudur. Sığortaçının qarant kimi çıxış etdiyi qarantiya verilməsinə dair razılaşmalara əsasən sığortaçının hesabına bankın blok qoyduğu məbləğləri silmək hüququ olduğu halda, xx.xx.2017-ci il tarixdən bu hüququ həyata keçirməmiş, kredit alanlara və ya Sığortaçıya qarşı heç bir tələb irəli sürməmiş, iddia qaldırmamış, bununla da sığortaçının qarant olduğu öhdəliklərin üzərinə süni surətdə faizlər hesablanmasına qərəzli surətdə şərait yaratmışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1183/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış “Həyatın yığım sığortası” müqavilələri üzrə siğortaolunanlar üçüncü şəxs qismində cəlb edilmiş, eyni iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-2292/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ƏSF-in və Bankın nümayəndələri iddianın təmin olunmamasını xahiş etmiş, Mərkəzi Bankın nümayəndəsi mübahisənin həllini Məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə kollegiyası iddianı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, AR X3 Palatasının “xxxxxxxxx” ASC-nin lisenziyasının ləğvi barədə” xx.xx.2017-ci il tarixli 49(49/1) nömrəli qərarı ilə “xxxxxxxxx” ASC-nin xx.xx.1992-ci il tarixli 24 nömrəli lisenziyası xx.xx.2017-ci il tarixdən ləğv edilmiş və Palatanın ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-3194/17 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “xxxxxxxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. AR Mərkəzi Bankının məhkəmə kollegiyasına ünvanlanan xx.xx.2020-ci il tarixli 16- 03804-2020 nömrəli məktubunda göstərilmişdir ki, müflis bankla onun kreditorları arasında qarşılıqlı öhdəliklərin əvəzləşdirilməsi “Banklar haqqında” Qanunun 78-ci maddəsi ilə tənzimlənir və Qanunun 82-ci maddəsinin tələblərinə əməl edildiyi halda aparıla bilər. İşdən müəyyən edilir ki, iddiaçı ilə “xxxxxxxxx” ASC arasında “Həyatın yığım sığortası” müqavilələrinin (38 nəfər) və bank əmanəti müqavilələrinin bağlanması, əmanət hesablarındakı pul vəsaitləri, qarantiya müqaviləsi və müvafiq qarantiya məktubları, sığorta olunanlara (28 nəfərə) kredit xətti ayrılması və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair razılaşmaların mövcudluğu işin mübahisəsiz hallarıdır. İşin mübahisəli tərəfi ondan ibarətdir ki, “xxxxxxxx” ASC müflis elan edildikdən sonra iflas proseduru çərçivəsində ləğvedici tərəfindən iddiaçının müraciətinə əsasən onun 547.611 manat və 190.201,26 ABŞ dolları həcmində olan kreditor tələbi qeydə alınmış, lakin hazırda 28 nəfər sığorta olunanların ümumi borcuna faizlərin hesablanması davam edir (501.079,90 manat borcun 85.063,80 manat hissəsi faiz borcudur). İddiaçı hesab edir ki, faizlərin hesablanması dayandırılmalı, borc məbləği kreditin təminatı olan qarantiya razılaşmalarına əsasən bankın depozitinə olan əmanətə (borc həcmində) yönəldilərək əvəzləşdirilməli, bank qarantiyasının verilməsinə dair həmin razılaşmalara xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri banklar haqqında qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı qarant kimi çıxış etdiyi kredit müqavilələri üzrə kredit məbləğinə faiz və cərimə hesablanmasının dayandırılması tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1-ci və 440.4-cü maddələrinə, daha sonra isə Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 440.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Mülki Məcəllənin digər maddələri və Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsi də tələbin qanuni əsası kimi çıxış edə bilməz. Çünki, konkret halda ləğvedici yalnız banklar haqqında qanunvericiliyin tələblərinə əsasən üzərinə düşən öhdəliklər çərçivəsində iflas prosedurunu həyata keçirir və bu zaman hər hansı sui-istifadədən söhbət gedə bilməz. “Banklar haqqında” Qanunun 72.1.6-cı maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Qeyd olunan normadan göründüyü kimi, bankın müflis elan olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan kredit borcuna faizlərin və cərimələrin hesablanması davam etdirilir. Bu da o deməkdir ki, iddianın ilk tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın kredit öhdəliyi üzrə yaranmış, ümumilikdə, 443.799 manat borc məbləğinin, kredit öhdəliyinin qarantiyası kimi çıxış edən bankın depozitinə qoyulmuş əmanətə yönəldilərək 443.799 manat hissəsi ilə əvəzləşdirilməsinə və bank qarantiyasının verilməsinə dair razılaşmalara xitam verilməsinə dair tələbləri də əsaslı deyil. Belə ki, “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.1. çıxarılmışdır; 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Həmin Qanunun 87-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmiş, Mərkəzi Bankın Məhkəməyə təqdim olunan rəyində də məhz bu əsas vurğulanmışdır. Bu da o deməkdir ki, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdən kənar hər hansı qaydada ödəniş aparıla, habelə, müflis bankla onun kreditorları arasında növbəlikdən kənar öhdəliklərin əvəzləşdirilməsi həyata keçirilə bilməz. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun bank əmanəti müqavilələri üzrə ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin depozitində olan əmanəti üzrə kreditor tələbi Bankın ləğvedicisi Fond tərəfindən xx.xx.2018-ci il tarixdə 547.611 manat və 190.201,26 ABŞ dolları məbləğində 0131 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə ona qəbz verilmişdir. “Banklar haqqında” Qanunun 77.5-ci maddəsinə əsasən, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedicinin qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edilir, kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Həmin Qanunun 77.8-ci maddəsinə görə, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Qanunun qeyd olunan tələbləri qaydasında ləğvedicinin qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısı kateqoriyalar üzrə birləşdirilərək ödəniş növbəliyi qaydasında yerləşdirilməklə təsdiq olunması üçün Məhkəməyə təqdim edilmiş və Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-282/18 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərardadı ilə təsdiq olunmuşdur, iddiaçının qeydə alınmış həmin tələbinin də siyahıya uyğun yerləşdirilmiş növbəlik qaydasında ləğvedici tərəfindən ödənilməsi həyata keçirilməlidir. “Banklar haqqına” Qanunun 87.1-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. İddiaçının kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair razılaşmalara xitam verilməsinə dair tələbinin əsaslılığı da yuxarıda qeyd edilənlərlə istisna olunur. Digər tərəfdən, “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İstinad olunan normanın tələbinə görə, müflis elan olunduqdan sonra bank barəsində məhkəmə icraatına başlanıla bilməz və banka qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülə bilər. Bu Qanunda iflas proseduru çərçivəsi isə Qanunun X fəslində nəzərdə tutulan məsələləri özündə cəmləşdirir. Odur ki, məhz həmin çərçivə daxilində yaranmış məsələlərdən irəli gələn tələblər məhkəmə araşdırmasının predmetini təşkil edə bilər. “Banklar haqqında” Qanunun 71.4-cü maddəsinə görə, ləğvedici məhkəmənin nəzarəti altında və X3 orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir; 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Bununla yanaşı «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Beləliklə, müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh hazırkı iş üzrə iddiaçının öhdəliyinin əvəzləşdirilməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələblərinə əsasən mümkün olmadığını qeyd edir. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. Cavabdehin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə istinad etməklə iddiaçının əvəzləşdirmə hüququnu məhdudlaşdırmaqla bağlı mövqeyi əsassızdır. Belə ki, həm Mülki Məcəllənin 540.1-ci maddəsi, həm «Banklar haqqında» Qanunun 78.1-ci maddəsi müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyünü təsbit etmişdir. Qeyd olunmalıdır ki, «Banklar haqqında» Qanunun 78.1-ci maddəsində istinad edilən həmin Qanunun 82.1-ci maddəsi kreditorlar arasında növbəlilik qaydasını müəyyən edən xüsusi normadır. Mülki Məcəllənin 540.1 və 545-ci maddələri isə ümumi normalardır və MM-nin 545-ci maddəsində təsbit edilmiş öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən halların arasında hazırkı iş üzrə tələb olunan əvəzləşmə, yəni müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi qeyd olunmayıb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən 2.5-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Cavabdeh isə MM-nin yuxarıda qeyd olunan normalarının tələblərinin əksinə olaraq «Banklar haqqında» Qanunun 82.1-ci maddəsinə istinad etməklə əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırır.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqelərlə bağlı bildirir ki, hazırkı mübahisə inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrə aid olduğundan, mülki qanunvericiliyin müddəaları bu xarakterli işlərdə mübahisələrin maddi-hüquqi əsası qismində çıxış edə bilməz. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə görə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il Qərarında sözügedən normanı şərh edərək göstərmişdir ki, “Bu səbəbdən Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir.” Həmçinin, ləğvedici yalnız banklar haqqında qanunvericiliyin tələblərinə əsasən üzərinə düşən öhdəliklər çərçivəsində iflas prosedurunu həyata keçirir, banka qarşı tələblər isə yalnız “Banklar haqqında” Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülə bilər. Bu Qanunda iflas proseduru çərçivəsi isə Qanunun X fəslində nəzərdə tutulan məsələləri əhatə edir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətləri mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamış, hərəkətlər mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada, inzibati işin yuxarıda qeyd olunan hallarına qanunvericiliyin tələbləri baxımından məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-nin cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı onun qarant kimi çıxış etdiyi kredit müqavilələri üzrə kredit məbləğinə xx.xx.2017-ci il tarixdən sonra faiz və cərimə hesablanmasının dayandırılması, sığortaolunanların “xxxxxxxxx” ASC-yə olan, ümumilikdə, 443.799 manat kredit borclarının (416.663 manat əsas borc, 27.136 manat ləğvetmə tarixinədək hesablanmış faiz borcu), həmin borcun təminatı (qarantiyası) kimi çıxış edən əmanət hesabındakı məbləğlərin 443.799 manat hissəsi ilə əvəzləşdirilməsinə və “Həyatın yığım sığortası üzrə kreditin və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair” razılaşmalara xitam verilməsi tələblərinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar