Məhkəmə qərarları › İş №2-1(103)-796/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-796/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-796/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3678/2019 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3678/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə tapşırılması qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun 57 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1962-ci ildə doğulmuşdur. xx xxxx 2019-cu il tarixindən 57 yaşından güzəştli şərlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün müraciət etsədə müraciət təmin edilməmişdir. Halbuki iddiaçının 26 il 05 ay, 22 gün ümumi və 23 il 05 ay güzəştli stajı var. Belə ki, xx xxxx 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1980ci ildən xx.xx.2006-ci ilədək “X16 Donanmasında kranmeyster peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə ******* nömrəli kodla dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinin (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) işçiləri əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərləyaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (nəqliyyat) 21.1”b” yarımbəndi” ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyinatından əsassız olaraq imtina edilmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova verdiyi apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildimişdir ki, əvvəlki qanunvericiliyin tətbiq edilməsi üçün iddiaçının 2006-cı ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmalı idi. İddiaçı isə müvafiq iş stajına malik deyil. Həmçinin, nümayəndə və vəkil “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-çü maddəsinin b bəndinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3678/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “QSC X16 Donanmasının arxiv arayışı, hərbi bileti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “QSC X16 Donanmasının ididiaçının kranmeyster vəzifəsinin üzən heyətə aid olması barədə arayışı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X14 X8 xx xxxxx 2019- cu il tarixli imtina məktubu təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, o əmək fəaliyyətini xx.xx.1979-ci ildə başlamışdır. xx.xx.1979-cu ildən 08.101979-ci il tarixədək “Bakıqazaparatı” zavodunda xarrat köməkçisi, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Nərimanov adına Tikiş-toxunma fabrikində nəqliyyatçı, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İTŞ-də fəhlə kimi işləmişdir. xx.xx.1980-ci ildə X16 Donanmasının k/s “Fuad Səmədov” gəmisində şagird matros peşəsi üzrə əmək fəaliyyətinə başlamış, xx xxxxx 1981-ci il tarixdə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, xx xxxxx 1981-ci il tarixdən xx xxx 1983-cü il tarixədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü ildən k/s “Xanlar gəmisinə 2-ci dərəcəli matros, xx.xx.1984-cü ildən k/s “Xanlar” gəmisində kranmeyster, xx.xx.1985-ci ildə t-x “İ.Sudmalis” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1986-cı ildə k-s “Neftedağ” gəmisinə kranmeyster köməkçisi, xx.xx.1966-cı ildə “Şirvan-2” gəmisinə 2-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən “V.Cəfərov” gəmisinə, xx.xx.2000-ci ildən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2009-cu ildən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2017-ci il tarixdən halhazıradək “Azərbaycan” gəmisində kranmesyter vəsifəsində çalışmışdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu “SAYPEM S.p.A” şirkətinin Azərbaycanda nümayəndəliyində kranoperatoru, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Caspian Marine Services Ltd”şirkətində kranmeyster peşələrində çalışmışdır. İddiaçının xx.xx.2006-ci il tarixinə 26 il 05 ay, 22 gün ümumi, 23 il 05 ay güzəştli stajı vardır. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, 57 yaşının tamam olduğu xx xxxx 2019-cü il tarixdən əmək pensiyasının təyin edilməsinı tələb edir. Birinci instansiya məhkəmə İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. xx.xx.2006-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınçı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 25 (iyirmi) ildən çox olduğundan və onun xx.xx.2006-cı ilə qədər həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (“XXVİİİ.Nəqliyyat ”bölməsində - 23003010- üzən heyət : dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinin (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (21.2.)”Dəniz və çay donanması”bölməsinin b) bəndində adları çəkilən- üzən heyət:dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulan peşələrdə 12 ildən çox iş stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3678/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar