Məhkəmə qərarları › İş №2-1(103)-842/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-842/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-842/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8377/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə 23 il 10 ay 02 gün müddətində qulluq etmiş və xx.xx.2016-cı il tarixdə prokurorluq orqanlarından xaric edilməklə qulluğuna xitam verilmişdir. Prokurorluq orqanlarına işə köçürülmə qaydasında qəbul edilməmişdən əvvəl, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək 3 il 9 ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir və “Qarabağ müharibəsi” veteranıdır. Odur ki, göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün, 3 il 9 ay müddətin qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştli əmək stajı kimi ikiqat ölçüdə hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana təqdim olunmasından ötrü xüsusi əmək (qulluq) stajına dair arayışın verilməsi məsələsinə baxılması və bununla bağlı köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müvafiq təsdiqedici sənədləri əlavə etməklə Cavabdehna müraciət etmiş, adı çəkilən orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”na, eləcə də Baş Prokurorluğun “X4”nın 34-cü və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddələrinə istinad edilərək, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsi məsələlərinə baxıldığını, prokurorluq orqanlarında qulluğuna xitam verilməsi səbəbindən hazırda prokurorluq işçisi olmadığı üçün xidmət illərinin yenidən hesablanmasının qeyrimümkün olmasını göstərməklə, bundan imtina olunması barədə ünvanına xx.xx.2022-ci il tarixli, 10/04-496 nömrəli cavab məktubu göndərilmişdir. Özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablamaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq (sığorta) stajına daxil edilməsindən və bu barədə aidiyyəti pensiya təyin edən orqana təqdim olunması üçün müvafiq arayışın verilməsindən imtina edilməsi hesab edir ki, mövcud qanunvericiliyintələblərinə zidd olmaqla yanaşı, onun prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan müraciətinə baxarkən nəzərə almamışdır ki, o, məhz elə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən prokurorluq orqanlarında işə köçürülmə qaydasında qəbul olunmuşdur və ərazisində döyüş əməliyyatları aparılan Laçın rayon prokurorluğunun stajor-müstəntiqi vəsifəsinə təyin edilmişdir. Bu təyinatdan əvvəl vətənin müdafiəsində iştirak etməklə qazanmış olduğu güzəşt və imtiyazlardan istifadə etmək hüquqları da saxlanılmışdır. Habelə, bundan sonra da onun əmək pensiyası hüququ verən iş stajı prokurorluq orqanlarında olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 oktyabr 2018-ci il tarixli, **********6 №li və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 25 oktyabr 2018-ci il tarixli **********1 №li məktublarından da görünür ki, prokurorluq orqanlarında iş stajının qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə hesablanması məsələsinə dair müraciətlərinə baxılmış və müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq, müxtəlif vəzifələrdə o cümlədən, Laçın rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, Ucar rayon prokurorluğunun müstəntiqi, Qusar rayon prokurorunun köməkçisi, Quba rayon prokurorunun köməkçisi, böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, Ağsu rayon prokurorunun böyük köməkçisi (xx.xx.2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğuna ezam edilmiş), İmişli rayon prokurorunun böyük köməkçisi (xx.xx.2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğuna ezam edilmiş) vəzifələrinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2016-cı il tarixli, 10/01- 11/03-k nömrəli əmri ilə əmək intizamını kobud şəkildə pozduğuna görə intizam qaydasında prokurorluq orqanından xaric edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə prokurorluğa köçürülmə qaydasında işə qəbul edildiyini bildirsə də, prokurorluqda işə qəbuluna dair əmrdə onun köçürülmə qaydasında işə qəbul edilməsi qeyd edilməmiş, habelə əmrə əsas kimi İddiaçı ərizəsi və kadrlar şöbəsinin rəyi göstərilmişdir. Müvafiq olaraq İddiaçı ərizəsi və kadrlar şöbəsinin rəyində də onun döyüşlərdə iştirak etməsi barədə hər hansı bir məlumat göstərilməmişdir. Həmçinin İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdə prokurorluq işçisi olmamış və prokurorluq orqanlarında xidmət keçməmişdir. Eyni zamanda o, prokurorluq orqanlarında işlədiyi müddətdə hərbi xidmət keçməmiş və hərbi qulluqçu statusu daşımamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 saylı Qərarında prokurorluq işçilərinin xidmət illərinin güzəştli şərtlərlə hesablanması əvvəllər nəzərdə tutulmamışdır. Bununla yanaşı, həmin qərara hərbi prokurorluq işçiləri (Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə edilmiş dəyişiklik əsasında əlavə edilmişdir. Prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" ilə tənzimlənir. Həmin Qaydaların 2.2.2-ci bəndlərinə əsasən prokurorluqda əlavə haqq almaq hüququ verən iş stajına həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət daxil edilir. İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi dövrün prokurorluq orqanlarındakı iş stajına daxil edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8377/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Birinci instansiya məhkəməsinin həmin qərarı ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanunu xx.xx.2002-ci il tarixədək prokurorluq işçiləri üçün xidmət illərinə görə pensiya hüququnu ümumiyyətlə nəzərdə tutmamışdır. Həmin Qanunun xidmət İllərinə görə pensiyaları təsbit edən 58-66-cı maddələrində prokurorluq işçiləri barədə heç bir müddəa olmamışdır. Bu faktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uzun müddət xidmət görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” 21 dekabr 1992-ci il tarixli 676 nömrəli Qərarında prokurorluqda qulluqla bağlı hər hansı müddəanın nəzərdə tutulmaması da təsdiq edir. Belə ki, prokurorluq işçilərinin xidmət illərinə görə pensiya hüququ yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu ilə təsbit edilmişdir. Həmin Qanunun (burada Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası nəzərdə tutulur) 32.4-cü maddəsində göstərilmişdir ki, yaş həddinə çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və öz xahişlərinə görə onların qulluq keçməsinə xitam verilə bilər. Yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2002-ci il tarixli 357-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilərək prokurorluq işçilərinin pensiya hüququnun müəyyən edilməsi şərtlərini nəzərdə tutan 63-1-ci maddə əlavə olunmuşdur. Həmin maddədə göstərilmişdir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər. Prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” ilə tənzimlənir. Belə ki, həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2002-ci il tarixli 16-5 nömrəli əmri ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırılmaqla) “Prokurorluq işçilərinin pensiyalarının hesablanması barədə İzahat”ın 2-ci bəndi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli ********** nömrəli qərarı ilə xx.xx.2019-cu ildə qüvvədən düşüb), həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.8-ci bəndi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarı ilə qüvvədən düşüb), həm də hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndi pensiya təyin edilməsi üçün prokurorluq işçilərinin xidmət illərinin hesablanmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” xx.xx.2002ci il tarixli 168 nömrəli Qərarına uyğun həyata keçirilməsini nəzərdə tutur. Diqqətəlayiq məqamlardan biri də bundan ibarətdir ki, iddiaçının döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində fəaliyyət göstərdiyi müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq stajına daxil edilməsinin əsaslılığı barədə məhkəmənin gəldiyi nəticə onun ümumi əmək stajı ilə xidmət illərinə görə pensiya almaq üçün zəruri olan xüsusi iş stajını qarışıq salmasına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyin edilməsi üçün əmək stajının təyin edilməsi barədə Əsasnamə”nın 22-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 60-64-cü maddələri ilə xidmət illərinə görə pensiya təyinatı zamanı tələb olunan xüsusi iş stajına yalnız təsdiq edilmiş Siyahılarda nəzərdə tutulan müvafiq vəzifə və işlərdə olan fəaliyyət dövrü daxil edilir. Göründüyü kimi, 1993-2001-ci illərdə prokurorluq işçilərinə pensiyanın hesablanması ümumi qaydada, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilib və prokurorluq ipçilərinə xidmət illərinə görə əmək pensiyası nəzərdə tutulmamışdır. Buna görə də “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməklə İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq stajına daxil edilməsinə dair məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, yuxanda qeyd edilənlərə əsasən həmin dövr (3 il 9 ay) İddiaçı prokurorluq orqanlarında xidmət illərinə görə əmək pensiyası hüququ verən qulluq stajına deyil, yalnız onun ümumi əmək stajına daxil edilə bilər. Eyni zamanda bildirilir ki, yuxarıda qeyd olunan mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin gəldiyi hüquqi mövqeyə tam uyğundur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və i Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı qaldırdığı “pensiyanın təyin edilməsi tələbinə dair” iddiasında da 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin qanunvericiliklə müəyyən edilmiş qaydada ikiqat ölçüdə güzəştli hesablanmaqla 7 il, 6 ay müddəti prokurorluq orqanlarındakı xidmət illərinə daxil edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1004/2017 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən qərardan verilmiş apellyasiya şikayəti üzrə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017ci il tarixli, 1(103)-1031/2017) nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin iddia ilə əlaqədar verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarı ilə təmin edilmişdir. Qərarda göstərilmişdir ki, iddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak edərkən prokurorluq orqanlarında xidmət etməmişdir. İddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi müddət ikiqat ölçüdə onun ümumi stajına daxil edilə bilər, lakin prokurorluq orqanlarında tələb olunan xüsusi staja daxil edilməsi yolverilməzdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı ildə Zəngilan rayonunda doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İT-İ seriyalı, ******* №-li əmək kitabçasında (surəti) olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edilmiş və Laçın rayon prokurorluğuna müstəntiq vəzifəsi üzrə stajor təyin edilmişdir; xx.xx.1993-cü ildə Ucar rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur; xx.xx.1993-cü ildə İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmişdir; xx.xx.1994-cu ildə Qusar rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2001-ci ildə tutduğu vəzifədən azad olunub Quba rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad olunub Quba rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğa Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin (Quba və Qusar rayonları üzrə) vəzifəsinin icrası həvalə olunmuşdur; xx.xx.2005-ci ildə icrası həvalə olunmuş vəzifəyə təyin edilmişdir; xx.xx.2007-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutduğu vəzifədən azad edilib; xx.xx.2007-ci ildə Ağsu rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2014-cü ildə tutduğu vəzifədən azad olunub İmişli rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2016-cı ildə prokurorluq orqanlarından xaric edilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən verilmiş M/V seriyalı 079610 №-li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının “Qarabağ müharibəsi” veteranı statusu verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 11/1351 №-li arayışda göstərilmişdir ki, İddiaçı 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 06 yanvar 2016-cı 10/01-11/03-k №-li əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 28 dekabr 2005-ci il tarixli 10/441 -k №-li əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçı prokurorluq orqanlarında iş stajı 23 il 10 ay 02 gün təşkil edir və həmin stajın 04 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək 01 il 02 ay 20 günü Laçın rayon prokurorluğunda xidmət etdiyi müddət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən verlmiş xx.xx.2022-ci il tarixli 51 №-li arayışda (surəti) qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü istefada olan baş çavuş İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir. İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir və xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının “Qarabağ müharibəsi” veteranıdır. İddiaçı Qarabağ müharibəsi veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 10/04-496 №li məktubda bildirilmişdir ki, onun 1988-1991-ci illərdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi dövrün qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmaqla prokurorluq orqanlarındakı sığorta stajına ikiqat ölçüdə daxil edilməsi və prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün aidiyyəti orqana xüsusi əmək stajı barədə arayış təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə Baş Prokurorluqda baxılmışdır. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə xidmət keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2016-cı il tarixli, 10/01- 11/03-k nömrəli əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” prokurorluq işçilərinin xidmət illərinin hesablanmasını tənzimləyir. Baş Prokurorluğun “X4”nın 34-cü maddəsinə əsasən Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılması nəzərdə tutulmuşdur. Bu səbəbdən hazırda prokurorluq işçisi olmadığı üçün xidmət illərinin yenidən hesablanması qeyrimümkündür. İşdən görünür ki, iddiaçı döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin predmetini təşkil edən, iddiaçının ikiqat ölçüdə güzəştli hesablanmasını tələb etdiyi döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin (1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək) onun prokurorluq orqanlarına xidmətə daxil olduğu (04 mart 1992-ci il) zaman, yəni 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu və prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" qüvvəyə minənədək prokurorluq orqanları işçilərinin də pensiya təminat hüququ bu qanunla tənzimlənmişdir) 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara digər pensiyalarla yanaşı xidmət illərinə görə pensiyanın təyin edilməsi də nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (üç) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilib-edilməməsi məsələsi, 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş və 2001-ci il 31 iyul tarixdə dərc olunmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu və prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" ilə deyil, məhz iddiaçının prokurorluq orqanlarına xidmətə daxil olduğu (04 mart 1992-ci il) zaman qüvvədə olmuş redaksiyada xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. Qanunvericilikdə məhz qeyd olunan mübahisəli müddətin üç qat hesablanması nəzərdə tutulsa da, iddiaçının inzibati orqana müraciəti və hazırki iddia ərizəsindəki tələbini, həmçinin göstərilən halda iddiaçının sosial təminatının (keçmiş prokurorluq işçisi kimi pensiya alması) tam təmin olunacağının nəzərə alınmaqla, məhkəmə müvafiq müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq (sığorta) stajına daxil edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş və 2001-ci il 31 iyul tarixdə dərc olunmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (burada və bundan sonra mətndə - Qanunun 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyası nəzərdə tutulur) 9.4-cü maddəsinə əsasən (2009-cu il 20 oktyabr tarixli, 895-İİİDQ №-li Qanunla edilmiş əlavə və dəyişikliklərlə. Əvvəlki redaksiyada deyilirdi: 9.4. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.), prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək (23 il 10 ay 02 gün) Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir İşin mübahisəli halı onun döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsindən ibarətdir. Qeyd olunan mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1988-ci il fevral ayından 1991-ci ilin oktyabr ayınadək könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak edərkən o prokurorluq orqanlarında xidmət etmirdi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.7-ci bəndinin məzmununa əsasən iddiaçının 1988-ci il fevral ayından 1991-ci ilin oktyabr ayınadək könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi müddət ikiqat ölçüdə onun ümumi stajına daxil edilə bilər, lakin prokurorluq orqanlarında tələb olunan xüsusi stajına daxil edilməsi yol verilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən sübutlara obyektiv qiymət versə də, maddi hüquq normasını düzgün tətbiq etməmiş və o nəticəyə gəlmişdir ki, iddiaçının keçmiş özünümüdafiə dəstələrində olduğu 3 il 9 aylıq müddət güzəştli şərtlərlə, yəni, 7 il 6 ay olmaqla, ikiqat ölçüdə onun prokurorluq orqanlarındakı xidmət müddətinə daxil edilməlidir. Həmçinin iş materiallarından görünür ki, iddiaçının “1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ilə əvvəllər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi 14 fevral 2017-ci il tarixli, 2-1(81)-1004/2017 saylı qərarla iddianı təmin etmişdir. Həmin qərardan cavabdehin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli, 2-1(103)-1031 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilməmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-250/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə iddianın rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 2575/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7863/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməsi» barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə bağlı hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8377/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar