Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-864/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4391/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4391/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apelyasiya şikayəti şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin nömrəsi sexmatik xəritədə aşkar edilməmişdir. Bundan başqa, göstərilən bağ sahəsinin bir hissəsinə digər şəxsin (Delta-Lənd” MMC-nin) müraciəti daxil olmuş, bir hissəsi isə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş digər fiziki şəxsin (X4, reyestr nömrəsi **********58) mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşür. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, müvafiq inzibati işlə bağlı sonuncu xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildiriş idarəyə xx.xx.2019-cu il tarixdə göndərilmişdir. Bu səbəbdən də idarənin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, İddiaçıBakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 195 c/t nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********01 saylı imtina məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkarlanmadığı və göstərilən bağ sahəsinin bir hissəsinin digər şəxsin müraciəti daxil olmuş, bir hissəsi isə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş digər fiziki şəxsə məxsus bağ sahəsi ilə üst-üstə düşür. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının hazırki iş üzrə müəyyən edillmədiyini, mübahisəli torpaq sahəsinin uzun müddətdir ki, iddiaçının istifadəsində olduğunu, hazırda da onun tərəfindən mübahisəsiz istifadə edilməkdə olduğunu əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya ilk növbədə mübahisələndirilən məhkəmə qərarının prosessual baxımdan qiymətləndirməyi zəruri hesab edir. Belə ki, İPM-nin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə görə sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin xx.xx.2019cu il tarixli sərəncamı ilə hazırki iddiaya dair cavabdehin öz münasibətini (etirazı) təqdim edilməsi, xx.xx.2019-cu il tarixli sərəncamı ilə təkrarən cavabdehdən iddiaya münasibət bildirməsi tələb edilmiş, tərəflərə xx.xx.2019-cu il tarixli məhkəmə iclası barədə bildiriş göndərilmişdir. Lakin həmin sənədlərin tərəflərə təqdim edilməsini təsdiq edən sənəd (poçt qəbzi, bildiriş kötüyünə imza və s.) əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddiaya dair cavabdehin münasibətini (etirazı) olub-olmamasını müəyyən etmədən, iş üzrə tərəfləri lazımı qaydada məlumatlandırmamaqla tərəflərin iştirakları ilə işin hallarını müzakirə etmədən qərar qəbul etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Digər tərəfdən, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçı iddia tələbinin əsası kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Pirşağı ərazisindəki 195c/t nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 38849 saylı müqaviləyə istinad etmişdir. Adı çəkilən müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 195 c/t nömrəli bağ sahəsi X2 istifadəsinə verilmişdir. İş materiallarına həmin müqavilənin kserosurəti əlavə edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 38849 saylı müqaviləni iddiaçının həmin torpaq sahəsi üzərində qanuni istifadə hüququnu yaradan hüquqmüəyyənedici sənəd kimi qəbul etsə də, sözügedən müqavilənin əslini tələb etməmiş və ya onun əldə edilməsi ilə bağlı müvafiq tədbirlər görməmişdir. Halbuki, İPM-nin 1.2 və Mülki Prosessual Məcəllənin 89.3 və 89.4-cü maddələrinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Digər tərəfdən, cavabdehin əsas dəlili elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkarlanmaması, bağ sahəsinin bir hissəsi ilə bağlı digər şəxsin (Delta-Lənd MMC) müraciəti daxil olması, bir hissəsinin isə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş digər fiziki şəxsə (X3) məxsus bağ sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillərə münasibət bildirməmiş, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin halların araşdırılması üçün müvafiq tədbirlər (mübahisəli bağ sahəsi ilə üst-üstə düşdüyü iddia edilən torpaq sahələri ilə bağlı müvafiq sənədlərin tələb edilməsi, müvafiq ekspert rəyinin əldə edilməsi, hüququna toxunan digər şəxslərin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilərək dinlənilməsi və s.) görməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır (mad 58.1); Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (mad 58.2); Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər (mad. 58.6); Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.(mad. 58.7); Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (mad. 68.2). Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan bağ sahəsinin faktiki sahibi deyildir. Həmin bağ sahəsini Rəhimova Nəzakət adlı tanışı özü üçün almış, lakin həmin vaxt Bakıda qeydiyyatda olmadığından bağ sahəsini öz adına rəsmiləşdirə bilməmiş və onun adına rəsmiləşdirmişdir. Bundan başqa iddia ərizəsini imzalamamış, iddia ərizəsindəki imza ona məxsus deyildir. Belə olan halda Kollegiya hesab edir ki, işin qeyd edilən bu halı birinci instansiya məhkəməsində təkrar baxılması zamanı müzakirə predmeti olmalı, araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının hüquqi marağı baxımından iddianın mümkünlülük məsələsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4391/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası üzrə iş sonrakı prosessesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-864/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-864/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver