Məhkəmə qərarları › İş №2-1(103)-917/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-917/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-917/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X24, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və yeni qeydiyyatın aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçılar X6, İddiaçı, X11, X12, X13, X22, X25, X4, X27, X14, X7, X15, X16, X28, X8 və X5 xx.xx.2011-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlakla bağlı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmiş və hazırkı iddiaçıya münasibətdə ünvan 1 ünvanında yerləşən alqısatqı müqaviləsi ilə istifadəsində olan 200.0 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun (X=408836.6783,Y=4470347.6744,X=408832.2886, Y=4470359.8880, X=408846.0118, Y=4470365.9439, X=**********, Y=4470353.7303) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və texniki pasportunun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-29/2019 saylı qərardadına əsasən iddiaçılar İddiaçı və digərlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (qurum DƏDRX Bakı şəhər Ərazi İdarəsinin bazasında yaradılmışdır) qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçünün) verilməsi” barədə iddia tələbləri üzrə işdən iddiaçı X3 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi üzrə icraatların ayrılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X24, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməklə yenidən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatının aparılması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsini X9 notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı həyata keçirildikdən sonra çıxarış almaq üçün cavabdehə müraciət edilmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mübahisəli ərazi Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 saylı hərbi şəhərcikdə yerləşir. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olan tikintilərdir. İddiaçı iddia ərizəsi araşdıralarkən müəyyən edildi ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatı olmadan operativ istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 1540 m olan qeyri yaşayış sahəsini icarə müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X20 verilmiş və o, öz növbəsində 19 noyabr 2001-ci il tarixli 311 nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Həmin torpaq sahəsini X24 1540 m olan sahəni hissələrlə ayrı-ayrı vətəndaşlara, həmçinin İddiaçı alqı-satqı müqavilələri əsasında satmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1-ci maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti) həyata keçirir. Lakin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərindən istifadə edərək, mübahisəli torpaq sahəsini bir kateqoriyadan digərlərinə keçirilməsinə sərəncam vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın (Çıxarış RX № 0475249, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014) ləğv edilməsi və həmin - Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun yenidən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə qətnamə çıxarılan gün iddiaçının iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəsi qəbul edilərək əvvəlki “alqı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlakla bağlı çıxarışın verilməsi” tələbi yenisi ilə, yəni “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməklə yenidən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın aparılması və çıxarışın verilməsi” tələbinə dəyişdirsə də, məhkəmə bununla bağlı prosesi təxirə salmamışdır ki, tərəflərə ona dair münasibətin bildirilməsi üçün vaxt verilsin. Bu isə prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması deməkdir, çünki AR İPM-nin 54.2-ci maddəsinə görə: “Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. “ Həmçinin, mübahisəli ərazi Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 saylı hərbi şəhərcikdə yerləşir, “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir, ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və halhazırda da həmin ərazidə yalnız Nazirliyinə məxsus olan tikintilərdir. İddiaçı iddia ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin məlumatı olmadan operativ istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 1540 m. olan qeyri-yaşayış sahəsini icarə müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X20 vermiş və o, öz növbəsində xx.xx.2001-ci il tarixli 311 nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Həmin torpaq sahəsini X24 1540 m. olan sahəni hissələrlə ayrı-ayrı vətəndaşlara, həmçinin İddiaçı alqısatqı müqaviləsi əsasında satmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinə etiraz etdiklərini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan: -Mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli, 006317 nömrəli şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən 1179,25 kvm qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X21r; Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 001314 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X2; -xx.xx.2008-ci il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən Rizvan Quliyevin mülkiyyətində olan 11572,8 kv.m torpaq sahəsindən 0,02 ha torpaq sahəsi İddiaçı, 0,02 ha torpaq sahəsi X1. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********31 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin Müdafiə Nazirliyinin istifadəsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********36 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanında yerləşən, Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan torpaq sahəsinin təyinatı ilə bağlı bildirilmişdir ki, vahid elektron kadastr məlumat bazası “NECAS” (TEKUİS) sisteminə əsasən, qeyd olunan ərazi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı göstərilsə də, saylı hərbi hissə kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022- ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında daşınmaz əmlakın reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlara əsasən vətəndaşlara (İddiaçı) verilmiş torpaq sahələri təminatında olan "H.Aslanov-8” hərbi şəhərciyinin ərazisinə aiddir. Qeyd olunan ərazidə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yerləşdirilmişdir. Xidməti zərurətlə əlaqədar ərazi boşaldılaraq mühafizə üçün Bakı Qarnizonu hissəsinin 9 nömrəli mənzil-istismar sahəsinə təhvil verilmiş və hal-hazırda ərazi Bakı Qarnizonu hissəsinin 9 nömrəli mənzil-istismar sahəsi tərəfindən mühafizə olunur. - xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 001314 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X2. xx.xx.2008-ci il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən Rizvan Quliyevin mülkiyyətində olan 11572,8 kv.m torpaq sahəsindən 0,02 ha torpaq sahəsi İddiaçı satılmışdır. xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyat aparılmışdır. Göründüyü kimi, iddiaçı notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında mübahisəli sahəyə mülkiyyət hüququ əldə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “...hazırkı halda nə qədər ki satıcının adına olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdirsə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni əsasından söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisə predmeti daşınmaz əmlaka mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə aktı ləğv edildiyindən, həmin qeydin ləğv edilməsi və mübahisə predmeti torpaq sahəsinə dair yeni qeydiyyatın aparılması tələbində iddiaçı haqlıdır”. Apelyasiya şikayətində qeyd olunmuşdur ki, mübahisəli ərazi Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 saylı hərbi şəhərcikdə yerləşir, “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir, ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Nazirliyinə məxsus olan tikintilərdir. İşin obyektiv araşdırılması məqsədi ilə, Kollegiya tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı üçüncü şəxsin qeyd etdiyi kimi Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan hər hansı sahə və tikili müəyyən edilməmiş, əksinə ətrafda yaşayış sahələrinin olduğu müəyyən edilmişdir. Apelyasiya şikayətində qeyd olunmuşdur ki, “xx.xx.2024-cü il tarixdə qətnamə çıxarılan gün iddiaçının iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəsi qəbul edilərək əvvəlki “alqı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlakla bağlı çıxarışın verilməsi” tələbi yenisi ilə, yəni “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməklə yenidən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın aparılması və çıxarışın verilməsi” tələbinə dəyişdirsə də, məhkəmə bununla bağlı prosesi təxirə salmamışdır ki, tərəflərə ona dair münasibətin bildirilməsi üçün vaxt verilsin. Bu isə prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması deməkdir, çünki AR İPM-nin 54.2-ci maddəsinə görə: Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir“. Kollegiya bildirir ki, sözügedən hal qərarın ləğvi üçün əsas deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Göründüyü kimi, qanunverici iddianın dəyişdirilməsini yalnızca cavabdehin razılığı ilə məhdudlaşdırmamış, məhkəmənin bu halı məqsədəuyğun hesab etdiyi hallarda da iddianın dəyişdirilməsinə yol verilməsi qanunla təsbit olunmuşdur. Eyni zamanda, cavabdehin qəbul edilmiş məhkəmə qərarından apelyasiya şikayəti verməməsi və apelyasiya baxışı zamanı üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz etməsi onu göstərir ki, cavabdeh iddianın dəyişdirilməsi ilə razı olmuş və onun hər hansı hüququ pozulmamışdır. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcədə həmin dəlilləri təsdiq edəcək hər hansı sübut təqdim edilmədiyindən əsassızdır və mübahisələndirilən qərarın ləğvinə əsas vermir. İnzibati İcraat Haqqında Qanunun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar