Məhkəmə qərarları › İş №2-1(103)-928/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-928/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-928/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “iddiaçının təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8697/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət dövründə birdəfəlik pul mükafatını və məzuniyyət pulunu aldığına görə, həmçinin bu məbləğlərin məcburi dövlət sosial sığorta haqqını ödədiyinə görə həmin məbləğlərin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləğinin yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-2022-ci illərdə həqiqi hərbi xidmətdə olmuş və 12 iyun 2022-ci il tarixdə xidmət müddətinin yaşa görə başa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. O, hazırda əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun adına məlumat vərəqəsi tərtib edilmiş və həmin məlumat vərəqinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin sözügedən məlumat vərəqəsində məcburi sosial sığortası ödənilən bütün əlavələr tam göstərilməmişdir. Belə ki, hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 misli miqdarında məzuniyyət pulu ödənilir. Bu ödənişlər 2020-ci ildən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğundan, onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh onun aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil etməmişdir. İddiaçı pensiya təminatının məbləği hesablanan zaman birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hissəsinin nəzərə alınması xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 31 may 2022-ci il tarixli və 26 sentyabr 2022-ci il tarixli cavab məktubları ilə müraciətdən imtina etmişdir. Cavabdeh təminat xərcliyinin hesablanması zamanı məcburi sosial sığorta haqqı ödədiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini nəzərə almamışdır. Cavabdehin iddaçıya ünvanlanmış cavab məktublarından görünür ki, cavablar qanunla əsaslandırılmamış və cavabdeh öz hərəkətsizliyi ilə təminat xərcliyinin hesablanması zamanı birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini təminat xərcliyinə əlavə etməkdən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin bu hərəkətləri qanunsuzdur və onun üzərinə təminat xərcliyinin yenidən hesablanaraq məcburi sosial sığorta haqqı ödədiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orla aylıq hissəsinin əlavə edilməsi öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-8697/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hərbi xidmət dövründə birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərə alınmaqla təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqinin aidiyyəti quruma göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövründə birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərə alınmaqla təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Həmin qərar əsassız, qanunsuz olduğundan tam ləğv olunmalıdır. Məhkəmə qərarı qəbul edərkən maddi hüquq normalarında qeyd olunanları (“Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarını, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli xx.xx.1992-ci il tarixli Qərarı) nəzərə almamışdır, xüsusi bilik tələb olunana sahə olsa da buna dair mütəxəssis rəyi almadan və ya işə cəlb etmədən və ya ekspertiza təyin etmədən, Maliyyə Nazirliyini işə cəlb etmədən iddianı təmin etmişdir. Məhkəmə 3% nədən tutulmasını və o hesablanarkən nəyin daxil edilib-edilməməsini aydınlaşdırmamışdır. Məhkəmə birdəfəlik ödəniş növlərinə aid olunan birdəfəlik maddi yardım, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatlarının aylıq təminat xərcliyinə və vəzifə maaşından hesablanan digər əlavələrə daxil olmadığını nəzərə almamışdır. Bu isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə ziddir, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hissəsinin nəyin əsasında hesablanmasını və ora daxil olan hansı ödəniş növlərinin olmasını araşdırmadan, mütəxəssis rəyi almadan, əsassız olaraq iddiaçının sözləri əsasında ərizəsini təmin etmişdir. Məhkəmə normativ aktlarda ayrı kateqoriyaya aid olan anlayışlar arasında fərq qoymadan onların əsasında təminat xərcliyinin yenidən hesablanmasını qərara almışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayəti əsassızdır və cavabdeh öz mülahizələrini qanunla əsaslandıra bilməmişdir. Cavabdeh öz şikayətində iddia edir ki, məhkəmə qanunvericilikdə olan müvafiq hüquq normalarının şərtlərini nəzərə almadan iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Halbuki məhkəmə qərarın əsaslandırma hissəsində «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata va ya istefaya harbi buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə onu da müəyyən etmişdir ki, xidmət dövründə ödənilən birdəfəlik pul mükafatı və məzuniyyət pulu «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğuna görə həmin məbləğlərdən sosial sığorta haqqı tutulmuşdur. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarının əsaslandırma hissəsini qeyd edərək vurğulamışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Cavabdeh öz şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarını əsas gətirərək məhkəməni guya məhkəmə həmin qərarın tələblərini nəzərə almadan qərar verməsi barədə ittiham edir. Halbuki, məhkəmənin qərarında Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında, məlumat vərəqəsində göstərilməsi iddia edilən birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin nəzərdə tutulmaması, həmin məbləğlərin təminat xərcliyinə daxil edilməməsinə əsas vermir. Cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının tələblərində nəzərə alınmayan birdəfəlik pul mükafatının və məzuniyyət pulunun məbləğlərinin təminat xərcliyinə daxil edilməməsi “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları və Əmək Məcəlləsi ilə ziddiyyət yaradır. Bundan əlavə, cavabdeh iddia edir ki, məhkəmə işə xüsusi biliklərə malik olan ekspert və mütəxəssis cəlb etməli idi. Cavabdeh öz üzərinə düşən öhdəlik və vəzifələri icra etmək əvəzinə məsuliyyəti başqalarının üzərinə qoymağa çalışaraq Maliyyə Nazirliyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini 3-cü şəxs qismində işə cəlb olunmamasından şikayət etmişdir. Halbuki, «Əmək pensiyaları haqqında» Qanunun 24-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması birbaşa cavabdeh Müdafiə Nazirliyinin öhdəliyində və səlahiyyətindədir. Beləliklə, məlum olur ki, cavabdeh qanunvericiliklə öz üzərinə düşən öhdəlik və vəzifələri icra etməkdən yayınır, vətəndaşların hüquqlarını pozaraq müsbət həll oluna biləcək məsələləri məhkəmə mübahisəsi predmetinə çevirir. Bakı İnzibati Məhkəməsinin qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə və bütün hüquq normalarına uyğun olaraq tam obyektiv və ədalətli araşdırma nəticəsində verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırki iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayəti üzrə qərarın qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Müraciətinizdə qeyd etdiyiniz ödəniş növləri Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə öz əksini tapmadığına görə Sizə əmək pensiyasının təyin olunması üçün tərəflərindən tərtib olunmuş MN-17944 nömrəli “Məlumat vərəqi”ndə göstərilməsi qanunamüvafiq deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Azərbaycan Xidmətində, Dövlət üzrə Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikası Xüsusi X1 Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Müraciətinizdə qeyd etdiyiniz birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” daimi ödəniş növləri hesab olunmadığından, onların tərəflərindən adınıza tərtib edilmiş “Məlumat vərəqi”ndə göstərilməsi qanunamüvafiq deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu.

2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiya təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqəsində olan məlumatlardan görünür ki, iddiaçı xx.xx.2022-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) tərxis olunmuş (təqvimi xidmət illəri 25 il 05 ay 03 gün, güzəştli xidmət illəri 10 il 09 ay 14 gün, cəmi iş stajı və xidmət illəri 36 il 02 ay 17 gün), pul təminatı (təminat xərcliyi) olaraq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya, «Usta» məharət dərəcəsinə görə, Prezident əlavəsinə görə faizlər göstərilmişdir. Hazırda iddiaçı xidmət dövründə aldığı birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləğinin yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi, mövcud qanunvericlik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. Təminat xərcliyinə daxil olan məbləğlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçının təminat xərcliyinə daxil edilməsini xahiş etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri həmin maddədə göstərilməmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında hazırkı iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin məbləğlərin Məlumat vərəqində göstərilməsi mümkün deyildir. Cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8697/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar