Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-951/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12295/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh Yasamal bələdiyyəsinə müraciət etdiyi ərizədə qeyd olunmuş suallarla bağlı ətraflı məlumatın verilməsi vəzifəsinin cavabdeh Yasamal bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən ona 252.83 manat əmlak vergi borcunun olması barədə SMS məlumat gəlmişdir. Lakin həmin borcun hansı əmlakla bağlı olduğu, hansı dövrü əhatə etməsi və hansı əsasla hesablanması barədə məlumatsızdır. Qeyd edir ki, ümumiyyətlə Yasamal bələdiyyəsi ərazidə heç bir iş görməmişdir. Yığılan vergi ödənişlərinin hara xərclənməsi barədə hər hansı məlumat ərazi sakinlərinə verilmir. Bununla bağlı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh olan Yasamal bələdiyyəsinə ərizə ilə müraciət olunaraq, aşağıdakı sualların cavablandırılmasını xahiş etmişdir: 1.2020- 2023-cü illər ərzində Yasamal bələdiyyəsi tərəfindən nə qədər əmlak vergisi toplanmışdır?
2. 2020-2023-cü illər ərzində Bələdiyyə tərəfindən toplanan vergilər hansı sahələrə xərclənmişdir? 3. 2020-2023-cü illər ərzində Hər hansı bir yerli səviyyədə tikinti və ya layihə işləri aparılmışdırmı? Aparılmışdırsa, bu işlərə nə qədər vəsait xərclənmişdir? 4. 2020- 2023-cü illər ərzində Yasamal bələdiyyəsinin ümumi işçilərinin sayı nə qədərdir? Həmin işçilərin əmək haqqıları hansı məbləği təşkil edir? 5. 2020-2023-cü illər ərzində Yasamal rayonu Zərdabi küçəsində əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması üçün hər hansı vəsait xərclənibmi? Xərclənibsə nə qədər vəsait xərclənib? 6.2020-2023-cü illər ərzində bələdiyyə tərəfindən hər hansı İşlərin görülməsi ilə bağlı podratçı şirkətlərlə müqavilə bağlambmı? Bağlanmışsa hansı şirkətlərlə bağlanmışdır və bu müqavilələr əsasında nə qədər vəsait xərclənmişdir? Lakin indiyədək Yasamal bələdiyyəsi tərəfindən onun ərizəsin cavablandırılmamışdır Yasamal bələdiyyəsinin bu hərəkətsizliyi onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12295/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, “cavabdehin də qeyd etdiyi kimi Yasamal rayon Bələdiyyəsinin rayon ərazisində gördüyü işlər aylıq, rüblük və illik hesabat şəklində www.yasamalbelediyesi.az saytında, bələdiyyə info saytında və qəzetində hər ay dərc edilir. 5.5. “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinin tələbinə əsasən bələdiyyənin yerlərdə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında məlumat bələdiyyə hesabatlarında əks olunmaqla açıq informasiya hesab olunur və bu baxımdan həmin məlumat, bilgilər informasiya sorğusunun predmeti kimi çıxış edə bilməz.” Məhkəmənin bu qənaəti ilə razı deyil. Çünki “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinin 3-cübəndində bildirilir ki, bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Məhkəmənin istinad etdiyi saytda 2 ədəd söhbət yeri (bisetka) şəklindən başqa bir şey olmadığı üçün bəldiyyənin gördüyü işlərlə bağlı məlumat almaq zərurəti yaranmışdır. Çünki saytda olan, bələdiyyənin rayon ərazisində il ərzində yalnız 2 ədəd söhbət yeri (bisetka) tikməsi işini o qənaətbəxş hesab etmir. Bu həqiqətən də belədirmi və ya əlavə işlər görülübmü, lakin saytda yerləşdirilməyibmi? Bunlara aydınlıq gətirilməlidir. Bu cavabları da yalnız rəsmi müraciət edərək almaq mümkündür. Maddədə qeyd olunduğu kimi hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir. Lakin bələdiyyə binasının qarşısında belə bir lövhə indiyədək olmamışdır. Bundan başqa “Bələdiyyələrin statusuhaqqında” Qanunun 52-2-ci maddəsində deyilir ki, Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Lakin belə bir yığıncağın keçirilməsi, rayon ərazisində yaşayanların oradı iştirakı, hesabatla tanış olması nəinki bu il, heç əvvəlki illərdə də baş tutmamışdır. Bu səbəbdən də hesabat barədə dəqiq məlumatın əldə edilməsi mümkün olmadığından ərizə ilə müraciət olunması zərurəti yaranmışdır.
Tərəflərin izahatları
xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdən görünür ki, İddiaçı Cavabdehnə qarşı tələbi “tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh Yasamal bələdiyyəsinə verdiyi ərizədə qeyd olunmuş suallarla bağlı ətraflı məlumatın verilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-1-ci maddəsinə əsasən Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər həyata keçirilməsini "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edirlər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüquqlarına malikdir. 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 3.0.3-cü maddəsinə əsasən ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. 3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. 3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. 3.0.7-ci maddəsinə əsasən informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. 3.0.8-ci maddəsinə əsasən informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. 15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. 15.5-ci maddəsinə əsasən sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. 21.2-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa. 22.4-cü maddəsinə əsasən informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. 24.3-cü maddəsinə əsasən insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. 29.1.6-ci maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatları açıqlamalıdır: 29.2-ci maddəsinə əsasən bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinə əsasən Bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər: 1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə; 2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə. Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının tələbində nəzərdə tutulan məlumatların “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulan informasiya sorğusunun predmeti qismində çıxış etməməsi qənaəti ilə razılaşaraq qeyd edir ki, Yasamal rayon Bələdiyyəsinin rayon ərazisində gördüyü işlər aylıq, rüblük və illik hesabat şəklində www.yasamalbelediyesi.az saytında, bələdiyyə info saytında və qəzetində hər ay dərc edilir. Qanunvericiliyin digər tələbi sorğuçunun informasiyanı təkrar əldə etmək zərurətinin əsaslandırılmasıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı nə cavabdeh inzibati orqana müraciətində, nə də ki iddia ərizəsində və apellyasiya şikayətində informasiyanı təkrar əldə etməsinin zərurətini əsaslandırmamışdır. İnzibati prosessual qanunvericilik iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12295/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12295/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev