Məhkəmə qərarları › İş №2-1(103)-963/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-963/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-963/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) «dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 0105t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 045t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2016-cı il tarixli 0121t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə və Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli 0103t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İddiaçıya məxsus EZ nömrəli ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1990- xx.xx.1994-cü illər müdavim olmuş, xx.xx.1994-cü ildən xx.xx.2020-ci ilədək hərbi xidmət keçmiş, xx.xx.2020-ci ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməli olmasına istinad edərək müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 2409 saylı məktubda qeyd olunmuşdu ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Ağdam Qarnizonu Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğu səbəbindən dövlət vəsaiti hesabına mənzillə təminatı Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı 1988-1990-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən bu günədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir. Artıq 28 ildən çoxdur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdədir. Lakin mənzillə təmin olunmaq hüququnun olmasına baxmayaraq, hərbi xidmət dövrü yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Həmin Fərmanda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Həmin Fərmana əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, o, 28 il 02 ay 17 gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdədir, 20 ildən çox qüsursuz xidmət etdiyinə görə xx.xx.2017-ci il tarixdə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur, ümumiyyətlə 7 medalla təltif olunmuşdur, hərbi xidmət dövrü heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir, himayəsində 2 uşağı var, Silahlı Qüvvələr veteranıdır, uzun müddət döyüş zonasında xidmət etmişdir, müharibə veteranıdır. 2020-ci ilin iyun ayında o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək qeyd olunan Fərmana uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsini xahiş etsə də, müraciətinə xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddia tələbinə münasibətdə bildirmişdir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı öz iddia ərizəsində qeyd edir ki, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 28 il təşkil edir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınarsa, iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutulması və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsi Fərmanın tələblərinə uyğun deyildir. Səbəb ondan ibarətdir ki, iddiaçı Ağdam Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinin “q” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Cinayət Məcəlləsinin 41 maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlər - İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması iddiaçının xidmətinin qüsursuz olmamasına dəlalət edir. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan narazı qalan 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmışdır. 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xidmət dövründə müxtəlif medallarla təltif olunsa da, Ağdam Hərbi Məhkəməsinin müvafiq hökmü ilə Cinayət Məcəlləsinin 255.1-ci maddəsinin “q” bəndi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 41-ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi barədə qərar qəbul edilmişdir. Məlum olduğu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı sözügedən Fərmanda nəzərdə tutulan şəxslərin kateqoriyasına bərabər tutula bilməz, ona görə ki, məhkumluğun olması iddiaçının 20 il ərzində hərbi xidmətin qüsursuz xidmətinin hesab edilməsini istisna edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinin “q” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Cinayət Məcəlləsinin 41ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması onun xidmətinin qüsursuz olmaması kimi qiymətləndirilməlidir. Bundan başqa nümayəndə izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdikləri iddiaya dair etirazda iddiaçının məhkumluğunu yaradan Ağdam Hərbi Məhkəməsinin hökmünün xx.xx.2000-ci il tarixli olmasına baxmayaraq həmin hökmün tarixi texniki səhv olaraq xx.xx.2020-ci il tarixli kimi göstərilmişdir. Qeyd olunanlarla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi. İddiaçı hər iki apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinin “q” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, barəsində Cinayət Məcəlləsinin 41-ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilsə də, sonradan xidməti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2ci dərəcəli və 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Buna görə də hesab edir ki, 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyi nəzərə alınaraq onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Buna görə də iddiaçı hər iki apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallardan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş M\V seriyalı 000989 nömrəli vəsiqəyə əsasən müharibə veteranıdır. İş materiallarında olan İddiaçı məxsus EZ nömrəli ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1990-xx.xx.1994-cü illər müdaivm olmuş, xx.xx.1994-cü ildən xx.xx.2020-ci ilədək hərbi xidmət keçmiş, xx.xx.2020-ci ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxx 2016-cı il tarixli 089t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubileyi medalı ilə, xx xxxx 2013-cü il tarixli 098t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubileyi medalı ilə, xx xxxx 2018-ci il tarixli 0171t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)» yubileyi medalı ilə təltif olunmuşdur. Həmçinin vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 0105t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə, xx xxxx 2015-ci il tarixli 045t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, xx xxxx 2016-cı il tarixli 0121t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə, xx xxxx 2017-ci il tarixli 0103t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Yuxarıda qeyd olunanları əsas tutan iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsaslanaraq adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdı ki, iddiaçı Ağdam Qarnizonu Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğu səbəbindən dövlət vəsaiti hesabına mənzillə təminatı Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi iddianın əsaslı olub, onun təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanının dəlilinə münasibətdə qeyd olunmalıdır ki, işə əlavə olunmuş Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1-ci maddəsinin “q” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Cinayət Məcəlləsinin 41ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəza 2 il sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaya etirazda, həmçinin 3-cü şəxs- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətində iddiaçı barəsində Ağdam Qarnizonu Hərbi Məhkəməsinin qəbul etdiyi hökmün tarixi səhvən xx.xx.2000-ci il tarix əvəzinə xx.xx.2020-ci il tarixli kimi göstərilmiş və bunun texniki səhv nəticəsində baş verdiyi məhkəmə prosesində iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən təsdiqlənmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili aşağıda qeyd olunanlarla bağlı əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 0105t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2015-ci il tarixli 045t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2016-cı il tarixli 0121t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə və Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli 0103t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər və “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İş materiallarından görünür ki, iddiaçı həm 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə, həm də 10 təqvim ili, 15 təqvim ili və 20 təqvim ili qüsursuz hərbi xidmət keçdiyi üçün “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə təltif olunmuşdur. Adından və təltif edilmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. İddiaçı xx.xx.2020-ci ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci ildə hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır və bu hüquq qeyd olunan maddənin tələbinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. İddiaçının da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən həmin Fərman iddiaçıya da şamil edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası hər iki apellyasiya şikayətinin dəlilini bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız hesab edir və onları qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar