Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-119/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-811/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4-lə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında 0.05 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə bağlı cavabdeh orqandan çıxarış almışdır. Həmin torpaq sahəsi ilə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədi hazırlanması üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçıya qeyd edilən torpaq sahəsi ilə bağlı müvafiq çıxarış verilsə də, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, torpaq sahəsinə verilmiş xx.xx.2007-ci il tarixli, AA001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədinə düzəliş olunmasını və iddiaçıya təqdim edilmiş torpaq sahəsinə uyğun koordinatların işlənməsinə dair yeni «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-811/2023 saylı qərardadı ilə iddia tələbinin “torpaq sahəsinə verilmiş əvvəlki torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə müayinə baxışı keçirilən zaman uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları arasında 42-45 metr fərqin olduğu aşkarlanmışdır. Həmçinin sənəd üzrə torpaq sahəsində başqa şəxsə məxsus və başqa şəxsin istifadəsində olan 13.5 həyət tikilisi (anbar) vardır. Odur ki, iddiaçının tələbi təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-811/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, AA 001332 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bir halda ki, xx.xx.2007-ci il tarixli, AA 001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədi və xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədində qeyd olunmuş torpaq sahələri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli torpaq sahəsi ilə eynilik təşkil edir, iddiaçıdan əvvəlki mülkiyyətçilərə «torpaq sahəsinin planı və ölçüsü» sənədləri tərtib edilərək verilməsinə baxmayaraq sonuncuya məxsus eyni torpaq sahəsi ilə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməməsi hüququn bərabərlik prinsipinin də pozulmasıdır. Bu məqsədlə, müvafiq çıxarışa əsasən iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinin texniki göstəricilərinin elektron kadastr baza məlumatlarına düzgün işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz, başqa sözlə həmin hal torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsinə mane olan hal deyil. Belə ki, hər-hansı subyektin mülkiyyətində olan əmlakın texniki göstəricilərini əks etdirən sənədin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməsi hissəsində dəyişiklik edilərək tələbin onun mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, AA001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədinə düzəliş olunmasını və ona təqdim edilmiş torpaq sahəsinə uyğun koordinatların işlənməsinə dair yeni «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa edilmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməsi hissəsində dəyişiklik edilərək tələbin onun mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, AA001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədinə düzəliş olunmasını və ona təqdim edilmiş torpaq sahəsinə uyğun koordinatların işlənməsinə dair yeni «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində bildirilir ki, **********23 reyestr nömrəli Çıxarışa əsasən X5 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2007-ci il tarixli AA 001332 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.05 ha torpaq sahəsi tam hissədə, **********23 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2008-ci il tarixli AA 001498 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşür. **********23 reyestr nömrəli Çıxarışa əsasən X5 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2007-ci il tarixli AA 001332 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar, **********23 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2008-ci il tarixli AA 001498 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlarla eyni koordinatlardır. Əlavə olaraq qeyd edir ki, faktiki istifadə sahəsinin koordinatları ilə, yuxarıda qeyd edilən plan və ölçü sənədlərində göstərilən koordinatlar eynilik təşkil etmir. Belə ki, iddiaçının faktiki istifadə sahəsi, X9 və X8 mülkiyyətlərində olan 0.05 ha torpaq sahəsinə dair qeydə alınmış **********51-10301 reyestr nömrəli Çıxarış sənədinin texniki pasportunda, qanunsuz istifadədə olan torpaq sahəsi olaraq göstərilən sahədə yerləşir. Həmçinin qeyd olunan rəyə əlavə olunmuş “ortofoto görüntü”yə əsasən, Plan və ölçü sənədlərindəki koordinatlara əsasən torpaq sahəsinin naturada yerləşmə vəziyyətindən görünür ki, iddiaçının “Plan və ölçü sənədi”ndə göstərilən torpaq sahəsinin bir hissəsi ümumi istifadədə olan yola düşür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıya məxsus «torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən torpaq sahəsi faktiki istifadədə olan torpaq sahəsilə üst-üstə düşmür. Belə ki, mübahisələndirilən «torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən torpaq sahəsinin bir hissəsi üçüncü şəxslərinin müllkiyyətində olan torpaq sahələri və ümumi istifadədə olan yolla üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi isə **********51-10301 reyestr nömrəli Çıxarış sənədinin texniki pasportuna əsasən X9 və X8 qanunsuz istifadələrində olan torpaq sahəsilə üst-üstə düşür. Göründüyü kimi iddiaçının hüquqi marağı da onun mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, AA001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədinə düzəliş olunması və ona təqdim edilmiş torpaq sahəsinə uyğun koordinatların işlənməsinə dair yeni «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsindən ibarət olmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək torpaq sahəsinə verilmiş xx.xx.2007-ci il tarixli, AA001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədinə düzəliş olunmasını və iddiaçıya təqdim edilmiş torpaq sahəsinə uyğun koordinatların işlənməsinə dair yeni «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və qərardad ilə ərizə icraata qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə uyğun olmayan qərar qəbul edilmişdir. Odur ki, məhkəmə araşdırması da iddiaçıya məxsus «torpaq sahəsinin planı və ölçüsü» sənədində düzəlişin edilərək iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun «torpaq sahəsinin planı və ölçüsü» sənədinin verilməsi istiqamətində aparılmalıdır. Belə ki, İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Göründüyü kimi, İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə qərarın qəbul edilməməsi apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qərarın ləğv edilərək işin müvafiq inzibati məhkəməyə göndərilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-811/2023 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-119/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-119/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver