Məhkəmə qərarları › İş №2-1(104)-186/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-186/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-186/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3679/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********5888 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminallarının quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7879 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən POS-terminallarının quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7879 nömrəli qərarının ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7879 nömrəli xx.xx.2023-cü il tarixli ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7879 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuma görə Vergilər Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh orqanın əməkdaşları həmin obyektə gəlsələr də, müşahidəçilərin iştirakı ilə obyektə baxış keçirməmiş və onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmağını aşkar etməmişlər. Fəaliyyətini əks etdirən, yəni sübut edən foto və ya video çəkilişdən istifadə olunmamış, baxış zamanı protokol tərtib olunmamışdır. Ondan izahat alınmamış, ümumiyyətlə iştirakı ilə hər hansı formada akt və ya protokol tərtib olunmamış və ona imza etmək təklif olunmamışdır. Həmçinin, iddiaçı barəsində tərtib olunmuş protokol qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri pozulmaqla yoxlama yerində yox ona məlum olmayan yerdə və şəraitdə tərtib olunduğundan və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Qanun pozuntusu ilə tərtib olunmuş belə bir protokolun heç bir hüquqi qüvvəsi yoxdur və bütün bunlar qərəzçilikdən irəli gəlir. Hazırkı iş üzrə cavabdehin "operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2021-cü il tarixli **********5888 nömrəli, **********7879 nömrəli xx.xx.2023-cü il tarixli qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçı barəsində məsuliyyətə cəlb edilməyi haqqında qərarında ümumiyyətlə vergi yoxlamasının qanunvericiliyin tələbinə uyğun keçirilibkeçirilməməsini, vergi yoxlaması zamanı vergi qanunvciliyinin pozulmasının şəraitini, bunları təsdiq edən sənədləri, yəni foto, video çəkilişlərdən istifadə və müşahidəçilərin iştirakının təmin olunub-olunmaması, həmin vaxt obyektdə xidmət göstərilən şəxsin olub-olmaması, protokolun məhz həmin obyektdə müşahidəçilərin, xidmət göstərilən şəxsin və ya şəxslərin, əgər onlar olubsa, onlarla nağd qaydada pul hesablaşmalarının aparılıb-aparılmaması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən halların baş verməsini və ya belə halların olmamasını tam, ətraflı və hərtərəfli araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir. Bununla da cavabdeh orqan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla onun barəsində qanunsuz və ədalətsiz, eləcə də qərəzli hesab etdiyi qərarını qəbul etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3679/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7879 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün qeyd olunan Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq bildiriş göndərməli, yalnız bundan sonra bildirişi alan vergi ödəyicisi POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. İş materiallarında olan, eləcə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə POS-terminalların quraşdırılması üçün cavabdeh tərəfindən iddiaçıya Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq bildiriş göndərilməsi öz təsdiqini tapmamışdır. İddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqda isə yalnız Vergi Məcəlləsinin müvafiq maddələri sadalanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, POS-terminalların quraşdırılmamasına görə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) ticarət fəaliyyəti ilə məşğul olduğundan müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POSterminallar quraşdırılmalı olduğu halda, bunu etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:34-də tərəflərindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, müştəri tərəfindən 1 ədəd "kent 4" marka tütün məmulatı üçün 3.80 manat ödəniş vasitəsinin nağdsız qaydada ödənilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı obyektdə POS-terminal quraşdırmadığı üçün müştəri tərəfindən ödənilməsi təklif edilmiş ödənişi qəbul etməkdən imtina etmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisi tərəfindən POS-terminaldan istifadə edilməsi qaydasının pozulması müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 004560 nömrəli aktla rəsmiləşdirilmişdir. Bununla da, İddiaçı qeyd edilən pozuntuya yol verməklə VM-nin 58.7-ci maddəsində əks olunmuş vergi hüquq pozuntusuna yol vermişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarla iddiaçının məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur. Lakin məhkəmə qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməmiş, vergi qanunvericiliyində nəzərdə tutulmuş pozuntu halının baş verdiyini dəqiq müəyyən etməsinə baxmayaraq, vergi orqanının qərarını ləğv etmişdir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinə əsasən həmin məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması VƏ POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq ediləcəyi ilə bağlı xx.xx.2022-ci il tarixdə **********163200 №-li bildiriş-xəbərdarlıq göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunu: 17.1-ci maddəsinin İ hissəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 17.1-ci maddəsinin İİ hissəsinə əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. 17.1-ci maddəsinin İİİ hissəsinə əsasən POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17.1-ci maddəsinin İV hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində POSterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları: 4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POSterminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. 4.2. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları: (-). 1.3. rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********5888 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminallarının quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 004560 nömrəli aktla rəsmiləşdirilmişdir. Sözügedən akt əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********7879 nömrəli qərarı ilə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iş materiallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya yuxarıda qeyd olunan Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq POS-terminalların quraşdırılması üçün bildiriş göndərilməsi öz təsdiqini tapmamışdır. İddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqda isə yalnız Vergi Məcəlləsinin müvafiq maddələri sadalanmışdır. Kollegiya qeyd edir ki, vergi orqanı həmin bildiriş-xəbərdalığında Vergi Məcəlləsinin müvafiq maddələrini sadalamaqla kifaytlənməməli və vergi ödəyicisinə Pos-terminalın quraşdırmalı olduğunu aşkar surətdə bildirməli idi. Bundan başqa vergi orqanı tərəfindən qərar qəbul edilməzdən əvvəl iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğunu araşdırmalı idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarlarına əsasən rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) POSterminallar quraşdırılacaq obyektlər sırasına daxildir. Belə olan halda vergi orqanı tərəfindən vergi ödəyicisi məsuliyyətə cəlb edilməzdən əvvəl onun rüb üzrə orta aylıq dövriyyəsinin 2000 manatdan artıq olubolmamasını müəyyən etdikdən sonra iddiaçının məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etməlidir. Odur ki, istinad olunan Qaydaların 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. Həmin Qaydaların 2 nömrəli əlavəsində uyğun tərtib edilməli olan bildirişdə ilk öncə vergi ödəyicisinə hansı ilin hansı rübü üzrə orta aylıq dövriyyəsinin nə qədər təşkil etdiyi bildirilməli, vergi ödəyicisi tərəfindən bildiriş alındıqdan sonra 10 (on) iş günü müddətində müvafiq kodlu obyekt(lər)də POS-teminal(lar)ın quraşdırılması üçün müvafiq bank ekvayerə müraciət edilməsi bildirilməli və POS-terminalın quraşdırılması üçün bank ekvayerə ərizə ilə birlikdə fərdi sahibkarın və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin, sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin və təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surətləri (məlumatları) elektron və ya kağız daşıyıcıda təqdim edildiyi izah olunmalıdır. Lakin iş materiallarında olan vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********163200 saylı bildiriş-xəbərdarlıq yuxarıda qeyd olunan Qaydaların 2 nömrəli əlavəsinə uyğun forma və məzmunda tərtib edilmədiyindən vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən vergi ödəyicisinə göndərilmişdir. Beleləliklə vergi orqanının iddiaçını vergi ödəyicisi kimi qanunvericiliyin müvafiq tələbini pozmasına dair mübahisələndirilən qərar ilə vergi məsuliyyətinə cəlb etməklə bağlı gəldiyi nəticəsi əsassız olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi həmin nəticədə haqlı olmuşdur. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan məsuliyyətə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3679/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar