Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-194/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakları ilə, “hərbi rütbənin bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5020/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli, 1(098)-06/2014 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.1-c maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 21 may 2014-cü il tarixli, 1/1(104)-59/2014 nömrəli qərarına əsasən, Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli 1(098)-06/2014 nömrəli hökmündən məhkumun vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 19 mart 2015-cü il tarixli 1-1(102)-37/2015 nömrəli qərarına əsasən, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası CM-in 341.1 və 311.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmiş, məhkum İddiaçı təqsirli bilindiyi CM-nin 341.1-ci maddəsi ilə olan əməli CM-nin 29,341-ci maddəsinə tövsif edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-85/2019 nömrəli və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1955/2020 nömrəli qərardadlarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı rütbənin bərpa olunmasına dair iddia tələbi mümkün sayılmamışdır.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-85/2019 nömrəli qərardadı və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1955/2020 nömrəli qərardadı qanuni qüvvəsini almışdır.
6. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 44739/2019 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, İddiaçı təyin edilmiş 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası xx.xx.2020-ci il tarixdə bitmişdir.
7. İddiaçı Gəncə Hərbi Məhkəməsinə gizir hərbi rütbəsinin bərpa edilməsi ilə əlaqədar etdiyi müraciətə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 378 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, o, Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Onun məhrum edildiyi gizir hərbi rütbəsinin məhkəmə qaydasında bərpa edilməsi ilə bağlı məsələ inzibati və mülki hüquq münasibətlərindən irəli gələn məsələ olduğundan və Tərtər Hərbi Məhkəməsində ayrıca icraat qaydasında inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrə baxılmadığından ərizəsi geri qaytarılmış və aidiyyəti üzrə müraciət etməsi izah olunmuşdur.
8. İddiaçı Gəncə Hərbi Məhkəməsinə məhkumluğun ödənilməsi haqqında arayışın verilməsi ilə əlaqədar etdiyi müraciətə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 427 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ona təyin olunmuş 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzasının bitdiyi xx.xx.2020-ci il tarixindən 6 il keçmədiyindən hal-hazırda məhkumluğu göstərilən hökm üzrə ödənilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı xx.xx.2024-cü il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüququ və azadlıqlarını, cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs olmasını, müharibə vetranı olmasını, ağır xəstə olmasını, maddi və sosial durumunu, ən əsası isə cənab prezidentin humanist siyasətini nəzərə alaraq hərbi rütbəsinin bərpa edilməsi üçün müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(096)-06/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1 və 311.1-ci maddələri ilə təqsirli bilinərək 2(iki) il müddətinə məsul vəzifə tutlmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Əfv Sərəncamına əsasən cəzanın çəkilməsindən azad olunmuşdur. X2 veteranı olduğunu, 1993-cü ilin mart ayında Ağdərə istiqamətində getmiş döyüşlər zamanı yaralandığını, hərbi xidmətdə olduğu müddətdə 14 (on dörd) dəfə fəxri fərmana layiq görüldüyünü bildirmişdir. Hərbi xidmət zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı adından verilməklə Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Qüsursuz xidmətə görə” medalın üçüncü dərəcəsi ilə və bir sıra yubiley medalları ilə təltif olunmuşdur. Azadlıqdan məhrum edildiyi zaman “gizir” hərbi rütbəsindən məhrum edilmişdir. 27 (iyirmi yeddi) təqvim ili müddətində həqiqi hərbi xidmətdə olmuşdur. Baxmayaraq ki, cinayətin törədilməsində təqsiri olmayıb, hərbi xidmətinin 27-ci ilində rütbədən məhrum edilməklə azadlıqdan məhrum edilməsi ona pensiya təyin olunmasına hüquqi əngəl yaradır.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5020/2024 nömrəli qərardadı ilə (hakim N.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, İddiaçı gizir hərbi rütbəsindən Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli hökmü ilə məhrum edilməsi, bununla da həmin hərbi rütbədən inzibati icraat nəticəsində deyil, cinayət prosessual fəaliyyət nəticəsində məhkəmə hökmü ilə məhrum edilməsini nəzərə alaraq məhkəmə İddiaçı “gizir hərbi rütbəsinin bərpası” haqqında iddiasına inzibati mübahisələrə dair işlər üzrə icraat çərçivəsində deyil, cinayət mühakimə icraatı çərçivəsində-hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılmalı olması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5020/2024 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə öz vəzifə borcuna görə iddiaçıya hüquqi yardım etməli, hətta iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar etmişsə də bunu iddiaçı ilə müzakirə edərək vaxt təyin etməli və ya öz vəzifə borcuna görə aradan qaldırılmasına şərait yaratmalı idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyini qeyd etməklə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim etmiş, ərizə məhkəmənin icraatında qəbul edilmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 48.0. Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir: 48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar; 48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar. 76.1. Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. 82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə.
18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. 33.4. Ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı X1”ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur.
19. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər.
68. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.
20. “Əfvetmə haqqında” Əsasnamə:
3. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə: 3.1. məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər; 3.2. məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər; 3.3. məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
6. Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10 aprel 2015-ci il 04 nömrəli qərarı: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
26. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
30. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 19 mart 2015-cü il tarixli 1-1(102)-37/2015 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, səzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır.
31. Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli əfv sərəncamı ilə iddiaçı cəza çəkmə müddəti tam başa çatmadan təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə əsasən hazırda iddiaçının məhkumluğu götürülməmiş və ya ödənilməmişdir.
32. İddiaçının Gəncə Hərbi Məhkəməsinə məhkumluğun ödənilməsi haqqında arayışın verilməsi ilə əlaqədar etdiyi müraciətə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 427 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ona təyin olunmuş 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzasının bitdiyi xx.xx.2020-ci il tarixindən 6 il keçmədiyindən hal-hazırda məhkumluğu göstərilən hökm üzrə ödənilməmişdir.
33. İddiaçını hazırki tələblə məhkəməyə müraciət edərək, hərbi rütbəsininin bərpa edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmamasına dair gəldiyi hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının arzuladığı nəticə- hərbi rütbəsinin bərpa edilməsi qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarı əsasında verilmiş təqdimat üzrə həmin rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa oluna bilər.
35. İş üzrə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi hüquq sahəsində olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hər hansı bir hüququnun pozulması müşahidə olunmur. Beləliklə, iddiaçının məhkumluğu ödənilməmiş və ya götürülməmişdir, hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı inzibati orqanla arasında inzibati (publik) hüquq normaları ilə tənzimlənən münasibətlər mövcud deyil. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə inzibati (publik) hüquq normaları ilə deyil, cinayət prosessual qanunvericiliyin “Hökm və məhkəmənin digər yekun qərarlarının icrası qaydası”nda icraatı tənzimləyən normalar ilə tənzimlənməlidir.
36. Hazırki iddia cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətdən irəli gəlir. Belə ki, şəxs hərbi rütbədən inzibati icraatdan irəli gələn fəaliyyət nəticəsində deyil, cinayət prosessual fəalliyyət nəticəsində məhkəmə hökmü ilə məhrum edilmişdir.
37. Məhkəmə tərkibi əlavə olaraq qeyd edir ki, Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 44739/2019 nömrəli məktubuna əlavə edilmiş məlumata əsasən, İddiaçı təyin edilmiş 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası xx.xx.2020-ci il tarixdə bitmişdir. Əfvetməyə dair sərəncamla iddiaçı yalnız cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu götürülməmişdir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, iddiaçının məhkumluğu xx.xx.2026cı il tarixdə ödənilmiş hesab olunacaq.
38. Bundan başqa məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı hazırki tələblə əvvəl də məhkəməyə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-85/2019 nömrəli qərardadı və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1955/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, hər iki qərardad qanuni qüvvəsini almışdır (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu).
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
40. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
41. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir.
42. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5020/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov