Məhkəmə qərarları › İş №2-1(104)-209/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-209/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-209/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1009/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı məxsus xx.xx.2010-cu il tarixli AO ******* nömrəli hərbi biletdə sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında stasionar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicələr almış, xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də müayinədə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 449 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən təlim toplanışına göndərilmişdir və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Kəlbəcər rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixli 11659 saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X4 və X5 şahid ifadələrində bildirmişlər ki, onlar xx.xx.2022-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N ömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişlər. Hərbi xidmət dövrü İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə travma almışdır. Səhhətində yaranmış vəziyyətlə əlaqədar ona ilkin tibbi yardım göstərmişlər. Şahid ifadələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi polkovnik-leytenant Elşən Abbasov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 8500 nömrəli rəyində İddiaçın qoyulmuş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, özünüm kəsmələrlə F07.0” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışda İddiaçın qoyulmuş diaqnoz “Partlayış travması. Fəlakətdən sonra yaranmış şəxsiyyət dəyişkənliyi, davranış pozuntusu, özünü kəsmələrlə. Uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ konversion pozuntu” kimi qeyd edilmişdir. İ-37448 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 250s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-7900 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbayan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə vərəqəsindən görünür ki, İddiaçı müayinələr nəticəsində Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 9 nömrəli cavab məktubunda bildirilmişdir ki, səfərbərlik üzrə hərbi xidmətdə olan əsgər İddiaçı xidmətini davam etdirmək üçün xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən (Göygöl rayonu) N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə dəyişən heyətinin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmişdir. Səfərbərlik üzrə hərbi xidmətdə olan İddiaçı N nömrəli hərbi hissənin dəyişən heyətinin siyahısında xidmət etdiyi müddət ərzində travma və ya kontuziya faktı ilə qeydiyyata alınmamışdır. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4426 nömrəli rəyində İddiaçı qoyulmuş diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünü kəsmələrlə F07.0” kimi müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli 4420 saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “F07.0 - Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələrlə; S51, L90.5, S41.0 - Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları; H52.1 - Hər iki gözün miopiyası M1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı qəbul edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 725 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yenidən şəhadətləndirilmiş və ona xx.xx.2024-cü il tarixli 4420 nömrəli şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona qoyulmuş "keçirilmiş beyin silkələnməsi nəticəsində emosional pozuntu F06.6" diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması kimi qeyd edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almış, buna baxmayaraq o, döyüşlərdə iştirak etmişdir. Səhəri gün onun başı hərlənməyə, ürəyi bulanmağa başlamış, müvazinətini saxlaya bilməmiş, qusmuşdur. Sonralar vəziyyəti düzəlmiş, lakin bu kimi hadisələr hər gün təxminən 1-2 saat baş vermişdir. Müharibənin ağır vəziyyəti olduğundan o, hospitala gedə bilməmişdir. Müharibə bitdikdən sonra xx.xx.2020-ci ildə ehtiyata buraxılmışdır.xx.xx.2022xx.xx.2022-ci və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhəri Psixiatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN-nin MHP-da müayinə və müalicə olunmuşdur. Ona “keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F06.6” diaqnozu qoyulmuşdur. O, qeyd edilən xəstəliyi hərbi xidmət vəzifələrini icra edərkən almışdır. Lakin Hərbi Həkim Komissiyasının 11659 saylı xəstəlik haqqında şəhadətnaməsində onun xəsarətinin yaranma səbəbi kimi “Hərbi xidmət dövründə yaranmışdır” qeyd edilməmişdir. Ona bu faktın yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyini bildirmişlər. Beyin silkələnməsindən sonra gözündə də problemlər yaranmışdır. Hərbi Həkim Komissiyasına bununla bağlı etdiyi müraciətinə müsbət cavab ala bilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qırardadı ilə iddia tələbi “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1009/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçının travma alması barədə xidmət etdiyi hərbi hissənin travma haqqında arayışı olmasa da, onun döyüş əməliyyatları zamanı travma alması barədə şahid ifadələri vardır ki, bu da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi polkovnik leytenant Elşən Abbasov tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə eyni vaxtda N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X4 və X2 şahid ifadələri ilə iddiaçının “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının mərmi partlayışından sonra aldığı kəllə-beyin travmasının nəticəsində yaranması və Kəlbəcər uğrunda Murovdağ istiqamətində döyüşlərdə, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı alması öz təsdiqini tapmışdır. Cavabdeh orqana iddiaçının döyüşlərdə tərkibində iştirak etdiyi hərbi hissə tərəfindən travma arayışı təqdim edilməsə də, onunla bir yerdə döyüşlərdə iştirak etmiş iki şahid tərəfindən verilmiş ifadə mövcuddur və cavabdeh orqan həmin şahid ifadələri əsasında iddiaçının travmasının səbəb əlaqəsini müəyyən edə bilərdi. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1009/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərə görə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi hər iki halda “Ümümi xəstəlik”dir kimi təyin edilmişdir: vətəndaş İddiaçı hərbi xidmət dövründə döyüş əməliyyatı zamanı baş beyin travması aldığına dair hərbi hissə komandirinin travma haqqında arayşının olmaması; vətəndaş İddiaçı baş beyin travması ilə əlaqədar xidmət dövründə müayinə və müalicə olunduğuna dair ambulator və ya stasionar çıxarış epikrizinin olmaması; baş beyin travması ağır xəsarətlərə aid edildiyindən bu cür xəsarət alan şəxslər dərhal stasionar şəraitdə müalicə olunmalıdır, lakin buna dair heç bir məlumat yoxdur, bu hal məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin verdiyi xx.xx.2024-cü il tarixli 9 nömrəli cavab məktubu ilə təsdiq olunur.(bax:qərarın təsviri hissəsinin 11-ci bəndi) baş beyin zədələnmıəsi diaqnozu həkim nevroloq tərəfindən təyin edilir, lakin müharibə dövründə İddiaçı belə bir diaqnoz qoyulmamışdır. "Xəstəliklər cədvəlinin 14-cü maddəsinə mərkəz sinir sisteminin zədələnməsi nəticəsində serebral disfunksiya olan psixi pozuntular qrupu aiddir. Üzvi şəxsiyyət pozuntusu həm birincili (kəllə beyin travması, insult, insefalit, Altsheymer xəstəliy və s.), həm də ikincili yəni baş beyni zədələyə bilən xəstəliklər (İİV, infeksiyalar, intoksikasiya, endokrin xəsətəlikləri, şüalanma və s.) nəticəsində yarana bilər. Vətəndaş İddiaçı isə baş beyin travması almasına dair hər hansı bir sənəd mövcud deyildir. Yuxarıda göstərilən səbəblərə görə Gəncə İnzibati Məhkəməsinin çıxardığı qərarı əsaslı hesab etmək olmaz. Belə ki, məhkəmə qərar çıxararkən heç bir mötəbər sübuta istinad etmədən yalnız şahidlərin subyektiv ifadələrinə və özünün şəxsi mülahizələrinə əsaslanmış sırf tibbi məsələ üzrə zəruri biliyə malik olan tibb mütəxəssisinin və ya məhkəmə tibbi-ekspertizasının rəylərini almadan əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.4-cü maddəsinin tələblərinə əsasən şahid ifadələri vətəndaşda yalnız bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda keçərlidir. İddiaçı isə bədən zədələnmələrinin aşkar nəticələri müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə görə şahid ifadələri hərbi xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin olunması üçün əsas ola bilməz. Həmçinin "Əsasnamənin 7.1-ci maddəsinin (sonuncu abzası) tələbinə əsasən "Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakter və müddəti məhkəmə-tibb eksperti tərəfindən təyin edilir". Lakin məhkəmə tərəfindən bu xüsusatla bağlı da iş üzrə məhkəmə tibb ekspertizası təyin edilməmişdir. Qərarın əsaslandırma hissəsində 50-ci bənddə məhkəmə İddiaçı hərbi xidmətdən buraxıldıqdan (xx.xx.2020) bir il səkkiz ay sonra (xx.xx.2022) özünə xəsarət yetirməsi nəticəsində aldığı travmanı (sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaraları) yanlış olaraq müharibə dövründə aldığı travma kimi qiymətləndirmişdir. İddiaçı xidmət dövründə müalicə almamasının səbəbini müharibə şəraiti ilə əlaqələndirmişdir. Lakin o, hərbi xidmətdən buraxıldıqdan (xx.xx.2022) bir il dörd ay sonra da heç bir tibb müəssisəsində aldığı travma ilə əlaqədar müalicə olunmamış və buna heç bir əsaslı səbəb göstərə bilməmişdir. İddiaçı şəhadətləndirmə zamanı onda təyin edilmiş "H52.1 Hər iki gözün miopiyası M1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla" xəstəliyini də müharibə vaxtı aldığı travma ilə əlaqələndirməyə çalışmışdır. Lakin bu xəstəliyin kəllə-beyin travması ilə heç bir əlaqəsi yoxdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Prosess iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu: 2.1 Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» Bənd 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Bənd 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Bənd 1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Bənd 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Bənd 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Bənd 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar çıxarılmalı, iddia təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi iddiaçının hüquqi marağı “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçı ilə eyni vaxtda N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X4 və X2 şahid kimi vermiş olduqları ifadələrinə əsaslanmaqla iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin faktiki hallarına uyğun saymamaqla əsassız hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixli 4420 saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “F07.0 - Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələrlə; S51, L90.5, S41.0 - Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları; H52.1 - Hər iki gözün miopiyası M1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı qəbul edilmişdir. İddiaçı isə iddia edir ki, onda olan “F07.0 - Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələrlə” diaqnozu İkinci Qarabağ müharibəsində iştirak edən zaman yaranmış və həmin xəstəliyin səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilməlidir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2023-cü il tarixli, K/32 nömrəli rəyində qeyd edilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2023) onun sağ təpə nahiyəsində bir ədəd köhnə çapıq toxuma aşkar edildi. X1 yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətin əmələ gəlmə mexanizmi və müddəti barədə hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumanın saxlanılmış morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıq toxuma 1,5-2 ildən yuxarı olan müddət ərzində, bərk küt təsirdən törənmiş yaranın sağalmış izidir, partlayış travması üçün törənməyə xarakterik deyildir. Hazırda qüvvədə olan “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 №-li əmrinin 7 və 208-ci bəndlərinə uyğun olaraq yaralanma barədə tibbi sənədlər olmadıqda, məhkəmə-tibb eksperti yalnız aşkar bədən zədələnmələrinin xarakterini və müddətini təyin edir. Xəstəliklərin diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir, hərbi-həkim komissiyasının səlahiyyətlərinə daxildir. İş materiallarına əlavə edilmiş N nömrəli Hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ehtiyatda olan əsgər İddiaçı xidmətini davam etdirmək üçün xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci il tarixdə dəyişən heyətinin siyahısından çıxarılaraq qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmişdir. Ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissənin dəyişən heyətinin siyahısında xidmət etdiyi müddət ərzində travma və ya kontuziya faktı ilə qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2023-cü il tarixli, K/32 nömrəli müayinə aktına dair xx.xx.2025-ci il tarixli mülahizəsində qeyd edilmişdir ki, məhkəmə-tibbi müayinədə İddiaçı bədən səthində sağ təpə nahiyəsində bir ədəd köhnə çapıq toxuma və sol said və sol çiyin nahiyələrində isə özü tərəfindən yetirilmiş xəsarətlərin sağalmış izləri olan çapıq toxumalar aşkar edilmişdir, İddiaçı bədən səthində sözügedən partlayış hadisəsi ilə bağlı törənməyə xarakterik hər hansı bir "aşkar bədən xəsarəti" aşkar edilməmişdir. Bununla belə, İddiaçı bədən səthində, xüsusən baş nahiyyəsində odlu silah qəlpə yaralanmasının təyinində əhəmiyyətli əlamət olan kor qəlpə, mərmi, güllə və onun hissələrinin təyin edilməsi məqsədilə, o, müayinə üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş və həmin müəssisədə radioloji müayinədən keçirilmiş, həkim-cərrah tərəfindən müayinə edilmişdir. Həmin müayinələr zamanı İddiaçı baş nahiyyəsində kər qəlpə, mərmi, güllə və onun hissələri aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, MN Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında vətəndaş İddiaçı N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2503 nömrəli göndəriş əsasında stasionar müayinə və müalicədə olmasına dair heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Qastroenteroloqun müayinəsi. P.R.Z “B” virusu analizi” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının qeyd olunan xəstəliyinin səbəbinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahid ifadələrinə əsaslanar iddianı təmin etməsinə dair mövqeyinə münasibətdə isə qeyd edir ki, «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.4-cü bəndinin 2-ci abzasına əsasən vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Normanın tələbindən göründüyü kimi şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda qəbul edilir. Lakin hazırkı iş üzrə iddiaçıda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri müəyyən edilməmişdir. Həmçinin Əsasnamənin 7.4-cü bəndinin 3-cü abzasına görə şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iş üzrə birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1009/2024 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar