Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-21/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri (əri) X4 və (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1874/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1874/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2- 1(104)-100/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1889/2020 nömrəli qərarı ilə (hakimlər-X9 (məruzəçi), X5 və X1) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(104)- 100/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. İşin hallari: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomun hüquqi baxımından əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və ali təhsili bitirməyi ilə bağlı ona B seriyalı, 106718 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonun müxtəlif kəndlərində işləmişdir. Ümumilkdə 3 ilə qədər müəllim kimi işləmiş, qanuna müvafiq qaydada əmək haqqı almış, sosial sığorta haqlarını ödəmişdir. 2021-ci ilə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuşdur. xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, müsahibəyə qatılmaq istədiyi zaman ali təhsil sənədi olan diplom yoxlanılmış və ona bildirilmişdir ki, diplomu dövlət reyestrində sistemdə görünmür və saxtadır. Bununla bağlı iddiaçı Təhsil Nazirliyinə müracət etikdə yenidən həmin əsasla onun imtahana buraxılmağından imtina edilmişdir. İddiaçı hesab edir ki, Təhsil Nazirliyinin diplomun saxta olması ilə bağlı mövqeyi əsassız və qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçını saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarının pozmuş olar. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Qanunvericiliyə əsasən təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Ona görə də iddiaçı MİQ-in müsahibə mərhələsinə buraxılmamışdır. Pedaqoji fəaliyyətə başlamaq üçün təqdim edilən sənədin dövlət nümunəli olması əsas şərtdir. Bu baxımdan iddiaçının MİQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqi əsası olmadığından qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi araşdırma zamanı sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. İddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuş olur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndələri (əri) X10 və (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı izahatında göstərmişdir ki, 2004-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmilmiş qəbul imtahanlarında iştirak etmiş olsa da, keçid balı toplaya bilmədiyinə görə həmin ilin təxminən iyul-avqust aylarında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına sənədlərini təqdim etmiş və həmin ildən başlayaraq əvvəlcə əyani təhsil, sonradan isə qiyabi təhsil almış və 2009-cu ildə həmin təhsil müəssisəsini bitirmişdir. Lakin həmin təhsil müəssisəsində təhsil aldığını təsdiq edən yeganə sübutu diplomudur. Hesab edir ki, təhsil müəssisəsinə həmin vaxtı qüvvədə olmuş qanunvericilik əsasında qəbul olunduğuna görə iddia tələbi əsaslıdır. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsini və iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğuna görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Apellyasiya şikayətlərinin mümkünlüyü ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə, cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, iddiaçının 2016-cı ildən müəllim kimi fəaliyyət göstərdiyi, eyni zamanda bir neçə dəfə imtahanlara buraxıldığı halda, növbəti dəfə sözügedən əsasla imtahana buraxılmaması “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan etimad prinsipinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşə baxmış birinci instansiya məhkəməsi lazımı araşdırma aparmadan işə baxaraq iddia tələbinin tam təsdiqini tapmamasına baxmayaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan 1999-cu il tarixli B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomdan görünür ki, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı Dövlət Attestasiya Komissiyasının 12 mart 1999-cu il tarixli qərarı ilə İddiaçı “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilir. İş materiallarında olan Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının xx.xx.2010cu il tarixli 1254 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını bitirmiş, ona X11 Komissiyasının qərarı ilə “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası və bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli Z-4445/10-24 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçının təqdim etdiyi B seriyalı 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə Filialının “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə məzunu X2 adına verilmişdir Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-29-68/2-200/24 saylı məktubu ilə bildirilmişdir ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemində İddiaçı ali təhsil müəssisəsinə qəbul edilməsi müəyyən edilməmişdir. Eyni zamanda “Tələbə-məzun” dövlət elektron məlumat sistemində X2 ödənişli əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul olması müəyyən edilmişdir. Ali təhsil müəssisəsi tərəfindən X3 təqdim edilmiş diplomun dövlət nümunəli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında X8 19 yanvar 2024-cü il tarixli 9-3/2- 158/2024 nömrəli məktubu ilə bildirimişdir ki, 9 may 1986-cı il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə 2003-cü ildə DT altqrupunda 151.197 bal, XH altqrupunda 143.125 bal, 2004-cü ildə DT altqrupunda 96.482 bal, XH altqrupunda 81.625 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X14 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2025-ci il tarixli 0510/142 nömrəli məktubu ilə İddiaçı adının Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxivində olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə 2004/2005-ci tədris ilində qəbul edilmiş və 2008/2009-cu tədris ili daxil olmaqla təhsil almış tələbələrin siyahısında aşkarlanmadığı bildirilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2025-ci il tarixli 0532/229 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş Azərbaycan Müəllimlər İnstutunun Gəncə fililaı üzrə) arxiv sənədlərinə əsasən 2004-2005-ci tədris illərində İddiaçı filialın daxili əmrlərində müsabiqə yolu ilə qəbul olunması faktı təsdiq olunmadı. Bununla yanaşı onu da qeyd etmişlər ki, İddiaçı şəxsi işi olmamış, orta təhsil haqqında attestat isə sellofan torbada olmuş və 05 aprel 2022-ci ildə özü tərəfində götürülmüşdür Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2025-ci il tarixli 05100/250 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxivində saxlanılan kecmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı üzrə arxiv sənədlərində 2004-2005-ci tədris illərində İddiaçı filialın daxili əmrlərində müsabiqə yolu ilə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olunması faktı təsdiqini tapmamış və adı cəkilən şəxs barəsin hər hansı şəxsi iş aşkarlanmamışdır. İddiaçı aid attestat arxiv əməkdaşlarının verdiyi məlumatlara görə bir salafan torbada aşkarlanmış və 05 aprel 2022-ci il tarixdə özü tərəfindən götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirib və ali təhsili almağı ilə bağlı ona B seriyalı, 106718 nömrəli diplom verildiyini göstərmiş olsa da, onun həmin təhsil müəssisəsinə müəyyən olunmuş qaydada qəbul olunub, təhsil alması təsdiqini tapmamışdır. Belə ki, iddiçı İddiaçı 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına qəbul olunduğunu bildirdiyindən hazırki işə həmin vaxt qüvvədə olan Təhsil Haqqında Qanunun müddəaları tətbiq edilməlidir. 07 oktyabr 1992-ci ildə qəbul olunmuş Təhsil Haqqında Qanunun 21-ci maddəsinə görə ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. 21-ci maddənin dördücü hissəsində deyilirdi: “Dövlət təhsil müəssisələrində tələbə qəbulu qabağcıl dünya təcrübəsinə əsaslanan “Qəbul qaydaları”na və onların nizamnamələrinə uyğun olaraq aparılır.” 21-ci maddənin altıncı hissəsində isə deyilirdi: “Qeyri-dövlət ali məktəblərinə tələbə qəbulu onların nizamnamələri əsasında aparılır.” Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə 1 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun İİİ bölməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Qanununun 21-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin: 1) dördüncü hissə aşağıdakı redaksiyada verilsin: “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.” 2) altıncı hissə aşağıdakı redaksiyada verilsin: “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” 2004-cü ildə qüvvə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisəsi haqqında Əsasnamənin 11-ci bəndinə əsasən Dövlət ali təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər, həmin tədris müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər. Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər. Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında ali məktəblərə qəbul dövlət tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən araşdırma aparılmış və İddiaçı Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr pilləsinə qanuni əsaslarla daxil olması, təhsil alması və bitirməsi barədə hər hansı sübut əldə olunmamışdır. Belə ki, 01 iyun 2004-cü il tarixdən qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 27 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 6 aprel 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin 1-ci bəndində göstərilirdi ki, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7 və 7.1-ci bəndlərində göstərilirdi ki, Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; 7.2. imtahan fənləri üzrə qəbul proqramlarının hazırlayır və təsdiq edir; 7.3. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını, o cümlədən ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını müəyyən edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir; 7.4. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir; 7.5. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 7.5-1. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir; 7.5-2. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması qaydasını müəyyən edir; 7.6. Azərbaycan Respublikasının Prezidentinə tələbə qəbulu ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim edir; 7.7. qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və nəticələri ictimaiyyətə çatdırır; 7.8. sistemli analiz və proqnozlaşdırma əsasında təhsilin strukturunun və ixtisas nomenklaturunun dəyişdirilməsi, təkmilləşdirilməsi haqqında təkliflər verir, müvafiq dövlət orqanları qarşısında vəsatətlər qaldırır; 7.9. qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə X7 yaradır, onların fəaliyyətini tənzimləyir və nəzarət edir; 7.10. test bankının formalaşdırılması, elmi-metodiki və proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədilə işçi qrupları, ekspert şuraları və elmi-metodiki seminarlar təşkil edir; 7.11. qəbul kampaniyasının keçirilməsi üçün müqavilə yolu ilə mütəxəssislər və ekspertlər cəlb edir; 7.12. abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədilə müqavilə əsasında hazırlıq kursları təşkil edir; 7.13. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodiki vəsaitlər və test topluları hazırlayır və dərc edir; 7.14. yaradılmış test bankının mütəmadi təftişini aparır; 7.14-1. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir; 7.15. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə metodiki materialların çatdırılması üçün özünün mətbu orqanını təsis edir, jurnal, bülleten və digər nəşrlər dərc edir; 7.16. müasir informasiya texnologiyalarını tətbiq etməklə tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və analitik təhlilini aparır; 7.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir. İddiaçı da ali təhsil müəssisəsinə 2004-cü ildə qəbul olunduğunu iddia etdiyindən onun da ali təhsil müəssisəsinə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada, heç bir imtiyaza yol verilmədən, yəni qəbul imtahanı verərək müəyyən olunmuş minimal bal toplamaqla olmalı idi. İş materiallarında olan sübutlarla iddiaçının adı çəkilən ali təhsil müəssisəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul olunması və təhsil alması təsdiq olunmur. Digər tərəfdən iddiaçının ali təhsil almasını təsdiq edən sübut kimi təqdim etdiyi B seriyalı, 106718 nömrəli diplom da dövlət nümunəli deyildir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş cavab məktublarından da göründüyü kimi 2009-cu ildə həmin seriya və nömrəli diplom verilməmiş, həmin seriya və nömrəli diplom 2008-ci il buraxılış məzunu olan digər şəxsə verilmişdir. Şəxsin müəllimlərin işə qəbul imtahanına buraxılması isə təhsil haqqında müvafiq qanuni sənəd təqdim edildikdən sonra mümkündür. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi isə həmin halları nəzərə almamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 82, 83, 86, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1874/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma tələbinə dair iddiası təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-21/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-21/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver