Məhkəmə qərarları › İş №2-1(104)-284/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-284/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-284/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)-3829/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Cavabdeh inzibati orqanın iddiaçıya olan müraciəti: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9389/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhər sakini X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.l.Xətai prospekti, 42 ünvandakı qeyri-yaşayış obyektinin ehtiyat qəza çıxış qapısının qarsısındakı dövlət mülkiyyətində olan torpaq sahəsi tərəfinizdən istifadə edildiyi səbəbindən həmin qəza çıxış qapısından mülkiyyətçinin istifadə etməsinin mümkünsüz olması barədə şikayəti nəzərə alınaraq, yaranmış mübahisənin tərəflər arasında həll edilməsinin və sözügedən ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılmasının tələb olunduğu barədə xx.xx.2021-ci il tarixli, **********88 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Hazırda icarə müqaviləsinin qüvvədə saxlanılması barədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-444/2022 nömrəli Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-925/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır və həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə 2674,69 manat icarə haqqı borcu yaranmışdır. 7 (yeddi) iş günü müddətində dövlət büdcəsinə icarə haqqı borcununun ödənilməsi təmin edilməlidir, əks halda məhkəməyə müraciət olunacaqdır. Eyni zamanda vətəndaş X2 mülkiyyətində olan obyektin ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılması təmin edilmədikdə sözügedən icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixındə başa çatdıqdan sonra yeni müddətə müqavilə bağlanılmayacaqdır. Birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanmamışdan əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən torpaq sahəsində qeyri-yaşayış sahəsinin inşa edilməsi və buna dair hüquqları dövlət qeydiyyatı aparılmışdır. Qeyd olunan icarə müqaviləsi xx.xx.2023-cü il tarixədək müddətlidir. Hazırda cavabdehə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddətinin uzadılması barədə müraciət edilsə də cavabdeh əsassız olaraq müqavilə müddətinin uzadılmasından imtina edir. Belə ki, qeyd olunan icarə haqqı borcu tam olaraq ödənilmişdir. 2-ci şərt üzrə Abdiyev Elvinin qəza çıxışı ilə bağlı irəli sürdüyü dəlili əsassızdır. Belə ki, X3 irəli sürdüyü tələb Gəncə Şəhər Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qeyd olunan obyektin giriş-çıxış yolu ilə bağlı mübahisənin hazırki icarə müqaviləsi ilə heç bir bağlılığı yoxdur. Elvin Abdiyev onun arxadan çıxışının bağlanması barədə iddia qaldıraraq onun mülkiyyətə edilən müdaxiləni mübahisələndirmişdir. Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)-3829/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi və məhkəmənin hazırki qərarda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)-3829/2023 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarına əsasən, məhkəmənin hazırkı qərarda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidmətinin üzərində qoyulmuşdur. Məhkəmənin hüquqi mövqeyinə görə Xidmət tərəfindən iddiaçının icarə müqaviləsinin müddətinin uzadılması barədə müraciəti əsasında inzibati icraat başladılmalı, müraciət ətraflı araşdırmalı və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq müvafiq inzibati akt (qərar) qəbul edilməli olduğu halda, cavabdeh qurum bu tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu cavab yazmışdır. Gəncə İnzibati Məhkəməsi qeyd olunan mövqeyini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsi ilə əsaslandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Göründüyü kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsində inzibati orqana vətəndaşın müraciəti ilə əlaqədar olaraq iki hərəkətdən birinin edilməsi ilə bağlı seçim hüququ verilmiş, inzibati orqanın üzərinə vətəndaşın müraciət ilə əlaqədar birmənalı olaraq bütün hallarda inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında icarə müqaviləsinə müqavilənin müddətinin bitməsi səbəbindən xitam verildiyindən, bununla əlaqədar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın açılmasını, iddiaçının izahatının alınmasını və digər tədbirlərin görülməsini zəruri edən şərtlər mövcud olmamışdır. Qeyd edilən səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müqavilənin müddəti bitdikdə yeni müddətə müqavilənin bağlanılmayacağına dair xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9389/223 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qərar şəklində deyil, məktubla iddiaçıya məlumat verilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə uyğun olmuşdur. Əlavə olaraq bildirirlər ki, qanunvericiliklə müqavilə bağlama məcburetməyə yol verilməsə də məhkəmə torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması barədə inzibati aktın qəbul edilməsi vəzifəsini Xidmətin üzərinə qoymuşdur. Məhkəmənin qərarının nəticə hissəsində, iddiaçının müraciətinə baxılması və müraciətə baxılmasının nəticəsinə dair inzibati aktın deyil, məhz iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur ki, bu da Xidmətin müqavilə bağlamağa məcbur edilməsi olmaqla qanunvericiliyə ziddir. Beləliklə, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla yeni icarə müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi dövlət əmlakının icarəyə verilməsi barədə qərar qəbul etmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi yox, hüququdur. Başqa sözlə Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının müraciəti əsasında torpaq sahəsini icarəyə vermək vəzifəsini daşımamışdır. Əlavə olaraq bildirirlər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9389/223 nömrəli xəbərdarlıq məktubu vətəndaş X2 mülkiyyətində olan obyektin ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılması təmin edilməsinə yaradılan maneənin aradan qaldırılması ilə bağlı olmuşdur ki, məhkəmə araşdırması zamanı da iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Abdiyev Elvinə məxsus obyektin arxa hissəsində yerləşməsi və obyektin qəza çıxışın məhdudlaşdırılması faktı öz təsdiqini tapmışdır. Belə olan halda Gəncə İnzibati Məhkəməsi tərəfindən həmin halların araşdırılması ilə bağlı cavabdeh tərəfindən hər hansı tədbir görülməməsi ilə bağlı qeyd olunanlar, iş materialları ilə uzlaşmadığından əsassız sayılmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında icarə müqaviləsinə müqavilənin müddətinin bitməsi səbəbindən xitam verildiyindən, bununla əlaqədar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın açılmasını, iddiaçının izahatının alınmasını və digər tədbirlərin görülməsini zəruri edən şərtlər mövcud olmamışdır. Qeyd edilən səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müqavilənin müddəti bitdikdə yeni müddətə müqavilənin bağlanılmayacağına dair xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9389/223 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Məhkəmənin qərarının nəticə hissəsində, iddiaçının müraciətinə baxılması və müraciətə baxılmasının nəticəsinə dair inzibati aktın deyil, məhz iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur ki, bu da Xidmətin müqavilə bağlamağa məcbur edilməsi olmaqla qanunvericiliyə ziddir. Üçüncü şəxsin apellyasiya şikayətinə qarşı mülahizələri: Üçüncü şəxs X5 apellyasiya şikayətinə qarşı yazılı mülahizələrini təqdim edərək, mülahizəsində göstərmişdir ki, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının mahiyyəti mülki hüquq münasibətlərinin tərkib hissəsi kimi cavabdeh orqanın üzərinə hər hansı bir icarə müqaviləsinin bağlanması öhdəliyini qoymamışdır. Çünki icarə müqaviləsinin mahiyyəti mülki hüquq münasibətlərinin tərkib elementi kimi çıxış etdiyindən və mülki münasibətlərin iştirakçılarının da bərabər statuslarda olması səbəbindən, məhkəmə mülki əqdin bağlanması öhdəliyinin inzibati orqanın üzərinə qoymaqda haqlı ola bilməz. Burada məsələ inzibati hüquq münasibətlərindən irəli gəldiyindən, inzibati aktın, yəni inzibati icraatla bağlı yekun bir sənədin qəbul edilməsi öhdəliyindən danışılmalıdır. Çünki cavabdeh orqan hazırkı mübahisə üzrə inzibati orqandır, bu isə həmin orqanın inzibati icraatla bağlı hüquq münasibətlərini tənzimləyən qanunvericilik normalarının təsiri altına düşür. Düzdür, inzibati icraatın yekunları sonda tərəflər arasında mülki münasibətin yaranması üçün ilkin hüquqi zəmin rolunu oynayır. Ancaq bu o demək deyil ki, iznibati orqanın üzərinə hansısa bir mülki əqdin bağlanması öhdəliyi qoyula bilməz. Tamamilə yalnış düşüncə və hüquqi baxımdan da düzgün olmayan bir yanaşma sayılır. Burada məqsəd məhkəmənin də qərarında qeyd etdiyi kimi, ilk öncə inzibati icraat aparılmalı və bunun nəticəsində inzibati akt qəbul olunmalıdır. Bu prosedur özü mülki hüquq münasibətlərinin tərkibi sayılmır və burada olan münasibət başlandığı andan yekun inzibati aktın qəbulu da daxil olmaqla inzibati hüquq münasibətidir. Sadəcə olaraq, inzibati aktın qəbulu iddiaçının vaxtı ilə icarə müqaviləsinin bağlamaq istəyini özündə əks etdirən müraciəti üzrə aparılan bir icraatdır. Yəni, inzibati icraat aparılmalı, ərizəçi ilə icarə müqaviləsinin bağlanıb-bağlanmamasının mümkünlüyü araşdırılmalı, dəqiqləşdirilməli və yekundada həmin ərizəçi ilə icarə müqaviləsinin bağlanmasının, yaxud da bağlanmaması ilə bağlı yekun qərara, yəni nəticəyə gəlinməlidir. Qeyd edilən nəticə inzibati orqanın inzibati aktı sayılır! Əgər inzibati orqan yekunda qərarlaşarsa ki, ərizəçi ilə icarə müqaviləsi bağlanmalıdır və bu zaman bağlanacaq icarə müqaviləsi və ondan irəli gələcək bütün münasibətlər artıq mülki hüquq münasibətlərinin tərkib hissəsini yaradacaqdır. Çünki mülki münasibətlərdə dövlətin iştrakı hüquqi şəxs qismində olur və burada da dövlətin adından onun orqanları iştirak edir. Bu da artıq AR-nın Mülki Məcəlləsi ilə tənzimlənəcəkdir və icarə müqaviləsinin özü, bağlanması, gələcəkdə həmin müqavilədən irəli gələn hər bir münasibət, hətta məhkəmə mübahisəsi mülki hüquq münasibətləri çərçivəsində tənzimlənəcəkdir. Müqavilə üzrə tutaq ki, icarə haqqının ödənilməməsi halında belə, icarə müqaviləsinin tərəfi kimi çıxış edən dövlət (yəni hüquqi şəxs) bu zaman rayon şəhər məhkəməsinə müraciət edəcəkdir. Çünki qeyd edildiyi kimi, burada olan münasibətin mahiyyəti mülki hüquq münasbiətləri oması səbəbindəndir. Əgər, icarə müqaviləsinin bağlanmasının mümkün olmadığını qərarlaşdırılarsa, inzibati orqan yenə də sonda bu barədə müvafiq inzibati akt qəbul edərək ərizəçiyə bu barədə bildirməlidir. Bu zaman ərizəçinin həmin yekun inzibati aktdan məhkəməyə müraciət etmək hüququ yaranacaq ki, bu zaman ediləcək müraciət artıq ümumi məhkəməyə deyil, birbaşa inzibati məhkəməyə olunacaqdır. Ona görə ki, tərəflər arasında münasibət hələ mülki qaydaya keçmədiyindən və inzibati orqanın yekun aktı inzibati akt sayıldığından və ərizəçi də bundan narazı olduğundan, məhkəməyə müraciətlə bağlı “seçim” inzibati məhkəmə sayılacaqdır. Hazırkı iş üzrədə birinci instansiya məhkəməsi qeyd edilən qərarı çıxaran zaman qeyd etmişdir ki, cavabdeh orqan inzibati icraat aparmadan, icarə müqaviləsinin bağlanmasının mümkünsüzlüyü barədə irəli sürdüyü dəlilləri səthi yanaşması barədə bildirmişdir. Buna görə də məhkəmə öz qərarında qanunverciliyin müvafiq normalarına istinad etməklə, müvafiq inzibati icraatın aparılması, təfsilatı ilə araşdırmanın yerinə yetirməsi və yalnız bundan sonra da inzibati aktın qəbul edilməsi barədə yekun aktın qəbul olunmasını cavabdehin üzərinə qoymuşdur. Qərarda hansısa bir icarə müqaviləsinin bağlanması üçün inzibati aktın konkret qəbul edilməsi deyilmir. Qərarda deyilir ki, icarə müqaviləsinin bağlanması ilə bağlı inzibatı akt qəbul olunmalıdır. Yəni, ərizəçinin ərizəsi üzrə icarə müqaviləsini bağlanmasının mümkün olub-olmaması araşdırılmalı və bundan sonra da yekun qərar qəbul olunsun ki, icarə müqaviləsi bağlansın, ya yox? Sadəcə olaraq, birinci instansiya məhkəməsinin qərarının "qərara aldı" hissəsində olan "icarə müqaviləsinin bağlanması» ilə bağlı inzibati aktın qəbul edilməsi" fikri cavabdeh orqan ona görə qəbul etmir ki, cümlənin mənası sanki burada icarə müqaviləsinin bağlnması ilə bağlı inzibati akt qəbul olunması öhdəliyi qoyulduğunu göstərir. Yəni, qərarın yekun hissəsinin mahiyyətin elə çıxır ki, inzibati orqanın borcudur ki, məhkəmə qərarından irəli gələrək hansısa icarə müqaviləsinin bağlanması öhdəliyi qoyulmuşdur. Bunun üçün də işə baxmış məhkəmə qeyd olunan ifadəni tam açıq formada yazmalı idi və elə formada qeyd olunmalı idi ki, cümləni oxuyan zaman bəlli olmalıdır ki, burada hansısa icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulmasından danışılmır. Burada icarə müqaviləsinin bağlanmasına qədər inzibati icraatın aparılması və həmin icraatın yekunlarını özündə əks etdirən yekun inzibati aktın qəbul olunması öhdəliyindən danışılır. Hələ bilinmir ki, inzibati orqanın inzibati icraatı aparmasından sonra icarə müqaviləsi bağlanacaq, ya yox? Belə olan halda məhkəmə hansı əsasla birbaşa icarə müqaviləsini bağlanması öhdəliyni iş üzrə cavabdeh inzibati orqanın üzərinə qoya bilər? Odur ki, hazırki iş üzrə inzibati orqanın üzərinə qoyulmuş öhdəliyin mülki əqdin bağlanması anlayışı ilə eynilik daşımadığını, burada ancaq yekun inzibati aktın qəbul edilməsi öhdəliyinin olması ilə bağlı qəbul ediləcək növbəti məhkəmə qərarında ətraflı və açıq oxunaqlı formada qeyd olunması və eləcə də, tətbiq ediləcək cümlələrin aydın başa düşülən, yəni sadə formada olmaqla qeyd olunması zəruridir. Buna görə də mülahizənin nəzərə alınması xahiş edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, icarə müqavilələri bağlanmamışdan əvvəl hər hansı bir inzibati akt qəbul edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğun bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahat verib bildirmişdir ki, o qərarla razıdır. Belə ki, məhkəmə inzibati araşdırma aparmaqla, icarə müqaviləsinin bağlanıbbağlanmaması ilə bağlı inzibati aktın qəbul edilməsi barədə qərar çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 720. Torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İdianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)-3829/2023 saylı qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “Torpaq sahəsinin icarəyə verilməsi barədə” 30 avqust 2021-ci il tarixdə müqavilə bağlanmış və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən 700 kv.m torpaq sahəsi cavabdeh tərəfindən iddiaçıya iki il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9389/2023 nömrəli məktubla iddiaçıya müraciət edərək, hazırkı iş üzrə üçüncü şəxs vətəndaş X2 mülkiyyətində olan obyektin ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılması təmin edilmədiyi təqdirdə, icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixındə başa çatdıqdan sonra yeni müddətə müqavilə bağlanılmayacağını bildirmişdir. İddiaçı icarə münasibətlərinin davam etdirilməsini istədiyindən icarə müqaviləsinin müddəti bitmədən hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtini yoxlamadan verilmiş tələb üzrə işə baxaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan hesab olunsa da iddiaçı ilə 30 avqust 2021-ci il tarixdə “Torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə bağlamışdır ki, bununla da cavabdehlə iddiaçı arasında icarə ilə bağlı mülki hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə icarə münasibətlərinin davam etririlibetdirilməməsi məsələsi ilə bağlı yaranmış mübahisə isə inzibati hüquq münasibəti hesab olunmamaqla, icarə münasibətlərinin davam etdirilib-etdirilməməsi ilə bağlı hər hansı bir inzibati aktın qəbul edilməsinə də zərurət yoxdur. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 720-ci maddəsi ilə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilib-etdirilə bilməməsi ilə bağlı məsələlər tənzimlənməkdədir ki, icarəyə verən qismində cavabdeh orqanın iradə ifadəsi müqavilə müddətinin uzadılması ilə bağlı əlavə razılaşma bağlaması və ya icarə münasibətlərinin davam etdirilməsindən imtina etməsini qarşı tərəfə bildirməsi ilə müəyyən edilir. Hazırki işin halları ilə isə müəyyən edilir ki, icarəyə verən, üçüncü şəxs X2 mülkiyyətində olan obyektin ehtiyat qəza çıxışından sərbəst istifadə etməsinə şəraitin yaradılması təmin edilmədiyi təqdirdə, icarə müqaviləsinin müddətinin uzadılmayacağını iddiaçıya bildirmişdir ki, bununla da tərəflər arasında yaranmış mübahisəyə baxılması mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmənin səlahiyyətinə aid olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2-ci bəndində qeyd olunduğu kimi dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını nəzərə almadan işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)- 3829/2023 saylı qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)-3829/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(114)-3829/2023 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar