Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-328/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-107/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyası Gəncə şəhər Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, 1991-ci il təvəllüdlü İddiaçı bronxal astma. Tez-tez residiv verən forma çatışmamazlılığı. İİ forma anemiya (sim uşaq 2.1, 3.2 – uşaqlıqdan əlil) diaqnozu qoyulmuş, xx.xx.1996-cı ildə ilkin qiymətləndirilmişdir.
2. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli, 4139 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı xəstəlik və ya əliliyinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq, təqdim olunmuş sənədlərə əsasən, atasının Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanması ilə əlaqədar bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma çatmamazlığı anemiya pielonefrit diaqnozu qoyulmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Zona TSEK Nizami rayonu xx.xx.2009 cu il tarixli 1279 nömrəli müayinə aktından görünür ki, İddiaçı ikinci dərəcəli Bronxil astma, qarışıq forma, tez-tez tutmaları ilə tənəffüs çatmamazlığı anemiya .diaqnozu qoyulmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Zona TSEK Nizami rayonu xx.xx.2011 ci il tarixli 1889 nömrəli müayinə aktından görünür ki, İddiaçı ikinci dərəcəli Bronxil astma, qarışıq forma, tez-tez tutmaları ilə tənəffüs çatmamazlığı anemiya .diaqnozu qoyulmuşdur.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2016-cı il tarixli 027 nömrəli ambulator çıxarışdan görünür ki, İddiaçı uşaqlıqdan bronxil astma xəstəsidir müalicə alır. Şikayəti tənginəfəslikdir.
6. Əlilliyin qiymətləndirilməsi dair məlumatın surətindən görünür ki, X3 17 fevral 2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş, növbəti qiymətləndirmə tarixi 17 fevral 2021-ci il tarix müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatın surətindən görünür ki, diaqnoz əlillik əlaməti təyin etmədiyi səbəbi ilə İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi üzrə X6 X5 şəxs Ak.Z.Məmmədov adına 2 saylı Birləşmiş xəstəxanasının xx.xx.2021-ci il tarixli 0405/511 nömrəli tibbi kartasından görünür ki, İddiaçı Br.astma. Qarışıq forma, tez-tez baş verən boğulma tutmaları, tənəffüs çatışmamazlığı İİ dərəcə əlil diaqnozu qoyulmuşdur.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik vəziyyəti Akademik Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının 0495003AAK16 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə və 0495003AALEX göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən, ixtisaslaşdırılmış müalicə məsləhət görüldüyündən “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrlərdə vətəndaş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında və Agentlikdə ətraflı əyani müayinə olunmuş və hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
10. T 471/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0495003AALEX nömrəli göndərişlərində (Forma 88) qeyd edilən “J45.8 Qarışıq astma, Beronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobi AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4139 nömrəli 30 iyun 2005-ci il tarixli ekspert rəyi ilə təsdiqlənib. Ağırlaşma: J96.1 xroniki respirator çatışmazlıq TÇ-2-ci dərəcə diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları ilə əlaqədar hazırda onun reabilitasiya müalicəyə ehtiyacı yoxdur. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert komissiaysının səlahiyyətinə aiddir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 0495003AALEX nömrəli göndərişində (Forma 88) qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021; xx.xx.2021; xx.xx.2021-ci il tarixlərində müraciəti olmuş XBT10 kodu J45.8 qeyd edilmiş, diaqnoz olaraq qarışıq astma bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan. Mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobil AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4139 saylı 30 11.2005-ci il tarixli ekspert rəyində qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi filialının 06 noyabr 2023-cü il tarixli, 3-17-1/2-261454/2023 nömrəli məktubu ilə təqdim edilmiş məlumatdan görünür ki, İddiaçı uşaqlıqdan əlilliyinə görə 2007-ci il tarixdən ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü atası X4 1986-cı ildə Çernobıl AES Qəzasının ləğvi işlərində dərindən iştirak etmişdir və qəzanın ləğvi işlərində əlil olmuşdur. O, atasının Çernobılda olması ilə əlaqədar 2-ci dərəcə əlilliklə qiymətləndirilmişdir. Uzun illərdir əlillikdən və asma bronxit xəstəliyindən tez-tez tutmalarla əziyyət çəkir. Uzun müddətdir xəstəliyi ilə əlaqədar aldığı təqaüd hesabına daima müalicə olunmuşdur. Atası xx.xx.2006-cı ildə Çernobıl şüasından aldığı xəstəliklərdən uzun illər əziyyət çəkdikdən sonra rəhmətə getmişdir. O, uzun müddətdir təqaüd almağına baxmayaraq 2021-ci ilin fevral ayında Gəncə şəhər 2 saylı ərazi Poliklinikasında yoxlanış təyin edərək əliliyini ləğv etmişlər. Əlilliyin ləğvini onunla əsaslandırmışlar ki, asma-bronxit xəstəliyi ilə əlaqədar Bakı şəhər X2 müayinə olmalıdır. Müayinə olunduqdan sonra sənədləri toplayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, bütün bunlara baxmayaraq əlilliyi yenidən ləğv edilmişdir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kobud şəkildə onun hüquqlarını pozmuşdur və dəfələrlə həmin orqana və digər səlahiyyətli orqanlara yazılı və şifahi müraciətlərinə baxmayaraq əlilliyin bərpasından müəyyən əsassız bəhanələrlə imtina etmişlər.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-107/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
17. Məhkəmə mövqeyini “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi pirinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə desək, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı qeyd etmək olar ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının .şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə desək, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Bundan əlavə məhkəmə işlə bağlı keçirilmiş məhkəmə -tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, T 501/2022 nömrəli ekspert rəyi ilə razılaşmadığı halda yenidən təkrar ekspertiza (cavabdehin nümayəndəsinin iştirakı olmadan) həyata keçirməmiş , İnzibati orqanın diskresion səlahiyyətini mənimsəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinə əsasən Məcbur etmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1 İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret tələbin qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.2. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsaasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirilmə azadlığı verildikdə;73.3.3. İnzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata heçirilməsi mümkün olmadıqda. İddiaçıya xəstəliklərin və əlilliyinin xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 30 noyabr 2005-ci il tarixli 4139 nömrəli rəy verilmişdir. Həmin rəydə “Bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma tutmaları ilə tənəffüz çatışmazlığı, anemiya, pielonefrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar alınmışdır” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına əsasən”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.
21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Apellyasiya icraatı zamanı İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edilərək ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydaları"nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar
26. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,
2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər.
27. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.1.Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 3.1.10. ağır gedişli bronxial astma (J45-J45.9); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
28. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
31. İşin hallarından müəyyən olunur ki, İddiaçı atası X4 1986-cı ildə Çernobıl AESdə qəzanın aradan qaldırılmasında iştirak etmiş və bunun nəticəsində şüalanmaya məruz qalmışdır. 1991-ci il təvəllüdlü oğlu-hazırki tələb üzrə İddiaçı bu səbəbdən uşaqlıqdan sağlamlıq imkanları məhdud olmuş və xroniki bronxit, təkrari asmatik sindromla anemiyadan əziyyət çəkmişdir.
32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyası Gəncə şəhər Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, 1991-ci il təvəllüdlü İddiaçı bronxal astma. Tez-tez residiv verən forma çatışmamazlılığı. İİ forma anemiya (sim uşaq 2.1, 3.2 – uşaqlıqdan əlil) diaqnozu qoyulmuş, xx.xx.1996-cı ildə ilkin qiymətləndirilmişdir.
33. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli, 4139 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı xəstəlik və ya əliliyinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq, təqdim olunmuş sənədlərə əsasən, atasının Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanması ilə əlaqədar bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma çatmamazlığı anemiya .pielonefrit diaqnozu qoyulmuşdur.
34. Bundan sonra Əlilliyin qiymətləndirilməsi dair məlumatın surətindən görünür ki, X3 17 fevral 2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş, növbəti qiymətləndirmə tarixi 17 fevral 2021-ci il tarix müəyyən edilmişdir.
35. Şəxsin əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın surətindən görünür ki, diaqnoz əlillik əlaməti təyin etmədiyi səbəbi ilə imtina barədə qərar qəbul edilmişdir.
36. İnzibati orqanın imtina qeydləri və apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik vəziyyəti Akademik Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının 0495003AAK16 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə və 0495003AALEX göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən, ixtisaslaşdırılmış müalicə məsləhət görüldüyündən “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrlərdə vətəndaş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında və Agentlikdə ətraflı əyani müayinə olunmuş və hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
37. Məhkəmə araşdırılmasına təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 0495003AALEX nömrəli göndərişində (Forma 88) qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021; xx.xx.2021; xx.xx.2021-ci il tarixlərində müraciəti olmuş XBT10 kodu J45.8 qeyd edilmiş, diaqnoz olaraq qarışıq astma bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan. Mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobil AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4139 saylı 30 11.2005-ci il tarixli ekspert rəyində qeyd edilmişdir.
38. Apellyasiya icraatı zamanı təqdim edilən T 471/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0495003AALEX nömrəli göndərişlərində (Forma 88) qeyd edilən “J45.8 Qarışıq astma, Beronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobi AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4139 nömrəli 30 iyun 2005-ci il tarixli ekspert rəyi ilə təsdiqlənib. Ağırlaşma: J96.1 xroniki respirator çatışmazlıq TÇ-2-ci dərəcə diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları ilə əlaqədar hazırda onun reabilitasiya müalicəyə ehtiyacı yoxdur. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert komissiaysının səlahiyyətinə aiddir.
39. Göründüyü kimi şəxsin əlilliyinə əsas olmuş xəstəlik J45.8 Qarışıq astma, Beronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan , mötədil ventilyasiya pozğunluğu xəstəlik atasının Çernobi AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır və sonradan müalicə və reabilitasiyaya cəlb edilməklə xəstəliyin əlamətləri aradan qalxmır.
40. Qeyd edilən xəstəlik (kod indeks J45) 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.10-cu bəndində qeyd edilmişdir.
41. İddiaçının tələbinin tərkib hissəsi olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına qiymət verərkən kollegiya qeyd edir ki, qeyd olunan Əsasnamənin 4.2-ci bəndində əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
42. Hazırki halda İddiaçı 2007-cı il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmiş, 17 fevral 2016-cı il tarixdə isə 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmiş növbəti qiymətləndirlmə tarixi 2021-ci il müəyyən edilmiş, bundan sonra sonuncunun əlilliyi qiymətləndirilərkən əlavə müalicəyə ehtiyacın olunması səbəbindən imtina edilmişdir.
43. Göründüyü kimi iddiaçıya ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 ildən artıq müddətə təyin edilməmiş, bu səbəbdən də tətbiq edilən normanın tələblərinə uyğun olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi istisna edilir.
44. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
45. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya 03 mart 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-107/2023 nömrəli nömrəli qərarı ləğv edilsin. İddiaçı 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov