Məhkəmə qərarları › İş №2-1(104)-337/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-337/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-337/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-2147/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1958-ci il tarixli, 70 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının soyadı – Bayramov, adı – Valeh, ata adı - Dəmir kimi, təvəllüdü isə xx.xx.1958-ci il kimi qeydə alınmışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı təvəllüdü xx.xx.1958-ci il yazılmışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı təvəllüdü xx.xx.1959-cu il yazılmşdır. Goranboy rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydində düzəliş edilərək, soyadının Bayramov, doğum tarixinin isə xx.xx.1959-cu il yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsiyyət vəsiqəsində soyadı “Allahverdiyev”, doğum tarixi “xx.xx.1959-cu il”, doğum akt qeydində isə soyadı “Bayramov”, doğum tarixi isə “xx.xx.1958-ci il” kimi qeyd edilmişdir. Akt qeydinə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də imtina verilmişdir. İddiaçının “soyadının Bayramov, doğum tarixinin xx.xx.1958-ci il qeyd edilməsi” barədə iddianın dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsi icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2147/2023 saylı qərardadı ilə iddia “doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1958-ci il qeyd edilməsi” hissəsi mümkünsüz sayılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2147/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun soyadı “Bayramov” qeyd edilmişdir. Odur ki, iddiaçının sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi akt qeydində düzəliş edilməsinə əsas vermir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq normaya görə iddiaçının cavabdehə qarşı doğum qeydində düzəliş edilməsi dair tələbi əsaslıdır. Belə ki, cavabdeh orqan onun doğum qeydində soyadının Allahverdiyev əvəzinə Bayramov qeyd etməsi onun hazırda əmlak xarakterli hüquqlarının həyata keçirilməsində çətinlik yaradır. Məhkəmə iddia tələbi üzrə sadalanan sənədlərdə uyğunsuzluğun olduğunu müəyyən etdiyi halda iddia tələbinin təmin edilməməsi barədə gəldiyi qənaət əsassızdır. Belə ki, qeyd olunan normalarının tələbinə əsaslanaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlsə də əsaslandırmır ki, hansı səbəbə görə iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının soyadının Allahverdiyev olduğu halda Bayramov kimi qeyd olunmasını nəzərə almaması faktiki hal olaraq aydınlaşdırlmaması əsassızdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan axılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ: ... 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 168. Doğum haqqında qeydiyyat: 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”: Preambulasına görə - bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; (.)

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. (.)

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. ... Ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tətbiqində pozuntuya yol verildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin ərizəyə əsasən iddiaçı onun doğum qeydində düzəliş edilərək soyadının – Allahverdiyev, doğum tarixinin isə - xx.xx.1958-ci il kimi qeydiyyatının aparılması barədə öhdəliyin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin ərizə icraata qəbul edilmiş olsa da, lakin cavabdeh inzibati orqanın dəyişdirilmiş iddia tələbinə dair mövqeyi öyrənilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Göründüyü kimi iddia tələbi dəyişdirildiyi təqdirdə müvafiq qərardadın qəbul edilməsi və cavabdehin buna dair mövqeyinin öyrənilməsi qanunvericiliyin tələblərində nəzərdə tutulmuş olsa da, məhkəmə tərəfindən qərardad qəbul edilməmiş, cavabdeh inzibati orqana isə bu barədə ümumiyyətlə məlumat verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qərar qismən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə müraciət edərək ona aid doğum haqqında akt qeydində onun soyadı və doğum tarixi ilə ona məxsus digər sənədlərdə onun soyad və doğum tarixi arasında uyğunsuzluq olduğuna görə doğum haqqında akt qeydində müvafiq düzəliş edilməsini xahiş etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Doğum haqqında akt qeydində dəyişkliklər edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının soyadının digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. İş materiallarında olan xx.xx.1958-ci il tarixli, 70 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının soyadı – Bayramov kimi qeydə alınmışdır. Göründüyü kimi iddiaçıya məxsus doğum haqqında akt qeydində onun soyadı “Bayramov” kimi qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sonrakı sənədlər ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində soyad qrafasında düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2147/2023 saylı qərarı qismən ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar