Məhkəmə qərarları › İş №2-1(104)-380/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-380/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-380/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məmmədov Müşfiq Vaqif oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1423/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı pensiyasının yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-180214/2024 nömrəli məktub ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, qulluq stajına görə əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18- dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022- ci il tarixinədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.5.8-ci bəndinə əsasən, "Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır". Qanunun 37.3.4-cü maddəsinə əsasən, əmək pensiyasına Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs dövlət qulluğunda fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Beləliklə, onun dövlət qulluğunda fəaliyyətinə 17 yanvar 2020-ci il tarixindən xitam verildiyindən dövlət qulluqçusu kimi pensiya hüququ həmin tarixindən yaranıb. Eyni zamanda bildirilir ki, Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 15 il və ya 15 ildən yuxarı qulluq stajı olan sabiq dövlət qulluqçularına 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bununla əlaqədar olaraq, əmək pensiyasının faiz dərəcəsi dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən 18 il 11 ay 10 gün dövlət qulluğu stajına uyğun qaydada 61,75 faiz olaraq müəyyən edilmişdir.

İşdə olan sənədlər:

2. İddiaçı pensiya işi ilə müəyyən olunur ki: - xx.xx.2018-ci il tarixdən ümumi qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. - xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək, qulluq stajına görə əlavələr də nəzərə alınmaqla orta aylıq əmək haqqının 61,75 faizi məbləğində müəyyən edilmişdir. - xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət qulluğu vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən dövlət qulluğuna xitam verilməklə işdən azad edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərar ilə əmək pensiyası 613,56 manatdan 601,12 manata hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 24 ayda aldığı orta aylıq əmək haqqının 80% həcmində (15 il dövlət qulluğunda iş stajına görə) dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdən ümumi qaydada, 2020-ci ilin yanvar ayından isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmışdır və bu gün də dövlət qulluqçusu kimi pensiyası davam edir. Hazırda pensiyasının məbləği 831,89 manatdır. Dövlət qulluğuna 2001-ci ilin fevral ayının 7-də daxil olmuş, xx.xx.2020-ci il tarixdə isə dövlət qulluğundan azad olmuşdur. 18 il 11 ay 10 gün dövlət qulluğunda iş stajı var. Pensiyası xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan qanunçuluğun tələbləri nəzərə alınmaqla, yəni orta aylıq əmək haqqının 61,75 faizi məbləğində təyin olunmuşdur. Onun xx.xx.2017-ci il tarixə 16 il 05 ay dövlət qulluğunda iş stajı yaranır. Ona görə də hesab edir ki, pensiyası orta aylıq əmək haqqının 80%-i həcmində hesablanmalıdır.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1423/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının hüququnun yarandığı dövrdə - xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi ləğv olunduğundan, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.11.2-ci maddəsinin tələbləri əsasında iddiaçıya hüququ yarandığı tarixə olan qulluq stajına (18 il 11 ay 10 günə uyğun) müvafiq olaraq son 24 ayda aldığı orta aylıq əmək haqqının 61.75%-i (yəni, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxs kimi orta aylıq məbləğinin 50 faizi + 15 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi) miqdarında əmək pensiyası təyin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.19. əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlar. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya): 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsədövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 20.11.3-cü maddə ləğv edilmişdir).

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: - 1 iyul 2017 - 30 iyun 2018 - Kişilərin yaş həddi - 63 il 6 ay.

14. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin halları ilə müəyyən edilir ki, iddiaçı pensiya hüququnun xx.xx.2017-ci il tarixədək yarandığını və həmin tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinin tələbləri tətbiq edilməklə, son 24 ayda aldığı orta aylıq əmək haqqının 80%-i həcmində pensiyasının yenidən hesablanmalı olmasını hesab edərək cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina olunaraq əmək pensiyasının faiz dərəcəsi dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən 18 il 11 ay 10 gün dövlət qulluğu stajına uyğun qaydada 61,75 faiz olaraq müəyyən edilməsi ilə əsaslandırılmışdır.

17. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtina dəlilləri əsaslı hesab edilərək iddia tələbi təmin olunmamış, iddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət qulluğu vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdən ümumi qaydada, xx.xx.2020-ci il tarixdən isə dövlət qulluğuna xitam verilməklə işdən azad edildiyinə görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və qulluq stajına görə əlavələr də nəzərə alınmaqla orta aylıq əmək haqqının 61,75 faizi məbləğində müəyyən edilmişdir.

19. İddiaçı tələbini və hazırki halda apellyasiya şikayətini xx.xx.2017-ci il tarixə dövlət qulluğunda 16 il 05 ay sığorta stajı olduğundan, yəni pensiya hüququ həmin tarixədək artıq yarandığından pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.11ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan tələbləri əsasında orta aylıq əmək haqqının 80%-i həcmində hesablanmalı olması ilə əsaslandırmışdır.

20. Belə ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

21. Qeyd olunan norma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək yaranması halı öz təsdiqini tapmır. Belə ki, hazırki qərarın 13-cü bəndində qeyd olunanlardan göründüyü kimi 1 iyul 2017-ci il tarixdən - 30 iyun 2018-ci il tarixədək kişilərin pensiya yaşı 63 il 6 ay müəyyən edilmişdir. İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, qeyd olunan haş həddinə xx.xx.2018-ci il tarixində çatmış və həmin tarixdən ümumi (adi) qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.

23. Bundan başqa, iddiaçıya dövlət qulluqçusu kimi pensiya onun dövlət qulluğuna xitam verildiyi - xx.xx.2020-ci il tarixdən təyin edildiyindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ da həmin tarixdən yaranır. Hüququnun yarandığı xx.xx.2020-ci il tarixdə isə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi ləğv olunduğundan, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.11.2-ci maddəsinin tələbləri əsasında iddiaçıya hüququ yarandığı tarixə olan qulluq stajına (18 il 11 ay 10 günə uyğun) müvafiq olaraq son 24 ayda aldığı orta aylıq əmək haqqının 61.75%-i (yəni, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxs kimi orta aylıq məbləğinin 50 faizi + 15 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi) miqdarında əmək pensiyası təyin etmişdir.

24. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

25. Beləliklə cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində onun qanunla qorunan hər hansı hüquqları pozulmadığından, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1423/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar