Məhkəmə qərarları › İş №2-1(104)-411/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-411/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-411/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “Müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-572/2023 saylı qərarından iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 089469 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ona ödənilməmiş 3 illik sosial müavinətin xx.xx.2018-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10577/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə veteran adı verilmişdir. Odur ki, xx.xx.2018-ci il il tarixdən xx.xx.2021-ci il tarixədək ona ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-572/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti deyil, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişdir. Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və qanunvericiliklə aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2021-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı X2 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya "müharibə veteranı" vəsiqəsi 05 oktyabr 2021-ci il tarixdə verilməsinə baxmayaraq, iş materiallarında olan sədnədlərin surətlərindən görünür ki, veteranlıq hüququ 03 sentyabr 1995-ci il tarixindən yaranmışdır. Yəni, veteranlar üçün nəzərədə tutulmuş sosial müavinət prezident təqaüdü ilə əvəz edilənədək artıq iddiaçı veteranlıq hüququ əldə etmişdir. Ona veteranlıq adının rəsmiləşdirilməsi, müvafiq vəsiqənin verilməsi üçün dəfələrlə Qazax rayonu Hərbi Komissarlığına (indiki Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsinə) müraciət etsə də, bunun bir nəticəsi olmamışdır. Yəni veteranlıq adının iddiaçıya çox uzun müddət sonra verilməsi onun səhvi ucbatından baş verməmişdir. Lakin bu xüsusat birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, nəticədə qanunvericiliklə müəyyən olunmuş hüquqları pozulmuşdur. Odur ki, mübahisənin apellyasiya qaydasında araşdırılaraq obyektiv qərar qəbul edilməsinə ehtiyac yaranmışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı:

1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xidmətlərini nəzərə alınaraq ona xx.xx.2021-ci il tarixində Qarabağ müharibəsi veteranı və aylıq nəzərdə tutulmuş 80 manat təyin edilmişdir. Döyüş əməliyyatlarında xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci tarixədək iştirak etsə də, xx.xx.2021-ci il tarixinədək ona heç bir müavinət və digər ödənişlər ödənilməmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ona ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Hazırki işdən də göründüyü kimi, iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti deyil, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişdir. Qeyd olunalıdır ki, Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və qanunvericiliklə aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunan “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanından göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2021-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsininin iddianın rədd olunması barədə gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-572/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar