Məhkəmə qərarları › İş №2-1(104)-448/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-448/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-448/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-641/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.2010-cu il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəiycisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə əsasən nağd hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliyin pozulması ilə aparılan əməliyyatlara görə İddiaçı 2341.50 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.

3. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müraciətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə nəzarət kassa aparatında olan nasazlıq barədə məlumat verilmişdir.

4. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə onlayn kassa aparatlarının məlumat bazasında aparılan müvafiq təhlil və araşdırmalar zamanı İddiaçı tərəfindən obyekt kodu **********-32001 olan baytarlıq obyektində pərakəndə ticarət fəaliyyət sahəsi ilə 4 əməliyyat nəticəsində ümumilikdə 27415,00 manat olan ödənişi nağd qaydada həyata keçirdiyi aşkar edilmişdir.

6. “NBA Technologies İnternational” LLC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, İddiaçı məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə 4000 AZN-dən yuxarı əməliyyatlar aparılmışdır: 1) xx.xx.2023-cü il saat 09:55 – Satış – 5760 AZN – Sərbəst satış – Nağd; 2) xx.xx.2023-cü il saat 10:38 – Satış – 9900 AZN – Sərbəst satış – Nağd; 3) xx.xx.2023-cü il saat 18:19 – Satış – 6250 AZN – Sərbəst satış – Nağd; 4) xx.xx.2023-cü il saat 17:09 – Satış – 5505 AZN – Sərbəst satış – Nağd. Həmçinin bildirilir ki, həmin obyektdə olan kassa aparatında şirkətin aidiyyəti struktur bölməsi tərəfindən hər hansı problem (narazılıq) aşkarlanmamışdır. Qeyd etmək zəruridir ki, şirkətin aidiyyəti şöbələri tərəfindən verilən məlumata əsasən İddiaçı Heydər oğlu tərəfindən şirkətə hər hansı şifahi və ya yazılı müraciət daxil olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Heydər oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi və daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı həmçinin tərəfindən qərarın ləğvi ilə bağlı verdiyi iddia ərizəsi üzrə ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlətdiyi baytarlıq aptekinin nəzarət kassa aparatında yaranan nasazlıq səbəbı ilə və yaxud da səhvən xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 5510.60 manat, xx.xx.2023-cü il tarixdə 902.30 manat, xx.xx.2023-cü il tarixdə 9906.10 manat, 13.06.223-cü ikl tarixdə 6360.0 manat, xx.xx.2023-cü il tarixdə 805.10 manat, xx.xx.2023-cü il tarixdə 2258.00 manat, xx.xx.2023cü il tarixdə 5765.0 manat, xx.xx.2023-cü il tarixdə 7297.40 manat səhv olmuşdur. Bu barədə NBA kassa şirkətinin qaynar xəttinə müraciət olunmuşdur və səhv vurulmuş hesabatın surətin NKA-nın servis nümayəndəliyinə göndərilmişdir.xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə Ədalət adlı şəxslə əlaqə yaradılmış, bu barədə ona məlumat verilmişdir. Bu halın nəzərə alınması xahiş edilmişdir.xx.xx.2023-cü il tarixdə obyekt 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ nəzarət tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə AR Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000147nömrəli "nağdsız hesablaşmaların həyata keçiriməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilib ona göndərmişlər. Aktın nəticə hissəsinə görə barəsində Vergi Məcəlləsinin 58.7-1.10-cu maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Hüsab edir ki, Vergi Məcəlləsinin 3.4.12-ci maddəsinin tələblərini pozmamışdır, büdcəyə çatası vergi məbləği ilə bağlı hesabat təqdim etməməklə vergidən yayınmamışdır. Kassa aparıatında olan nasazlıqla bağlı səhv olaraq hansı tarixlərdə hansı pul məbləğinin hesablanması ilə bağlı xx.xx.2023-cü ilı tarixdə Ağdam rayon Vergilər Şöbəsinə məlumat vermişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-641/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə, eləcə də işin faktiki hallarına nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi NKA-da yaranmış nasazlıq barədə qanunla müəyyən edilmiş zaman kəsiyində vergi orqanına məlumat verməmiş, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq 4 halda ümumilikdə 27415 manat məbləği nağd qaydada qəbul etmişdir. İddiaçı NKA-da olan nasazlıq barədə vergi orqanına məlumat versə də məlumatın tarixindən görünür ki, həmin məlumat operativ vergi yoxlaması aktı tərtib edildikdən 2 gün sonra verilmişdir. Bu halı məhkəmə vergi ödəyicisinin formal hərəkəti və özünü sığortalamaq cəhdi kimi qiymətləndirir. İşin yuxarıda qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə aparılan operativ vergi nəzarəti tədbiri vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, onun obyektində olan kassa aparatı bir neçə dəfə dəyişdirilmiş, yeni kassa aparatına da o, bir neçə dəfə səhvən artıq məbləğ vurmuş, bu isə onun aparat haqqında məlumatının olmamasından irəli gəlmişdir. Bundan başqa kənddə sözügedən miqdarda dərman dövriyyəsi olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, həqiqətən də vətəndaş bir neçə dəfə artıq məbləğdə pul vurmuş, bu hal isə operativ yoxlama zamanı aşkar edilmişdir. İddiaçı dövriyyəsinin olmadığını qeyd etsə də tərəfindən təqdim olunmuş 2023-cü il üzrə bəyənnamələrdə 38,910 manat gəlir əldə olunduğunu qeyd etmişdir. Həmçinin iddiaçının obyektdə quraşdırılmış kassa aparatının nasazlığı barədə heç bir müraciəti olmamış, etdiyi müraciət isə formal xarakter daşımışdır. Belə ki, müraciətin tarixindən məlum olduğu kimi həmin müraciət məsuliyyət qərarı qəbul edildikdən sonra göndərilmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 16.1.10. İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir 50.1.3 Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması operativ vergi nəzarəti tədbirlərinə aiddir. 50.2.2. Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsasdır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.7-1.“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

17. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları” 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 7.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2. Əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3. Vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4. NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X3), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5. Alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.12. İşlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.15. Əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” 5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. 5.2. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. 5.3. Proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir: 5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir; 5.3.2. Təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir; 5.3.3. Nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir; 5.3.4. Nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir. 8.3. İstifadəçinin vəzifələri: 8.3.3. Nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.7. Vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. Pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli qərarını mübahisələndirmişdir.

22. İddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilmiş aktı mübahisələndirməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

23. İş materiallarından göründüyü kimi, nə iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın qanunazidd olmasını, nə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas olmamışdır.

24. Belə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********6347 nömrəli qərarına əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmiş, iddiaçı tərəfindən “Nağd hesablaşmalar haqqında” Qanunun 3.4.11-ci maddəsinin tələblərinin pozulması halı, yəni vergi ödəyicisinin 4 halda ümumilikdə 27415 manat məbləği nağd qaydada qəbul etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, DVX 000147 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə əsasən 2341,50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir.

25. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli KY231952898 nömrə ilə qeydiyyata alınmışdır. “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 000147 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır.

26. İddiaçı mübahisələndirdiyi inzibati aktla bağlı qeyd edir ki, onun işlətdiyi baytarlıq aptekinin nəzarət kassa aparatında yaranan texniki nasazlıq səbəbi ilə və ya səhvən həmin aparat vasitəsilə yanlış ödəmələr olmuş, bu barədə o NBA kassa şirkətinin qaynar xəttinə müraciət etmiş, səhv vurulmuş hesabat sənədlərinin surəti NKA-nın servis nümayəndəliyinə göndərilmiş, Ərazi Vergi İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi tədbiri nəticəsində akt tərtib edilərək ona göndərilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi, qanunvericilik nəzarət-kassa aparatının saz vəziyyətdə saxlanılmasını, nəzarət kassa aparatında nasazlıq olduğu təqdirdə bu barədə vergi orqanına və operatora dərhal (NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servistexniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxs) məlumat vermək, eləcə də NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq vəzifəsini müəyyən etmişdir.

28. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir (Adıçəkilən Qaydanın 5.1 və 5.2-ci maddələr).

29. İş materialları ilə müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi nəzarət kassa aparatında yaranmış nasazlıq barədə qanunla müəyyən edilmiş müddətdə vergi orqanına məlumat verməmişdir. Belə ki, iddiaçı nəzarət kassa aparatında yaranmış nasazlıq barədə vergi orqanına məlumat verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, bu məlumatın verilməsi tarixi (xx.xx.2023-cü il) operativ vergi yoxlaması aktı tərtib edildiyi tarixdən (xx.xx.2023-cü il) 2 gün sonra olmuşdur.

30. Məhkəmə tərəfindən iddiaçıya məxsus obyektdə olan kassa aparatında hər hansı problemin (nasazlığın) olub-olmamasının dəqiqləşdirilməsi məqsədilə NBA Technologies İnternational” MMC-yə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin obyektdə olan kassa aparatında şirkətin aidiyyəti struktur bölməsi tərəfindən problem (nasazlıq) aşkarlanmamışdır.

31. Belə ki, “NBA Technologies İnternational” LLC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, İddiaçı məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan dövrdə 4000 AZN-dən yuxarı əməliyyatlar aparılmışdır: 1) xx.xx.2023cü il saat 09:55 – Satış – 5760 AZN – Sərbəst satış – Nağd; 2) xx.xx.2023-cü il saat 10:38 – Satış – 9900 AZN – Sərbəst satış – Nağd; 3) xx.xx.2023-cü il saat 18:19 – Satış – 6250 AZN – Sərbəst satış – Nağd; 4) xx.xx.2023-cü il saat 17:09 – Satış – 5505 AZN – Sərbəst satış – Nağd. Həmçinin bildirilir ki, həmin obyektdə olan kassa aparatında şirkətin aidiyyəti struktur bölməsi tərəfindən hər hansı problem (narazılıq) aşkarlanmamışdır. Qeyd etmək zəruridir ki, şirkətin aidiyyəti şöbələri tərəfindən verilən məlumata əsasən İddiaçı Heydər oğlu tərəfindən şirkətə hər hansı şifahi və ya yazılı müraciət daxil olmamışdır.

32. İddiaçı cavabdeh inzibati orqana və kassa aparatının qoşulmasını həyata keçirən orqana müraciət etdiyini qeyd etsə də bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş, yuxarıda qeyd olunan sənədlərə əsasən həmin hal təkzib olunmuşdur.

33. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, kənddə sözügedən miqdarda dərman dövriyyəsi olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən gəlir vergisi bəyannaməsi, gəlir vergisinin bəyannaməsinə 1 nömrəli əlavə və vergi ödəyiciləri tərəfindən 2023-cü ildə əldə edilmiş e-qaimə fakturalar barədə məlumatdan müəyyən olunur ki, iddiaçının 2023-cü il ərzində sözügedən baytarlıq aptekində dövriyyəsi 32490 manat, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 38910 manat təşkil etmişdir.

34. Bu isə özlüyündə iddiaçının digər -dövriyyənin az olması və bu məbləğdə satışının mümkünsüzlüyü dəlilini təkzib edir.

35. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə inzibati orqan tərəfindən inzibati aktın inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarına riayət olunmaqla qəbul edildiyi müəyyən olunur. Bu baxımdan mübahisələndirilən inzibati aktı qəbul etmiş vergi orqanı həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddiaçının iddiasının əsassız olub rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunur ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır.

Nəticəvi hissə:

37. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-641/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar