Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-477/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, “məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1942/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məcburi dövlət sosial haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair xx.xx.2012-ci il tarixli 22 nömrəli və xx.xx.2018-ci il tarixli **********906 nömrəli bildirişlərlə onun xx.xx.2012-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat, tətbiq olunuş maliyyə sanksiyası (və ya İnzibati cərimə) üzrə borcunun yarandığı, məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edildiyi ödənilməsinə görə hər gecikdirilmiş gün üçün sığorta haqqının 0,1 faizi məbləğində penyanın hesablandığı bildirilərək, borclarını və borclarının ödənildiyi günədək hesablanmış penya məbləğini ödəmək təklif olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 18523/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ödəyicisi hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yaranmış borcun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsinə dair onun yazılı bildiriş(lər) göndərilsə də, tərəfindən qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Onun xx.xx.2024-cü il tarixinə ödənilməmiş borcunun tərkibi belədir: Ümumi borc 772,50 manat; Vergilər üzrə 0,00 manat; Məcburi dövlət sosial sığorta haqqı üzrə 772,50 manatt; İcbari tibbi sığorta üzrə - 0.00 manat; İşsizlikdən sığorta haqqı üzrə 0,00 manat. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranan borcların, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borcu üzrə hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsində isə əmlakın siyahıya alınması ardıcıllığına əsasən ikinci növbədə bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakların, o cümlədən minik avtonəqliyyatının siyahıya alınması nəzərdə tutulmuşdur. Odur ki, dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus əmlaklar qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Nəzərinə çatdırılır ki, aparılmış araşdırma zamanı X7 orqanlarının qeydiyyat məlumatlarına əsasən, mülkiyyətində MERCEDES BENZ E350 CDİ MİNİK markalı, 20CE020 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin (vasitələrinin) olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan əmlakın (əmlakların) siyahıya alınması məqsəd şəxsiyyətini təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin (vasitələrinin) texniki sənədlərini təqdim etməklə xx.xx.2024-cü il tarixdə saat 11:00da(-də) 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) dəvət olunur. Avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və borcun məcburi qayda avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilən qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir.
İşdə olan sənədlər:
3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-H- 1355- 43/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Müraciətdə göstərilən məsələlərin araşdırılması üçün Dövlət Sosial Müdafiə X6 Şəxsinə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-23889/2024 nömrəli sorğu məktubu göndərilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2- 289062/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı sığortaedən kimi 2008-ci il 24 noyabr tarixində **********2 nömrə ilə uçota alınmışdır. Bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığortaedənin 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Bununla bağlı olaraq sığortaedənə 2012-ci il 28 sentyabr tarixində “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” 22 nömrəli bildiriş göndərilmişdir. Əlavə olaraq bildirilir ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edilir ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17- 1/2- 78633/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığortaedənin 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Bununla bağlı olaraq sığortaedənə 2012-ci il 28 sentyabr tarixində “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” 22 nömrəli bildiriş göndərilmişdir. Məlumat üçün bildirilir ki, sığortaedənə aid iş qovluğunda məcburi dövlət sosial sığorta haqları üzrə borcun yaranmasına səbəb olan digər sənədlər aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edilir ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Məktuba əlavə edilmiş: - Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-H-2xxxx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bildirilir ki, müraciətində qeyd etdiyi məsələlər xx.xx.2019cu il tarixdən əvvələ aid olduğu üçün, yaranmış borcun araşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-23889/2024 nömrəli məktubla müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-265246/2024 nömrəli cavab məktubunda nazirliyin elektron informasiya ehtiyatlarında və sığortaedənə aid iş qovluğunda tərəfindən 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlar” aşkar edilməyindən 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcun araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilir ki, Fondun qeyd olunan cavab məktubu xx.xx.2024cü il tarixli 3-21-2-18/2-44447/2024 nömrəli məktuba qoşma kimi əlavə edilərək elektron kabinetinə göndərilmişdir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2- 265246/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) İddiaçı 2018-ci ilin 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Əlavə olaraq bildirilir ki, müraciətdə qeyd edilən sığortaedənin borcu 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlərdə yaranmışdır. Eyni zamanda bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında və sığortaedənə aid iş qovluğunda İddiaçı tərəfindən 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlar” aşkar edilmədiyindən 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcun araşdırılması mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi, ev 89-da qeydiyyatda olmaqla yaşayır və 2007-2008-ci il tarixədək fərdi sahibkarlıqla məşğul olmuşdur. 2008-ci il tarixdə ********** nömrəli VÖEN-i bağlatdırmış və bütün borclarını ödəmiş, borcunun olmaması barədə arayış verilmişdir. 16 ildən sonra - 02 oktyabr 2024-cü il tarixdə ona 01.10.218-ci il tarixə məcburi dövlət sığarta haqları üzrə 772,50 manat borcunun olması barədə bildiriş və əmlakının siyahıya alınması barədə qərar göndərilmişdir. 2008-ci il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmışdır və buna görə də ********** nömrəli VOEN-i bağlatdırmışdır. Cavabdeh orqana borcunun nə vaxt və nə səbəbə yaranması barədə məlumat almaq üçün yazılı müraciət etsə də, qeyd olunan dövlət orqanı bu barədə məlumat verə bilməmişdir. Onun məcburi dövlət ödənişləri ilə bağlı borcu yoxdur. Borcu olmadığından barəsində çıxarılmış "əmlakının siyahıya alınması haqqında" qərar da əsassız qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən ona hesablanmış məcburi dövlət sığorta haqları üzrə 772,50 manat borc silinməli və "əmlakımın siyahıya alınması haqqında" qərar ləğv edilməlidir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 772.50 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə “ona hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına və xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair İddiaçı iddiası mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin sözügedən qərardakı hüquqi tənzimləməyə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbinin 772.50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi ilə bağlı hissəsi İPM-nin 2.2.3-cü maddəsinə uyğun gəldiyindən iddiaçının iddia tələbinə müvafiq məhkəmə instansiyasında baxılması üçün ilk növbədə eyni tələblə cavabdeh inzibati orqana-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edib-etməməsi araşdırılmalıdır. İddiaçıya məxsus olan iş qovluğunda tərəflərindən aparılmış zamanı müəyyən edilmişdir ki, iddiaçı Gəncə İnzibati Məhkəməsində irəli sürdüyü hazırkı tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi ilə əlaqədar iddia tələbi də mümkünlük şərtlərinə cavab vermir. xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərar “Əmlakın siyahıya alınması haqqında” qərardır. Göründüyü kimi, İddiaçı cavabdehə qarşı olan qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının ləğvini istədiyi xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarla bağlı iddiası mübahisələndirmə haqqında iddianın predmetini təşkil etmir. Sözügedən qərar borclu şəxsin borcunun ödənilməsinə yönəlmiş icra hərəkətləri ilə bağlı olaraq qəbul edildiyindən mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktın elementlərini səciyyələndirmir. Vergi Məcəlləsinin 37.4 və 49.1.1-ci maddələrinə əsasən kameral və səyyar vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarətinin həyata keçirilməsinin nəticəsi olaraq vergi ödəyicisinin vergi öhdəliyini yaranması ilə xarakterzə olunan qərarlar inzibati akt hesab edilir. Bu baxımdan hazırkı iddia üzrə iddiaçı tərəfindən ləğvi istənilən qərar inzibati aktın elementlərinə cavab vermədiyi üçün mübasiləndirmə haqqında iddianın predmetini təşkil etmədiyi səbəbindən inzibati prosessual qanunvericilikdə əks olunmuş mübasiləndirmə haqqında iddia ilə bağlı xüsusi mümkünlük şərtlərinə cavab vermir. Bu baxımdan hesab edirlər ki, İPM-nin 35-ci maddəsinə əsasən iddiaçının tələbi mümkün sayılmamalıdır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddia tələbi əsassızdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta Göründüyü kimi, İddiaçı cavabdehə qarşı olan qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının ləğvini istədiyi xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarla bağlı iddiası mübahisələndirmə haqqında iddianın predmetini təşkil etmir. Sözügedən qərar borclu şəxsin borcunun ödənilməsinə yönəlmiş icra hərəkətləri ilə bağlı olaraq qəbul edildiyindən mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktın elementlərini səciyyələndirmir. Vergi Məcəlləsinin 37.4 və 49.1.1-ci maddələrinə əsasən kameral və səyyar vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarətinin həyata keçirilməsinin nəticəsi olaraq vergi ödəyicisinin vergi öhdəliyini yaranması ilə xarakterzə olunan qərarlar inzibati akt hesab edilir. Bu baxımdan hazırkı iddia üzrə iddiaçı tərəfindən ləğvi istənilən qərar inzibati aktın elementlərinə cavab vermədiyi üçün mübasiləndirmə haqqında iddianın predmetini təşkil etmədiyi səbəbindən inzibati prosessual qanunvericilikdə əks olunmuş mübasiləndirmə haqqında iddia ilə bağlı xüsusi mümkünlük şərtlərinə cavab vermir Bu baxımdan hesab edirlər ki, İPM-nin 35-ci maddəsinə əsasən iddiaçının tələbi mümkün sayılmamalıdır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddia tələbi əsassızdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta daşıyıcıda, habelə 2018-ci ilin 25 oktyabr tarixində isə elektron qaydada “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə dair” bildirişlər göndərildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı 772,50 manat məbləğində borcunun olmasından xəbərdar olmuşdur. Əgər yaranmış borc əsassız olsaydı həmin vaxtda (2012-ci ildə) iddiaçı borc məbləğini məhkəmə qaydasında mübahisələndirərdi.
10. Üçüncü şəxsin iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial siğortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktr) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial siğorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial siğorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Məlumat üçün bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı sığortaedən kimi 2008-ci il 24 noyabr tarixdə **********2 nömrə ilə uçota alınmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığortaedənin 2018-ci il 1 oktyabr tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Borc məbləğinin ödənilməsi ilə bağlı sığortaedənə 2012-ci il 28 sentyabr tarixdə kağız daşıyıcıda, 2018-ci il 25 oktyabr tarixdə elektron qaydada "Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair" bildirişlər göndərilmişdir. Əlavə olaraq bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1942/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materiallarında vergi ödəyicisinə hesablanmış 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixinə 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablanması iş materiallarında mövcud deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri.
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması, mümkün sayıldığı halda təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər.
17. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat məbləğində maliyyə sanksiyası (və ya inzibati cərimə) üzrə borcunun yaranması bildirilərək, həmin borcun ödənilməsi tələb edilmiş, sonuncu tərəfindən həmin məbləğ ödənilmədiyi üçün avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.
23. İddiaçı qeyd olunan borc məbləğinin əsassız hesablandığını əsas gətirərək hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, tələb təmin edilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırki iş üzrə cavabdeh vergi orqanı iddiaçının xx.xx.2018-ci il tarixinə 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanmasını iddia etsə də, bunu təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixinə 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da, həmin hesablamaların hansı sənədlərə əsasən aparılması məlum deyildir.
25. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-265246/2024 nömrəli, Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-H-2xx-xx/2025 nömrəli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17-1/2-78633/2025 nömrəli məktubları ilə də müəyyən olunur ki, elektron informasiya ehtiyatlarında və sığortaedənə aid iş qovluğunda 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlar” aşkar edilməyindən 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcun araşdırılması mümkün olmamışdır (Bax: hazırki qərarın 5-ci bəndi).
26. 01 fevral 2019-cu il tarixədək qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 1. maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
4. Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır. 5.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığorta olunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. 5.6. Sığorta olunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır.
27. Göründüyü kimi sığorta olunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqan tərəfindən toplanır və mərkəzləşdirilmiş qaydada saxlanılır. Belə olan halda həmin borcun yaranma əsasını da sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
28. Hazırki halda cavabdeh və üçüncü şəxsin nə iddia tələbinə qarşı yazılı etirazında, nə də apellyasiya şikayəti və ona dair mülahizədə mübahisəli borc məbləğinin yaranmasına əsas olmuş hesabat sənədlərinə istinad olunmamış, tələb edilən məbləğin yaranma əsası, hansı illər üzrə hesablanması qeyd edilməmişdir. Əksinə təqdim olunan məktublarda həm cavabdeh orqan, həm də üçüncü şəxs mübahisəli borc məbləğinin yaranmasına əsas olmuş sənədlərin (hesabatların) aşkar edilməməsini, bu səbəbdən də həmin istiqamətdə araşdırmanın aparılmasının mümkün olmamasını bildirmişlər.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi hüquqi nəticə düzgündür, bu səbəbdən də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
30. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1942/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Müşfiq Məmmədov, Rəşad Mamedov