Məhkəmə qərarları › İş №2-1(104)-540/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-540/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-540/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Oqtay oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin təkrar verilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Müharibə veteranı adının və vəsiqəsinin təkrar verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-1562/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1992ci il tarixdə N nömrəli, xx.xx.1992-xx.xx.1994-cü illərdə N nömrəli, xx.xx.1994-xx.xx.1996ci illərdə N saylı hərbi hissələrdə xidmətdə olmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi katibliyinin 19 dekabr 2022-ci il tarixli, 4/3-13820 nömrəli məktubunda qeyd olunur ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı xidmətinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən daxil olmuş arayışa əsasən N () nömrəli hərbi hissənin tərkibində xidmət zamanı fərarilik etdiyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən daxil olmuş “müharibə veteranı” vəsiqəsinin verilməsi barədə adlı siyahıda və işdə olan digər sənədlərə əsasən Azərbaycan Respublikası Nazirllər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamənin tələblərinə uyğun olaraq ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır.

3. Şəmkir rayon Polis şöbəsi Kür polis bölməsinin xx.xx.2021-ci il tarixli, 192-803- 1222 nömrəli arayışından görünür ki, İddiaçı Oqtay oğlu özünə məxsus veteranı vəsiqəsinin itməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə bölməyə ərizə ilə müraciət etmiş, lakin ona məxsus vəsiqənin tapılması istiqamətində müsbət nəticə əldə olunmamışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Şəmkir rayon Hərbi Komissarlığı üzrə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısından görünür ki, İddiaçı Oqtay oğluna xx.xx.2007-ci il tarixli, 15 nömrəli protokol əsasında 074491 nömrəli vəsiqə verilmişdir.

5. Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-37/2-309/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı Oqtay oğluna xx.xx.2007-ci il tarixdə M/V 074491 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi filialının 1 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-201284/2023 nömrəli məktubu və əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Oqtay oğluna 01 aprel 2019-cu ildən 80 manat Prezident təqaüdü təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Oqtay oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya əvvəllər müharibə veteranı vəsiqəsi verilmiş, lakin vəsiqəni naməlum şəraitdə itirmişdir. Vəsiqənin dublikatının verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı xidmət dövründə fərarilik etdiyinə görə vəsiqənin dublikatının verilməsi tələbi əsassızdır. Belə ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı xidmətinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən daxil olmuş arayışa əsasən N () nömrəli hərbi hissənin tərkibində xidmət zamanı fərarilik etdiyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən daxil olmuş “müharibə veteranı” vəsiqəsinin verilməsi barədə adlı siyahıda və işdə olan digər sənədlərə əsasən Azərbaycan Respublikası Nazirllər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamənin tələblərinə uyğun olaraq ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azəbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1562/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov ) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adı Şəmkir rayon Hərbi Komissarlığı üzrə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında olmuşdur, eyni zamanda onun müharibə veteranı statusu və bununla əlaqədar təqdim edilmiş vəsiqənin ləğv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməmiş və nəticə etibarilə müharibə veteranı statusu qüvvədədir. Belə olan halda həmin vəsiqəsinin dublikatının verilməsindən imtina edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunsuzdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1562/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xidmət dövründə fərarilik etdiyinə görə vəsiqənin dublikatının verilməsi tələbi əsassızdır. Belə ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı xidmətinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən daxil olmuş arayışa əsasən N () nömrəli hərbi hissənin tərkibində xidmət zamanı fərarilik etdiyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən daxil olmuş “müharibə veteranı” vəsiqəsinin verilməsi barədə adlı siyahıda və işdə olan digər sənədlərə əsasən Azərbaycan Respublikası Nazirllər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamənin tələblərinə uyğun olaraq ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtina edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, ona müharibə veteranı vəsiqəsinin verildiyini, verilən gündən və hazırda da müharibə veteranları üçün nəzərdə tutulan bütün təminatların ona da şamil olunduğunu bildirdi, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

18. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun:

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

19. 23 dekabr 2011-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun:

1. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

14. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İş materialları ilə müəyyən olur ki, iddiaçıya Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2007-ci il tarixli, 15 nömrəli protokol əsasında 074491 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş, iddiaçı qeyd olunan vəsiqəni itirdiyinə görə vəsiqənin dublikatının verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının fərarilik etdiyinə görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi katibliyinin 19 dekabr 2022-ci il tarixli, 4/3-13820 nömrəli məktubunda qeyd olunur ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı xidmətinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən daxil olmuş arayışa əsasən N () nömrəli hərbi hissənin tərkibində xidmət zamanı fərarilik etdiyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən daxil olmuş “müharibə veteranı” vəsiqəsinin verilməsi barədə adlı siyahıda və işdə olan digər sənədlərə əsasən Azərbaycan Respublikası Nazirllər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamənin tələblərinə uyğun olaraq ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-37/2-309/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı Oqtay oğluna xx.xx.2007-ci il tarixdə M/V 074491 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi filialının 1 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-201284/2023 nömrəli məktubu və əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Oqtay oğluna 01 aprel 2019-cu ildən 80 manat Prezident təqaüdü təyin edilmişdir.

27. ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1992xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissədə, xx.xx.1992-xx.xx.1994-cü illərdə N nömrəli hərbi hissədə, xx.xx.1994-xx.xx.1996-ci illərdə N saylı hərbi hssədə xidmətdə olmuşdur.

28. Məhkəmə tərkibi hesab edir ki, müharibə veteranı vəsiqəsi Şəmkir rayon hərbi komissarlığı tərəfindən verilsə də hazırda qüvvədə olan maddi normaların tələblərinə əsasən hərbi xidmət vəzifəsini yerinə yetirən subyektlərə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətindədir.

29. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində...döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. müdafiə. Orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

30. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

31. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı müvafiq müharibə veteranı vəsiqəsinə malik olmuşdur və bu vəsiqə ilə bağlı yaranan sosial təminat hüququndan da hazırki tarixədək istifadə edir. İş üzrə müvafiq sorğular göndərilməklə qeyd olunan nömrə altında digər şəxsə müharibə veteranı vəsiqəsinin verilib-verilməməsi və ya həmin vəsiqənin ləğvi ilə bağlı sübutların təqdim olunması tələb edilsə də, hazırki tarixədək kollegiyaya heç bir sənəd təqdim edilməmişdir.

32. Bununla yanaşı iddiaçı müharibə veteranı üçün nəzərdə tutulan bütün güzəştlərdən də hazırki tarixə kimi istifadə etmişdir. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə qanuni hesab edilə bilməz, həmin müdaxilənin əsaslılığı heç bir sənədlə təsdiqlənmir.

33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

34. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1562/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar