Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-60/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-462/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7144/2023 nömrəli məktubla müraciətin müsbət icrasından imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçü və konfiqurasiyada uyğunsuzluğun olduğu, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-096C KOD 50800038 nömrəli Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi İddiaçı Nəcəf qızının mülkiyyətinə verilib.
3. Göygöl rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-23/3-2-233 nömrəli arayışından görünür ki, Göygöl rayon Topalhəsənli kəndində yerləşən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-096C saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə atasının adı texniki səhv olaraq “İddiaçı Nəcəf qızı” kimi qeyd edilmişdir.
4. xx.xx.2023-cü il tarixli müayinə aktından məlum olur ki, ərizəçinin ümumi istifadəsində olan faktiki torpaq sahəsi şimal-şərqdən çay, cənub-qərbdən yol, digər tərəflərdən qonşu torpaq sahələrlə sərhəddir. Sərhədlər metal çəpərlə əhatələnib. JN- 096C nömrəli şəhadətnamə adlı siyahıda ərizəçinin adına qeyd olunub. Yeni elektron uçota (AZCAD) əsasən, torpaq sahəsi 178B nömrəli şəhadətnamədə qeyd olunub. JN- 096C nömrəli şəhadətnamənin ölçüləri və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin ölçüləri və konfiqurasiyası arasında fərq var.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2101/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində JN- 1330 A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nüsxəsi və Göygöl şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2308/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı sahədir. Həmin torpaq sahəsi üzərində tikili mövcud deyil. Sözügedən 0.13 ha torpaq sahəsi naturada təqdim edilmiş 0.23 ha torpaq sahəsinin daxilində yerləşir. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur. Həmin torpaq sahəsi üzərində tikili yoxdur.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-2114/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096C KOD 50800038 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı ayrılmış Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin Şəhadətnaməyə əsasən, İddiaçı (Xüsusi) mülkiyyətinə verilmiş torpaq sahəsidir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahədir, həmin torpaq sahəsi üzərində tikili mövcud deyil. Elektron baza materiallarına istinadən elektrik xəttinin qorunma zolağına, qaz kəmərinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096C (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı ayrılmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-178B (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən X3 ayrılmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən və Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahanına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsində də, öz əksini tapan 178B nömrəli 0.20 ha olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Həmçinin, X4 naturada təqdim etdiyi 0.23 ha torpaq sahəsi, JN-096C (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Naturada təqdim olunan 0.23 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sitemi (TEKUİS və AZCAD) baza məlumatlarında sənəd nömrəsi 178B olaraq göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-1330 A kod 50801004 nömrəli şəhadətnamə üzrə Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-096C KOD 50800038 nömrəli şəhadətnamə əsasında ona ayrılmış Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonunun Topalhəsənli kəndində ailə qurmuş, həmin vaxtdan sözügedən torpaq sahəsində yaşayış sahəsi inşa edərək ailəsi və uşaqları ilə yaşamışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. Göstərilən Fərmanın və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 01 saylı qərarı ilə Göygöl (Xanlar) rayonun Topalhəsənli kəndinda yerləşən 0,13 ha torpaq sahəsi istifadəçisi kimi onun mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1330 A kod 50801004 saylı Şəhadətnamə işlənmişdir. Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində üzərində sahiblik və istifadə hüquqlarını heç bir mane olmadan həyata keçirmişdir. Göründüyü kimi Göygöl rayonun Topalhəsənli kəndində yerləşən 0,13 ha torpaq sahəsi onun mülkiyyətində olmuşdur. O, cavabdehə müraciət edərək, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin qeydə alınaraq çıxarış verilməsini xahiş etmiş, sonuncu xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-7144/2023 saylı məktubla çıxarış verilməsindən imtina etmiş və göstərilmişdir ki, ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün qeydə alınması mümkün olmamışdır. O və ailəsi bu torpaqdan 60 ildən artıqdır ki, istifadə edir. Bu Topalhəsənli kənd üzrə Təsərrüfat Başına kitabda da onun adına qeyd olunması göstərilir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-462/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı sahədir. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçü və konfiqurasiyada uyğunsuzluğun olduğu və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi JN-178B saylı şəhadətnamə ilə üst-üstə düşür. Belə olan halda isə məhkəmə tərəfindən torpağa mülkiyyət hüququnu əks etdirən şəhadətnamə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasında üstünlük hüququ qazandırmış olur. Məhkəmənin gəldiyi nəticə maddi hüquq normasının kobud şəkildə pozuntusu deməkdir. Yəni üçüncü şəxsin mülkiyyət hüququ dövlət reyestrində artıq qeydə alındığı halda iddiaçının adına verilmiş şəhadətnamə hansı əsasla üstünlük hüququ yaradır, nəzərə alsaq ki, iddiaçının şəhadətnaməsi ilə 3 saylı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən üst-üstə düşmə halı müşahidə olunur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi.
19. İş üzrə iddiaçıya hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:
1. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.
5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.
24. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2-7144/2023 nömrəli məktubla müraciətin müsbət icrasından imtina etmişdir.
28. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096C KOD 50800038 nömrəli şəhadətnamə əsasında ona ayrılmış Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmiş, tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096C KOD 50800038 nömrəli şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi İddiaçı Nəcəf qızının mülkiyyətinə verilib.
30. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçü və konfiqurasiyada uyğunsuzluğun olduğu, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.
31. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı sahədir. Həmin torpaq sahəsi üzərində tikili mövcud deyil. Sözügedən 0.13 ha torpaq sahəsi naturada təqdim edilmiş 0.23 ha torpaq sahəsinin daxilində yerləşir. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur.
32. Göründüyü kimi, mütəxəssis rəyi ilə cavabdehin imtina dəlilləri təkzib edilmiş, həmin rəyi və iş materiallarına əlavə edilmiş digər sənədləri birlikdə tədqiq edən birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi JN-178B saylı şəhadətnamə ilə üst-üstə düşür. Belə olan halda isə məhkəmə tərəfindən torpağa mülkiyyət hüququnu əks etdirən şəhadətnamə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasında üstünlük hüququ qazandırmış olur. Məhkəmənin gəldiyi nəticə maddi hüquq normasının kobud şəkildə pozuntusu deməkdir.
34. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə kollegiya tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla mütəxəssis rəyinin alınması qərara alınmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-2114/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096C KOD 50800038 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı ayrılmış Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin Şəhadətnaməyə əsasən, İddiaçı (Xüsusi) mülkiyyətinə verilmiş torpaq sahəsidir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahədir, həmin torpaq sahəsi üzərində tikili mövcud deyil. Elektron baza materiallarına istinadən elektrik xəttinin qorunma zolağına, qaz kəmərinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096C (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı ayrılmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-178B (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən X3 ayrılmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən və Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahanına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsində də, öz əksini tapan 178B nömrəli 0.20 ha olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Həmçinin, X4 naturada təqdim etdiyi 0.23 ha torpaq sahəsi, JN-096C (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Naturada təqdim olunan 0.23 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sitemi (TEKUİS və AZCAD) baza məlumatlarında sənəd nömrəsi 178B olaraq göstərilmişdir.
35. Bundan başqa məhkəmə kollegiyasının iclasında mütəxəssis Elmar Aslanov izahat verərək bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-178B (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və həmin torpaq sahəsi hazırda mübahisələndirilən torpaq sahəsi ilə həmsərhəd olmaqla eynilik təşkil etmir və üst-üstə düşmür. Sadəcə TEKUİS və AZCAD baza məlumatlarında hazırki sənədin nömrəsi 178B olaraq göstərilmişdir.
36. Belə olan hadla cavabdeh orqan apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirsə də, mütəxəssis rəyi ilə həmin hal təkzib olunmuşdur. Odur ki, hazırda iddiaçının istifadəsində olan və naturada təqdim edilən mübahisəli 0.13 ha torpaq sahəsinin torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS və AzCAD) baza məlumatlarında sənəd nömrəsinin 178B olaraq göstərilməsi iddiaçının ziyanına şərh edilə bilməz.
37. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə hazırki işdə belə əsaslar mövcud deyildir.
38. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.
Nəticəvi hissə:
40. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-462/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov