Məhkəmə qərarları › İş №2-1(104)-693/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-693/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-693/2025 24.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və X2 ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, “sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-4671/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı tərəfindən Cavabdeh başçısına ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən 0,1749 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində tikinti norma və qaydalarına tam riayət edilməklə 2 mərtəbəli ticarət binası layihələndirilmişdir. Həmin tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməklə müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir.

2. Cavabdeh başçısının Aparatının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti aparılması nəzərdə tutulan ərazi İstiqlal küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşir və yaxınlıqda 2 ədəd 5 mərtəbəli yaşayış binası, Cavabdeh, Tovuz Rayon Prokurorluğunun, X3, Tovuz rayon Mədəniyyət Evinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi şöbəsinin, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin inzibati binaları yerləşir həmçinin, yaxınlıqda Sultan Market, Bravo, OBA market, İrşad Elektroniks, Araz market kimi iri ticarət obyektləri fəaliyyət göstərir və il boyu ərazidə insanların və avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli, 142 nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən, həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Belə ki, sözügedən ünvanda ticarət obyektinin fəaliyyəti ətrafda yaşayan sakinlərin yaşayış, istirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış ictimai və inzibati binalar üçün piyada səkiləri, avtomobil yolu şəbəkəsi və parklama şəraitinin, abadlıq və s. sahələrin məhdud olduğunu nəzərə alaraq sözügedən ünvanda ticarət təyinatı obyektin tikintisi məqsədəuyğun hesab edilmir.

İşdə olan sənədlər:

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarışa əsasən, Tovuz şəhəri, Həzi Aslanov küçəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.1749 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 296 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Tovuz rayonu, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında lahiyələndirilən 2 mərtəbəli ticarət binasının şəhərsalma əsaslandırılmasından görünür ki, ərazidə 2 mərtəbəli ticarət binası (zirzəmisi yeraltı avtodayanacağı) lahiyələndirilmişdir.

5. Tovuz RİH başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Tovuz RİH aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Tovuz Mənzil İstismarı Sahəsinin mühəndisi, Tovuz Mənzil Kommunal X1 rəisi və ƏMDX-nin Qazax Ərazi Şöbəsinin aparıcı məsləhətçisi tərəfindən tərtib edilmiş 11 iyul 2025-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı ünvan 3 ünvanında ticarət binasının tikintisi ilə bağlı müraciəti yerində araşdırılmışdır. Məlum olmuşdur ki, tikinti aparılması nəzərdə tutulan ərazi İstiqlal küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşir və yaxınlıqda 2 ədəd 5 mərtəbəli yaşayış binası, Tovuz rayon Mədəniyyət Evinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi şöbəsinin, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin inzibati binaları yerləşir. Həmçinin, yaxınlıqda Sultan Market, Bravo, OBA Market, İrşad Elektroniks, Araz Market kimi iri ticarət obyektləri fəaliyyət göstərdiyindən il boyu ərazidə insanların və avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Eyni zamanda qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 142 nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Sözügedən ünvanda ticarət obyektinin fəaliyyətinin ətrafda yaşayan sakinlərin yaşayış, istirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış şəraitinin, abadlıq və s. sahələrin məhdud olduğunu nəzərə alaraq, həmin ticarət təyinatlı obyektin tikintisini məqsədəuyğun hesab etmirik. Birinci instansiya məhkəməsində birinci icraat:

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına tam uyğun şəkildə iki mərtəbəli ticarət binasının layihələndirilməsi həyata keçirilmişdir. Buna görə də, tərəfindən Cavabdehnə müraciət edilərək, tikinti layihəsinə müvafiq icazənin alınması üçün müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə göndərilməsinə göstəriş verilməsi xahiş edilsə də, müraciət nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq müddəalarına əsasən, ərizə ilə müraciət etməsinə baxmayaraq, təqdim edilən sənədlər hələ də aidiyyəti üzrə göndərilməmişdir. Məcəllənin 75.4-cü maddəsində nəzərdə tutulduğu kimi, ərizə ilə təqdim edilən sənədlərin tamlığının yoxlanılması üçün müəyyən edilmiş müddət keçmiş olsa da, Cavabdeh tərəfindən həmin sənədlərin müvafiq orqana göndərilməsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

8. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 19.1.2, 19.1.4 və 19.2.5-ci maddələrinə əsasən yaşayış, iş və istirahət mühitinin təhlükəsiz, sağlam və əlverişli olması, həmçinin infrastruktur obyektlərinin ahəngdar yerləşdirilməsi dövlət orqanlarının vəzifəsidir. Həmin maddələrə görə, ərazidə insanların hərəkət təhlükəsizliyi, nəqliyyat axını, ictimai asayiş və mövcud obyektlərin funksional uyğunluğu nəzərə alınmalıdır. İddiaçının ünvan 4 ünvanında ticarət binasının tikintisi ilə bağlı Cavabdehnə təqdim etdiyi şəhərsalma əsaslandırılması layihəsi və bununla bağlı ərizə və sənədlərinə İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində baxılaraq, buna müvafiq olaraq iddiaçıya xx.xx.2025-ci il tarixli cavab məktubu verilmişdir. Həmin cavab məktubunda göstərildiyi kimi, iddiaçının xüsusi mülkiyyətində olan, tikinti aparılması nəzərdə tutulan ərazi Tovuz şəhəri, İstiqlal küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşməklə, bu ərazinin yaxınlığında 2 ədəd 5 mərtəbəli yaşayış binası, Cavabdeh, Tovuz rayon Prokurorluğunun, X3, Tovuz rayon Mədəniyyət Evinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi şöbəsinin, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin inzibati binaları yerləşir. Həmçinin, yaxınlıqda artıq uzun illər fəaliyyət göstərən Sultan Market, Bravo, OBA Market, İrşad Elektroniks, Araz Market kimi iri ticarət obyektləri fəaliyyət göstərir ki, onların fəaliyyəti nəticəsində il boyu ərzində ərazidə insanların və avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 142 nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən, həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Sözügedən ünvanda ticarət obyektinin fəaliyyəti, ətrafda yaşayan sakinlərin yaşayış, İstirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış ictimai inzibati binalar üçün piyada səkiləri, avtomobil yolu şəbəkəsi və parklama şəraitinin, abadlıq və.s sahələrin məhdud olduğunu nəzərə alaraq, rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi əsaslı olaraq, sözügedən ünvanda ticarət təyinatlı obyektin tikintisini məqsədəuyğun hesab etməmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, bu zonada avtomobil nəqliyyatının intensivliyi yüksəkdir, piyadaların və sürücülərin hərəkət təhlükəsizliyi aktual məsələdir. Ərazidə yeni iri həcmli ticarət obyektinin inşaası mövcud sıxlığı daha da artıracaq ki, bu isə həm nəqliyyat axınına, həm də təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərəcəkdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4671/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar (torpaq sahəsinin yerləşdiyi ərazidə insanların, avtomobillərin çox böyük sıxlığı, torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olması) qanunvericilikdə yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməsi üçün sənədlərin sonuncuya göndərilməsini istisna edən hal kimi nəzərdə tutulmamışdır. Belə ki, tikinti barədə qanunvericilik normaları tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsini məhz tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin tamlığından asılı etmişdir. Tikintiyə icazənin verilməsi isə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verildikdən sonra həll edilən məsələdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-4671/2025 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, iddiaçı məhkəməyə ərizə və bir sıra foto şəkillər təqdim edərək göstərmişdir ki, “cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə guya onun mülkiyyətində olan torpaq sahəsində avtomobillərin yüksək sıxlıqda dayandığı göstərilmişdir. Lakin təqdim etdiyi, müxtəlif tarix və saatlarda çəkilmiş fotoşəkillər açıq şəkildə sübut edir ki, həmin ərazidə daimi sıxlıq mövcud deyil. Faktiki vəziyyət göstərir ki, avtomobillərin ərazidə dayanması yalnız epizodik və müvəqqəti xarakter daşıyır və müəyyən saatlarda müşahidə olunan müvəqqəti sıxlıq tikinti niyyətinə heç bir hüquqi maneə yaratmır. Bu isə onu göstərir ki, cavabdehin təqdim etdiyi fotoşəkillər obyektiv faktlara deyil, subyektiv təsvirlərə əsaslanır və yalnız iddianı zəiflətmək məqsədilə sistemə yüklənmişdir”. İddiaçının istinad etdiyi bu hal absurd olmaqla tam əsassız olmasını məhkəməyə bildirməklə, əlavə olaraq müxtəlif saatlarda çəkilmiş foto şəkillər məhkəməyə təqdim edilmiş və torpaq sahəsinin yerləşdiyi küçədə daim sıxlığın olması təsdiq edilmişdir. İddiaçının isə təqdim etdiyi foto şəkillərə nəzər yetirilsə, həmin şəkillərin hansı vaxtda, yəni günün hansı saatlarında çəkilməsi müəyyən edilmir. Sadəcə olaraq foto şəkillərə vizual baxışdan görünür ki, bu şəkillər səhər saatlarında, yəni səhər saat 07:00-08:00-dək çəkilmiş şəkillərdir ki, bu saatlarda da qeyd olunan ərazidə sıxlıq az olur. Cavabdeh tərəfindən təkrar çəkilmiş və məhkəməyə təqdim edilmiş foto şəkillərə nəzər yetirilsə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qarşısında yerləşən küçələrdə günorta saatlarında avtomobil sıxlığının mövcudluğu təsdiq olunur. İnsanların iş saatlarının başlama və başa çatması zamanında isə, bu ərazilərdə olan sıxlıq daha da kəskinləşir ki, bu da vətəndaşların nararahatçılığına səbəb olur. İddiaçıya həmin ərazidə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyi təqdirdə, artıq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşacaq ki, bu da həmin ərazidə yerləşən dövlət qurum və idarələrinin iş fəaliyyətinə mənfi təsirini göstərəcəkdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Cavabdehnə göndərilmiş sənədlər əsasında müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi barədə müraciəti üzrə araşdırma aparılarkən, cavabdeh tərəfindən yuxarıda istinad edilən faktlar, yəni sıxlığın və digər ticarət obyektlərinin olması, əlavə böyük ticarət obyektinin tikintisinin daha da çox sıxlığa səbəb olmasına gətirib çıxaracağı müəyyən edilmişdir. Digər tərəfdən o da göstərilməlidir ki, iddiaçı özünün təqdim etdiyi ərizəsində də göstərir ki, “təqdim olunmuş rəsmi məlumatlardan da göründüyü kimi, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2019-cu il tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş Tovuz şəhərinin Baş Planına əsasən fərdi yaşayış evləri üçün nəzərdə tutulan yaşayış zonasında yerləşir və bu zonada tikinti aparılması üçün heç bir xüsusi qadağa və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin ərazidə hal-hazırda Sultan Market, Bravo, OBA Market, İrşad Electronics, ArazMarket kimi iri ticarət obyektləri ilə yanaşı, digər özəl mülkiyyətli obyektlərin də uzun müddət ərzində fəaliyyət göstərməsi və onların fəaliyyəti üçün Cavabdeh tərəfindən icazələrin verilməsi faktı, cavabdeh orqanın eyni təyinatlı tikinti üçün müraciət edən iddiaçıya fərqli yanaşmasının hüquqi əsassızlığını bir daha təsdiqləyir.” Daha sonra bildirmişlər ki, iddiaçıya təqdim edilmiş imtina məktubunda göstərilən hallar, yəni həmin ərazidə hal-hazırda iri ticarət obyektləri ilə yanaşı, digər özəl mülkiyyətli obyektlərin də uzun müddət ərzində fəaliyyət göstərməsi, elə iddiaçının özü tərəfindən də öz ərizəsində göstərilməklə təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, zamanında bu ərazidə əhalinin tələbatlarının ödənilməsi üçün, adları çəkilən ticarət obyektlərinin tikintisinə zərurət yaranmış və icazələr Tovuz rayon İH-nin əvvəlki rəhbərliyi dövründə verilsə də, hazırda bu obyektlərin mövcudluğu artıq adı çəkilən ərazidə sıxlıqların artmasına səbəb olduğundan, yuxarıda göstərildiyi kimi, burada yeni ticarət mərkəzlərinin, xüsusi ilə iri miqyaslı ticarət obyektlərinin tikinitisinə razılığın bildirilməsi məqsədəmüvafiq deyildir. Bu səbəbdən də, iddiaçının ünvanladığı müraciət təmin edilməmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ona yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən tikinti məqsədləri üçün ayrılmamışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evləri üçün nəzərdə tutulan yaşayış zonasında yerləşməklə, iddiaçı tərəfindən çox hissəsi fiziki şəxslərdən satın alımış, digər 190 kv.m. hissəsi isə xx.xx.2024-cü il tarixinə Tovuz Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir ki, bu alqı-satqı müqaviləsinin bağlanmasına Tovuz rayon İHB Aparatının Memarlıq və Tikinti şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli memar rəyində göstərilmişdir ki, “Tovuz Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 302 saylı məktubuna əsasən həmin Bələdiyyənin ərazisində rəyə əlavə olunmuş situasiya planında göstərilən yerdə və ölçülərdə həyətyanı məqsədi ilə satılmaq üçün mülkiyyət hüququ alacağı 190,0 kv.m. torpaq sahəsinin uyğunluğu yoxlanılmışdır. Göstərilən torpaq sahəsi həmin ərazinin məqsədli təyinatına uyğundur.” Daha sonra adıçəkilən alqı-satqının bağlanmasına Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini X4 rayonu Tovuz Bələdiyyəsinə verdiyi “Fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə yolu ilə mülkiyyətə verilməsi nəzərdə tutulan Tovuz şəhəri, İstiqlal küçəsində yerləşən 0,0190 ha torpaq sahəsinin ayrılmasına dair” rəyində göstərilmişdir ki, “Tovuz rayonu Tovuz bələdiyyəsinin xx.xx.2024-cü il tairxli 28 nömrəli müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2002-ci il 15 mart 274-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0190 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müvafiq ərazidə torpağın ayrılması ilə bağlı mövcud texniki normalar nəzərə alınmaqla və ilkin qiymətinin torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti əsasında müəyyən edilərək müsabiqə yolu ilə mülkiyyətə ayrılmasına AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti etiraz etmir.” Təqdim edilmiş rəylərdəndə göründüyü kimi, torpaq sahəsi iddiaçıya satılarkən, həmin ərazidə fərdi yaşayış evinin tikinitisi nəzərdə tutulmuşdur ki, buna da dövlət orqanlarının heç bir etirazı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-35/2-Q-1841-35-680/2025 saylı məktubundan aydın görünür ki, müraciətin yerli səviyyədə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün məsələ Cavabdehnə yönləndirilmiş, həmin məktubda cavabdeh orqandan 7 iş günü müddətində görülmüş işlər barədə məlumat verilməsi xahiş olunsa da, cavabdeh bu tələbi yerinə yetirməmiş, üzərinə düşən qanuni vəzifəni icra etməmişdir. Bu hal inzibati orqanın hərəkətsizliyini və məsuliyyətdən yayınmasını açıq şəkildə göstərir. Məktublar yalnız ümumi və şablon ifadələrdən ibarət olmaqla, inzibati aktların əsaslandırılması öhdəliyinə cavab vermir və hüquqi nəticə doğurmur. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdə guya torpaq sahəsində avtomobillərin daimi sıxlıqda dayanması iddia edilsə də, iddiaçı tərəfindən müxtəlif tarix və saatlarda çəkilmiş fotoşəkillər ərazidə daimi deyil, epizodik və müvəqqəti sıxlığın mövcud olduğunu sübut edir. Müəyyən saatlarda müşahidə olunan müvəqqəti sıxlıq isə tikinti niyyətinə hüquqi maneə yaradan hal hesab edilə bilməz. Cavabdehin təqdim etdiyi fotoşəkillər obyektiv sübut deyil, subyektiv və məqsədyönlü seçilmiş təsvirlərdir. Qeyd edilməlidir ki, tikinti layihəsində yeraltı parkinq nəzərdə tutulmuşdur. Bu isə avtomobillərin küçə üzərində dayanmasının qarşısını alır, mövcud nəqliyyat axınının tənzimlənməsinə xidmət edir, parklama ilə bağlı iddia edilən riskləri tam aradan qaldırır. Belə olan halda, cavabdehin apellyasiya şikayətində göstərdiyi nəqliyyat sıxlığı ilə bağlı arqumentləri faktiki vəziyyətlə və layihə həlli ilə ziddiyyət təşkil edir. Torpaq sahəsinin Tovuz şəhərinin Baş Planına əsasən fərdi yaşayış zonasında yerləşməsi inkar edilmir. Lakin bu zonada tikintiyə dair hər hansı xüsusi qadağa və ya məhdudiyyət mövcud deyil və ərazidə artıq iri ticarət obyektləri uzun müddətdir fəaliyyət göstərir və onlara icazə verilməsi faktı mövcuddur. Eyni hüquqi və faktiki şəraitdə iddiaçıya fərqli yanaşma nümayiş etdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş hüquq bərabərliyi və ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin kobud pozuntusudur. Beləliklə, cavabdeh orqan tərəfindən irəli sürülən “ərazinin təyinatına uyğun olmaması”, “ətraf mühitə və yaşayış mühitinə mənfi təsir” kimi arqumentlər konkret sübutlarla təsdiqlənməyən, formal və hüquqi əsasdan məhrum iddialardır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

18. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 Sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanı:

1. Müəyyən edilsin ki: 1.1. yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75 və 90-cı maddələrində nəzərdə tutulan “tikintiyə icazə icraatı” çərçivəsində müvafiq rəy vermək səlahiyyətinə malikdir. İddiaçı o halda məhkəməyə müraciət etmək hüququna malik olur ki, aparılan hər hansı sənədləşmənin onun hüquqlarını əhəmiyyətli dərəcədə pozduğu mövcud olsun və bu hal iddiaçının qanunla qorunan hüquqlarına real və ciddi müdaxilə etsin. Yuxarıda da qeyd olunduğu kimi, “tikintiyə icazə icraatı” çərçivəsində inzibati orqanın müvafiq orqanlardan rəylər alması tikintiyə icazənin verilməsi ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, sonda inzibati aktın qəbul edilməsinə xidmət edir.

23. Hazırki işin halları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsini xahiş etmiş, cavabdeh inzibati orqan imtinasını Şəhərsalma və Tikinti Məcəlləsinin 19.1.2, 19.1.4 və 19.2.5-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 142 nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planı ilə əsaslandırmaqla bildirmişdir ki, tikinti aparılması nəzərdə tutulan torpaq sahəsi yaxınlığında yaşayış binaları, bəzi dövlət orqanlarının inzibati binaları, iri ticarət mərkəzləri yerləşir və insanların, avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir.

24. Cavabdeh həmçinin bildirmişdir ki, hazırkı işə münasibətdə tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlər tam olduqda yerli icra hakimiyyəti orqanları tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməsi üçün sənədləri sonuncuya göndərməlidirlər.

25. Göründüyü kimi cavabdeh tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsi üçün sənədləri göndərməkdən imtina etmişdir, bu isə onu deməyə əsas verir ki, iddiaçının hüquqlarına müdaxilə mövcuddur və o hazırda “tikintiyə icazə icraatı” çərçivəsində inzibati orqanın müvafiq orqanlardan rəylər alması üçün sənədərin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

26. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti imtina və etiraz qeydləri ilə eynilik təşkil etmiş, ərazidə yeni iri həcmli ticarət obyektinin inşasının mövcud sıxlığı daha da artıracağını, bunun isə həm nəqliyyat axınına, həm də təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərəcəyini qeyd etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, istər imtina, istər apellyasiya şikayətinin dəlillərində sənədlərin göndərilməsini istina edən hər hansı maddi hüquq normasına istinad edilməmiş, ərazidə olan infrastrukturun vəziyyətinə dair akt tərtib edilməklə sıxlığın olduğu və həmin sıxlılığa əsasən icazənin verilməsinin mümkünsüzlüyü bildirilmişdir.

28. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 Sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanın 1.1. bəndinə əsasən yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verə bilməsi və bu cür icazənin verilməsi qaydası müəyyən edilmişdir.

29. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd.

30. Göründüyü kimi, yuxarıda qeyd olunan normadan təqdim edilməli olan sənədlərin siyahısı dəqiq müəyyən olunmuş, hazırki iş üzrə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan sənədlər inzibati orqana təqdim edilmişdir. Buna baxmayaraq, inzibati orqan hazırki mərhələdə sənədlərin göndərilməsinə istisna təşkil etməyən əsaslarla ərizənin icrasından imtina etmişdir.

31. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3-cü bəndində yerli icra hakimiyyəti başçısının vəzifələri müəyyən edilmişdir. 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 35-ci, 74.2ci, 75-ci, 80-ci və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edir.

32. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin” Nizamnaməsi: 1.1. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. 1.2. Mərkəz Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyində fəaliyyət göstərir. 3.1.15. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək;

33. Göründüyü kimi “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3-cü bəndində yerli icra hakimiyyəti başçısının vəzifələri müəyyən edilmiş, 3.11.9. bəndində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.2-ci və 75-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim etməsi, “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin” Nizamnaməsinin 3.1.15. bəndində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

34. Belə olan halda cavabdeh inzibati orqanın imtina qeydləri əsassızdır və rəy verilməsi üçün sənədlərin göndərilməsini aradan qaldıran hal müəyyən edilməmişdir.

35. Digər tərəfdən mülkiyyətdə olan torpaq sahəsinin təyinatı ilə bağlı da qeyd edilməlidir ki, hazırki Qərarın 29-cu bəndində göstərilən və təqdim edilməsi dəqiq müəyyən edilən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin təqdim edilməsi nəzərdə tutulmuş, həmin torpaq sahəsinin təyinatı ilə bağlı tələb qeyd edilməmişdir.

36. Bütün qeyd olunanlara baxmayaraq cavabdeh inzibati orqan yuxarıda göstərilənləri nəzərə almadan hazırki tələbin təmin edilməsindən imtina etmişdir. Beləliklə iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-4671/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar