Məhkəmə qərarları › İş №2-1(104)-695/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-695/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-695/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3125/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş test imtahanının nəticələri haqqında cavab kartlarının qrafik təsvirləri barədə məlumatdan görünür ki, İddiaçı 69 bal toplayaraq test imtahanından müvəffəqiyyət əldə etməmişdir.

2. İddiaçı səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması ilə bağlı Azərbaycan Respublikası X5 etdiyi müraciətə həmin Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-kol-4535-42-888/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinə işə qəbul olmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq keçirilmiş test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciəti araşdırılmış və müraciətdə mübahisələndirdiyi tapşırığın (İqtisadiyyat və digər ixtisas sahələri istiqaməti, A variantı 77 nömrəli tapşırıq) ümumi dünyagörüşü səviyyəsinə uyğun tərtib edildiyi, tapşırığın məzmununun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu ona izah edilmişdir. Qeyd edilənlərə müvafiq olararaq nəzərinə çatdırılır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) və biliyi düzgün qiymətləndirilmişdir.

3. Azərbaycan Respublikası X4 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 9-3/2-H- 4608/2-42-923/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq keçirilmiş test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciəti araşdırılmışdır və əldə edilən nəticəni nəzərinə çatdırmaq istəyirlər. Belə ki, məktubda qeyd etdiyi tapşırığın (İqtisadiyyat və digər ixtisas sahələri istiqaməti, A variantı 77 nömrəli tapşırıq) ümumi dünyagörüşü səviyyəsinə uyğun tərtib edildiyi, tapşırığın məzmununun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu təsdiq edilmişdir. Bu barədə apellyasiya prosesi zamanı ona telefon bağlantısı vasitəsilə izah verilmişdir. Qeyd edilənlərə müvafiq olaraq nəzərinə çatdırılır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) və biliyi düzgün qiymətləndirilmişdir.

4. Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2023-cü il tarixli /K-13/518 nömrəli məktubunda göstərilmişdir ki, “Nəsimi” sənədli filminin (1971) və “Dədə Qorqud” bədii filminin (1975) ssenari müəllifi Anar, “Nəsimi bədii filminin (1973) ssenari müəllifi İsa Hüseynovdur.

5. Azərbaycan Prosessional Kinorejissorlar Gildiyasının xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, X6 tərəfindən test mərhələsində film sahəsinə aid aid olan suallardan istifadə edilərkən, sualın cavablandırılmasında dəqiqliyin təmin olunması üçün filmlərin janrlarının göstərilməsini daha məqsədəmüvafiq hesab edirlər.

6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 10 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 tərəfindən keçirilən bütün imtahanların sualları qanunamüvafiq olaraq, həmin qurum tərəfindən tətbiq olunur və hər hansı bir yanlışlığa görə məsuliyyət də bilavasitə onların üzərinə düşür. 1971-ci ildə lentə alınmış “Nəsimi” sənədli filminin və 1975-ci ildə çəkilmiş “Dədə-Qorqud” bədii filminin ssenarisi Xalq yazıçısı Anar Rzayevə məxsusdur. 1973-cü ildə ekranlaşdırılmış “Nəsimi” bədii filminin ssenarisi isə Xalq yazıçısı İsa Hüseynovdur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə X6 tərəfindən keçirilmiş test imtahanı nəticəsinin ona münasibətdə dəyişdirilməsi, Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə test 77-də səhvliyin müəyyən olunması və həmin testin xeyrinə hesab edilməsi, səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı test imtahanı mərhələsi keçirilmişdir. Test imtahanı mərhələsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası X6 tərəfindən aparılmışdır. O, (iş nömrəsi: 790215) qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələblərə uyğun olaraq "iqtisadiyyat və digər ixtisas sahələri" istiqaməti üzrə imtahanda iştirak etmişdir. İmtahan Bakı Dövlət Universitetinin Yeni korpusunda Z.Xəlilov 23 ünvanında keçirilmişdir. İmtahanda "A" variantı üzrə təqdim edilən test kitabçasında 100 test tapşırığından 69-nu düzgün həll edərək test imtahanından müvəffəqiyyət əldə etməmişdir. Test imtahanı zamanı verilən test tapşırıqları arasında 77-ci sualda səhvlik aşkar etmişdir. Bu barədə dərhal nəzarətçini məlumatlandırmışdır. Nəzarətçi isə imtahanın gedişatı pozulmasın deyə imtahan bitdikdən sonra X5 müraciət etməyini tövsiyyə etmişdir. Onun kimi bir neçə namizəd də imtahan zamanı həmin testlərin səhv olması barədə nəzarətçiləri məlumatlandırmışdır. Hər bir namizədə eyni qaydada cavab verilmişdir. Aşağıda qeyd etdiyi əsasları rəhbər tutaraq hesab edir ki, imtahan nəticələri dəyişdirilməli və həmin səhv sual imtahanda iştirak edən namizəd kimi onun xeyrinə hesablanmalıdır. Hüquqi əsaslandırmaya keçməmişdən qabaq, səhvlik olan test tapşırığını diqqətə çatdırır. Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə 77-ci sual belədir: Yazıçı Anarın ssenari müəllifi olduğu film hansıdır: a) Koroğlu; b) Nəsimi; c) Dədə Qorqud; d) Babək. Bilindiyi kimi, "Nəsimi" və "Dədə Qorqud" filmlərinin ssenari müəllifi Anar Rzazadədir. Bir testdə iki düzgün variantın qeyd olunması isə qanunvericiliyin tələblərinə ziddir. İmtahandan sonra yazılı qaydada imtahanda istifadə etdikləri test kitabçalarının əldə olunmasına şərait yaradılmasını xahiş etsələr də, həmin test tapşırıqları bu günə qədər onlara təqdim edilməmişdir. Testin nəticələri elan olunduqdan dərhal sonra o, X4 çağrı mərkəzi ilə əlaqə yaratmış və onun imtahan nəticələrinin dəyişdirilməsi, səhv test tapşırıqlarının namizəd kimi onun xeyrinə hesablanmasını xahiş etmişdir. Daha sonra isə elektron mail vasitəsilə yazılı müraciət etmişdir. X4 xx.xx.2023-cü il tarixli məktubunda isə müraciətinə cavab olaraq bildirilmişdir ki, "Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnaməyə" uyğun olaraq keçirilmiş test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciəti araşdırılmış və müraciətində mübahisləndirilmiş tapşırıqların müvafiq olaraq rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünya görüşü səviyyəsinə uyğun şəkildə tərtib edildiyi, tapşırığın məzmunun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu ona izah edilmişdir. İmtahanda əldə etdiyi nəticə və biliyi düzgün qiymətləndirilmişdir. Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri cənab Anar Rzazadəyə 0949/23 saylı sorğu göndərilmişdir. 1K-13/518 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi sənədli filminin (1971) və "Dədə Qorqud" bədii filminin (1975) ssenari müəllifi Anar Rzazadə, "Nəsimi" bədii filminin ssenari müəllifi İsa Hüseynovdur. Qeyd edir ki, sualda yalnız bədii film deyil, ümumilikdə film nəzərdə tutulmuşdur.

9. Gənzə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3125/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası X6 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının X6 (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə yaradılmışdır və həmin X1 təsdiq edilmişdir. Nizamnaməsinə uyğun olaraq, Mərkəz dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.3-cü bəndinə əsasən müsabiqənin test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Xidmət) təklifi əsasında Mərkəz tərəfindən aparılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Həmin Əsasnamənin 3.10-cu bəndinə əsasən test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. İddiaçı xx.xx.2023-cü il tarixində vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az nəticə - 69% (69 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə etməmişdir. Nəzərə çatdırılır ki, imtahan nəticələrindən narazı qalan namizədləri nəzərə alaraq, onların imtahan nəticəsinə dair şikayətlərini bildirməsi üçün Mərkəz tərəfindən 2023-cü il 7 noyabr tarixində Apellyasiya komissiyası təşkil edilmiş və bununla da, namizədlərin imtahanası nəticələrinə dair şikayətlə komissiyaya müraciət etmək imkanı yaradılmışdır. İddiaçı dövlət vergi orqanlarına işə qəbulla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin yazılı test imtahanının nəticəsindən narazı qaldığı üçün Apellyasiya Komissiyasına, eyni zamanda Mərkəzə xx.xx.2023-cü il tarixində yazılı olaraq müraciət etmiş və onun apellyasiya ərizəsində qeyd etdiyi nəticəsindən narazı qaldığı sual (77-ci test tapşırığı) bir daha Mərkəz tərəfindən araşdırılmışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-kd-4535-42-888/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, sözügedən imtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilmiş və imtahanda yalnız ekspertizadan keçirilmiş, məzmunu ilə bağlı heç bir elmi-metodiki və texniki qüsur aşkar edilməmiş test tapşırıqları istifadə edilmişdir (əlavə olunur). Bundan başqa, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı və baxılması üçün aidiyyəti üzrə Mərkəzə göndərilmiş eyniməzmunlu müraciətinə Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixli 9-3/2-H-4608/2-42-923/2023 nömrəli məktubla müvafiq cavab verilmişdir (əlavə olunur). Ekspert qrupunun rəyinə əsasən, müvafiq test tapşırıqları ümumi dünyagörüşü səviyyəsinə uyğun şəkildə tərtib edilmiş və tapşırıqların məzmunu imtahan üçün daha əvvəl elan edilmiş proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olaraq hazırlanmışdır. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 77 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir (əlavə olunur). Əlavə olaraq bildirilir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi sualla bağlı Bakı İnzibati Məhkəməsinin icraatında eyni məzmunlu inzibati iş üzrə İddiaçı icraata üçüncü şəxs qismində cəlb olunmaqla bağlı vəsatət vermiş, lakin vəsatət təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2-1(112)-4657/2024 nömrəli qərarı ilə eyni məzmunlu iddia təmin edilməmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3125/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva ) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən test imtahanında verilən ümumi dünyagörüşü ilə bağlı suallar namizədin dünyagörüşü məlumatının ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə münasibətdə hansı ölçüdə olmasını müəyyən etmək məqsədilə verilir. Burada dünyagörüşü Azərbaycan tarixi, coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri əhatə edir. Bu zaman həmin sahə üzrə spesifik suallar deyil, mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ümumi xarakterli suallar tərtib edilir. İddiaçının mübahisələndirdiyi A variantı 77-ci sualdan görünür ki, orada yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulmuş, iddiaçı isə Anarın həm “Dədə Qorqud” bədii filminin, həm də “Nəsimi” sənədli filminin ssenari müəllifi olduğunu bildirməklə həmin sualda iki düzgün cavabın olduğu iddia etmişdir. Doğrudur, yazıçı Anarın “Dədə Qorqud” bədii filmi ilə yanaşı 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifi olması mübahisəsizdir. Lakin məhkəmə hesab edir ki, bu hal mübahisəli sualın düzgün olmaması qənaətinə gəlmək üçün hələ kifayət deyildir. Çünki sualda sənədli film deyil, məhz bədii filmdən bəhs olunması aşkardır. Belə ki, birincisi, sualda qeyd olunan digər cavabların hamısı bədii filmdir, bu isə sualla tanış olan namizəddə ondan sənədli deyil, məhz bədii filmin soruşulması fikrini yaradır. İkincisi, sualda göstərilən bütün filmlər Azərbaycan kinematoqrafiyasında xüsusi yeri olan, hamıya bəlli olan filmlərdir və əgər sənədli film olması xüsusi qeyd edilmirsə, həmin adlar (o cümlədən Nəsimi) çəkildikdə, bədii filmdən bəhs edilməsi hamıya bəlli olan haldır. Üçüncüsü, rəydə də göstərildiyi kimi, sualların hazırlanması üçün istifadə edilən mənbələrdə “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edilmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, həmin sual mədəniyyət sahəsi üzrə hər hansı bir vəzifəyə qulluğa qəbul üçün nəzərdə tutulan test imtahanında iştirak edən şəxsin ixtisası üzrə biliyinin yoxlanması məqsədilə deyil, dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün ümumi dünyagörüşünü ölçmək məqsədilə hazırlanmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri

13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sualın tərtibatında səhvə yol verilmiş, həmin sualda bədii film sözünün qeyd olunmaması iki cavabında doğru olma ehtimalını yaratmışdır.

17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət. 1.1.2. Dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə. 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.

19. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. film - yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film — 52 dəqiqədən az olmayan, qısametrajlı film — 52 dəqiqədən az olan film)

20. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının X6 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qrupların tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.

21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə” 1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 1.3. Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında X6 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. 3.7. Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 3.8. Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir. 3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir. 3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqan tərəfindən 05 noyabr 2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən test imtahan mərhələsində iştirak etmiş, lakin müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az nəticə - 69% (69 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə edə bilməmişdir.

25. İddiaçının iddia qaldırmaqda məqsədi sözügedən imtahanda yanlış cavablandırılmış hesab olunan “A” variantı üzrə sual kitabçasında “Yeni tarix və dünyagörüşü” blokunun 77-ci sualının qeyri-dəqiq hazırlanmış hesab edilməsi və bu səbəbdən həmin sualın onun xeyrinə- düzgün cavablandırılmış hesab olunmaqla onun növbəti- müsahibə mərhələsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

26. Hazırda iddiaçının mübahisələndirdiyi sualdan görünür ki, orada yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulmuş, iddiaçı isə Anarın həm “Dədə Qorqud” bədii filminin, həm də “Nəsimi” sənədli filminin ssenari müəllifi olduğunu bildirməklə həmin sualda iki düzgün cavabın olduğu iddia edir.

27. İddiaçı mübahisələndirilən sualın yanlış tərtib edilməsini onunla əsaslandırır ki, həmin test tapşırığının dörd variantından biri deyil, ikisi (“B” və “D” variantları) düzgün cavab kimi qiymətləndirilə bilər, məhz bu səbəbdən də həmin sual onun xeyrinə şərh edilməli, beləliklə onun test imtahan balına (69 bal) 1 (bir) bal əlavə edilməli və nəticədə o, imtahan üzrə minimum müvəffəqiyyət balını (70 bal) taplamış hesab olunmaqla, müsabiqənin növbəti- müsahibə mərhələsinə buraxılmalıdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

29. İşin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması nəticəsində məlum olmuşdur ki, sözügedən test tapşırığının cavabdlandırılması zamanı namizədin ilkin olaraq nəzərə almalı olduğu hal “film” anlayışına düzgün qiymət verilməsidir. Belə ki, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, film dedikdə yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film — 52 dəqiqədən az olmayan, qısametrajlı film — 52 dəqiqədən az olan film) nəzərdə tutulur. Göründüyü kimi “film” anlayışı özündə həm bədii filmi, həm də sənədli filmi ehtiva edir.

30. Təqdim olunmuş sənədlərdən məlum olur ki, “Nəsimi” sənədli filminin (1971) və “Dədə Qorqud” bədii filminin (1975) ssenari müəllifi Anar Rzazadə, “Nəsimi” bədii filminin (1973) ssenari müəllifi isə İsa Hüseynovdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli test sualında yeganə doğru cavab variantı ilə yanaşı ona yaxın olan digər variantları da qeyd etməkdə cavabdeh inzibati orqanın məqsədi müvafiq dövlət orqanında işə qəbul olunmağa iddia edən namizədlərin bilik səviyyələrini və onların potensiallarını digər namizədlərdən fərqləndirməkdən ibarətdir. Buna görə də belə tapşırıqlara doğru cavab vermək üçün bütün cavab variantları təhlil edilməli, yalnız bundan sonra doğru cavab variantı seçilməli idi. Başqa sözlə cavablarla imtahan sualı birlikdə- vəhdət şəklində təhlil edilməli bundan sonra doğru cavab müəyyənləşdirilməlidir.

32. Hazırki halda test tapşırığının sual və variant hissələri birgə təhlil olunduqda müəyyən edilir ki, bu tapşırığın cavablandırılması zamanı yalnız yetəri qədər bilik səviyyəsinə malik olan namizədlər doğru cavab variantı (“B” variantı – “Dədə Qorqud”) ilə, doğru cavab variantına ən yaxın olan variantı (“D” variantı – “Nəsimi”) fərqləndirə bilərdi.

33. Belə ki, iddiaçı sözügedən test tapşırığını cavablandırarkən bilməli idi ki, sualda filmin sənədli olması xüsusi olaraq qeyd edilməmişdirsə, o, doğru cavab variant kimi filmin məhz bədii növünə aid olan variantı seçməlidir. Həmin test tapşırığında filmin sənədli deyil, bədii növündən bəhs olunması verilmiş cavablardan da tam aşkardır. Testin digər variantlarına diqqət yetirdikdə də görünür ki, onların hamısı bədii film nümunələridir və adları qeyd olunan bədii filimlərdən (“Koroğlu”, “Dədə Qorqud”, “Babək”) heç biri ilə eyni adda sənədli filmi yoxdur. Lakin iddiaçı digər variantları təhlil edib testin düzgün cavabını müəyyən etmək əvəzinə, “D” variantını (“Nəsimi”) düzgün variant kimi seçmişdir. Digər tərəfdən test sualında iki düzgün cavabın verilməsinin mümkünsüzlüyü də iddiaçı tərəfindən qiymətləndirilməmişdir.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə

35. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3125/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar