Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-696/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi iddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1261/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ № 375256 Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X6 xx.xx.1984-cü ildə birgə nikaha daxil oluşlar. xx.xx.1994-cü il tarixli, XVİİ-ЖГ № 442917 Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X3, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. X16 Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2763 nömrəli arayışdan görünür ki, X7 elektrik vurma nəticəsində xx.xx.1996-cı ildə ölmüşdür. İddiaçının cavabdehə müraciət edərək mərhum övladı xx.xx.1993-cü il təvəllüdlü məhrum X4 ölüm akt qeydinə düzəliş edərək Sərdarın xx.xx.2002-ci il tarixdə "serebral iflic" xəstəliyindən vəfat etməsini göstərməsini xahiş etsə də, sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də, hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ölüm haqqında akt qeydində dəyişiklik edərək məhhum övladı xx.xx.1993-cü ildə doğulmuş X5 ölüm akt qeydinə düzəliş edilməklə ölüm tarixinin xx.xx.2002-ci il kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, övladı xx.xx.1993-cü il təvəllüdlü mərhum X8 xx.xx.2002-ci ildə serebral iflic xəstəliyindən vəfat etmişdir. Övladının ölüm akt qeydində ölüm tarixi xx.xx.1996-cı il qeyd edilmişdir. Həmçinin ölüm səbəbi cərəyan vurmadan olduğunu göstərmişlər. O, cavabdeh orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1261/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydaların” müvafiq bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının övladı xx.xx.1993-cü il təvəllüdlü mərhum X7 xx.xx.2002-ci il tarixdə, 9 yaşında "serebral iflic" xəstəliyindən vəfat etmişdir, lakin onun ölüm akt qeydində ölüm tarixi xx.xx.1996-cı il qeyd edilmişdir, ölüm səbəbi isə güya cərəyan vurmadan olduğunu göstərmişlər. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək övladı mərhum Sərdar Xıdırovun ölüm akt qeydinə düzəliş edərək Sərdarın xx.xx.2002-ci il tarixdə "serebral iflic" xəstəliyindən vəfat etməsini göstərməsini xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Buna görə də o, Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianı mümkün iddia kimi hesab edərək mahiyyət baxımından əsaslı olmamasını qeyd edərək hesab etmişdir ki, cavabdeh orqanın imtinası əsaslı olmuş və iddiaçının övladı mərhum Sərdar Xıdırovun ölüm akt qeydinə düzəliş edilərək ölüm tarixinin xx.xx.2002-ci il kimi qeyd edilməsi tələbi əsaslı hesab edilə bilməz. Lakin hansı səbəbə görə ölüm akt qeydinə düzəliş edilərək ölüm tarixinin xx.xx.2002-ci il kimi qeyd edilməsinin mümkün olmamasını heçnə ilə əsaslandırmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, övladı mərhum Sərdar Xıdırov uzun müddət "serebral iflic" xəstəliyindən əziyyət çəkərək həmin xəstəlikdən müalicə olmuşdur. Bunu qonşular, onu müalicə edən tibb bacısı da təsdiq edə bilər. Bundan başqa övladı mərhum Sərdar Xıdırov vəfat etdikdən sonra onun qəbrinin üstünə baş daşı qoyulmuş və həmin baş daşında onun ölüm tarixi xx.xx.2002-ci il tarix göstərilmişdir. Qəbir daşının fotoşəkili məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə buna heç bir qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin təmin edilməsini xahiş etdi. Prosessual məsələlər Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”:
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. ... Ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə müraciət edərək mərhum övladı xx.xx.1993-cü il təvəllüdlü mərhum X4 ölüm akt qeydinə düzəliş edərək Sərdarın xx.xx.2002-ci il tarixdə "serebral iflic" xəstəliyindən vəfat etməsini göstərməsini xahiş etsə də, sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də, hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının oğlunun ölüm haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəməninin sorğusuna əsasən Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-76- 2/2-125/2023 saylı məktubunun qeyd hissəsindən görünür ki, iddiaçının X8 adında xx.xx.1993-cü ildə oğlu dünyaya gəlmişdir. X1 Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 46 nömrəli verdiyi arayışda şəxsin xx.xx.1996-cı ildə cərəyan vurması səbəbindən vəfat etdiyi qeyd edilmişdir. Bundan başqa Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-76-2/2-135/2023 saylı məktubuna əlavə edilmiş təsərrüfat başına çıxarışdan görünür ki, X5 doğum tarixi xx.xx.1993-cü il kimi, ölüm tarixi isə xx.xx.1996-cı il kimi qeyd edilmişdir. Həmçinin Şəmkir Rayon X18 Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Şəmkir rayon, Çinarlı qəsəbəsi, İsmət Qayıbov küçəsində anadan olmuş X4 xx.xx.1993-cü il təvəllüdlü olması arxivdən tapılan 1993-cü il – Yenidoğulmuşlar jurnalından əldə edilmişdir. xx.xx.1996-cı ildə rəhmətə getməsi ilə bağlı Çinarlı ASM-də heç sənəd yoxdur. Ölüm tarixi isə xx.xx.2022-ci il tarixli, 46 nömrəli Cavabdeh tərəfindən verilmiş arayışla əsaslandırılmışdır. Bildirilir ki, X7 ilə bağlı Çinarlı qəsəbə ASM də başqa heç bir sənəd yoxdur. Göründüyü kimi iddiaçı hər nəqədər də, mərhum oğlu X4 xx.xx.2002-ci il tarixdə "serebral iflic" xəstəliyindən vəfat etdiyini iddia etsə də, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində əldə edilmiş sənədlərə X4 ölüm tarixinin xx.xx.1996-cı il olduğu müəyyən edilmişdir. Bundan başqa iddiaçı oğlu X4 “serebral iflic” xəstəliyindən əziyyət çəkdiyini qeyd etsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinin dəlillərində X4 vəfat etdikdən sonra onun qəbirinin üstünə baş daşı qoyulmuşdur və həmin baş daşında onun ölüm tarixi xx.xx.2002-ci il tarix göstərilmişdir. Qəbir daşının fotoşəkili məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə buna heç bir qiymət verməmişdir. Apellyatorunun şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilən fotoşəkildə həmin qəbrin kimə məxsus olması müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının övladı mərhum X4 ölüm akt qeydində ölüm tarixinin “xx.xx.1996-cı il”dən “xx.xx.2002-ci il”ə düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1261/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.