Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-762/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1356/2023 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının departament müdiri X3 və mütəxəssisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 089330 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktub ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranları üçün nəzərədə tutulmuş prezident təqaüdünün hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranıdır, xx.xx.2021-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müharibə veteranlarına ödənilən müavinəti ona ödəməmişdir. Bu səbəbdən də iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün xx.xx.2022-ci tarixli **********3 saylı məktubu ilə ərizəsinin təmin edilməsindən imtina etmiş və imtinasında "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa istinad ederək hazırda onun Azərbaycan Respublikasının vətəndaşı olmadığını və Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmadığını göstərərək, ərizəni təmin etməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1356/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, 2019-cu ilin aprelin 1-dən sonra müharibə veteranlarına prezident təqaüdü təsis edilmişdir və müharibə veteranı statusu olan hər bir şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Rusiya Federasiyası tərəfindən verilmiş pasportdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli həmin dövlətin pasportu ilə təmin edilmişdir. Veteran vəsiqəsi isə həmin tarixdən əvvəl, yəni xx.xx.2021-ci il tarixdə verilmişdir. Deməli, veteran vəsiqəsi veriləndə iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur və müvafiq təqaüdü almaq hüququ da həmin tarixdən yaranmışdır. Bununla belə qeyd edilməlidir ki, hətta veteran vəsiqəsi alarkən Azərbaycan Respublikasının vətəndaşı olmasaydı belə, bir halda ki, bu status Azərbaycan Respublikası tərəfindən iddiaçıya verilmişdir, deməli təqaüdü də almaq hüququ vardır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona müharibə veteranlarına verilən Prezident təqaüdünün təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iş üzrə icraat materiallarından İddiaçı xx.xx.2021-ci il tarixdə 76 ******* №-li Rusiya Federasiyasının pasportunu aldığı məlum olur. Etirazlarını irəli sürərkən vurğuladıqları normativ hüquqi aktlara əsaslanaraq, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün verilməsindən imtina edilməsini qanunauyğun hesab edərək qeyd edirlər ki, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən təqaüdün ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirlər ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 1356/2023 nömrəli qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı "müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"na dair iddiası təmin olunmamalıdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı:
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin şikayətinin dəlillərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçının sosial müavinət ödənilməsi tələbi ilə bağlı müraciətinə isə müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Əsas kimi isə Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona müharibə veteranlarına verilən Prezident təqaüdünün təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin tələbindən göründüyü kimi 2019-cu il aprelin 1-dən sonra müharibə veteranlarına prezident təqaüdü təsis edilmişdir və müharibə veteranı statusu olan hər bir şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 089330 nömrəli Müharibə veteranı vəsiqəsi verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Rusiya Federasiyası tərəfindən verilmiş pasportdan da görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli həmin dövlətin pasportu ilə təmin edilmişdir. Beləliklə, iddiaçı xx.xx.2021-ci il tarixdən Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Yuxarıdan qeyd olunanlardan göründüyü kimi, veteran vəsiqəsi verilən zaman iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur və təqaüdü almaq hüququ da həmin dövrdən yaranmışdır. Bundan başqa, şəxsə Azərbaycan Respublikası vətəndaşı olub-olmamasından asılı olmayaraq, hər bir halda Azərbaycan Respublikası tərəfindən müharibə veteranı statusu verilmişdirsə bununla da müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünü də almaq hüququ yaranır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan normaların tələblərini önə çəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1356/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.