Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-798/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Fariz oğlunun vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3518/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Fiziki şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçı ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. xx.xx.2022-ci il tarixli **********595200 nömrəli “Vergi ödəyicisinin fəaliyyətinin olubolmamasının yerində araşdırılması” haqqında xidməti məlumatda qeyd olunmuşdur ki, bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindən daxil olmuş **********389900 nömrəli xx.xx.2022-ci il tarixli məktuba cavab olaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 84 ünvanında vergi ödəyicisi İddiaçı (VÖEN **********) fəaliyyət göstərmədiyi, qeyd olunan ünvanda X2 (VÖEN **********) fəaliyyət göstərdiyi bildirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, 2021-ci il 12-ci ayın ƏDV-si üzrə xx.xx.2024-cü il yazılış tarixli azalma, hesablama əməliyyatları aparılmışdır. İddiaçı tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli şikayət məktubunda qeyd edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə heç bir qərar olmadan şəxsi hesab vərəqəsinə ƏDV 2021/12 dövrü üzrə 10746.41 manat vergi məbləği hesablanmışdır. Müvafiq dövr üzrə cari bəyannamə tərəflərindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Göründüyü kimi vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozaraq qərar olmadan şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə etmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixdə ƏDV 2021/12 dövrü üzrə 10746.41 manat hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması üçün göstəriş verilməsini xahiş edir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanlanmış 3-21-2-18/2-Ə1xx-xx/2024 nömrəli müraciətin cavablandırılması haqqında məktubunda göstərilmişdir ki, 2021-ci ilin dekabr ayı ƏDV bəyannaməsinə xx.xx.2024-cü il tarixdə tərəflərindən əlavə vergi hesablanmamış və bəyannamənin hər hansı bir hissəsində düzəliş edilmədiyi üçün kameral hesablama barədə qərar çıxarılmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində borcunun tərkibi dəyişdirilməmiş və əlavə vergi və yaxud faiz məbləğləri hesablanmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə 2022-ci ilin may ayı üçün dəqiqləşmiş ƏDV bəyannaməsi vermişdir. xx.xx.2024-cü il tarixli **********711100 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim olunmuş bəyannamədə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq dəqiqləşmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2022-ci ilin may ayı üzrə 77.326,88 manat əlavə dəyər vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********580600 nömrəli Qərarının ləğv edilməsi və xx.xx.2024- cü il tarixli yazılış qeydi ilə (qərarsız) 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə 10746,41 manat əlavə vergi məbləği ilə bağlı bildirilir ki, cavabdeh heç bir qərar olmadan əsassız olaraq sahibkarın şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə etmişdir. Qeyd olunanlarla bağlı xx.xx.2024-cü il tarixli **********291300 nömrəli məktubla vergi orqanına müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə 10.746,41 manat hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Sahibkar xx.xx.2022-ci il tarixli, **********168800 nömrəli ərizə ilə fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırmış və təsərrüfat subyektini icarəyə vermişdir. 2022-ci ilin may ayı üzrə online kassa və Pos-terminal məlumatlarından müəyyən olunur ki, müvafiq dövr üzrə faktiki olaraq fəaliyyət olmamışdır.Qeyd olunanlara baxmayaraq cavabdeh əsassız olaraq 2022-ci ilin may ayı üçün ƏDV üzrə vergi hesablamaları aparmışdır. Həmçinin bildirilir ki, vergi orqanı uyğunsuzluq məktubunda əsassız olaraq 2022-ci ilin gəlir vergisi üzrə apardığı kameral vergi yoxlamasını vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə kimi qeyd etmişdir. Vergi orqanı ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. Belə ki, vergi orqanı tərəfindən 2022-ci ilin may ayı üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 447845.00 manat məbləğ göstərilməsini vergi ödəyicisindəki uyğunsuzluqların olması qeyd olunmuşdur. Lakin 2022ci ilin may ayı üzrə online kassa və POS-terminal məlumatlarından müəyyən olunur ki, müvafiq dövr üzrə faktiki olaraq fəaliyyət və satış olmamışdır. ƏDV üzrə vergi dövrü təqvim ayıdır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3518/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə (qərarsız) 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3518/2024 qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10.746,41 manat əlavə dəyər vergisi məbləğinin İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergi ödəyicisi və vergitutma elementləri müəyyən edilmiş olsun. Vergitutmanın elementlərindən biri də vergi dövrüdür. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümümi dəyərindən ibarətdir. Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Göründüyü kimi vergi orqanı tərəfindən əlavə dəyər vergisinin hesablandığı 2022-ci ilin may ayında iddiaçı vergi ödəyicisi kimi fəaliyyət göstərməmiş, təqvim ayında ərzində vergitutma əməliyyatı həyata keçirməmişdir. Lakin vergi orqanı 2022-ci ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin may ayında vergi ödəyicisinin heç bir əməliyyat həyata keçirmədiyini nəzərə almamışdır. Məhkəmə cavabdehin etirazının əsası kimi göstərdiyi 2022-ci ilin may ayı üzrə ƏDVnin məhz iddiaçının özünün təqdim etdiyi bəyannaməyə əsasən hesablanması ilə bağlı qeyd edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İddianın tələbinin xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi hissəsinə gəldikdə isə məhkəmə aşağıdakılar qeyd etmişdir. İşin hallarından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. Daha sonra 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 10746.41 manat ƏDV hesablanması barədə əməliyyat həyata keçirilmiş, lakin bununla bağlı cavabdeh orqan tərəfindən heç bir qərar qəbul edilməmişdir. Halbuki cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablanmış, heç bir qərar olmadan əsassız olaraq iddiaçının şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə edilmişdir. Qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması qanunvericiliyin göstərilən tələblərinə ziddir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması, mümkün sayılacağı halda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən xx.xx.2024cü il tarixli **********711100 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” İddiaçı göndərilmişdir. Cəmiyyət tərəfindən qanunla müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubdakı göstərilən hallar aradan qaldırılmamışdır. İddiaçının may ayı ərzində fəaliyyəti olmadığı halda onun barəsində vergi öhdəliyinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin gəldiyi mövqe də əsaslı deyil. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı tərəfindən 2021 və 2022-ci illər üzrə aparılmış vergi tutulan əməliyyatlarla bağlı həyata keçirilən təhlillər zamanı bir sıra kənarlaşmalar olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının özü tərəfindən təqdim edilmiş 2021-ci ilin cari gəlir vergisi bəyannaməsində ilin sonuna 447845 manat dəyərində mal qalığı göstərilmişdir. Sonradan 2022-ci il üzrə cari gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. VM-nin 32.4-cü maddəsinə görə vergi nəzarəti bir sıra üsullarla həyata keçirilir. Onlardan biridə əlaqəli məlumatların təhlil edilməsi üsuludur. Məhz vergi orqanı tərəfindən əlaqəli məlumatlar (Hesabat/axtarış məlumatları) təhlil edilmiş, nəticədə müəyyən edilmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyekt kodu **********-23001 olan Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında yerləşən təsərrüfat subyektində-mağazada başqa vergi ödəyicisi X4 (VÖEN:**********) fəaliyyət göstərir. “Vergi ödəyicisinin obyekti barədə məlumat”dan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında adına vergi orqanında təsərrüfat subyekti qeydiyyata aldıraraq həmin ünvanda sahibkarlıq fəaliyyətinə başlamışdır. Həmçinin Gəncə şəhəri, Ş.İ.Xətai pr-ti 84 ünvanında vergi orqanı tərəfindən həyata keçirilən müşahidə-baxış hərəkəti ilə də sözügedən ünvanda X2 fəaliyyət göstərməsi müəyyən olunmuşdur. İddiaçının fəaliyyətinin dayandırıldığı dövrdən sonra-2022-ci ilin aprel, may, iyun aylarının ƏDV bəyannamələrinin dövriyyəsiz təqdim edilməsi, həmçinin xx.xx.2022-ci il tarixli **********445500 nömrəli “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında ərizə əsasında xx.xx.2022-ci il tarixdən İddiaçı fəaliyyət göstərdiyi obyektdə digər vergi ödəyicisi-X2 fəaliyyət göstərməsi xüsusatları İddiaçı mal qalığının (yəni 2021-ci ilin cari gəlir vergisi bəyannaməsində ilin sonuna 447845 manat göstərdiyi mal qalığının) tam olaraq may ayında təqdim edilməsi kimi qiymətləndirilmiş və qalıq mala münasibətdə əskik gələn dövriyyə üzrə 2022-ci ilin may ayı üzrə ƏDV hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən, həmçinin VM-nin 67.15-ci maddəsindəki hüquqi tənzimləmədən belə nəticə hasil edilir ki, vergi orqanı tərəfindən vergi tutulan əməliyyatların vaxtı düzgün olaraq 2022-ci ilin may ayı qəbul edilmişdir. Malın vergi ödəyicisinin sahibliyində aşkar edilməməsi xüsusatına görə qeyd olunur ki, mallar bir əqd əsasında təqdim edilmiş hesab edilir. Belə olan halda birinci instansiya məhkəməsinin istinad etdiyi dəlil, yəni 2022-ci ilin may ayında iddiaçı hər hansı əməliyyat həyata keçirmədiyinə görə barəsində vergi öhdəliyinin müəyyən edilməsinin mümkünsüzlüyü dəlili əsaslı və qanuni hesab edilməməlidir. Göründüyü kimi, İddiaçı 2021ci ilin gəlir vergisi bəyannaməsində göstərdiyi 447845 manat mal qalığı onun tərəfindən sonradan dövriyyə məlumatlarında əks olunmamış, həmçinin faktiki olaraq sahibliyində də müəyyən edilməmişdir. Bu mənada 2021-ci ilin gəlir vergisi bəyannaməsində iddiaçının özünün göstərdiyi 447845 manat məbləğində dövriyyə məlumatı iddiaçı üçün vergi öhdəliyinin formalaşmasına əsas verən vergitutma obyekti kimi çıxış etmişdir. İddiaçının may ayı ərzində fəaliyyəti olmadığı halda onun barəsində vergi öhdəliyinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin gəldiyi mövqe də əsaslı deyil. Qeyd olunur ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrdə onun barəsində vergi öhdəliyinin müəyyən edilməsini istisna edən vergi qanunvericiliyində hər hansı imperativ norma mövcud deyil. Qeyd edilir ki, cavabdeh tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 13 iyul 2024- cü il tarixdə cavabdeh inzibati orqana 2022-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş “ƏDV” bəyannaməsi təqdim etmişdir. 16 iyul 2024-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub İddiaçı göndərilmiş və 5 iş günü ərzində müvafiq sənədlərin (dəqiqləşdirilmiş bəyannamə) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Nəticədə sənədlər təqdim edilməmiş və cavabdeh tərəfindən 24 iyul 2024-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdir. Vergi orqanı olaraq 12 saylı ƏVBİ tərəfindən qeyd edilən müddət axımına əməl edilmiş və 30 iş gününü keçmədən xx.xx.2024-cü il tarixli **********288300 nömrəli qərar qəbul olunmuşdur. 10746.41 manat əlavə dəyər vergisinin şəxsi hesab vərəqəsindən silinməsinə dair hissədə də məhkəmə yanlış hüquqi mövqe ifadə etmişdir. Qeyd olunur ki, iddiaçının şəxsi hesab vərəqəsindəki əks olunmuş 2021-ci ilin dekabr ayını əhatə edən 10746.41 manat məbləğindəki vergi borcu müvafiq qərar əsasında formalaşmış vergi öhdəliyidir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus şəxsi hesab vərəqəsində əks olunmuş əməliyyat daxilində vergi orqanı hər hansı əlavə hesablama aparmamış, borcun tərkibini dəyişməmiş, əlavə faiz məbləğləri hesablamamış və kameral vergi yoxlamasının nəticəsi olaraq hər hansı inzibati akt qəbul etməmişdir. Şəxsi hesab vərəqəsində əks olunmuş 10746.41 manat məbləğində vergi borcu 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi olmaqla cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında hesablanmışdır. Cavabdeh tərəfindən 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi ilə bağlı yeni inzibati akt qəbul edilməmişdir. Eləcə də “İnzibati icraat haqqında” qanunun tələblərinə görə xx.xx.2022-ci il tarixli **********222200 qərarın qüvvədən düşmüş hesab edilməsinə dair vergi orqanı tərəfindən hər hansı hüquqi hərəkət edilməmiş, iddiaçıya adı çəkilən qərarın qüvvədən düşməsi barədə məlumat verilməmişdir. Yəni göründüyü kimi, qüvvədə olan inzibati akt əsasında hesablanmış vergi öhdəliyi şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus olan şəxsi hesab vərəqəsində dekabr 2021-ci il ƏDV üzrə aparılan hərəkət (məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi hərəkəti) hər hansı əlavə hesablama məqsədi ilə aparılmamış, bu əməliyyat həmin bəyannamədə olan, vergi öhdəliyi yaratmayan uçot-baza məlumatlarında yaranmış təkrar uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə həyata keçirilmişdir. Eləcə də məhkəmə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli Qərardadını da yanlış tətbiq etmişdir. Bununla bağlı olaraq Gəncə İnzibati Məhkəməsi qeyd etmişdir ki, “vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.” Məhkəmənin gətirdiyi bu arqumentlə bağlı bildirilir ki, xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqində əks olunmuş 10746.41 manat vergi məbləği xx.xx.2022-ci il tarixdə keçirilmiş kameral vergi yoxlaması nəticəsində hesablanmış məbləğin bərpa edilməsinə görə iddiaçıya məxsus vərəqəyə işlənilmişdir. Yəni sözügedən məbləğ xx.xx.2022-ci ildə aparılmış kameral vergi yoxlaması nəticəsində formalaşmışdır. Həmçinin xx.xx.2020-ci il tarixli Qərardadda məhkəmə kollegiyası şəxsi hesab vərəqədə aparılan “dürüstləşdirmə” əməliyyatının məqsədinin vergi öhdəliyinin müəyyən edilməsi olmadığını göstərmişdir. Cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində aparılmış əməliyyatın da məqsədi yeni vergi öhdəliyinin yaranması ilə bağlı olmamışdır. Sözügedən qərardadın 55ci bəndində qeyd olunmuşdur ki, ”vergi orqanının “dürüstləşdirmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Bu mənada bildirilir ki, iddiaçıya məxsus uçot sənədindəki (şəxsi hesab vərəqəsi) dürüstlüyü təmin etmək, yəni texniki xəta olaraq təkrar yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə qüvvədə olan xx.xx.2022-ci il tarixli **********222200 qərarla mövcud olan, xitam verilməmiş vergi öhdəliyinə dair məlumat - 10746.41 manat məbləğ şəxsi hesab vərəqəsində əks etdirilmişdir. Məhz bu səbəbdən yeni inzibati aktın qəbul edilməsinə ehtiyac olmamışdır. Yuxarıda qeyd edilən işin faktiki hallarına və vergi qanunvericiliyinin müddəalarına əsasən xx.xx.2024-cü il tarixli e-2-1(114)-3518/2024 nömrəli qərar maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. 10746.41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin mümkün hesab edilməməsi ona görə məhkəmədən xahiş edilmişdir ki, iddiaçı düzgün iddia növü seçməmişdir iddia tələbinin (10746.41 manat məbləğindəki vergi borcunun silinməsi hissəsində) mümkünsüzlüyünə dair Gəncə İnzibati Məhkəməsinə cavabdeh tərəfindən təqdim olunan vəsatətdə bildirilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindəki əks olunmuş 2021-ci ilin dekabr ayını əhatə edən 10746.41 manat məbləğindəki vergi borcu müvafiq qərar əsasında formalaşmış vergi öhdəliyidir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus şəxsi hesab vərəqəsində aparılmış əməliyyat daxilində vergi orqanı hər hansı əlavə hesablama aparmamış, borcun tərkibini dəyişməmiş, əlavə faiz məbləğləri hesablamamış və kameral vergi yoxlamasının nəticəsi olaraq hər hansı inzibati akt qəbul etməmişdir. Şəxsi hesab vərəqəsində əks olunmuş 10746.41 manat məbləğində vergi borcu 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi olmaqla cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında hesablanmışdır. Hal hazırda həmin qərar qüvvədədir. Cavabdeh tərəfindən 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi ilə bağlı yeni inzibati akt qəbul edilməmişdir. Lakin xx.xx.2022-ci il tarixli **********222200 nömrəli qərar əsasında yaranmış 10746.41 manat məbləğində verginin yenidən şəxsi hesab vərəqəsində əks olunması ilə bağlı hərəkət “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmədiyindən inzibati akt kimi qiymətləndirilə bilməz. Həmçinin bildirilir ki, 10746.41 manat məbləğində verginin şəxsi hesab vərəqəsində bərpa edilməsi ilə bağlı hər hansı icraat aparılmamış, yenidən kameral vergi yoxlaması keçirilməmişdir. Qeyd olunanlardan belə nəticə hasil olunur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməmiş və əlverişli iddia növündən istifadə etməmişdir. Bu baxımdan 10746.41 manat məbləğində verginin şəxsi hesab vərəqəsindən silinməsinə dair iddia tələbinə mahiyyəti üzrə baxıb qərar çıxarmaqla məhkəmə İPM-nin 35-ci, “İnzibati icraat haqqında Qanun”un 2.0.2-ci maddələrinin, habelə Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının tələblərini pozmuşdur. Bu baxımdan hesab edilir ki, iddiaçının 10746.41 manat məbləğində verginin şəxsi hesab vərəqəsindən silinməsinə dair tələbi mümkün hesab edilməməli idi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini xahiş edərək əlavə olaraq bildirdi ki, cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2021-ci il 12-ci ayın ƏDV-si üzrə iddiaçıya həmin dövr üzrə 10746.41 manat vergi məbləği hesablanan zaman hər hansı qərar qəbul edilməmişdir. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh orqanın xx.xx.2024- cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı 2022-ci ilin may ayı üzrə 77.326,88 manat əlavə dəyər vergisi hesablanmışdır, həmçinin cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2021-ci il 12-ci ayın ƏDV-si üzrə iddiaçıya həmin dövr üzrə 10746.41 manat vergi məbləği hesablanmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək həmin qərarın və şəxsi hesab vərəqəsinə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir. Məhkəmə kollegiyası ilk növbədə ləğvi tələb olunan qərara münasibətdə qeyd edir ki, vergilərin müəyyən edilməsini əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən vergi o halda müəyyən edilmiş hesab oluna bilər ki, bu zaman vergi ödəyicisi və vergitutma elementləri müəyyən edilmiş olsun. Bunlar vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası verginin ödənilməsi qaydası və müddətindən ibarət olan elementlərdir. Qeyd edilməlidir ki, kameral qaydada əlavə dəyər vergisi məbləği hesablanarkən təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2022-ci ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-ni çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Vergi orqanının iddiaçıya kameral qaydada hesabladığı ƏDV 2022-ci ilin may ayı üçün hesablanmışdır. Lakin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Vergi orqanı isə iddiaçı barəsində 2022-ci ilin may ayı üçün əlavə dəyər vergisi hesablayan zaman iddiaçının həmin dövrdə fəaliyyət göstərməməsini, həmin təqvim ayı ərzində vergi tutma əməliyyatının həyata keçirməməsini nəzərə almadan mübahisələndirilən inzibati aktı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2022-ci ilin may ayında, yəni təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirmədiyindən vergi orqanı əsassız qərar qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin 2022-ci ilin may ayı üzrə ƏDV-nin məhz iddiaçının özünün təqdim etdiyi bəyannaməyə əsasən hesablanması ilə bağlı arqumentinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı olmaları və inzibati icraat haqqında qanunvericiliyə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olması, inzibati orqanın maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməməsi, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlməsi ilə bağlı mövqeyi ilə razılaşaraq bunu haqlı hesab edir. Beləliklə yuxarıda qeyd edilən hüquq normalarından və sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır. Cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2021-ci il 12-ci ayın ƏDV-si üzrə iddiaçıya həmin dövr üzrə 10746.41 manat vergi məbləği hesablanması gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün Ali Məhkəmənin İnzibati Kollegiyası “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli Qərardadına istinad etməyi zəruri hesab edir. ….inzibati orqanların şəxslərlə münasibətləri inzibati icraat institutu ilə tənzimlənir və bu hüquqi tənzimləmədən kənarda hərəkət etmələrinə və tədbir görmələrinə yol verilmir. Bu baxımdan vergi orqanının apardığı dürüstləşmə əməliyyatı da belə tənzimlənməyə tabe tutulan inzibati fəaliyyətin tərkib hissəsidir. Ona görə də, həmin fəaliyyət qanunçuluq tələblərinə cavab verməlidir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati orqanlar təkcə inzibati akt formasında deyil (1.1-ci maddə), həm də faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi formasında (1.2-ci maddə) da hərəkət edirlər. Kollegiya qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. ..., “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir. ... Hər hansı normativhüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdehin qeyd edilən hərəkətləri nəticəsində iddiaçı barəsində əlavə vergi öhdəliyi yaranmış, qeyd edilən əməliyyat mövcud vergi borcu ilə bağlı uçot məlumatın dəqiqləşdirilməsi, texniki xətanın aradan qaldırılması, bununla bağlı vəzifənin düzgün icrasının təmin edilməsi ilə bağlı olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdehin iddiaçı barəsində həyata keçirdiyi əməliyyat “dürüstləşmə” əməliyyatı kimi mövcud olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilənlərə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. Bundan sonra vergi orqanı tərəfindən heç bir qərar qəbul edilmədən 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 10746.41 manat ƏDV hesablanması barədə əməliyyat həyata keçirilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi kollegiyanın sualına cavab verərək bildirmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2021-ci il 12-ci ayın ƏDV-si üzrə iddiaçıya həmin dövr üzrə 10746.41 manat vergi məbləği hesablanan zaman hər hansı qərar qəbul edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində həyata keçirdiyi əməliyyatlar ilə bağlı və onun nəticəsi olaraq iddiaçı barəsində vergi borcu öhdəliyinin yaranmasına dair hərəkətləri qanunazidd olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3518/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-798/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-798/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver