Məhkəmə qərarları › İş №2-1(104)-89/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-89/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-89/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin ona aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)- 3336/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sertifikatlaşdırma məlumatları barədə elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 29 bal toplayaraq test imtahanından müvəffəqiyyət əldə etməmişdir.

2. İddiaçı təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə sonuncu tərəfindən cavab olaraq xx.xx.2024-cü il tarixli VM24011396 nömrəli məktubla bildirilmişdir ki, üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1(bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/2-1130/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 08 iyun 2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 29 bal toplayaraq uğur qazanmamışdır.

4. Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-39/2-77/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Şəxsi kabinet”inə təkrar sertifikatlaşdırmada iştirakı ilə əlaqədar bildiriş göndərilmişdir. Qaydalara uyğun olaraq 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçı isə sertifikatlaşdırma zamanı 59 yaşı olduğu üçün sertifikatlaşdırmada iştirakı məcburi idi. Qaydalara uyğun olaraq sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etməlidirlər. Uğur qazanmamış şəxslərin təkrar sertifikatlaşdırmada iştirakı zamanı könüllülük prinsipi gözlənilmir və uğur qazanmayan şəxslərin təkrar sertifikatlaşdırmada iştirakı məcburidir. Əlavə olaraq bildiririk ki, İddiaçı sertifikatlaşdırmada və təkrar sertifikatlaşdırmada iştirakdan imtinaya dair hərhansı müraciəti olmamışdır. İddiaçı sertifikatlaşdırmanın və təkrar sertifikatlaşdırmanın test mərhələsində uğur qazanmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texiki təmayüllü məktəb-liseydə keçirilən sertifikatlaşdırılma imtahanının nəticələrinin İddiaçı aid hissədə etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1986-1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ümumi texniki fənlər və əmək" ixtisası üzrə təhsil almışdır. 1990cı ildən Qazax rayonu Aslanbəyli kənd tam orta məktəbində əmək fəaliyyətinə başlamış, 1992-ci ildən isə həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar olaraq imtahana dəvət olunmuşdur. Kənd ümumi təhsil müəssisələrinin şəhər ümumi təhsil müəssisələri kimi texniki invertarlarla təmin olunmaması və kənd yerlərində komputer, internet avadanlıqlarının nisbətən zəif inkişaf etməsi, eyni zamanda mənimdə komputerlə işləmə bacarıqlarının yaxşı olmaması səbəbindən suallarda olan düzgün variantların seçilməsi və digər səbəblərə görə ilk imtahanda uğur qazana bilməmişdir. Təkrarən kurslara qoşulub komputerlə işləmə bacarıqlarını yaxşılaşdırmışdır. Belə ki, 2024-cü ildə 60 yaşının tamam olmasına baxmayaraq razılığı olmadan 08 iyun 2024-cü il tarixdə yenidən təkrar imtahanda iştirak etmək üçün yenidən cavabdeh tərəfindən bildiriş göndərilmişdir. 08 iyun 2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseydə keçirilən imtahanda onun üçün müəyyən edilmiş yerdə əyləşmişdir. İmtahan başladıqda digər imtahan iştirakçıları FİN kodlarını yazaraq imtahan prosesinə başlasalar da, onun FİN kodunu sistem qəbul etməmişdir. Həmin vaxt nəzarətçilərin köməkliyinin də hər hansısa bir faydası olmamışdır. Daha sonra imtahan nəzarətçisi mərkəzlə danışaraq şəxsiyyət vəsiqəsinin şəklini çəkib mərkəzə göndərmış, təxminən 15-20 dəqiqə keçdikdən sonra nəzarətçiyə məlumat verildikdə onun FİN kodunu imtahan zalında olan başqa bir komputerdə sistemə daxil edərək imtahana başlamışdır. Həmin vaxt orda olan şəxslərdən biri ona məlumat vermişdir ki, onun 60 yaşı tamam olduğu üçün əvvəlcədən razılıq məktubu olmalı idi. Olmadığına görə yenidən qeydiyyata alıb onu imtahana qoşmuşlar. İlk imtahanda komputerlə işləmək bacarığının yaxşı olmaması səbəbindən nəticə əldə edə bilmədiyinə görə növbəti imtahanda da, yenidən komputerdə yaranmış texniki problem onsuzda həyəcanlı vəziyyətini daha da artırmışdır. İkinci imtahanda isə 29 bal toplaya bilmişdir. Belə ki, imtahan müddəti 120 dəqiqə, imtahan suallarının sayı isə 60 sual olaraq yəni 1 sual üçün 2 dəqiqə vaxt müəyyən edilmişdir. Onun da 29 bal toplamağını nəzərə alarsaq həmin 10 sualı cavablandıra bilsəydi təbii ki, keçid üçün müəyyən edilmiş 30 balı keçmiş olardı. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə imtahanın nəticələri ilə bağlı 11 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən göndərilmiş 13 iyun 2024-cü il tarixli formal xarakter daşıyan məktubda qeyd edilmişdir ki, "üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdir. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir". Bildirmək istəyir ki, cavabdehin məktubu ümumi xarakter daşıyan, standart cavabdır. Cavabdeh ondan asılı olmayan səbəblərə görə imtahanda yaranmış texniki qüsura, 60 yaşının tamam olması səbəbi ilə imtahanda könüllü iştirak etmək məsələsinə münasibət bildirməmişdir.

7. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texiki təmayüllü məktəb-liseydə keçirilən sertifikatlaşdırılma imtahanının nəticələrinin İddiaçı aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-3336/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva ) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına dair 1.5-ci bənd Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalara əlavə edilənədək artıq iddiaçı əvvəlki uğursuz nəticəsinə görə sertifikatlaşdırmaya cəlb edilənlərin siyahısına daxil edilərək, onun şəxsi kabinetinə bildiriş (imtahan barədə məlumatlar) göndərilərək, imtahana cəlb edilmişdir. İddiaçının özü də bu halı (60 yaşının tamam olmasını və imtahanda iştirak etmək istəməməsini) imtahana qədər cavabdeh Nazirliyə bildirməmiş, yalnız imtahanda uğursuz nəticə əldə etdikdən sonra bu halı mübahisələndirmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri

10. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-3336/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ilkin sertifikatlaşdırma imtahanının hüquqi qüvvəsi olsaydı ikinci şans verilməzdi. Bununla yanaşı iddiaçı ilə yaşda olub imtahanda iştirak etmədən öz fəaliyyətlərinə davam edən şəxslər vardır. Həmçinin məhkəmə iddiaçı kompüterdən istifadə qaydalarını bilmədiyini, 6 dəqiqə ərzində keçirdiyi psixoloji sarsıntını nəzərə almadan və həmin psixoloji sarsıntıların imtahan nəticəsinə təsirini müəyyən etmək üçün ekspertiza təyin etmədən yekun qərar qəbul etmişdir.

b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 28.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”: 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 2.5. Sertifikatlaşdırma Şurası: 2.5.6. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir; 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. 4.1. Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərir. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir.

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqan tərəfindən 2023-cü ildə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar keçirilən imtahanda minimum keçid balını (30 bal) toplaya bilməmiş (22 bal toplamışdır), bu səbəbdən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinə cəlb olunmuş, 08 iyun 2024-cü il tarixdə keçiriləcək test imtahanına bildiriş vasitəsilə dəvət olunmuş, həmin imtahanda iştirak etmiş və yenidən keçid balını (30 bal) toplaya bilməmiş (29 bal toplamışdır), beləliklə imtahandan müvəffəqiyyət əldə etməmişdir.

21. İddiaçının təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ləğv edilməsi ilə bağlı cavabdehə etdiyi müraciətin müsbət icrasından sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli VM24011396 nömrəli məktubla imtina edilmişdir.

22. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı xx.xx.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texiki təmayüllü məktəb-liseydə keçirilən təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin ona aid hissədə ləğv edilməsinə nail olmaqdır. Belə ki, o hesab edir ki, təkrar sertifikatlaşdırma imtahanının keçirildiyi tarixdə 60 yaşı tamam olduğu üçün cavabdeh orqan onu sertifikatlaşdırmaya cəlb etməklə yanlışlığa yol vermişdir.

23. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin etməmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “ilkin sertifikatlaşdırma imtahanının hüquqi qüvvəsi olsaydı ikinci şans verilməzdi” halının nəzərə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci maddəsinə əsasən, sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Göründüyü kimi təkrar sertifikatlaşdırma imtahanının keçirilməsi halı qanunvericiliklə müəyyən olunmuşdur. Həmin hal- sertifikatlaşdırmadan keçməmə halı iddiaçıya münasibətdə mövcud olduğundan qanunvericiliklə müəyyən olunmuş qayda ona tətbiq edilmişdir. Belə olan halda apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

25. Apellyasiya şikayətinin növbəti -iddiaçı ilə eyni yaşda olub imtahanda iştirak etmədən öz fəaliyyətlərinə davam edən şəxslərin olması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür (“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3-1-ci və Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.5-ci maddələri). Hazırki iş üzrə iddiaçı ilkin sertifikatlaşdırma imtahanında 59 yaşında iştirak edərək müvəffəqiyyət əldə edə bilməmiş, nəticədə növbəti il 60 yaşında təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli olmuşdur. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan təkrar sertifikatlaşdırma imtahanında iştirak üçün iddiaçıya bildiriş təqdim etmiş, iddiaçı təkrar sertifikatlaşdırmada iştirakdan imtinaya dair hər-hansı müraciət etməmiş, imtahanda iştirak etmiş, yalnız müvəffəqiyyət əldə etmədikdən sonra hazırki tələblə əvvəl cavbabdehə, sonra isə məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda nəticəsi mübahisələndirilən və iddiaçının 60 yaşında iştirak etdiyi sertifikatlaşdırma imtahanı iddiaçı üçün ilkin deyil, təkrar imtahan olmuşdur. İddiaçı hesab edir ki, onun 60 yaşı olduğundan həmin imtahanda iştiraka cəlb edilməməli idi. Məhkəmə kollegiyası bu hissədə də iddiaçı tərəfin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Qanunvericiliyin məğzindən görünür ki, yalnız ilkin imtahanda iştirakın könüllülüyü 60 yaşla şərtləndirilir.

27. Apellyasiya şikayətinin digər dəlili iddiaçının kompüterdən istifadə qaydalarını bilməməsi və 6 dəqiqə ərzində keçirdiyi psixoloji sarsıntının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının imtahana 6 dəqiqə gec başlaması imtahan üçün ayrılmış 3 saat vaxtdan çıxılmamışdır. Belə ki, imtahan üçün ayrılmış müddət iddiaçı tərəfindən monitorda “Təlimatı təsdiq et və imtahana başla”nı kliklədikdən sonra başlamış, iddiaçı vaxtın başladığını monitorda görmüşdür. Həmçinin zal nəzarətçiləri tərəfindən “İmtahana başla”nı kliklədikdən sonra ona ayrılmış vaxtın başlayacağı bildirilmişdir. İddiaçı imtahana başlamazdan əvvəl imtahan müddətində kompüterdən istifadəyə dair yetəri qədər məlumatı özündə əks etdirən Təlimatla tanış olmuş, həmin Təlimatla tanış olmasını təsdiq etdikdən sonra imtahan suallarını əks etdirən pəncərə açılmışdır.

28. Odur ki, iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə

29. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-3336/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar