Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1048/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-2918/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 18 sentyabr 2023-cü il tarixdən İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanına qeydiyyata alınmış, daha sonra onun ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 77,56 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasını xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-292668/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, VEMTAS-a daxil edilmiş **********23201 nömrəli müraciət əsasında sistem tərəfindən İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 77,56 manat məbləğində sosial yardım təyin edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ailəsinə xx.xx.2023-xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı minimum maaşla işləyir, sosial işçidir, daimi ünvanlı dövlət sosial yardım alır. Onun övladı X1 əyani ali təhsil alır və iddiaçı övladını təkbaşına böyüdür. Keçmiş həyat yoldaşı övladı körpə olan zaman məhkəmə qərarı ilə atalıq hüququndan məhrum edilmişdir. 2022-ci ilin son aylarında onların xəbəri olmadan onlar Abşeron rayonu Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən də ünvanlı dövlət sosial yardımı ala bilməmişlər. 2023-cü ilin sentyabr ayında yenidən həmin ünvana qeydiyyata alınmış, oktyabr ayında isə şəxsiyyət vəsiqələri aktivləşmişdir. Bundan sonra o, cavabdeh orqana müraciət etsə də, ona keçmiş dövr üçün ünvanlı dövlət sosial yardım təyin olunmamışdır. Bununla bağlı o, keçmiş dövr üçün, yəni xx.xx.2023-xx.xx.2023-cü tarixədək ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının vəsatəti təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh iddia yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı ailəni təmsil edən şəxs qismində ailənin ünvanlı sosial yardımın alınması ilə bağlı VEMTAS-a daxil etdiyi 10 oktyabr 2023-cü il tarixli, **********23201 nömrəli müraciəti əsasında sistem tərəfindən avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.22-ci bəndinə uyğun olaraq 2 nəfərdən ibarət ailəyə 01 noyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Beləliklə, iddiaçıya sözügedən müraciəti nəzərə alınaraq cavabdeh tərəfindən 77,56 manat məbləğində ünvanlı sosial yardım təyin edilmiş və bu barədə təmsilçisinin qeyd etdiyi əks əlaqə vasitəsinə məlumat göndərilmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciəti əsasında ona qanunvericiliyin tələblərinə uyğun səkildə ünvanlı dövlət sosial yardımını təyin etmişdir. İddiaçının sözügedən müraciətindən əvvəlki, yəni 03 avqust 2021-ci il tarixli **********48601 nömrəli müraciətinə Qaydaların 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması səbəbindən imtina verilmişdir. 2021-ci il üçün ölkə üzrə təsdiq olunmuş yaşayış minimumun məbləği 196 manat təşkil etdiyindən, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 29.4 manat (196x15%=29.4) olduğu halda, iddiaçının ailəsinin adambaşına düşən təkcə rabitə xərclərinin məbləği 36 manat təşkil etmişdir. Bu isə iddiaçıya verilmiş imtinanın qanunauyğunluğunu təsdiq etmiş hesab olunur. Beləliklə, iddiaçının iddia tələbi 01 yanvar 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilərək ödənilməsi olsa da, 03 avqust 2021-ci il tarixdən (imtina tarixi) 01 noyabr 2023-cü il tarixədək (təyinat tarixi) VEMTAS-a müraciəti olmamışdır. Müraciət etdiyi tarixdən isə VEMTAS tərəfindən 77,56 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya 01 yanvar 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsinin mümkün olmamasının səbəbi iddiaçının VEMTAS-a müraciət etməməsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət etməsinin ilk şərti şəxsiyyətini təsdiq edən sənədinin olmasıdır. İddiaçının şəxsiyyət vəsiqəsi olmaması səbəbindən müraciət zamanı tələb olunan ərizəni notarial qaydada təsdiq etməsi mümkün olmamışdır. Bu hal aradan qaldırıldıqda isə iddiaçıya xx.xx.2023-cü il tarixdən VEMTAS tərəfindən sosial yardım təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-2918/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 01 yanvar 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsinin mümkün olmamasının səbəbi iddiaçının VEMTAS-a müraciət etməməsi olmuşdur. İddiaçı VEMTASa müraciət edə bilməməsi səbəbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin müvafiq polis idarəsinin inzibati binasından çıxarıldığından iddiaçının və oğlunun şəxsiyyət vəsiqələri deaktiv olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Göründüyü kimi qanunverici ünvanlı sosial yardımın təyin edilmə vaxtını müraciət etmə anından müəyyən etmişdir və əvvəlki dövr üçün ünvanlı sosial yardımın təyin edilmə imkanlarını nəzərdə tutmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2006-cı ildən 15 dəfə ÜDSY almışdır. Bu da onu sübut edir ki, iddiaçının bu növ sosial müavinəti almağa hüququ vardır. Qanunvericiliklə sosial müavinətlər müraciətdən əvvəlki 3 illik dövr üzrə vətəndaşa ödənilir. Bu baxımdan hesab edir ki, onun ailəsinə keçmiş 10 aylıq dövr üzrə ÜDSY ödənilməlidir. Oğlu və özünün şəxsiyyət vəsiqələrinin deaktiv olduğunu biləndən dərhal sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmə hər ikisinin də iddialarını təmin etmişdir. Abşeron Rayon Polis İdarəsində hər iksinin şəxsiyyət vəsiqələri aktivləşdirilmişdir. O lazımı sənədləri toplayıb 10 oktyabr 2023cü il tarixdə VEMTAS-a ÜDSY üçün müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları İnzibati Prosessual Məcəllə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 10 aylıq dövr üzrə ünvanlı dövlət sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan müddət ərzində iddiaçı tərəfindən bununla bağlı cavabdeh orqana müraciət edilmədiyi halına istinad edərək cavabdehin imtinasını əsaslı saymaqla, iddanı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: Yuxarıda əks olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndindən görünür ki, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. “Notariat haqqında” Qanununun 35-ci maddəsi isə müəyyən edir ki, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Sadalanan hüquq normalarının qarşılıqlı təhlilindən aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardım onu almaq hüququ olan şəxs tərəfindən edilən müraciət (ərizə) əsasında təyin edilir. Başqa sözlə, bu müraciət ÜDSY-nin təyin edilməsi ilə bağlı inzibati icraatın başlanması üçün əsasdır. Hansı ki, bu ərizə notariat qaydasında təsdiq edilməlidir. Ərizənin notariat qaydasında təsdiq edilməsi üçün isə bir qayda olaraq müraciət edən şəxsin etibarlı şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilməmiş, bunun səbəbi isə iddiaçı və onun ailə üzvü olan oğlunun qeydiyyatda olduqları Abşeron rayonu Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarıldıqlarından şəxsiyyət vəsiqələrinin deaktiv olması olmuşdur. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçı və onun ailəsinin pasport qeydiyyatları bərpa edilərək şəxsiyyət vəsiqələri aktiv edilmiş, cavabdeh orqana növbəti müraciəti əsasında onlara xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən dövr ərzində ÜDSY-nin təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmədiyindən hazırkı halda cavabdehin keçmiş dövr üzrə ÜDSY-nin ödənilməsinə dair öhdəliyi də yoxdur. Bu baxımdan, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir. Odur ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-2918/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1048/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1048/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver