Məhkəmə qərarları › İş №2-1(105)-107/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-107/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-107/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayon bələdiyyəsinə qarşı Xaçmaz rayon bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xaçmaz rayon bələdiyyəsinə qarşı Xaçmaz rayon bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 saylı 18.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Xaçmaz rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayon bələdiyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin 16 aprel 2021-ci il tarixli qərardadı ilə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X2 vəfatındn sonra 28.07.2020-c il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 75.7 kv.metr ölçüdə fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi onun, anası X5 və bacısı X9 mülkiyyətinə verilmişdir. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi babası X8 və nənəsinin anası X3 tərəfindən 14 mart 1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmışdır. X8 08 yanvar 1978-ci il tarixdə, nənəsinin anası X3 isə 18 yanvar 1979-cu il tarixdə vəfat etmişlər. Bundan sonra həmin daşınmaz əmlak vərəsəlik qaydasında S.Mustafayevin həyat yoldaşı, yəni nənəsi X6 və üç övladı Zakir, Tahir və Şakir Mustafayevlərin adına keçirilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ünvan 2 ünvanında yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. 02 iyul 1989-cu il tarixdə yaşayış evinin hissəsini bağışlama müqaviləsinə əsasən əmisi Mustafayev Zakir anasına, anası isə öz növbəsində öz hissəsini atası X7 bağışlamışdır. Beləliklə, yaşayış evi və həyətyanı sahəsi 5/6 hissə ilə atası X2, 1/6 hissə isə X4 adına qeydə alınmışdır. Yaşayış evinin 25 aprel 1995-ci il tarixə aid texniki pasportunda torpaq sahəsi sənəd üzrə 600 kv.metr müddətsiz daimi istifadədə olan torpaq sahəsi isə 782 kv.metr, 58 saylı Torpaq qeydində rayon Sovetinin 10 aprel 1979-cu il tarixli qərarına əsasən X1 müddətsiz daimi istifadəsində olan torpağın sahəsi artıq 745 kv.metr qeyd edilmişdir. Həyətyanı torpaq sahəsi faktiki olaraq 782 kv.metr olmaqla uzun illər daş hasarla əhatə olunaraq mülkiyyətçilərin daimi istifadəsində olmuşdur. Buna baxmayaraq cavabdeh Xaçmaz bələdiyyəsi 26 dekabr 2005ci il tarixli 14 saylı mübahisələndirilən qərar üzrə alqı-satqı predmeti olan 400 kv.metr torpaq sahəsini Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsi kimi qələmə verərək üçüncü şəxsə satmışdır. Halbuki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydə alınmamış və rəsmiləşdirilməmişdir. Cavabdeh bələdiyyə faktiki olaraq həmin torpağı satmaqda səlahiyyətli şəxs olmamışdır. Bu səbəbdən həmin qərar etibarsız hesab edilməlidir.

Cavabdehin və 3-cü şəxsin etirazları:

3. Cavabdeh Bələdiyyə tərəfindən iddia tələbinə dair etiraz daxil olmamışdır.

4. İİİ şəxs X20 iddia tələbinə dair etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı atası mərhum əmisi X10 2011-ci il 18 fevral tarixdə iş № 2(067)300/2011 iddia ərizəsi ilə mənə verilmiş JN-114A KOD 30209004 saylı şəhadətnamənin etibarsız sayılması barəsində qətnamə çıxarılmasını Xaçmaz Rayon Məhkəməsindən xahiş etmiş, atası və əmilərinin razılaşması olduğuna görə məhkəməyə müraciət edilərək ərizənin baxılmamış saxlanılmasını xahiş edilmişdir. Əmisi 2015-ci ildə rəhmətə getmişdir. İş № 2-1(118)- 96/2020 saylı iş üzrə iddiaçılar İddiaçı və Esmira Mustafayeva bacıları Xaçmaz rayon bələdiyyəsinin 26.12.2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara almışdır ki, iddia mümkün sayılmasın. İş № e-2-1(118)-117/2020 saylı iş üzrə İddiaçı Xaçmaz rayon bələdiyyəsinə qarşı iddia qaldıraraq Xaçmaz rayon bələdiyyəsinin 26.12.2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara almışdır ki, iddia mümkün sayılmasın. Ona bələdiyyə tərəfindən verilmiş qərarla satılmış 4 sot torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmuşdur. Hesab edir ki, iddiaçının bu tələbi qərəzli və əsassızdır. Ona görə də 26.12.2005-ci il tarixli 14 saylı qərar ilə satılmış torpaq sahəsi ona aid olduğuna görə iddiaçının bu tələbinin əsassız hesab edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 saylı 18.08.2021-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddianın rədd edilməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 saylı 18.08.2021-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, H.Əliyev küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evi və həyatyanı torpaq şahəsi babası X8 və nənəsinin anası X3 tərəfindən 14 mart 1958-ci il tarixində 230 reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında alınmışdır. Alqı-satqı predmeti olan əmlak Xaçmaz rayon Kommunal Təsərrüfat Şöbəsinin 13 mart 1958-ci il tarixli arayışı ilə X13 şəxsi mülkiyyətində olduğu təsdiq olunub. Həmin arayış 13 mart 1958-ci il tarixli 21/5 saylı İnventar İş və 29 saylı Zemelnaya Zapis (Torpaq Qeydi) əsasında X15 verilmişdir. Əmlak ünvan 3 ünvanında 1100 kv.metrdə yerləşən 2 yaşayış otağından, mətbəx və ümümi otaqdan ibarət 1 yaşayış evini əhatə edirmiş. Xaçmaz rayon Kommunal Təsərrüfat Şöbəsinin 13 mart 1958-ci il tarixli arayışına əsasən əmlakın inventar qiymətləndirməsi 13180 rubl təşkil edirmiş. Əmlak babası və nənəsinin anasına 25.000 rubla satılır. Qeyd etdiyi məlumatlar 14 mart 1958-ci il tarixli 230 saylı ev alqı-satqısı işində öz əksini tapır. Sənədin notariat qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunub. İşin içində təqdim olunan 30 mart 2020-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri həm sənəd üzrə, ham də faktiki 600 kv.metr teşkil edir. Digər 400 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən səlahiyyətsiz olaraq üçüncü şəxsə satılmışdır. Göründüyü kimi, cavabdeh Xaçmaz rayon Bələdiyyəsi 26 dekabr 2005-ci il tarixli 14 saylı mübahisəli qərar üzrə alqı-satqı predmeti olan 400 kv.metr torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin ehtiyyat fonduna aid torpaq sahəsi kimi qələmə verərək üçünçü şəxsə satmışdır. Cavabdeh bələdiyyə, bələdiyyə fonduna daxil olmayan, şəxsi mülkiyyətdə olan torpaq sahəsi üzərində qanunsuz olaraq sərəncam verərək, həmin torpaq sahəsini digər şəxsə vermişdir. Belə olan halda hazırkı iş üzrə cavabdeh, bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. 1-ci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən qanunvericliyin tələblərinə riayət edilməklə ayrılıb ayrılmadığı məsələsi, mübahisəli torpaq sahəsinin kateqoriyası və ondan irəli gələrək mülkiyyətə verilməsinin mümkünlüyü, eləcə də, sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olub-olmaması aydınlaşdırılmamışdır. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.

9. İİİ şəxs X20 apellyasiya şikayətinə dair etiraz ərizəsində hazırki işlə bağlı əvvəl qəbul olunmuş məhkəmə aktlarına istinad edərək göstərmişdir ki, iddiaçının tələbi qərəzli və əsassızdır. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 saylı 18.08.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək mübahisələndirilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının qeydə alınmadan adına rəsmiləşdirilməmiş olduğundan Xaçmaz rayon bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 saylı 18.08.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq nümayəndəsinin iştirakı olmadan işə baxılması və birinsi instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmiş, İİİ şəxs isə məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və İİİ şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarınıdəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. (-); Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; (-). Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. (-);

33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.3.2. xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. (-);

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Maddə 241.1. Torpaq sahəsi mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hazırkı qərarın 13-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddia tərəfinin izahatını, apellyasiya şikayətinin dəlillərini işdəki sənədlərlə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, “iddiaçılar İddiaçı və X11 cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0.0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası iddia müddətinin ötürülməsi əsası ilə Sumqayıt İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı bələdiyyənin həmin qərarının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinni tələblərinə uyğun olaraq iddianın növünü düzgün seçməyi təklif etmiş və inzibati aktın etibarsız hesab edilməsi ilə ləğv edilməsi əsaslarının fərqli olduğunu izah etmiş, lakin iddiaçı inzibati aktın mübahisələndirilməsi zamanı iddia müddətinin tətbiq edildiyinə görə bələdiyyə qərarının etibarslz hesab edilməsini tələb etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçı iddia ərizəsində tələbini göstərilən Qanunun 65.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Yəni bələdiyyənin özünə məxsus olmayan torpaq sahəsini üçüncü şəxsə satmasına görə bələdiyyə qərarının etibarsız hesab edilməsini tələb etmişdir. Halbuki, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Beləliklə, bələdiyyə qanunla onun mülkiyyətinə aid edilmiş torpaq sahəsini üçüncü şəxsə satığından həmin qərarın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir”.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, həmçinin hazırkı qərarın 7-ci bəndində öz əksini tapan iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon Şöbəsi tərəfindən X16 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 400 kv.metr torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə dair 21.12.2005-ci il tarixli rəyindən görünür ki, həmin 400 kv.metr torpaq sahəsi Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması məqsədəmüvafiq hesab edilmiş və Xaçmaz Bələdiyyəsinin 26.12.2005-ci il tarixli 14 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi O.T.Mustafayevə satılmaqla sonuncuya 05.05.2006-cı il tarixli JN-114A kod 30201004 saylı Torpaq Şəhadətnaməsi verilmişdir. İşdə olan məhkəmə aktlarından o da müəyyən olunur ki, iddiaçının mərhum atası X10 18.02.2011-ci il tarixində iddia ərizəsilə məhkəməyə müraciət edərək 05.05.2006-cı il tarixli JN-114A kod 30201004 saylı Torpaq Şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etsə də, sonradan ərizə ilə məhkəməyə müraciət edərək 2(067)-300/2011 saylı iş üzrə iddianın baxılmamış saxlanılmaını xahiş etmişdir. İddiaçının özünün də iştirak etdiyi digər iş üzrə də cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0.0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası da iddia müddətinin ötürülməsi əsası ilə Sumqayıt İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 32-34-cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından iddia tələbinin əsassız olması barədə qənaətə gəlməklə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)- 556/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 saylı 18.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəməqərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar