Məhkəmə qərarları › İş №2-1(105)-1110/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1110/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1110/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-836/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2169,6 manat verginin tutularaq Abşeron rayon Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödəniliməsi haqqında Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Xırdalan bələdiyyəsinin sədri xx.xx.2024-cü il tarixdə qərar qəbul edərək 2169,6 manat vergi borcunun İddiaçı tutulmasını Abşeron rayon İcra Şöbəsinə həvalə etmişdir. İddiaçı qərar barədə xx.xx.2024-cü il tarixdə icra məmurunun zəngi nəticəsində xəbər tutmuş və qərarın surətini əldə etmişdir. Qərarla tanış olduqda maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci, 200.5, 200.6, 203.1, 203.2, 204, 205-ci maddələrinin göstərildiyini bilmişdir. Halbuki, həmin maddi hüquq normalarında boş torpaq sahəsinə görə əmlak vergisi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyǝ şəklində hesablanır. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan görünür ki, torpaq sahəsi 0,50 ha olmaqla 500 kv metrə bərabərdir. Beləliklə, 2020-ci ildən bu günə qədər 4 il ötür və hər il 2*5-10 manat olmaqla cəmi 40 manat torpaq vergisi tələb etmək əvəzinə cavabdeh inzibati orqan 2169,6 manat vergi tələb edir. Qərarda verginin konkret növü və dərəcəsi göstərilməmişdir. Cavabdeh tərəfidən inzibati icraat düzgün aparılmamış, qərar onun fikri öyrənilmədən çıxarılmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmamışdır. Qeyd edilənlərə əsasən 2169,6 manat verginin İddiaçı tutularaq Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi haqqında Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 01/02-54 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini və məhkəmənin bütün iclaslarını iddiaçının (iddia tərəfinin) iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə dair yazılı etirazın dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, əvvəlki illərdə keçmiş heyyət tərəfindən torpaq qeyri-yaşayış sahəsi kimi hesablanmış, halbuki, vətəndaşın istifadəsində olan 0.50 ha (50 sot) torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır. Vətəndaş İddiaçı istifadəsində olan torpaqla bağlı borca dair hesablanma qaydası, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən Vergi dərəcələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaqlardan istifadə olunduqda, hər 100 kv m üçün 2 manat vergi tutulur. Xırdalan bələdiyyəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar Xırdalan bələdiyyəsinin elektron bazasında görünən məlumatlar əsasında, qanunvericiliyə tam uyğun şəkildə və vergi öhdəliklərinin icrasının təmin edilməsi üçün qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-836/2025 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim Aynur Axundova). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual tələblərin yerinə yetirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsinin xahiş hissəsinin 2-ci bəndində məhkəmənin bütün iclaslarını onun iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi bunu nəzərə almadan iddianı geri götürülmüş hesab etmişdir. Qeyd olunanlara əsasən o, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətləri yerinə yetirilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclaslarına gəlməməsini onun məlumatlandırılması üçün bütün vasitələrdən istifadə etməsi (o cümlədən SMS məlumatlandırma), lakin məhkəmə iclaslarına gəlməməsi və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirmiş və iddianın geri götürüldüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 29 aprel 2014-cü il tarixli Qərarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinin hazırki işə tətbiqi baxımından məhkəmə kollegiyası aşağıdakıları qeyd edir ki, inzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. Hazırki işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin “xahiş edirəm” hissəsinin ikinci bəndində işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materialları ilə müəyyən olunur ki, tərəflərə göndərilməsi üçün məhkəmə bildirişləri və iddianın geri götürülmüş hesab ediləcəyi barədə xəbərdarlıq məktubu tərtib edilsə də, iddiaçıya çatması ilə bağlı hər-hansı məlumatlar iş materiallarında mövcud olmamış, iddiaçıya ünvanlanmış məhkəmə bildirişinin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 55 və ünvan 2 ünvanlarına göndərilən zərflər “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Kollegiya nəzərə alır ki, iddiaçının telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir, lakin iddianın geri götürülmüş hesab edilməsi üçün həmi bildirişlər kifayət deyildir, iddiaçıya iddianın geri götürüləcəyi barədə xəbərdarlıq çatmış olmalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-836/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar