Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-127/2021 24.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx xxxx 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki xidmət yerinə bərpa edilməsi, xx xxxx 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-278/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Cavabdehin xx xxxx 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki xidmət yerinə bərpa edilməsi, xx xxxx 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və iddiaçıya ödənilməsi” barədə iddiası ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X4 müxtəlif vəzifələrdə işləmişdir. Son vəzifəsi 2 saylı X2 vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən (xx.xx.1992-ci il tarixdən) 22 yaşında təyinatla işə qəbul olmuş və vergi orqanında fasiləsiz çalışmışdır. Respublikada vergi orqanının qurulmasında əməyi olmuşdur. Vergi orqanından başqa digər iş yeri olmamışdır. Bu müddət ərzində test və attestasiyalardan müvəffəqiyyətlə keçmişdir. Vergi xidməti müşaviri rütbəsinə qədər yüksəlmişdir. İşlədiyi 27 il ərzində barəsində rəhbərlik tərəfindən heç bir intizam tədbiri görülməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixində iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsinin 5-ci hissəsinə uyğun olaraq xidmətinə xitam verilməsinə dair əmr qəbul etmişdir. İddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin qəbulu üçün əsas kimi xx.xx.2019-cu il tarixli xidməti məruzə göstərilmişdir. Əmək Məcəlləsində göstərilir: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsində göstərilir: 46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. İddiaçı hesab edir ki, xx.xx.2019-cu il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Əmrin əsaslandırma hissəsində göstərilir ki, riskli vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Xidməti məruzədə isə bu halı əsaslandırmaq üçün iddiaçının barəsində yoxlamalar aparılan “xxxx” MMC-nin təsisçilərindən biri olan Ədalət Abbasov adlı şəxsin həyat yoldaşı ilə paylı mülkiyyət sahibi olması göstərilmişdir. Əmlakın ilkin mülkiyyətçiləri, 2003-cü ildə iddiaçının qardaşı və başqa bir şəxs olmuşdur. Sonradan paylı mülkiyyətçi rəhmətə getmiş, mülkiyyət hüququ ona aid hissədə vərəsəlik hüququ əsasında həyat yoldaşına keçmişdir. Sonuncu da rəhmətə getdikdən sonra mülkiyyət hüququ yenə də vərəsəlik hüququ əsasında onun qızına, Abbasov Ədalətin həyat yoldaşına keçmişdir. Qardaşı isə özünə aid hissədə mülkiyyət hüququndan, yəni mülkiyyətə sərəncam vermək hüququndan istifadə edərək öz payını iddiaçıya bağışlamışdır. Bu hallar iddiaçı ilə Abbasov Ədalət arasında qeyri-sağlam münasibətlərin olmasının göstəricisi deyildir və ola da bilməz. Bu əsaslar ilə qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Yuxarıda göstərildiyi kimi əmrdə göstərilmişdir ki, iddiaçı riskli vergi ödəyicisinin təsisçisi ilə ortaq sahibkarlıq fəaliyyəti vardır. Bu isə iddiaçının həyat yoldaşı ilə birgə mülkiyyətində əmlakın olması ilə əsaslandırılmışdır. Halbuki, əmlaka sahib olmaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, bundan əlavə qeyd edilən əmlak icarəyə verilmişdir. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Maddənin məzmunundan da görünür ki, mülkiyyətlərində olan əmlakın icarəyə verilməsi sahibkarlıq fəaliyyəti hesab edilmir. Aydın olur ki, əmrdə qeyd edilən hal-riskli vergi ödəyicisi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı təsdiqini tapmır. Belə olan halda əmr ləğv edilməlidir. Qanunsuz əmri əsaslandırmaq üçün cavabdeh iddiaçının müvəqqəti olaraq şöbə rəisi vəzifəsini icra etdiyi dövrdə tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi və səyyar vergi yoxlamasının müddətinin lüzumsuz uzadıldığı göstərilmişdir. Bu hallar həqiqəti əks etdirmir. Belə ki, iddiaçının nəzarətində ümumilikdə 90 vergi yoxlaması var idi. Bu yoxlamaların 12-si şəxsən müfəttiş olaraq onun icraatında olmuşdur. Bu yoxlamaların heç birində çatışmazlıq və başqa nöqsanlar aşkar edilməmişdir. Cavabdeh bunun əksini təsdiq edən heç bir sübut təqdim edə bilməz. Yoxlamanın müddətinin lüzumsuz olaraq uzadılmasına dair isə məhkəmənin nəzərinə çatdırır ki, müddətin uzadılması və ya dayandırılması ümumiyyətlə iddiaçının səlahiyyətlərində olmamışdır. Təcrübəyə əsasən yoxlamanı həyata keçirən müfəttiş yoxlamanın müddətini uzadılmasını əsaslandıraraq departament rəisinə müraciət edir. Departament rəisinin əsaslandırılmış müraciəti əsasında isə yuxarı vergi orqanı yoxlamanın müddətinin uzadılmasına dair əsaslandırılmış qərar qəbul edir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi; səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəf rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğu cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Yuxarıda göstərilən halları təsdiq etmək üçün riskli vergi ödəyicisi barəsində yoxlamanın müddətinin uzadılmasına dair qərarları iddiaya əlavə etdiyini bildirmişdir. Bu qərarlardan da görünür ki, yoxlamanın müddətinin uzadılması iddiaçının qərarı ilə və ya hər hansısa bir iştirakı ilə qəbul edilməmişdir. Yoxlamaların müddətinin uzadılması demək olar ki, bütün yoxlama icraatlarında baş verir. Hətta iddiaçının nəzarətində olan 90 vergi yoxlamasının demək olar ki, hamısı yuxarı vergi orqanının qərarı ilə müddəti uzadılmışdır. Belə olduğu təqdirdə iddiaçının yoxlamanın müddətinin lüzumsuz yerə uzatmaqda ittiham edilməyi ümumiyyətlə başa düşülən deyil. Bu əsas ilə qəbul edilmiş əmr ləğv edilməlidir. Əmrdə ittiham edildiyi hallardan biri də riskli vergi ödəyicisinə hansısa məlumatları ötürməyidir. Bu hallarda həqiqəti əks etdirmir. Xidməti məruzədə göstərilmişdir ki, vergi orqanının xx.xx.2018. xx.xx.2018. xx.xx.2018. xx.xx.2018. xx.xx.2018. və xx.xx.2018-ci ci il tarixli qərarlarını xx.xx.2018-ci il tarixində "WhatsApp" proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərimiş və həmin sənədlərə xx.xx.2018-ci il tarixində öz AVİS istifadəçi adı ilə baxışlar keçirtmişdir. Yoxlamalar onun nəzarətində olmuşdur. Qeyd edilən qərarlar ilə yanaşı digər yoxlamalar üzrə qəbul edilmiş qərarlara da girib baxış keçirtmək, qeydlər götürmək onun iş funksiyalarına daxildir. Bu addım ilə iddiaçı heç bir qaydanı pozmamışdır. Qərarların iddiaçı tərəfindən vergi ödəyicisinə göndərilməsi halı heç bir sübut ilə təsdiq edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixində baxış keçirtdiyi sənədləri nədən "WhatsApp" proqramı ilə 10 gün sonra göndərməyi sual yaradır. Bu sənədlər doğrudan da vergi ödəyicisinə ötürüləcək qədər vacib idisə, nədən sənədlər 10 gün sonra, həmçinin hansısa proqram vasitəsi ilə ötürülsün ki?! Tarixləri qeyd edilmiş qərarların ümumiyyətlə məxfi olması cavabdeh tərəfindən sübut edilməlidir. Bu isə mümkün deyildir. Belə ki, qəbul edilmiş bu qərarların hər biri vergi ödəyicisinə mütləq şəkildə təqdim edilir. VM-nin 24.0.9-cu maddəsinə əsasən vergi orqanı, vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə borcludur. Cavabdeh bu qərarların nə zaman vergi ödəyicisinə təqdim edildiyini (tanış edildiyini) təsdiq edən sənədləri də təqdim etməlidir. Bu sənədlər təsdiq edəcəkdir ki, qərarların hansısa gizli yolla vergi ödəyicisinə göndərilməsinə heç bir lüzum yox idi. Tərəfindən hansısa nöqsanlara yol verilmiş olsa belə, hətta bu halda belə xidmətinə xitam verilməsi qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-278/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (İsmayıl Quliyev) Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkili tərəfindən şahidlərin dindirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmənin vəsatəti təmin etməməsi kobud prosessual pozuntudur. Bundan əlavə, cavabdeh orqanın işçisinin verdiyi izahatı isə sübut kimi qiymətləndirmişdir ki, bu da özlüyündə müəyyən suallar doğurur. Tərəflərindən verilmiş vəsatət təmin olunmur, lakin inzibati orqanın işçisinin həmin izahatı təzyiq və təsir altında verə biləcəyi ehtimalı yüksək olduğu halda həmin izahatı sübut kimi qiymətləndirmişdir. Bütün bunlar sözügedən qərarın qanunsuz və əsassız olduğunu təsdiq edir. Sözügedən əmrin əsaslandırma hissəsində göstərilir ki, riskli vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Xidməti məruzədə isə bu halı əsaslandırmaq üçün onun barəsində yoxlamalar aparılan “xxxx” MMC-nin təsisçilərindən biri olan Ədalət Abbasov adlı şəxsin həyat yoldaşı ilə paylı mülkiyyət sahibi olmaqları göstərilmişdir. Əmlak sahibi olmaq qanunvericiliyin heç bir maddəsi ilə qadağan edilməmiş və bu hissədə onun heç bir məhdudiyyəti yoxdur. Yəni, vergi orqanlarında xidmət etmək əmlak sahibi olmağa dair qanunla məhdudiyyət yaratmır. Qeyd edilən əmlakın ilkin mülkiyyətçiləri, 2003-cü ildə qardaşı və digər başqa bir şəxs olmuşdur. Sonradan paylı mülkiyyətçi rəhmətə getmiş və mülkiyyət hüququ ona aid hissədə vərəsəlik hüququ əsasında həyat yoldaşına keçmişdir. Sonuncu da rəhmətə getdikdən sonra mülkiyyət hüququ yenə də vərəsəlik hüququ əsasında onun qızına, Ədalətin həyat yoldaşına keçmişdir. Qardaşı isə özünə aid hissədə mülkiyyət hüququndan, yəni mülkiyyətə sərəncam vermək hüququndan istifadə edərək öz payını ona bağışlamışdır. Qeyd edilən halları təsdiq edən sənədlər iddiaya əlavə edilmişdir. Bu hallar onunla Abbasov Ədalət arasında qeyri-sağlam münasibətlərin olmasının göstəricisi deyildir və ola da bilməz. Bu əsaslar ilə qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Əmrdə göstərilmişdir ki, onun guya ki, riskli vergi ödəyicisinin təsisçisi ilə ortaq sahibkarlıq fəaliyyəti vardır. Bunu isə onun sonuncunun həyat yoldaşı ilə birgə mülkiyyətlərində əmlakın olması ilə əsaslandırırlar. Halbuki, əmlaka sahib olmaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil. Qeyd edilən əmlak icarayə verilmişdir. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Maddənin məzmunundan da görsənir ki, mülkiyyətlərində olan əmlakın icarəyə verilməsi sahibkarlıq fəaliyyəti hesab edilmir. Aydın olur ki, əmrdə qeyd edilən hal - riskli vergi ödəyicisi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşqul olmağı təsdiqini tapmır. Belə olan təqdirdə əmr ləğv edilməlidir. Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. Qanunsuz əmri əsaslandırmaq üçün cavabdeh onun müvəqqəti olaraq şöbə rəisi vəzifəsini icra etdiyi dövrdə, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməyi və səyyar vergi yoxlamasının müddətinin lüzümsüz uzadıldığı göstərilmişdir. Bu hallar həqiqəti əks etdirmir. Belə ki, onun nəzarətində ümumilikdə 90 vergi yoxlaması var idi. Bu yoxlamaların 12-si şəxsən müfəttiş olaraq onun icraatında olmuşdur. Bu yoxlamaların heç birində çatışmazlıq və ya başqa nöqsanlar aşkar edilməmişdir. Cavabdeh bunun əksini təsdiq edən heç bir sübut təqdim edə bilməz və təqdim etməmişdir. Yoxlamanın müddətinin lüzumsuz olaraq uzadılmasına dair isə qeyd edir ki, müddətin uzadılması və ya dayandırılması ümumiyyətlə onun səlahiyyətlərində olmamışdır. Təcrübəyə əsasən yoxlamanı həyata keçirdən müfəttiş yoxlamanın müddətinin uzadılmasını əsaslandıraraq departament rəisinə müraciət edir. Departament rəsinin əsaslandırılmış müraciəti əsasında isə yuxarı vergi orqanı yoxlamanın müddətinin uzadılmasına dair əsaslandırılmış qərar qəbul edir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: 1) nümunə kimi götürülən əşyaların tədqiqi; 2) səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 3) səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Yuxarıda göstərilən halları təsdiq etmək üçün riskli vergi ödəyicisi barəsində yoxlamanın müddətinin uzadılmasına dair qərarları iddiasına əlavə edir. Bu qərarlardan da görsənir ki, yoxlamanın müddətinin uzadılması onun qərarı ilə və ya hər hansısa bir iştirakı ilə qəbul edilməmişdir. Yoxlamaların müddətinin uzadılması demək olar ki, bütün yoxlama icraatlarında baş verir. Hətta onun nəzarətində olan 90 vergi yoxlamasının demək olar ki, hamısı yuxarı vergi orqanının qərarı ilə müddəti uzadılmışdır. Belə olduğu təqdirdə onun yoxlamanın müddətinin lüzumsuz yerə uzatmaqda ittiham edilməyi ümumiyyətlə başa düşülən deyil. Bu əsas ilə qəbul edilmiş əmr ləğv edilməlidir. Bu faktlar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əmrdə ittiham edildiyi hallardan biri də, onun guya ki, riskli vergi ödəyicisinə hansısa məlumatları ötürməyidir. Bu hallarda həqiqəti əks etdirmir. Xidməti məruzədə göstərilir ki, vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, və xx.xx.2018-ci ci il tarixli qərarlarını xx.xx.2018-ci il tarixində “WhatsApp” proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərmiş və həmin sənədlərə xx.xx.2018-ci il tarixində öz AVİS istifadəçi adı ilə baxışlar keçirtmişdir. Yoxlamalar onun nəzarətində olmuşdur. Qeyd edilən qərarlar ilə yanaşı digər yoxlamalar üzrə qəbul edilmiş qərarlara da girib baxış keçirtmək, qeydlər götürmək onun iş funksiyalarına daxildir. Bu addım ilə heç bir qaydanı pozmamışdır. Qərarlar guya ki, tərəfindən vergi ödəyicisinə göndərilmişdir. Halbuki, bu hal heç bir sübut ilə təsdiq edilmir. Belə ki, xx.xx.2018-ci il tarixində baxış keçirtdiyi sənədləri nədən “WhatsApp” proqramı ilə 10 gün sonra göndərməyi sual yaradır. Bu sənədlər doğrudan da vergi ödəyicisinə ötürüləcək qədər vacib idisə, nədən sənədlər 10 gün sonra, həmçinin hansısa proqram vasitəsi ilə ötürülsün ki?! Tarixləri qeyd edilmiş qərarların ümumiyyətlə məxfi olması cavabdeh tərəfindən sübut edilməlidir. Bu isə mümkün deyildir. Belə ki, qəbul edilmiş bu qərarların hər biri vergi ödəyicisinə mütləq şəkildə təqdim edilir. VM-nin 24.0.9-cu maddəsinə əsasən vergi orqanı, vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə borcludur. Cavabdeh bu qərarların nə zaman vergi ödəyicisinə təqdim edildiyini (tanış edildiyini) təsdiq edən sənədləri də təqdim etməlidir. Bu sənədlər təsdiq edəcəkdir ki, qərarların hansısa gizli yolla vergi ödəyicisinə göndərilməsinə heç bir lüzum yox idi. Lakin bütün bunları da məhkəmə diqqətdən qaçırmışdır. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən (xx.xx.1992-ci il tarixdən) 22 yaşında təyinatla işə qəbul olmuş və vergi orqanında fasiləsiz olaraq çalışmışdır. Respublikada vergi orqanının qurulmasında əməyi olmuşdur. Vergi orqanından başqa digər iş yeri olmamışdır. Bu müddət ərzində test və atestassiyalardan müvəffəqiyyətlə keçmişdir. Belə olduğu təqdirdə, heç nə ilə sübut edilməyən hallara görə xidmətinə xitam verilməsi qanunsuzdur. Tərəfindən hansısa nöqsanlara yol verilmişdir, hətta bu halda belə xidmətinə xitam verilməsi qanunsuzdur. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsində göstərilir: Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Maddənin tələblərindən göründüyü kimi vergi orqanlarında xidmətə xitam verilməsi ən son tədbirdir. Cavabdeh hansı səbəbdən maddənin digər bəndlərində göstərilən tədbirləri görmədən, məhz ən son tədbiri seçməsini mütləq əsaslandırmalıdır. Cavabdeh əmrdə yalnız onun tərəfindən guya ki, yol verilən nöqsanları qeyd etmək ilə kifayətlənmişdir (bu nöqsanların da həqiqəti əks etdirmədiyi sübut edilir). Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən isə cavabdeh hansı səbəbdən məhz xidmətinə xitam verilməsinin səbəblərini əsaslandırmalı idi. Əmrdə isə buna dair heç bir arqument yoxdur. Bu səbəbdən əmr ləğv edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində qeyd edilən bütün bu faktlar və sübutlar düzgün qiymətləndirilməmiş, uydurma, həqiqəti əks etdirməyən və sübuta yetirilməyən mülahizələrə əsaslanaraq qərar qəbul edilmişdir. Aydındır ki, sözügedən qərar qanunsuz və əsassızdır, buna görə də apelyasiya qaydasında ləğv edilməlidir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı X8 tərəfindən “xxxx” MMC-yə məxsus təsərrüfat subyektlərində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri, həmçinin xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması gedişində departamentin əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı bir sıra nöqsanlara yol vermələri ilə bağlı daxil olmuş məlumat əsasında daxili təhlükəsizlik departamenti tərəfindən xidməti araşdırma aparılmışdır. İnzibati orqanın araşdırması nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Departamentin xx.xx.2018-ci il tarixli **********159963 nömrəli Qərarına əsasən “xxxx” MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması departamentin əməkdaşları X1 və X15 həvalə edilmişdir. Həmçinin, yoxlama zamanı pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2018-ci il tarixli E**********66 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar çıxarılmış və qeyd olunan qərarın icrası da həmin əməkdaşlara tapşırılmış, xx.xx.2018-ci il tarixli qərarla səyyar vergi yoxlamasının keçirilməsi X12 və X5 tapşırılmışdır. A.Ələkbərov və E.İsayev tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN seriyalı 008473 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda cəmiyyətin sahibliyində 10 549 161,80 manatlıq mal qalığı olduğu qeyd edilmiş, aktda qeyd edilən məlumatlar qənaətbəxş hesab edilmədiyindən və şübhə doğurduğundan departamentin regional gəlirlər idarəsinin xx.xx.2018-ci il tarixli **********173400 nömrəli xidməti məlumatı ilə vergi ödəyicisində təkrar operativ vergi nəzarətinin təyin edilməsinə zərurət yarandığı bildirilmiş və müvafiq olaraq təsərrüfat subyektləri üzrə xx.xx.2018-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlarla operativ vergi nəzarəti tədbirləri keçirilmiş və ümumilikdə 1 749 562,87 manat dəyərində mal qalığı olduğu müəyyən edilmişdir Bundan sonra departamentin xx.xx.2019-cu il tarixli **********9295 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən cəmiyyətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y st-nın cənubu, LökbatanXocasən yolunun cənub-şərq hissəsində (icarə müqaviləsinə əsasən Sədərək TM-nin ərazisində) yerləşən (**********-11001 kodlu) obyektində “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi departamentin səyyar vergi yoxlamaları idarəsinin səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X13 tapşırılmışdır (xx.xx.2019-cu il tarixli **********0272 nömrəli ’”Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” qərar nəzərə alınmaqla). C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə cəmi alış məbləği 1 876 496,1 manat olan 217 adda malın olduğu aşkar olunmuş və nəticəsi xx.xx.2019-cu il tarixli 008465 saylı aktla rəsmləşdirilmişdir. C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin qərarda göstərilən (**********-11001 kodlu) obyektdə keçirilmədiyi, siyahıya alınmış malların həmin obyektdə olmadığı, eyni zamanda “Sədərək” firmasının araşdırmaya təqdim etdiyi xx xxxx 2019-cu il tarixli 61 nömrəli arayışına əsasən “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixdən “Sədərək” Ticarət Mərkəzində 2-ci ərazi, sıra-15, korpus 3, 71 və 73 nömrəli 60 kv.m sahəsi olan anbarların fəaliyyətini dayandırdığı, həmin obyektdə xx.xx.2019-cu il tarixli TS-00069-45hş-2019 saylı müqaviləyə əsasən X9 fəaliyyət göstərdiyi müəyyən edilmişdir. C.Təhməzov araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2019-cu il tarixdə cəmiyyətin 2 nəfər əməkdaşı ilə birlikdə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında (sağ hissəsində) yerləşən, cəmiyyətin əməkdaşları tərəfindən ona göstərilən anbarda qərarda qeyd olunan məsələ üzrə operativ vergi nəzarəti tədbiri keçirdiyini, tədbirdən qabaq müəssisə tərəfindən ona təqdim edilmiş iltizamda obyektdə 1 876 496,0 manat dəyərində mal qalığının olduğunun qeyd olunduğunu, tədbir zamanı ona göstərilən obyektdə təxminən 510 000,0 manat dəyərində mal aşkar etdiyini, iltizamda qeyd olunan məbləğlə faktiki aşkar olunan məbləğ arasında ziddiyyət olduğunu, bunu müəssisənin əməkdaşlarına bildirdiyini, həmin vaxt ona yaxınlıqda (bir neçə metr məsafədə yerləşən) olan ikinci okyekti göstərdiklərini, həmin obyektin qərarda olmadığını onlara bildirdikdə obyektin X10 tərəfindən xx xxxxxx 2019-cu il tarixli müqavilə əsasında cəmiyyətə icarəyə verilməsini təsdiq edən icarə müqaviləsini təqdim etdiklərini, ümumilikdə “Sədərək” Ticarət Mərkəzində olan obyektə getmədiyini və həmin obyektdə yoxlama keçirmədiyini, yoxlama yerinə getməmişdən öncə AVlS-in “İş qovluğu” modulunda obyektin konkret olaraq harada olmasını araşdırmadığını (araşdırma zamanı C.Təhməzovun həqiqətən də OVN tədbirindən əvvəl müəssisənin İş qovluğuna obyektlə bağlı baxış keçirmədiyi müəyyən olunmuşdur), qərarda ünvan olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi qeyd olunduğunu, bu səbəbdən ona göstərilən obyektin qərarda qeyd olunan obyekt olduğunu zənn etdiyini bildirmişdir. “xxxx” MMC-də departament tərəfindən aparılan operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamasının nəticələrinin kifayət qədər qənaətbəxş olmaması səbəbindən Vergilər Nazirliyinin vergi auditi departamentinin nəzarəti ilə xx.xx.2019-cu il tarixli qərarlara əsasən cəmiyyətin müxtəlif təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlara əsasən cəmiyyətə məxsus gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompyuter prosessorları, digər elektron daşıyıcılar, zəruri sənədlər və əşyalar götürülmüşdür. Əldə edilmiş qara mühasibatlıq sənədləri əsasında vergilər hesablanmaqla səyyar vergi yoxlaması yekunlaşdırılmış və nəticələri xx.xx.2019-cu il tarixli **********161557 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyətə məxsus komputer prosessorlarından götürülmüş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin Departamentin əməkdaşları ilə birbaşa əlaqələri olmuş və nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur. İnzibati orqan müəyyən etmişdir ki, İddiaçı həmin dövrdə şöbə rəhbəri vəzifəsini icra etməsinə baxmayaraq səyyar vergi yoxlamasının qanunamüvafiq formada keçirilməsinə nəzarət etməmiş, onun “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovla yaxın münasibətlərinin olduğunu, sonuncunun həyat yoldaşı X14 ilə ortaq mülkiyyətlərində olan Sumqayıt şəhəri, 1-ci məhəllə b 2, s 45 ünvanında yerləşən 131.9 m2 sahəsi olan obyektlərinin (qeyriyaşayış sahəsi) olduğunu müəyyən etmişdir. (İddiaçı araşdırmaya təqdim etdiyi izahatında qeyd olunan obyektin və Ə.Abbasovla yaxın münasibətlərinin olduğunu təsdiq etmişdir). Bundan başqa inzibati orqan müəyyən etmişdir ki, vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və 15.11,2018-ci il tarixli qərarlarının xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir. Həmin sənədlərə xx.xx.2018-ci il tarixdə V_ABDUREHMANOV AVİS istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur. A.Ələkbərov və E.İsayev araşdırmaya təqdim etdikləri izahatlarında “xxxx” MMC- də xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yoxlama apardıqlarını, yoxlamaya müəyyən günlərdə birlikdə, bəzən isə bir nəfərin getdiyini, yoxlamaya gün ərzində 4-5 saat vaxt sərf etdiklərini bildirmiş, Axtarış&Hesabat informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onların əksər vaxtlarda Departamentin inzibati binasında olduqları, ümumiyyətlə yoxlama aparmadıqları, adları qərarda olduğu müddət ərzində yoxlama ilə bağlı heç bir iş görmədikləri, habelə lüzumsuz olaraq yoxlamanın müddətini uzatdıqları müəyyən edilmişdir. İddiaçı V.Abdurəhmanov şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir. İnzibati orqanın müəyyən etdiyi hallar nəticəsində vergilər nazirliyinin bir çox əməkdaşı, o cümlədən, iddiaçı barədə mübahisələndirilən qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanlara istinad edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 71, 186-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin İİ bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 186-cı maddəsinin İİ bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Vergilər nazirinin xx.xx.2006-cı il tarixli **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.13-cü və 4.15-ci bəndlərinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Vergilər Nazirliyinin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində verdikləri əmr və göstərişlərə əməl etməlidirlər. Vergi orqanların rəhbər vəzifəli şəxsləri tabeliklərində olan vəzifəli şəxslərə (və ya əməkdaşlara) davranışları ilə nümunə olmalı, onların müvafiq qanunvericiliyə, qəbul edilmiş normativhüquqi aktlara dair lazımi biliklərə malik olmalarına nəzarət etməli, vəzifə borclarının və əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaratmalıdır. Vergi orqanlarının rəhbər vəzifəli şəxsləri tabeliklərində olan vəzifəli şəxslər (və ya əməkdaşlar) tərəfindən daxili xidməti intizam qaydalarının pozulması, icra və əmək intizamına əməl edilməməsi, əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi hallarına qarşı barışmaz olmalı, belə halları aşkar etdikdə onların barəsində səlahiyyətləri daxilində intizam tənbehi tədbirləri görməli və ya müvafiq vəzifəli şəxslər qarşısında məsələ qaldırmalı, xüsusi geyim və salamlaşma qaydalarını pozan vəzifəli şəxsləri yerindəcə məzəmmət etməli və ya onların barəsində təqdimat verməlidirlər. Vergilər nazirinin xx.xx.2014-cü il tarixli **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 5.9-cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. Vergilər nazirinin x xxxxxx 2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"nın 3.2.1 -ci, 3.2.2ci, 4.0.1 -ci və 4.0.2-ci yarımbəndlərinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Rəhbər vəzifə tutan əməkdaş öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı və rəhbərlik etdiyi struktur vahidin və ya bölmənin qarşısında dayanan əsas məqsəd və vəzifələr barədə tabelikdə olanlara mütəmadi olaraq məlumat verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, qaydalara zidd olaraq V.Abdurəhmanov xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürmüş, bununla da vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Apelyasiya şikayətinin vergi ödəyicisinin təsisçisinin həyat yoldaşı ilə paylı mülkiyyətə sahib olmasına və vergi nəzarət tədbirləri barədə məlumatlar və sənədlərin ötürülməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz izahatında “xxxx’’ MMC-nin təsisçisi X7 həyat yoldaşı X14 ilə ünvan 2 45 ünvanda yerləşən qeyri-yaşayış obyektinə paylı mülkiyyətə sahib olduğunu etiraf etmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən də görünür ki, həmin obyekt iddiaçının və Məhluqə Abbasovanın paylı mülkiyyətindədir. “xxxx” MMC vergidən yayınmağa cəhd göstərən riskli vergi ödəyicilər siyahısına daxil edildiyi üçün qeyd olunan cəmiyyət barəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlaması və bir neçə operativ vergi nəzarət tədbirləri keçirilmiş, hər dəfə keçirilən tədbirlər zamanı cəmiyyətin təsisçisi Ədalət Abbasovun bu tədbirlər barədə əvvəlcədən məlumatlı olduğunu bildirmişdir ki, bu da açıq-aşkar yoxlama və vergi nəzarət tədbirlərini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən öz qulluq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə şəxsi maraqlar naminə vergi ödəyicisinə məlumatların ötürüldüyünə dəlalət edir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası iddiaçı Vüqar Abdurəhmanova həvalə edilmiş və bu səbəbdən də “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması və operativ vergi nəzarət tədbirlərinə bilavasitə iddiaçı tərəfindən nəzarət həyata keçirilmişdir. İddiaçının “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovun arvadı ilə paylı mülkiyyətə sahib olması sonuncu ilə əlaqələrinin olduğuna dəlalət edir və bu hal iddiaçı tərəfindən yoxlama və operativ vergi nəzarət tədbirləri barədə məlumatların cəmiyyətin təsisçisinə ötürüldüyünə əsas yaradır. Vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli qərarlarının xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərildiyi, həmin sənədlərə xx.xx.2018-ci il tarixdə V_ABDUREHMANOV AVİS istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur ki, iddiaçı V.Abdurəhmanov izahatında həmin sənədlərə nə üçün baxış keçirdiyini əsaslandıra bilməmişdir. İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yoxlama və vergi nəzarət tədbirləri barədə məlumat və sənədləri Ə.Abbasova əvvəlcədən ötürməklə nəzarət tədbirlərin nəticələrinin uğurlu olmasına maneələr yaratmış, bununla da vergi orqanlarında məlumatın təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi və vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının tələblərini pozmuşdur. İddiaçının vergi ödəyicisinin səyyar vergi yoxlaması zamanı yoxlama müddətinin lüzumsuz uzadılması və tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının müvafiq əmri ilə şöbə rəhbərinin vəzifə səlahiyyətləri xx.xx.2018-ci il tarixdən iddiaçıya həvalə edilmiş və iddiaçı şöbə rəisi vəzifə səlahiyyətlərini tam icra etməyə başlamışdır. İddiaçı V.Abdurəhmanov şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmişdir. İddiaçı V.Abdurəhmanov “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması zamanı tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etdiyini araşdırmaya təqdim etdiyi izahatında etiraf etmiş, lakin bunu şöbəyə müvəqqəti rəhbərlik etməsi və öhdəsində yoxlamaların sayının çox olması ilə əsaslandırmış, operativ vergi nəzarət tədbirlərinə ümumiyyətlə nəzarət etmədiyini qeyd etmiş, yoxlama müddətinin lüzumsuz uzadılmasını yoxlamada iştirak edən əməkdaşların üzərinə qoyaraq yol verilən qanun pozuntularına görə məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki, şöbə rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etdiyi müddət ərzində şöbə tərəfindən aparılan bütün növ yoxlama və digər vergi nəzarət tədbirlərinə bilavasitə nəzarət etmək iddiaçı V.Abdurəhmanovun vəzifə borcuna aid edilmişdir. Vergilər Nazirliyi tərəfindən müvafiq əmrlə vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verildiyi zaman həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin tələblərinin nəzərə alınmamasına dair apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 71 -ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Sadalanan normaların tələblərinə uyğun olaraq V.Abdurəhmanov xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş daxili intizam qaydalarının tələblərini pozmuş, şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməklə, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməklə, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla, ona məlumatlar ötürməklə, habelə vergi ödəyicisinin təsisçisi ilə işgüzar əlaqələr yaratmaqla vergi orqanlarının nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş, məlumat təhlükəsizliyi ilə bağlı tələbləri pozmuşdur. V.Abdurəhmanov barəsində intizam tənbehi tədbirinin görülməsi barədə əmrin təsviri-əsaslandırıcı hissəsində sonuncu tərəfindən öz hərəkətləri ilə konkret olaraq hansı qanunvericiliyin və nazirliyin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə təsvir olunmuş, V.Abdurəhmanovun nə üçün məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verildiyi əsaslandırılmışdır. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci bəndidir. Həmin Əsasnamənin 75ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. İddiaçı öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozmuş və bu onun barəsində hazırda mübahisələndirilən əmrin çıxarılması üçün kifayət etmişdir. Cavabdeh tərəfindən iddiaçının xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə həm qanunvericilik, həm də vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş daxili intizam qaydalarının bir çox müddəalarını kobud şəkildə pozduğu üçün işçinin şəxsiyyətini və onun törətdiyi xətanın xarakterini (ağırlıq dərəcəsini) nəzərə aldıqdan sonra barəsində məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı intizam tənbehi tədbirinin verilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-278/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-127/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-127/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver