Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1353/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-6928/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı təqdim etdiyi ИТ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra, xx.xx.1998-ci il tarixdən “Abşeron Rayonu Güzdək Qoyunçuluq üzrə X19 X2”ndə 18-ci briqadaya çoban vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır.
2. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı 5 övladı doğulmuş və 8 yaşına qədər tərbiyə etmişdir. X1 (1993), X5 (1988) , X6 (1986), X4 (1984), X8r (1983).
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2025-ci il tarixli Qərarı ilə iddiaçıya xx.xx.1998-xx.xx.2006-cı illərdə stajı öz təsdiqini tapmadığına görə pensiya təyinatında imtina edilmişdir.
4. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Güzdək Damazlıq təsərrüfatı sənədləri saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əlavə məlumat üçün bildirilir ki, Abşeron Rayon Dövlət Damazlıq Müəssissənin 1998-ci ilə qədər olan sənədləri Abşeron rayon Dövlət Arxivinə təhvil verildiyindən və sorğuda vətəndaşın xx.xx.1998-ci il tarixdə işə qəbul edildiyini nəzərə alaraq tərəfimizdən araşdırılma aparılmış, lakin İddiaçı adı həmin tarixlərdə də aşkar edilməmişdir.
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci tarixinədək işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 5 övladı olub və onları 8 yaşına qədər tərbiyə etmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra xx.xx.1998-ci il tarixdən “Abşeron Rayonu Güzdək Qoyunçuluq üzrə X19 X2”ndə 18-ci briqadaya çoban vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Özü cavabdeh orqana rəsmi şəkildə müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin olunmasından imtina etmişdir. Məktub onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək əmək fəaliyyətinin olmasına baxmayaraq, xx.xx.2006cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamışdır. Bu vaxt ərzində olan fəaliyyət dövrünün sığorta stajına daxil edilmədiyi qeyd edilmiş və fərdi hesabının sığorta hissəsində pensiya kaptalının olmadığı bildirilmişdir. “X14” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış qadınların azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “X14” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır, çünki bu barədə bütün qeydlər mənim əmək kitabçasında qeyd olunmuşdur.
7. Cavabdeh isə imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-6928/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə)
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövr sosial sığorta stajına daxil edilsə belə, tələb olunan 25 illik staj toplanmadığından iddiaçının yaşa görə əmək pensiyasını almaq hüququ yaranmamış olur.
10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona “X14” Azərbaycan Respublikası Qanunun 19 aprel 2024-cü il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsini əsas götürülməklə 5 uşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, apellyasiya şikayətinin təmin olunaraq qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsinə etiraza uyğun və eyni məzmunlu müraciət edərək birinci instansiyası məhkəməsinin mövqeyi ilə razışlaşmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verib, ona “Əmək Pensiyaları” haqqında qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan 8.1-ci maddəsi üzrə yəni beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququn olması əsası üzrə beş uşaq doğmuş, onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadın kimi yaşa görə pensiya təyin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətə iddia ərizəsinə vermiş olduğu etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (...) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“X14” Qanun
17. Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər (xx.xx.2024-cü il tarixədək olan redaksiya) 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.3. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (hazırki redaksiya üzrə) 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.
İnzibati Prosessual Məcəllə:
18. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
22. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
24. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, onun 5 uşağı olduğundan, xx.xx.1998-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək olan dövrün də onun ümumi sosial sığorta stağına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
25. Cavabdeh etirazında iddiaçının əmək kitabçasında əmək fəaliyyətinin xx.xx.1998ci il tarixdən xx.xx.2015-ci il tarixinədək qeyd olunmasına baxmayaraq, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı səbəbindən həmin illəri iddiaçının sosial sığorta stajına daxil etməmiş və nəticədə onun ümumi sığorta stajının 13 il 10 ay 14 gün, yəni tələb olunan 25 ildən az mübahisələndirilməyən sosial sığorta stajına malik olduğu üçün iddiaçıya əmək pensiyasının təyinatından imtina etmışdir.
26. İddiaçı təqdim etdiyi ИТ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən onun 13 il 10 ay 14 gün mübahisələndirilməyən sosial sığorta stajına malik olması işin mübahisəsiz halıdır.
27. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, iddiaçının beş uşağı doğulmuş, onlardan 1983-cü il təvəllüdlü X10 - xx.xx.2006-cı il tarixdə 23 yaşında, digər övladı 1984-cü il təvəllüdlü X4 isə xx.xx.2004-cü il tarixdə 20 yaşında ölmüşdür.
28. Belə ki, “X14” Qanunun 8-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasında deyilirdi:
29. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər: 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hüququn yaranma anına münasibətdə hazırki redaksiya tətbiq edilmişdir) .
30. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunun təsir dairəsinə düşmək üçün 3 əsas hal müəyyən edilməlidir. Bunlardan 1-ci-şəxsin 5 uşaqlı qadın olması, 2-ci-azı 10 il sığorta stajının olması, 3-cü pensiya yaş həddinə çatması (5 il azaldılmaqla). Birinci bənd üzrə məhkəmə kollegiyasının araşdırmasına görə müəyyən edilir ki, iddiaçının 1983-cü il təvəllüdlü X10, 1984-cü il təvəllüdlü X4, 1986-cı il təvəllüdlü X6, 1988-ci il təvəllüdlü X5,1993-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. 2-ci hal üzrə cavabdeh olan inzibati orqan şəxsin minimum 13 il 10 ay 14 gün stajının olmasını qəbul edir və bu hazırda işin mübahisəsiz halıdır (10 il tələb olunan şərt ödənildi). 3-cü hal üzrə isə müəyyən edilir ki, iddiaçının 1 iyul 2017-ci tarixdən çox uşaqlı ana kimi yaşa görə pensiya hüququ 5 il azaldılmaqla xx.xx.2024-cü il tarixdən (1 iyul 2023 - 30 iyun 2024 tarix aralığında pensiya yaş həddi qadınlar üzrə 63 yaş 6 ay müəyyən edilmiş, bundan 5 il çıxılmaqla) yəni 58 yaş 6 ay tamam olduğu andan yaranmışdır.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 58 yaş 6 ayı tamam olmuş müddət ərzində iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ yaranmış, lakin məhkəmə bununla bağlı ona hüquqi yardım göstərməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.
33. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-6928/2025 nömrəli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə İddiaçı xx.xx.2024-cü il tarixdən “X14” Azərbaycan Respublikası Qanunun 19 aprel 2024-cü il tarixədək qüvvədə olmuş 8-ci maddəsini əsas götürülməklə 5 uşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edisin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-6928/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin İddiaçı xx.xx.2024-cü il tarixdən “X14” Azərbaycan Respublikası Qanunun 19 aprel 2024-cü il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsini əsas götürülməklə 5 uşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.