Məhkəmə qərarları › İş №2-1(105)-1418/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1418/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1418/2025 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın, dövlət rüsumunun qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(118)-2738/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qusar rayonu Bədirqala bələdiyyəsinin 07 avqust 2005-ci il tarixli, 8-2-1 nömrəli qərarı ilə Nümayəndə fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır.

2. Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən həmin 0,03 ha torpaq sahəsi üzərində Nümayəndə mülkiyyət hüququ reyestrdə qeydiyyata alındıqdan sonra o, 26 mart 2019-cu il tarixli, 4Ə-708 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mülkiyyətində olan həmin torpaq sahəsini hazırkı iş üzrə iddiaçıya bağışlamışdır.

3. Bundan sonra sözügedən 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq, adına **********43 reyestr nömrəli çıxarış verilmişdir.

4. Həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir.

5. Daha sonra Qaz İxrac İdarəsi hazırkı iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyini iddia edərək cavabdeh qismində İddiaçı qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus həmin fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılmasını xahiş etmişdir.

6. Qusar Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(029)-197/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 2(029)-197/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Qaz İxrac İdarəsi Siyəzən Magistral X1 320 mm-lik, 12-25 təzyiqli Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında Qusar rayonu Bədirqala kəndi ərazisində cavabdehə məxsus fərdi yaşayış evinin onun öz hesabına sökülərək mühafizə zonasının boşaldılması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2023cü il tarixli, 2(102)-3486/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti əsaslandırılmadığından mümkün sayılmamışdır.

9. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Bala Qusar və Qalacıq bələdiyyələrinin əhatə etdiyi Bala Qusar, Bədirqala ........ kəndlərində Bala Qusar bələdiyyəsi yaradılmışdır.

10. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, maddi zərərə görə 59.000 (əlli doqquz min) manat, mənəvi ziyan 1.000 (min) manat və dövlət rüsumu 270 (iki yüz yetmiş) manat olmaqla cəmi 60.270 (altmış min iki yüz yetmiş) manat pul kompensasiyasının ödənilməsi xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat:

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sifarişi əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 87.8 kv.m, yaşayış sahəsi 33.6 kv.m olan birmərtəbəli fərdi yaşayış evinin tikinti layihəsi hazırlanmış və Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Sonradan isə qeyd olunan tikinti layihəsinə uyğun olaraq həmin torpaq sahəsində ümumi sahəsi 87.8 kv.m, yaşayış sahəsi 33.6 kv.m olan bir mərtəbəli yaşayış evi inşa etmişdir. Bu baxımdan, hesab edir ki, iddia tələbi əsassızdır.

12. Cavabdeh Qusar rayonu Bala Qusar bələdiyyəsi iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, bələdiyyə tərəfindən iddiaçıya yalnız torpaq sahəsi satılmışdır. Həmin şəxs özü bələdiyyəyə müraciət etmiş, bələdiyyə tərəfindən prosedura başlanılmış, araşdırma zamanı torpaq sahəsinin alqı-satqının predmeti olması barədə rəy verilmiş və bundan sonra torpaq sahəsi torpaqların alqı-satqı qaydalarının tələblərinə əməl olunmaqla həmin şəxsə satılmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasında bələdiyyənin hər hansı iştirakı olmamış, tikinti prosesinə bələdiyyə nəzarət etməmiş, bələdiyyənin belə bir səlahiyyəti də olmamışdır. Buna görə də, bələdiyyə tərəfindən iddiaçıya hər hansı ziyan vurulması halı mövcud deyildir. Çünki, iddiaçının fərdi yaşayış evinin sökülməsi barədə qətnamənin qəbul edilməsində, başqa sözlə, fərdi yaşayış evinin inşası zamanı müvafiq qaydaların pozulması faktında bələdiyyənin qəsd və ya ehtiyatsızlıqda ifadə olunan hər hansı təqsiri yoxdur. Belə olan halda, iddiaçının Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

13. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(118)-2738/2025 nömrəli qərardadı ilə hazırkı tələblə cavabdeh orqana müraciət edilmədiyi əsası ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova).

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2-1(105)-572/2025 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2738/2025 nömrəli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakim Gülnar Cabbarova).

c) Birinci instansiya məhkəməsində ikinci icraat:

15. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(118)-2738/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Aynur Axundova).

16. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Aparılan məhkəmə araşdırması nəticəsində cavabdehlərin səlahiyyətlərini aşması, hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halı aşkar edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən 270 manat dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə aid olmaqla iddianın həcminə daxil deyil.

17. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, təqdim olunmuş sənədlərə hüquqi qiymət verilməmişdir. Mübahisə olunan torpaq sahəsi bələdiyyə tərəfindən qanunsuz olaraq satılmış, onların qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

19. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı iş üzrə iddiaçının hesabına sökülərək sahənin boşaldılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnaməsi hələ icra edilməmiş, torpaq sahəsində yerləşən yaşayış evi sökülməmişdir. Belə ki, onlar tərəfindən icra orqanına müraciət edilərək, məhkəmə mübahisələri yekunlaşanadək evin söküntüsü ilə bağlı qərarın icrasının dayandırılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.

21. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarı

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı

27. İnzibati Prosessual Məcəllə: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; ... Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

32. Hazırkı qərarın 1-9-cu bəndlərində işin qeyd olunan hallarından görünür ki, Qusar rayonu Bədirqala bələdiyyəsinin 07 avqust 2005-ci il tarixli qərarı ilə iddiaçının oğlu - Nümayəndə fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmış, sonradan həmin torpaq sahəsi onun tərəfindən 26 mart 2019-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya verilmiş və onun mülkiyyət hüququ 15 aprel 2019-cu ildə dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etmiş, lakin Qaz İxrac İdarəsinin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnaməsi ilə həmin evin magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilərək sökülməsi qət edilmişdir.

33. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR Qaz İxrac İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsindən keçən Qaz İxrac İdarəsinin Siyəzən Magistral X1 yeraltı Qusar QPS qolu magistral qaz kəməri 1986cı ildə istismara verilmişdir.

34. İddiaçı hazırda torpaq sahəsini ilkin olaraq ayıran bələdiyyəyə və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətləri nəticəsində: 1) ona vurulmuş maddi zərər olaraq 50.000 (əlli doqquz min) manat; 2) mənəvi zərər olaraq 1000 (min) manat; 3) və tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumu olmaqla cəmi 60.270 (altmış min iki yüz yetmiş) manat pul kompensasiyasının ödənilməsini tələb edir.

35. Maddi zərər tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati icraat haqqında" Qanunun 89.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanların məsuliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM) ilə müəyyən olunmuş delikt normaları çərçivəsində tənzimlənir. MM-in 1096 və 21-ci maddələrinin sistemli təhlili göstərir ki, mülki-hüquqi məsuliyyətin yaranması üçün dörd elementin – hüquqa zidd əməl, təqsir, zərər və onlar arasında birbaşa səbəbli əlaqənin məcmu halda mövcudluğu imperativ şərtdir. Bu elementlərdən hər hansı birinin yoxluğu kompensasiya öhdəliyini istisna edir.

36. MM-in 21.2-ci maddəsinə əsasən, real zərər dedikdə, şəxsin əmlakından faktiki məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində mal varlığında baş verən iqtisadi azalma başa düşülür. Hazırkı işin halları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin sökülərək mühafizə zonasının boşaldılması barədə məhkəmə qətnaməsi 2 il bundan əvvəl qüvvəyə minməsinə baxmayaraq, həmin əmlak faktiki olaraq sökülməmişdir. İddiaçı hazırda ailəsi ilə birlikdə həmin evdə yaşamağa davam edir və əmlakın fiziki varlığına və ya ondan istifadəsinə hər hansı maneə yaradılmamışdır.

37. Kollegiya vurğulayır ki, kompensasiya edilməli olan zərər qəti, real və obyektiv şəkildə sübuta yetirilmiş olmalıdır. Sökülmə qətnaməsinin icra edilmədiyi və iddiaçının əmlak üzərində faktiki sahibliyinin davam etdiyi hazırkı mərhələdə kompensasiya tələbi "vaxtından əvvəl qaldırılmış iddia" xarakteri daşıyır. Çünki, zərər hələ iddiaçının aktivlərində real iqtisadi itki kimi təzahür etməmişdir. Yalnız gələcəkdə hər hansı məhrumiyyətin baş verəcəyi ehtimalına əsaslanaraq müəyyən edilən zərər "hipotetik zərər" hesab olunur ki, bu da delikt məsuliyyətinin yaranması üçün kifayət deyil.

38. MM-in 21.3-cü maddəsinə görə, zərərin həcmi müəyyənləşdirilərkən zərərçəkənin öz davranışının zərərin yaranmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, magistral qaz kəməri 1986-cı ildən istismardadır. İddiaçı torpaq sahəsində tikinti apararkən və ya həmin əmlakı əldə edərkən magistral kəmərlərin mühafizə zonaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş aşkar məhdudiyyətləri nəzərə almalı idi. Bu baxımdan, iddiaçının özünün ehtiyatsızlığı zərərin yaranma riskini artırmışdır.

39. Ən mühüm hüquqi məqam ondan ibarətdir ki, həm iddiaçının əmlakdan istifadə hüququnun faktiki olaraq davam etməsi, həm də eyni zamanda əmlakın tam bazar dəyərinin kompensasiya kimi ona ödənilməsi vətəndaşın dövlət hesabına haqsız yerə zənginləşməsinə səbəb olar. Bu hal mülki hüququn fundamental prinsiplərindən olan "əsassız varlanma qadağası" nı birbaşa pozur. Şəxs eyni vaxtda həm əmlaka, həm də həmin əmlakın pul dəyərinə sahib ola bilməz.

40. Beləliklə, real zərərin faktiki olaraq baş verməməsi (əmlakın mal varlığından çıxmaması) cavabdeh inzibati orqanların maddi məsuliyyətini və kompensasiya öhdəliyini hazırkı mərhələdə istisna edir.

41. Mənəvi zərərlə bağlı isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

42. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndinə müvafiq olaraq “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

43. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da formalaşmış hüquqi mövqeyə görə, mənəvi ziyanla bağlı nəticəyə gəlmək üçün maddi ziyanın müəyyən edilməsi üçün nəzərdə tutulmuş meyyarları tətbiq etmək zəruridir, o cümlədən zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir (“Kadikes Latviyaya qarşı” 62393/00 saylı iş, 67-ci bənd).

45. Hazırkı işdə iddiaçının mülkiyyət hüququnun tam itirilməməsi, ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin evdə yaşamağa davam etməsi faktı mənəvi sarsıntıların hüquqi cəhətdən kompensasiya ediləcək dərəcədə "ağır və qaçılmaz" olmadığını göstərir. Yalnız məhkəmə mübahisəsinin mövcudluğu və gələcəkdə söküntü ehtimalı özlüyündə dövlət orqanından mənəvi ziyan tələb etmək üçün kifayət edən hüquqi əsas deyil. İddiaçı tərəfindən iddia olunan mənəvi iztirabların dərəcəsi və xüsusiyyəti barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.

46. İddiaçı tərəfindən ödənilmiş 270 manat dövlət rüsumunun kompensasiya şəklində tələbi də əsassızdır. Belə ki, bu məbləğ inzibati orqanın delikt əməli nəticəsində vurulmuş zərər deyil, məhkəmə xərcidir.

47. Bununla belə, "Dövlət rüsumu haqqında" Qanunun 9.1.2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən irəli gələn iddialar üzrə tərəflər dövlət rüsumundan azaddırlar. Bu səbəbdən, iddiaçının rüsum ödəmək vəzifəsi olmadığı halda ödədiyi məbləğ cavabdehlərdən tutulmalı olan "ziyan" kimi deyil, qanunvericiliyin tələbinə əsasən dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalı olan artıq ödəmə kimi qiymətləndirilməlidir.

48. Beləliklə, işin sadalanan xüsusatlarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya faktiki olaraq hər hansı real maddi zərərin dəyməməsi və mənəvi zərərin sübuta yetirilməməsi iddianın rədd edilməsini şərtləndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, apellyasiya şikayətinin dəlilləri isə qərarın ləğvi üçün əsas yaratmamışdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(118)-2738/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar