Məhkəmə qərarları › İş №2-1(105)-150/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-150/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-150/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSM tabeliyində DSMF-nin X1rşı xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-941/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18-xx xxxxxx 2021-ci il tarixlərdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunarkən 18 il güzəştli əmək stajı olmuşdur. Lakin əmək pensiyası təyin olunarkən həmin vaxtı qüvvədə olan «Vətəndaşların pensiyası təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi və 17-ci maddələrinin tələbləri kobud şəkildə pozularaq onun pensiyası düzgün hesablanmamışdır. Ona görə də iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək, ona xx.xx.2005-ci il tarixdə təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ərizəsinin məğzindən kənar cavab verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi əsl cavabdeh ƏƏSM yanında DSMF-nun X5 İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-890/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSM yanında DSMF-nin X1rşı xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-91/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-890/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-941/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı ilədək ümumi stajı 34 il 03 ay 03 gün, xx.xx.2018-ci il tarixə pensiyasının məbləği 209.30 manat təşkil edir. Pensiya təyinatı zamanı təqdim etdiyi əmək haqqı göstərilən dövr üçün 51.00 manat orta aylıq əmək haqqı formasında 100% məbləğində hesablanmışdır. xx.xx.2006-cı il tarixdə aylar üzrə ona 51.00 manat məbləğində pensiya ödənilmişdir. İllik inflyasiya əmsalı nəzərə alınmaqla xx.xx.2011-ci il tarixdə onun pensiyasının məbləği 127.59 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyası xx.xx.2011-ci il tarixindən yenidən hesablanaraq 151.53 manata, xx.xx.2012-ci il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 156.72 manata, xx.xx.2013-cü il tarixdən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 157.1 manata, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılması ilə əlaqədar fərmanına əsasən xx.xx.2013-cü il tarixindən 172.51 manata, xx.xx.2014-cü il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 174.25 manata, xx.xx.2015-ci il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 175.29 manata, xx.xx.2016-cı il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 178.30 manata, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılması ilə əlaqədar fərmanına əsasən xx.xx.2016-cı il tarixindən 188.30 manata, xx.xx.2017-ci il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 198.01 manata, xx.xx.2018-ci il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 209.32 manata, xx.xx.2019-cu il tarixindən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 215.57 manata çatdırılmışdır və aylar üzrə ödənilir. Göründüyü kimi, iddiaçının pensiyasının hesablanmasında hər hansı yanlışlığa yol verilməmişdir. Məhkəmə tərəfindən də əsaslandırma hissəsində iddiaçının hüququnun hansı şəkildə pozulduğu əsaslandırılmamış, iddianın mümkünlük məsələsi yoxlanılmamışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X4 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan xx xxxxxx 1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxx 1971-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. İş materiallarında olan Sumqayıt “Sintezkauçuk” zavodu tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 19/3600 saylı arayışdan görünür ki, İddiaçı 2003-2005-ci illərdə cəmi 28320753 manat, 2006-2007-ci illərdə cəmi 5381.82 manat məbləğində əmək haqqı almışdır. İş materiallarında olan 047924 nömrəli pensiya uçot vərəqəsindən görünür ki, iddiaçıya pensiya hüququ yarandığı gündən xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümumi stajı 34 il 03 ay 03 gün, xx.xx.2018-ci il tarixədək pensiyası 209,30 manat təşkil edir. xx.xx.2019-cu il tarixdən pensiyanın sığorta hissəsi illik inflyasiya faizinə uyğun əmsallaşdırılaraq 215.57 manata çatdırılmış və aylar üzrə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, **********0 saylı məktubundan görünür ki, iddiaçının xx xxxxxx 2019-cu il tarixli müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi, xx.xx.2006-cı ilədək ümumi stajı 34 il 03 ay 03 gün, xx.xx.2018-ci il tarixə pensiyanın məbləği 209.30 manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan “Azərkimya” İB “Etilen Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 98 saylı arayışdan görünür ki, İddiaçı 2003-2007-ci illərdə həmin müəssisədə işləmiş və əmək haqqı almışdır. İşdən görünür ki, İddiaçı xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və bu zaman ona istinad olunmuşdur ki, xx xxxxxx 2010-cu il tarixinə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olaraq pensiya hesablanmalı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Qaydalar əsasında aparılmalıdır və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş və 3363 sayla xx xxxxxxx 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin tələbləri isə pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq müəyyən edilir ki, iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmuş pensiyanın hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun xx xxxxxx 2006-cı il tarixə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmalıdır. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçının həmin müddətdən əvvəl işlədiyi son 24 ayı ərzində (2003-2004-cü illər) aldığı orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən istənilən vaxt əmək pensiyası təyin olunması üçün müraciət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. xx.xx.2009-cu il tarixdə“ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər pensiyanı hesablanması qaydasını dəyişdiyindən və belə dəyişiklik nəticəsində iddiaçının vəziyyəti pisləşdirdiyindən iddiaçıya 2005-ci ilin mart ayından təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 2005-ci ilin mart ayında qüvvədə olan redaksiyasına əsasən (orta aylıq əmək haqqı əsasında) hesablanmalıdır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla (2003-2004-cü illər üzrə) yenidən hesablanmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, x xxxx 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə xx xxxx 2017-ci il tarixdən sonra – xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Buna görə də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.2-ci maddələrində inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası ƏƏSM tabeliyində DSMF-nin X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-941/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin və iddia aşağıdakı məzmunda təmin olunsun. Cavabdehin üzərinə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003- 2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar