Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-163/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin 13.10.2017-ci il tarixli, 1492-T saylı sərəncamı ilə onun adına ayrılmış Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd ərazisində istifadəsində olan 0,015 torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin 13.10.2017-ci il tarixli, 1492-T saylı sərəncamı ilə onun adına ayrılmış Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd ərazisində istifadəsində olan 0,015 torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin 13.10.2017-ci il tarixli, 1492-T saylı sərəncamı ilə onun adına Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd ərazisində istifadəsində olan 0,015 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair ona müfəssəl və aydın torpağın cizgi planı verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınması ilə bağlı cavabdehə 02 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 09.06.2021-ci il tarixli, **********27 saylı cavab məktubunda göstərilir ki, “Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuş 02 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı Müayinə və ekspertiza zamanı torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edinlənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanununun 1 əsasən ərizənin icrasından imtina edilir”. Aşağıda göstərlən hallara görə etdiyi müraciətə verilən bu cavabla razılaşmır və ona qanuni əsaslarla verilmiş ixtiyarında və sərəncamında olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu verən qeydiyyatın aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 4 saylı Abşeron Ərazi İdarəsinin müraciətinə verdiyi cavablardan, eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti Başçısına etdiyi müraciətlərdən göründüyü kimi, cavabdehin onun torpaq üzərində hüquqlarının qeydə alınmasına dair verdiyi cavab sırf bəhanə xarakteri daşıyır. Ərizəsinə imtina cavabı verilərkən ağılabatan heç bir real səbəb göstərilməmişdir. Onun torpaq üzərində xüsusi mülkiyyəti artıq 4 ildir ki, qeydə alınmışdır. Qeydiyyat vəsiqəsindən də göründüyü kimi, torpaq sahəsi ehtiyyat fondu torpaqları kateqoriyasına daxildir. O mülkiyyətində olan toıpaq üzərində ərazi arxitektura tələblərini pozmadan istənilən tikinti aparmaq hüququna malikdir. Ərizəyə əlavə etdiyi rəsmi səndlərdən göründüyü kimi, mülkiyyətində olan torpaq sahəsi Masazır qəsəbəsi yaşayış massivi ərazisindədir. Özünə aid olan və mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi ərazinin yaşayış məntəqəsi hüdudlarına daxildir. Yəni ətraf tam olaraq insanlar tərəfindən məskunlaşmışdır. Ərazidə tikilmiş fərdi yaşayış evlərinin demək olar ki, hamısı qeydiyyata alınmışdır. Bu evlərin qeydiyyata alınmasına maneyə olan hər hansı əsaslar yoxdur. Hesab edir ki, bu cavab reallığı əks etmir. Ona görə də ona məxsus fərdi yaşayış evinin qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X6 iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu Masazır qəsəbəsində inşa etdirdiyi ümumi sahəsi 67.87 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınaraq iddiaçıya müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdirdiyi ümumi sahəsi 67.87 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınaraq iddiaçıya müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır (Ceyhun Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarından iddiaçının nümayəndəsi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi X6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Masazır kənd ərazisində yerləşən torpaq üzərində xüsusi mülkiyyəti artıq 4 ildir ki, qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsindən də göründüyü kimi torpaq sahəsi ehtiyyat fondu torpaqları kateqoriyasına aiddir. O, mülkiyyətində olan torpaq sahəsi üzərində arxitektura tələblərini pozmadan istənilən tikintini aparmaq hüququna malikdir. Həmin ərazidəki torpaqlar ehtiyat fondu topaqları katiqoryasına daxildir və həmin torpaqların üzərində fərdi evlər tikilmişdir, birinci instansiya məhkəməsinin ehtiyat fondu siyahısına daxil olan torpaq sahəsi üzərində hər hansı tikintinin aparılmasının qadağan olunmasını əsas gətirərək iddianı təmin etməməsi əsassızdır. Belə ki, mülkiyyətində olan torpaq sahəsi Masazır qəsəbəsi yaşayış massivi ərazisindədir. Yəni ətraf tam olaraq insanlar tərəfindən məskunlaşmışdır. Ərazidə tikilən evlərin hamısı qeydiyyata alınmışdır. Bəs elədirsə bu ərazidə yerləşən minlərlə əhalinin yaşadığı fərdi yaşayış evləri bu torpaqlarda hansı əsaslarla tikilmişdir. Yaxud cavabdeh bu böyük ərazidə yalnız onun üçün ayrılmış 0,015 ərazini ehtiyat fondu katiqoryasına aid torpaq sahəsi hesab edir ? Göründüyü kimi cavbdehin etirazı ağlabatan deyil. Artıq 4 ildir ki, o sözügedən torpaq sahəsində evi tikmişdir. Evin tikilməsinin qarşısının alınması üçün cavabdeh tərəf heç bir müdaxilə etməmişdir. Amma o müraciət etdikdən sonra bu torpağın ehtiyat fondu katiqoryasına aid olmasını əsas gətirərək cavabdeh qeydiyyata almaqdan imtina etmişdir. Avropa məhkəməsinin qərarına əsasən dövlətin qanunsuz hesab edilən ev tikilməsi zamanı öz etirazını bildirməməsi sonradan evin sökülməsi üçün əsas ola bilməz. Əgər söksə belə evə dəymiş zərəri ödəməlidir. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyət etibarı ilə əsassız olmasını aşağıdakı kimi əsaslandırmışdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan fərdi yaşayış üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin təyinatı ehtiyat fondu torpaqlara aid olduğundan ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarina əsasən müəyyən olunur ki, İddiaçı DƏDRX tərəfindən **********94 reyestr nömrəli çıxarış verilərək onun torpaq üzərində xüsusi mülkiyyət hüququ tanınmışdır. İddiaçının adına rəsmiləşdirilmiş 0.015 ha torpaq sahəsinin kateqoriyası ehtiyyat fondu torpaqlarına aiddir. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmiş, həmin fərdi yaşayış evi üzərində özünün mülkiyyət hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyata almaq niyyətindədir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdeh təşkilat tərəfindən fərdi yaşayış evinə müvafiq çıxarışın verilməsindan imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, aparılan araşdırma zamanı müəyən edilmişdir ki, torpaq sahəsinin kateqoriyası ehtiyyat fondu torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Aşağıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından ehtiyyat fondu torpaqlarında fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmayıb. İddiaçının nümayəndəsi istifadəsində olan fərdi yaşayış evinin qonşuluğundakı bəzi yaşayış evlərinin mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tanındığını bildirsə də, bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, cavabdehin 08.10.2021-ci il tarixli, **********04 nömrəli məktubuna etdiyi əlavədə sözügedən torpaq sahəsinin qonşuluğunda hər hansı daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş fərdi yaşayış evi aşkar edilmədiyi məlum olmuşdur. Göründüyü kimi iddiaçının sahibliyində olan fərdi yaşayış evi ehtiyyat fondu torpaqları üzərində inşa edildiyi üçün iddiaçının adına həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin o da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsinin kateqoriyası vahid elektron baza məlumatlarında dəyişdirilməyənə qədər həmin fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması mümkün deyil. Nəzərə alınmalıdır ki, Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. Həmin Məcəllənin 47.5-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar bələdiyyə ehtiyat fondu torpaqlarına aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən gəlmiş olduğu nəticəni qanuni hesab etsə də, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sənədlərin verilməsi haqqında sorğusuna cavab olaraq 08 oktyabr 2021-ci il tarixli **********04 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin qonşuluğunda daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan keçmiş fərdi yaşayış evi aşkar edilməmişdir. Həmçinin qeyd olunan məktubla 67 vərəqdən ibarət sənədlərin təsdiq olunmuş surəti əlavə edilmişdir (i/v 50-117). Həmin sənədlərə əsasən müəyyən olunur ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 30.09.2006-cı il tarixli 18 №li qərarına əsasən X1 – tikinti məqsədilə 2.13 ha torpaq sahəsi satılmışdır (i/v 84). Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 27.11.2007-ci il tarixli, 18 saylı qərarına əsasən X3 alqı-satqı pridmeti olan 2,13 ha torpaq sahəsinin sahibkarlıq tikinti məqsədilə ayrılmasının qanuna müvafiq olduğu göstərilmişdir (i/v 85). İşin 80-ci vərəqində olan X2 Masazır kəndindəki 2.13 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu təsdiq edən 27.12.2007-ci il tarixdə qeydiyyata alınmış 0016878№ MH seriyalı “Çıxarışda” həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) kimi “Ehtiyat fondu torpaqları”qeyd olunmuş, həmçinin həmin çıxarışda torpağın məqsədli istifadə növü kimi “Sahibkarlıq” göstərilmişdir. Həmçinin yuxarıda qeyd olunan işin 51-117-ci səhifələrində olan sənədlərin təsdiq olunmuş surətlərinə əsasən X1 fəaliyyəti məqsədləri ilə verilmiş 2.13 ha torpaq sahəsi kiçik hissələrlə alqı-satqı, bağışlama müqavilələrinə əsasən başqa vətəndaşların mülkiyyətlərinə keçmişdir. O cümlədən işin 104-cü vərəqində olan alqı-satqı müqaviləsinə əsasən satıcı X5 masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0, 175 ha olan torpaq sahəsinin 0,015 ha hissəsini alıcı İddiaçı qızına satmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının mülkiyyətində 0,015 ha torpaq sahəsi fərdi yağayış evinin tikintisi üçün nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı iddia ərzəsində həmin torpaq sahəsinin ona sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrıldığını göstərmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsinə sərəncamın surətinin əlavə olunduğunu qeyd etsə də, işin 9-cu vərəqində yalnız Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən İddiaçı qızına ünvanlanmış məktub qeyd olunmuşdur. Həmin məktubda isə torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün istifadə edilməsi qeyd olunmur, əksinə torpaq sahəsindən təyinatı üzrə qanunauyğun istifadə olunmasına etiraz edilmədiyi bildirilir. Bundan əlavə iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində əsassız olaraq onun evinin ətrafinda tikilmiş yaşayış evlərinə dair başqa vətəndaşların adlarına çıxarış verilməsini qeyd etmişdir. Lakin bununla əlaqədar iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Əksinə yuxarıda qeyd olunan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 08 oktyabr 2021-ci il tarixli rəsmi arayışında sözügedən torpaq sahəsinin qonşuluğunda daşınmaz əmlakın dövlət resyestrindən qeydiyyatdan keçmiş fərdi yaşayış evinin aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1492/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-163/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-163/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver