Məhkəmə qərarları › İş №2-1(105)-189/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-189/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-189/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinə qarşı vurulmuş ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1285/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinin sədri X2 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə hüquqi yardım göstərilərək cavabdehin dəqiqləşdirilməsi təklif edilmişdir. Bundan sonra, iddiaçı əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Şabran rayon Dəvəçi bələdiyyəsinin tanınmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1285/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, iddia ona vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Bu xarakterli işlərdə məhkəmədən öncə cavabdehə müraciət edilməsi məcburi deyil. Buna baxmayaraq, xx xxxxxxx 2020-ci ildə cavabdehə bu barədə rəsmi müraciət etsə də, hələ də cavab vermir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1285/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etməmiş və həmin orqan tərəfindən imtina cavabı alınmamışdır. Cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin, işin materiallarından iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi görünmür. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1285/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar