Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-198/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı cavabdeh tərəfindən ondan tutulmuş 5663,24 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən tutulacaq 1292,26 manat pulun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2669/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ondan tutulmuş 5663,24 manat pulun geri qaytarılması və tutulması planlaşdırılan 3121,30 manat pulun iddiaçıdan tutulması barədə qərarın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tutulmuş 5663,24 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən tutulacaq 1292,26 manat pulun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdən əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən onun pensiyasından 5663,24 manat guya artıq aldığı pensiya məbləği tutulmuşdur. Bundan əlavə cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixdə məktub göndərərək iddiaçıya 3121,30 manat pulun artıq ödənildiyini və həmin məbləğin büdcəyə qaytarılmalı olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı cavabdehin tələbini qanunsuz hesab edərək ondan tutulmuş məbləğin geri qaytarılmasını tələb edir. O, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ondan tutulmuş 5663,24 manat pulun geri qaytarılması və tutulması planlaşdırılan 3121,30 manat pulun ondan tutulması barədə qərarın ləğv olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciəti bu günədək cavablandırılmamış və nəticəsiz qalmışdır .
4. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixdə (15 dekabr 2006-cı il tarixdən hesablanmaqla) Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı ona ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etmiş və bununla əlaqədar əmək pensiyasının növü 17 noyabr 2008-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasına dəyişdirilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının apardığı audit yoxlaması nəticəsində iddiaçıya işlədiyi dövrdə əlilliyə görə əmək pensiyasının yalnız baza hissəsi ödənilməli olduğu halda, bu tələb nəzərə alınmayaraq ümumilikdə 5843,16 manat artıq vəsaitin ödənildiyi aşkar edilərək geri alınması Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş pul vəsaitinin 4118,72 manat hissəsi 2018-ci ilin may ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutulmuş, qalan 1000,00 manat hissəsi isə iddiaçı tərəfindən könüllü ödənilərək büdcəyə bərpa edilmişdir (ümumilikdə bərpa məbləği 5118,72 manat). Sonradan cavabdeh tərəfindən aparılan araşdırma zamanı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda, ona 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında iddiaçının əlilliyə görə pensiya ödənişi dayandırılmış, 719,03 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyə görə pensiyasının ləğv edilməsi, həmçinin aparılan araşdırma ilə əlaqədar pensiya məbləği xx.xx.2006-cı il tarixdən yenidən hesablanmışdır. Nəticədə xx.xx.2006-cı il tarixdən 209,20 manat, müvafiq artımlara uyğun xx.xx.2007-ci il tarixdən 230,01 manat, xx.xx.2008-ci il tarixdən 301,41 manat, xx.xx.2008-ci il tarixdən 385,93 manat, xx.xx.2010-cu il tarixdən 412,45 manat, xx.xx.2011-ci il tarixdən 478,75 manat, xx.xx.2013-cü il tarixdən 512,35 manat, 01,02.2016-cı il tarixdən 549,47 manat, xx.xx.2018-ci il tarixdən 589,25 manat, xx.xx.2019-cu il tarixdən 719,03 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 89971,89 manat pensiya məbləği ödənilməli olduğu halda, 92264,15 manat ödənilmişdir. Nəticədə ona 2292,26 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitindən müvafiq xəzinə hesabına ödəniş yolu ilə büdcəyə bərpa edilmiş 1000,00 manat çıxıldıqdan sonra qalıq hazırda ödənilmiş vəsait 1292,26 manat təşkil edir. Sözügedən qalan artıq ödənilmiş 1292,26 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar idiaçıya xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub ünvanlanmış, yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2669/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia qismən təmin edilərək, İddiaçı artıq ödənilmiş pensiya məbləği kimi onun əmək pensiyasından tutulmuş 4118,72 manatın geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının artıq ödənilmiş pensiya məbləği kimi iddiaçıdan 1292.26 manatın geri tələb etməsinin qanunsuz hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya yaşa, daha sonra əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (...) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir.
18. İş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvalanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilib. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilən 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.
19. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvalanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Hesablama Palatasının apardığı audit yoxlaması nəticəsində işlədiyi dövrdə əlilliyə görə əmək pensiyasının yalnız baza hissəsi ödənilməli olduğu halda, bu tələb nəzərə alınmadığından ümumilikdə 5843,16 manat artıq vəsaitin ödənildiyi aşkar edilərək geri alınması Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş pul vəsaitinin 4118,72 manat hissəsi 2018-ci ilin may ayından etibarən hissə-hissə əmək pensiyasından tutulmuş, qalan 1000,00 manat hissəsi isə vətəndaş tərəfindən ödənilərək büdcəyə bərpa edilmişdir (ümumilikdə bərpa məbləği 5118,72 manat). İddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 89971,89 manat pensiya məbləği ödənilməli olduğu halda, 92264,15 manat ödənilmişdir. Nəticədə 2292,26 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitindən müvafiq xəzinə hesabına ödəniş yolu ilə büdcəyə bərpa edilmiş 1000,00 manat çıxıldıqdan sonra qalıq hazırda ödənilmiş vəsait 1292,26 manat təşkil edir. Sözügedən qalan artıq ödənilmiş 1292,26 manat pul vəsaitinin əmək pensiyadan tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur.
20. Xüsusi Şərtlərlə Təyinat üzrə X1 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanmışdır, hazırki pensiyanın məbləği 447.04 manat təşkil edir.
21. DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xidmət etdiyi orqan tərəfindən təqdim edilən məlumat vərəqəsinə əsasən İddiaçı vəzifə maaşı - 460.00 manat, rütbə maaşı - manat, xidmət illərinə görə 15 faiz əlavəniz - 88.05 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64.00 manat və 15 faiz digər əlavə olmaqla cəmi təminat xərcliyi 808.05 manat təşkil edir. 2-ci qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 646,44 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir (baza hissəsi - 110.00 manat, sığorta hissəsi - 210,20 manat, qulluq stajına görə əlavə - 326.24 manat). “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bu səbəbdən də "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə, yəni 01 yanvar 2015-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək artıq aldığı cəmi 5663,24 manat sığorta hissəsi ayda 128,71 manat olmaqla İddiaçı pensiyasından tutulur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
23. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin vətəndaşdan geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən edilməli və ona qiymət verilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır.
24. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda artıq ödəmə inzibati orqanın təqsiri üzündən baş verdiyindən və şəxsin təqsirli davranışı nəticəsində artıq ödəmənin verilməsi təsdiqini tapmadığından, maraqlı şəxs etimadın qanunla qorunması hüququna malikdir.
26. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2669/2022 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.