Məhkəmə qərarları › İş №2-1(105)-201/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-201/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-201/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “xxxx” MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-185/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında 11-xx xxxxxx 2021-ci il tarixlərdə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “xxxx” MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) xx xxxxx 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri X1 vergilərin hesablanması haqqında **********156900 №-li qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 53809.00 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. Hesab edir ki, cavabdeh tərəfındən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-185/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Vergilər Nazirliyi yanında 2 saylı X2 xx.xx.2018-ci il tarixli **********6980 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" Qərarına əsasən İddiaçı MMC-nin **********-31001 kodlu təsərrüfat subyektində xronometraj metodu ilə müşahidə aparılmış və xx.xx.2018-ci il tarixli VN- 14016303 nömrəli akta əsasən ümümilikdə orta günlük dövriyyə 44183,50 manat müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 305-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 751839.53 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1104587.42 manat) məbləğindən 352747.89 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********602700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 53.809,00 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********156900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Məhkəmə iddianın təmin edilməsinin əsası kimi qeyd etmişdir ki, 2019-cu ilin iyun ayı üçün gömrük maya dəyəri 743398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etməsi öz təsdiqini tapmasına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə müəssisəni əlavə dəyər vergisinə cəlb etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəfindən həmin dövrdə idxal edilmiş bütün məhsullar satılmışdır. Belə ki iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin mənfəət vergisinin bəyannaməsi boş təqdim edilmiş və həmin bəyannamədə mal qalığı göstərilməmişdir. Bu hal isə onu demeyə əsas verir ki, iddiaçı tərəfindən idxal edilmiş məhsullar təqdim edilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 2018-ci ilin avqust ayında keçirilmiş 3 günlük xronometraj İddiaçı MMC-nin gündəlik dövriyyəsinin müəyyən edilməsinə bir o qədərdə əsaslı deyil. Belə ki, qanunvericiliyin tələbləri baxımından xronometrajın keçirilməsi üçün 3 günə kimi müddətin müəyyən edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən xronometraj 3 gün keçirilmiş və həmin 3 gün ərzidə vergi ödəyicisinin anbarlarında satış yalnız bir gün, yəni xx xxxxxx 2018-ci ildə olmuş və vergi orqanı həmin gün həyata keçirilmiş satışdan əldə olunmuş məbləği vergi ödəyicisinin orta günlük satış dövriyyəsinin müəyyən edilməsində istifadə etmişdir. Məhkəmənin daha bir dəlili ilə əlaqədar olaraq bildirilir ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddənin tələbindən göründüyü kimi xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi müddətinin maksimum həddi nəzərdə tutulmuş, daha qısa müddət ərzində müşahidənin həyata keçirilməsi ilə bağlı məhdudiyyət müəyyən olunmamışdır. Beləliklə, göründüyü kimi, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan “Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən” Çıxarışdan və “Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında” Şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 2 saylı X2 xx xxxxxx 2018-ci il tarixli, **********6980 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərardan görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən anbarda xx xxxxxx 2018-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli VN-14 seriyalı 016300 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Günlük Aktdan görünür ki, iddiaçının xx xxxxxx 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli VN-14 seriyalı 016301 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Günlük Aktdan görünür ki, iddiaçının xx xxxxxx 2018-ci il tarixdə satış dövriyyəsi olmamışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli VN-14 seriyalı 016302 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Günlük Aktdan görünür ki, iddiaçının xx xxxxxx 2018-ci il tarixdə satış dövriyyəsi olmamışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli VN-14 seriyalı 016303 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Yekun Aktdan görünür ki, iddiaçının orta günlük satış dövriyyəsi 44183,50 manat olmuşdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli **********602700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün 2019-cu ilin iyun ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin 5 gün müddətində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********156900 nömrəli “Vergilərin hesablanması barədə” Qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin iyun ayı üzrə kameral qaydada yoxlama nəticəsində 53.809,00 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. İşdən görünür ki, İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, Azərbyacan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Qeyd olunan maddənin tərifindən belə başa düşülür ki, əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və axırda istehlakçının üzərinə düşür. Göründüyü kimi ƏDV-nin tutulması malların satışı, idxalı və dövriyyəsi nəticəsində həyata keçirilir. Bundan başqa hər bir vergi ödəyicisinin Vergi Məcəlləsinin 177.1-ci və 177.2-ci maddələrinə əsasən vergi ödəyicisi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin bəyanaməsini vermək, bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Göründüyü kimi Vergi Məcəlləsinin 37.5-ci maddəsi vergi orqanının üzərinə vergilərin hesablanması zamanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin əsas götürülməsini vəzifə kimi deyil hüququ kimi qeyd etmişdir.Həmin Məcəllənin36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2)bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3)vergi yoxlaması materiallarına; 4)vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyatları barədə rəsmi məlumata istinad etmək hüququndanda istifadə edə bilərdi. Lakin hazır ki, inzibati mübahisə üzrə “xxxx” MMC-nin 2019-cu ilin iyun ayı üçün gömrük maya dəyəri 743.398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etməsi öz təstiqini tapmasına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ti əlavə dəyər vergisinə cəlb etmişdir.”xxxx”MMC-nin 2019-cu ilin iyun ayında gömrük maya dəyəri 743.398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etdiyi tədqirdə onun tərəfindən iyun ayında 1.104.587.42 manat dövriyyənin həyata keçirilməsi (satışın həyata keçirilməsi) mümkün deyil. Bundan başqa məhkəmə hesab etmişdir ki, 2018-ci ilin avqust ayında keçirilmiş 3 günlük xronometraj “xxxx” MMC-nin gündəlik dövriyyəsinin müəyyən edilməsində bir o qədərdə əsaslı deyil. Belə ki, qanunvericiliyin tələbləri baxımından xronometrajın keçirilməsi üçün 3 gündən 15 günə kimi müddətin müəyyən edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən xronometraj 3 gün keçirilmiş və həmin 3 gün ərzində vergi ödəyicisinin anbarında satış yalnız bir gün, yəni xx xxxxxx 2018-ci ildə olmuş və vergi orqanı həmin gün həyata keçirilmiş satışdan əldə olunmuş məbləği vergi ödəyicisinin orta günlük satış dövriyyəsinin müəyyən edilməsində istifadə etmişdir. Halbu ki, vergi orqanı ona verilmiş səlahiyyətlər çərçivəsində xronometrajı bir neçə gün əlavə olaraq keçirmiş olsaydı qeyd olunan orta günlük satış dövriyyəsinin məbləği fərqli ola bilərdi. Bütün qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab etmişdir ki, inzibati orqan ona qanun ilə verilmiş hüquqlardan sui-istifadə edib. Belə ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub. Bundan başqa vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla,yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.Mübahisə üzrə vergi orqanının gətirdiyi arqumentlərdən biridə ondan ibarət olmuşdur ki, “xxxx” MMC-ti tərəfindən xx xxxx 2019-cu ildə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktuba əsasən lazımi sənədlərin təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən əlavə dəyər vergisinin xronometraj yoxlamanın nəticəsi olaraq hesablanması zərurəti yaranamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Bundan başqa həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İş materiallarına əlavə edilmiş şikayət ərizələrindən görünür ki, “xxxx” MMC-ti Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 müraciət edərək, idxal etdiyi malların Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi yanında İdxal-İxrac İdarəsi tərəfindən qeydiyyata alılnması və satdığı malların yalnız idxal etdiyi mallar olmasını bildirmişdir. Lakin vergi orqanı buna əhəmiyyət verməyərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində göstərilən “Hüququn tətbiqindən imtinanın qadağan olunması” prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Kollegiya ilk növbədə qeyd edir ki, xx.xx.2019-cu il tarixli, **********156900 saylı “Vergilərin hesablanması barədə” qərarla hesablanmış əlavə verginin qanuni olubolmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi üç gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçının satış dövriyyəsinin 1-ci gün üçün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması, nəticədə iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat (132550,49/3=44183,50) olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr ərzində olmuş satış dövriyyəsi 2 saylı X4, həmçinin cavabdehə məlum olmuş, həmin satış dövriyyəsinin düzgün olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarətkassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, vergi ödəyicisi tərəfindən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməməsi səbəbindən xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş “Vergilərin hesablanması barədə” qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********156900 saylı qərar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-185/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar