Məhkəmə qərarları › İş №2-1(105)-213/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-213/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-213/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)- 2541/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 iyul 2022-ci il tarixli **********112700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2022-ci ilin may ayı üzrə İddiaçı MMC barəsində 12921,01 manat əlavə dəyər vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBW seriyalı 823063 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 13 iyul 2022-ci il tarixli **********112700 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl etmiş, vergi və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq, hazırkı iş üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçı MMC-nin 2022-ci ilin may ayında təqdim etmiş olduğu əlavə dəyər vergisi əvəzləşdirmələri ləğv edilərək cəmiyyətə kameral vergi yoxlaması qaydasında 2022-ci il may ayına görə 12921.01 manat məbləğində ƏDV hesablanaraq cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənmişdir. Belə ki, iddiaçı MMC tərəfindən 24 may 2022-ci il tarixdə EBBW JN 823063 saylı elektron qaimə ilə "xxxx" MMC-dən əlavə dəyər vergisi ilə birlikdə 84704.41 manat məbləğində qarışıq mal-materiallar almış, alınmış mal materialların dəyəri "xxxx" MMC -nin bank hesabına, ƏDV isə həmin cəmiyyətin ƏDV sub-hesabına hesablanaraq ödənilmişdir. Sözügedən əməliyyat aparıldıqdan sonra iddiaçı tərəfindən 2022-ci il may ayını əhatə edən dövr üzrə vergi orqanına təqdim edilən ƏDV bəyannaməsində "xxxx" MMC ilə aparılmış şərh olunan alqı-satqı əməliyyatı barədə məlumat verilmiş və tələb olunan EBBW N-li 823063 saylı elektron qaİmənin rekvizitəri əks etdirilmişdir. Həmin vaxtdan da xx.xx.2022-ci il tarixinə kimi cavabdeh tərəfindən sözügedən əməliyyata dair hər hansı bir irad bildirilməmişdir. Buna baxmayaraq, yalnız bir neçə gün bundan əvvəl iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının may ayında təqdim etdiyi ƏDV əvəzləşdirilməsi ləğv edilərək cəmiyyətə kameral qaydada 2022-ci ilin may ayına görə 12921.01 manat məbləğində ƏDV hesablanaraq cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənmişdir. Səbəb kimi "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısına düşməsi bildirilir. Həmin müəssisə ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində əməliyyat aparan zaman "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahasına daxil olması haqqında taxes.gov.az saytında araşdırma aparılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. Vergi orqanının saytında əldə edilən məlumat cədvəlinə əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixindən riskli vergi ödəyicilərinin siyahasına daxil edilməsini bilmişlər. Hesab edir ki, cavabdehin 2022-ci il may ayında aparılmış əvəzləşdirmənin ləğv edilməsi və həmin əvəzləşdirmə üzrə olan ƏDV məbləğinin cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənməsi ilə bağlı hərəkətləri qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı mübahisənin predmetini təşkil edən əməliyyatlar üzrə əlavə dəyər vergisini ƏDV sub-hesabına ödəmiş və məhz bu əsasla da ödəmiş olduğu vergi məbləğinə uyğun olaraq satıcı təşkilatdan cəmiyyətin onlayn kargüzarlığına EBBW 823063 saylı elektron qaimə göndərilmişdir. Sözügedən əməliyyatlar Azərbaycan Respublikası Vergilər Məcəlləsinin, o cümlədən Məcəllənin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmış və bu əməliyyat barədə məlumatlar əməliyyatın aparıldığı 2022-ci ilin may ayı üzrə vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində qeyd edilmişdir. Hazırkı iş üzrə isə mübahisəsizdir ki, iddiaçı tərəfindən 2022-ci il may ayını əhatə edən dövr üzrə vergi orqanına təqdim edilən ƏDV bəyannaməsində "xxxx" MMC ilə aparılmış şərh olunan alqı-satqı əməliyyatı barədə məlumat verilmiş və tələb olunan elektron qaimənin rekvizitəri bəyannamədə əks etdirilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı MMC-yə 2022ci ilin may ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 12921,01 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBW seriyalı 823063 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrə 12921,01 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0 manat olması nəticəsində 12921,01 manat kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********601600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılaraq 2022-ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə əlavə 12921,01 manat vergi məbləği hesablanılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********112700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 216 noyabr 2022-ci il tarixli, 2-1(118)-2541/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********112700 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim: C.Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxclanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -175.1.1-ci maddəsinə görə hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı kimi müəyyənləşdirilir. -175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, 2021-ci ilin may ayı üzrə iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən əldə edilmiş EBBW seriyalı 823063 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyat riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, hazırda mübahisələndirilən 13 iyul 2022-ci il tarixli **********112700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, həmin qərarla 2022-ci ilin may ayı üzrə iddiaçı barəsində 12921,01 manat əlavə dəyər vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBW seriyalı 823063 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. İş materiallarında olan EBBW seriyalı 823063 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində 84704,41 manat məbləğində alqı-satqı əməliyyatı aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin alqı-satqı əməliyyatı üzrə satıcı qismində çıxış edən "xxxx" MMC həmin əməliyyat aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Belə ki, məhkəmə kollegiyasına təqdim edilən Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC həmin tarixdən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında "xxxx" MMC-nin məhz iddiaçı ilə 24 may 2022-ci il tarixində aparılmış alqı-satqı əməliyyatı nəticəsində riskli vergi ödəyicisi hesab edildiyini bildirmişdir. Göründüyü kimi iddiaçı ilə müvafiq hüquqi şəxs arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Beləliklə, cavabdeh özü iddiaçı ilə həmin müəssisə arasında aparılan alqı-satqı əməliyyatının müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş verdiyini qeyd edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bunun davamı olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunverciliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilər: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Bununla bağlı kollegiya hesab edir ki, elektron qaimə-faktura üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, yəni ümumilikdə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi elektron qaimə faktura riskli vergi ödəyicisi ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturanı ƏDV bəyannaməsində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-2541/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar