Məhkəmə qərarları › İş №2-1(105)-218/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-218/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-218/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-520/2018 saylı qərardadından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-520/2018 saylı qərarı ilə iddiaçı X2 cavabdeh DSMF-nin Abşeron rayon şöbəsinə qarşı iddiaçının Çernobıl qəzasının nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ilə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqını indeksləşdirərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir.

2. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci ii tarixli 2-1(105)- 145/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Qərar xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.

5. xx.xx.2018-ci il tarixdə DSMF-nin Abşeron rayon şöbəsi göstərilən məhkəmə qərarının icra edildiyini bildirmişdir.

6. 30 iyun 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahiəsləri ilə İş üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlləri bilə-bilə saxtalaşdırılmışdır. Belə ki, sözügedən faktın mötəbərliyinin müəyyən olunması məqsədi ilə X5 müvafiq sorğu göndərilmişdir. Nazirliyə xx.xx.2021-ci il tarixdə daxil olmuş X3 Çerniqov bölgəsindəki Baş idarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktına əsasən Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasına Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaq aparılır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-520/2018 saylı qərardadı ilə (hakim Vəfa Əzizova) ərizə təmin edilməmişdir.

9. Həmin qərardaddan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1993-cü il tarixli 80 nömrəli qərarı ilə xx.xx.1959-cı il təvəllüdlü İddiaçı İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. İddiaçı şöbəyə daxil olmuş arxiv arayışı əsasında 1987-ci il avqust ayı üzrə 9161,18 rubl, sentyabr ayı üzrə 7412,53 rubl və oktyabr ayı üzrə 7915,27 rubl əməkhaqqı əsas götürülməklə əmək pensiyası yenidən hesablanmışdır. Digər aylara münasibətdə əməkhaqqı cədvəlləri qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən saxtalaşdırımışdır. Belə ki, sözügedən faktın müəyyən olunması məqsədilə saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X5 müvafiq sorğu göndərilmişdir, nazirliyə xx.xx.2021-ci il tarixdə daxil olmuş X4 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktına əsasən Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli 2-1(85)-520/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(85)-520/2018 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AESdə qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əməkhaqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbi üzrə çıxarılmış 11 yanvar 2018-ci il tarixli 2-1(85)-520/2018 nömrəli qərarın ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Mərkəzi Filial tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hesab edirlər ki, xx.xx.2022-ci il tarixli 2-1(85)-520/2018 nömrəli birinci instansiya məhkəməsinin qərardadı əsassız hesab edilərək ləğv olunmalıdır. Birinci instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə inzibati orqana müraciət etmiş, xx.xx.2017-ci il tarixli 20/8219 №-li məktubla inzibati orqan tərəfindən Qanunun 26.3-1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib daraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci ilin 01 iyul tarixindən yenidən hesablanması, eyni zamanda, ərizədə qeyd olunan tələblə əlaqədar olaraq Qanunun vaxtilə qüvvədə olmuş 26.2-ci maddəsinin hazırda Qanundan çıxarıldığından pensiyanın yenidən hesablanmasının qeyri-mümkün olduğu bildirilmişdir. Sözügedən iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, bütün məhkəmə aktlarında iş materiallarına əlavə edilmiş sənədlər kimi iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, 1987-ci ilin avqust ayı üzrə 9161,18 rubl, sentyabr ayı üzrə 7412,53 rubl, oktyabr ayı üzrə 7915,27 rubl aldığı əks olunmuş əməkhaqqı arayışı göstərilmişdir. Bununla belə, qərarların əsaslandrma hissəsində iddiaçının pensiyasının ötən dövrlərdən yenidən hesablanması ilə bağlı qüvvədə olmuş və ya qüvvədə olan qanunvericiliklə əsaslı mübahisələndirmələrin aparılmadığı məlum olmuş, qeyd olunan arxiv arayışına istinad edilməklə qərarlar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkəmələrdə tarixi və nömrəsi qeyd edilməyən əməkhaqqı barədə arxiv arayışı üzrə heç bir zəruri tədqiqat işləri aparılmadan, o cümlədən həmin arayışların həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən X3 Çernigov bölgəsindəki Baş idarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktı və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş saxtalaşdırıldığı ehtimal olunan iş stajı və əməkhaqqı arayışları əsasında Fondun keçmiş Abşeron rayon şöbəsi vasitəsilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində İddiaçı plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 175500,53 manat təşkil etmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Lakin qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün formal hesab edilməklə təmin edilməməlidir. Belə ki, Sumqayıt İnzinati Məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün heç bir əsas mövcud deyildir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Cavabdeh ilkin icraat zamanı ona məlum olan sübutu əldə etmək və məhkəməyə təqdim etmək və ya ən azından bu barədə həmin sübutun əldə olunması üçün məhkəməyə müraciət etmək imkanında olmuşdur. İlkin icraat zamanı iş üzrə sübutların əldə edilməsi üçün ərizəçinin hərəkətinə dair heç bir məhdudiyyət olmamışdır. Belə ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi müttəfiqlik və hüquqi yardım barədə” xx.xx.1993-cü il tarixli Konvensiya həm Azərbaycan Respublikası, həm də Ukrayna Respublikası tərəfindən imzalanmışdır, tərəflər arasında əməkdaşlıq mövcuddur. Yəni ilkin məhkəmə icraatı zamanı da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ukrayna Respublikasının müvafiq dövlət orqanlarına müraciət etmək imkanı olub. İddiaçı tərəfindən təqdim olunmuş arayışın mötəbərliyinin yoxlanması üçün bütün imkanlar olduğu halda inzibati orqan tərəfindən belə bir müraciət edilməyib, hərəkətsizlik nümayiş olunub. Göründüyü kimi sübutun ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını təsdiq edən heç bir sübut mövcud deyildir və ərizəçi tərəfindən təqdim edilməmişdir. Başqa sözlə, ilkin məhkəmə icraatı zamanı həmin sübutun təqdim olunmaması ərizəçidən asılı səbəblərə bağlı olduğundan onun təqsirinə və məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yeni açılmış hallara dair normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. DSMF tərəfindən oxşar işlər üzrə məhkəmə instansiyalarında son illərdə mübahisələndirilən qərarların demək olar ki, hamısı 2020-ci ildən əvvəlki dövrlərdə qəbul edilmiş qərarlardır. “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanuna əsasən həmin Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Beləliklə, 2020-ci ildən əvvəl təyin edilmiş pensiyalara münasibətdə pensiya aministiyası tətbiq edilmişdir. Bu təsdiq edir ki, pensiya təyinatının aparılmasında düzgün olaraq inzibati orqanın məsuliyyəti, həmçinin məhkəmənin qanuni qüvvəsini hələ 3 il bundan almış qərarlarının yeni açılmış hallar üzrə yenidən mübahisələndirilməsi cəhdlərinin qanunun tələbləri xaricində olması halı bir növ etiraf edilmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2-1(85)-520/2018 nömrəli qərarı qanuni qüvvəyə minməsindən təxmini 4 il keçdiyi üçün qanun yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol vermir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, şikayətdə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır (arayış xx.xx.2021-ci ildə daxil olmuşdur, bundan 9 ay sonra məhkəməyə ərizə verilmişdir). İPM-in 106.1-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Bu baxımdan hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün heç bir əsas yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır...

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.

Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.

Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət

103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

Maddə 107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.

18. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, DSMF-nin Məhkəmə Mübahiəsləri ilə İş üzrə Mərkəzi Filialının ərizəsi 30 iyun 2022-ci il tarixdə, yəni məhkəmə qərarının qanunui qüvvəyə minməsi və icraya yönəldilməsindən 4 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı İskəndər oğlunun barəsində X5 ünvanlanmış sorğuya cavab 24 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. 25 aprel 2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlanaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının olmasının araşdırmanın çətinləşdirdiyini bildirmiş və məhkəmə qərarlarından şikayət verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Həmin məktubdan 2 ay müddət keçdikdən sonra Dövlət Sosial Müdafiə Fondu müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya hansı əsaslarla və nə vaxtdan əmək pensiyasının yenidən hesablanmasından məlumatsız olması və ya gec xəbər tutması barədə dəlilləri ağlabatan hesab edilə bilməz. Çerniqov Şəhər Soveti Arxiv şöbəsi tərəfindən İddiaçı aldığı əmək haqqı barəsində verilmiş və hazırda mübahisələndirilən arxiv arayışı işə baxmış məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilmiş və iddianın təmin edilməsi nəticəsinə gəlinmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iş materiallarında olan arayışın kserosurəti DSMF-nin Abşeron rayon şöbəsinin “Əsli ilə düzdür” ştampı ilə təsdiqlənərək məhkəməyə təqdim edilmişdir. Başqa sözlə, cavabdehin həmin arayışdan xəbərsiz olması inandırıcı deyildir. Həm məhkəmə araşdırması zamanı, həm də ötən dövr ərzində cavabdehin həmin arayışda göstərilən məlumatların həqiqiliyini yoxlamaq imkanı olsa da, bu hüququndan istifadə etməmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda qanunverici şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı kimi faktların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş olmasını zəruri şərt kimi müəyyən etmişdir.

20. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən icraatın təzələnməsi üçün Qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirilməmişdir.

21. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki,ərizəçinin istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hallara istinad edilməklə məhkəmə qərarı ləğv edilə bilməz.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunverici yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün konkret müddətlər müəyyən etmişdir.

24. Belə ki, İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

25. Qeyd olunan normaya bu cür ərizənin, yeni sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilməsini mümkün saymışdır.

26. İş materiallarından isə görünür ki, ərizəçi istinad etdiyi halların ona məlum olduğu vaxtdan üç ay ərzində məhkəməyə müraciət etməmişdir.

27. Eləcə də, hazırki iş üzrə mübahisə edilən qərarın qəbulu hər hansı məhkəmə hökmü ilə şərtləndirilmədiyi üçün, həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə də verilə bilməz.

28. Ərizəçi isə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan (xx.xx.2018) 3 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2022) məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir.

29. Belə ki, qanunverici birmənalı şəkildə qeyd etmişdir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin, (yəni yeni sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən üç ay və qərarın qanuni qüvvəyə mindiyi vaxtdan üç il keçdikdən sonra) buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

30. Göründüyü kimi, qanunverici, mövcud məsələ ilə bağlı prosessual müddətlərin ötürüldüyü halda, həmin müddətlərin bərpasını qadağan edir.

31. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-520/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar