Məhkəmə qərarları › İş №2-1(105)-22/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-22/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-22/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə (X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinə dair rəyin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-2442/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı 06 aprel 2022-ci il tarixli imtina məktubundan görünür ki, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 300 kv.m torpaq sahəsi çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, faktiki 300 kv.metr torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında işlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan Sumqayıt şəhərinin Baş planında orta mərtəbəli çoxmənzilli yaşayış binalarının məhəllə ərazisində yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X4 10-cu mikrorayon ərazisində, Babək küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ona ayrılması barədə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Onun müraciətinə bələdiyyədə baxılmış, torpaq sahəsinə baxış keçirilmiş, yerində ilkin ölçmə işləri aparılmış və sənədlər hazırlanaraq müvafiq rəyin alınması üçün Memarlıq və Şəhərsalma idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 24 avqust 2015-ci il tarixdə 192 saylı rəy verilərək qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə Sumqayıt Bələdiyyəsi 12 yanvar 2018-ci il tarixdə qərar qəbul etmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsindən 1:1000 miqyasında torpaq sahəsinin plan və coğrafi koordinatları, sonra isə həmin təşkilatdan torpaq sahəsinin yerquruluşu planı iddiaçı orqana daxil olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də rəy tələb edildiyi səbəbindən həmin 300 kv.m torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin alınması üçün cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli binanın arxa tərəfində və binadan 20 metr aralıda yerləşməsinə, ümumiyyətlə, həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmadığına əhəmiyyət verməmişdir. Bundan əlavə, torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olsa belə, yenə də cavabdehin imtinası əsassızdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin məzmunundan göründüyü kimi ümumi istifadədə olan torpaq sahələrində vətəndaşların ictimai tələbatlarının ödənilməsi məqsədi ilə və bu kimi məqsədlərə xidmət edən obyektlərin tikintisinə icazə verilir. Torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələblərinə əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh yaşayış məntəqələrinin ümumi istifadəsində olan bələdiyyə torpaqlarında yox, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində ticarət obyektinin tikintisini məqsədəuyğun hesab etmir. Bunlar isə birbirindən fərqli anlayışlardır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində yaşayış məntəqəsi dedikdə - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd) başa düşülür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2442/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, qanunvericilikdə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən, o cümlədən iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanında nəzərdə tutulmuş müfəssəl plan iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilməmiş və onun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etdiyi sənəd Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəyindən, Sumqayıt Bələdiyyəsinin 12 yanvar 2018-ci il tarixli qərarından və yerquruluşu plandan çıxarışdan ibarət olmuşdur. Müfəssəl planın hazırlanması həmçinin bələdiyyənin sifarişi əsasında da hazırlanır. Lakin bələdiyyə qeyd olunan müfəssəl planın sifariş əsasında hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etmək əvəzinə bunu etməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin 12 yanvar 2018-ci il tarixli qərarına əsasən Sumqayıt şəhərinin 10-cu mikrorayonu ərazisində Babək küçəsində sahibkarlıq məqsədi ilə 300 kvadrat metr sahəsi olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. Bundan sonra bələdiyyənin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən rəy verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Daha sonra müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilsə də, cavabdeh həmin rəyin verilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavininin imzası ilə cavab verilmiş, həmin cavabda da yuxanda qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, çoxmərtəbəli və və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsinə olan ərazidə yerləşməsi səbəbindən həmin ərazidə tikinti aparılmasının şəhərsalma norma və qaydalarının tələblərinə uyğun olmadığı bildirilərək müsbət rəyin verilməsindən imtina olunmuşdur. Məhkəmə isə cavabdehin mövqeyini bir qədər dəyişdirərək qanunvericiliklə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsinin prosedurlarının müəyyən olunmadığını, həmin ərazidə yarımçıq tikili olduğunu əsas gətirərək “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli,274 nömrəli Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən verilən rəyin qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olması barədə fikir bildirərək rəyin verilməsindən imtinanı əsaslandırmağa çalışmışdır.İşə baxan məhkəmə isə bütün bu hallara yanlış qiymət verərək Sumqayıt Bələdiyyəsinin cavabdehə müraciət edərkən ərazinin müfəssəl planını təqdim etmədiyini əsas gətirərək cavabdehin rəyin verilməsindən imtinasını əsaslı saymışdır. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi, yaxud özgəninkiləşdirilməsi üçün tələb olunan rəyin verilməsi barədə müraciət edərkən müfəssəl planı cavabdehə təqdim etməli olması barədə məhkəmənin gəldiyi nəticənin hər hansı hüquqi əsası yoxdur. Məhkəmənin müfəssəl planın təqdim olunması ilə bağlı mövqeyinə cavab olaraq bu sahədə münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı" ilə tənzimlənir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən müfəssəl plan yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin və bələdiyyələrin sifarişi ilə hazırlanır. Həmin Qərarın 3.2.6-cı bəndində göstərilmişdir ki, müfəssəl plan ümumi və baş planlara uyğun olaraq yaşayış evlərinin, ictimai təyinatlı obyektlərin, rekreasiya obyektlərinin və ümumi istifadədə olan obyektlərin, sənaye, anbar, kommersiya və ticarət obyektlərinin,mühəndiskommunikasiya şəbəkələrinin və digər obyektlərin tikintisi məqsədi ilə ərazilər nəzərdə tutulduqda, yeni tikinti üçün, yaxud kənd və ya meşə təsərrüfatı ilə bağlı olmayan digər fəaliyyət növlərinin inkişafı üçün torpaq sahələri formalaşdırıldıqda, tikinti və digər fəaliyyət növlərinin inkişafı məqsədi ilə torpaqdan istifadənin əsas təyinatı dəyişdirildikdə, ərazidən istifadə növü, binaların yol verilən hündürlük həddi, ərazinin tikinti və tikinti sıxlığı əmsalları ilə bağlı tələblərdən hər hansı biri dəyişdikdə,sənaye zonaları üçün ərazilər formalaşdırıldıqda, ümumi və baş planlarda mühəndiskommunikasiya təminatı qurğularının tikintisi nəzərdə tutulmadıqda hazırlanır və ya dəyişdirilir. Sumqayıt şəhərinin qüvvədə olan Baş Planı mövcud olduğundan, şəhərin hər hansı ərazisi üçün müfəssəl planın hazırlanmasına bugünədək zərurət yaranmamışdır,Qanunvericilikdə ərazinin müfəssəl planının hazırlanması məcburi xarakter daşımamaqla, yalnız yuxarıda qeyd edilən Qərarın 1.5-ci bəndində göstərilmiş orqanların zəruri bildikləri hallarda onların mülahizəsinə görə və sifarişi əsasında hazırlanır ki, bugünədək Sumqayıt şəhərinin hər hansı əraziisi üçün belə müfəssəl planların hazırlanmasına zərurət yaranmamışdır. Nəzərə alınsa ki, sözügedən ərazi Sumqayıt şəhərinin Baş Planında 10-cu mikrorayon olaraq nəzərdə tutulmuş və yaşayış massivi olaraq tam şəkildə salınmışdır, həmin ərazidə kiçik sahibkarlıq obyektinin yerləşdirilməsi üçün ayrıca müfəssəl planın hazırlanmasının tələb edilməsi məntiqsiz səslənir.Cavabdeh ayrılması nəzərdə tutulan torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yeləşməsi səbəbindən rəyin verilməsindən imtina etsə də, bu mövqeyini hər hansı normativ-hüquqi aktla əsaslandıra bilməmişdir. Cavabdeh bələdiyyələr tərəfindən tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır.Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində bələdiyyələr üzərində hər hansı nəzarətedici,yaxud qadağanedici funksiyalar nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qüvvədə olan qanunvericilik əsasında tikinti sahəsində müvafiq funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati icraat" haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,“İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı,həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Lakin məhkəmə tamamilə əsassız olaraq cavabdehə müraciət edilən zaman ərazinin müfəssəl planının təqdim olunmadığını bəhanə gətirərək iddia tələbinin bu əsasla təmin edilməməsi qənaətinə gəlmişdir. Bütün bu hallar məhkəmənin gəldiyi nəticənin əsassızlığını və inzibati məhkəmə icraatının prinsiplərinə zidd olduğunu sübuta yetirir. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Təəssüf ki, məhkəmə tərəfindən aşkar qanun pozuntuları ilə işə baxılaraq əsassız şəkildə iddia tələbini təmin etməmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.

4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ .....

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri ....

6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Maddə 89. Torpaq sahəsinin və onun üzərində hüquqların girov qoyulmasının (ipotekasının) xüsusiyyətləri ...

2. Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma qaydalarına uyğun olaraq, binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, habelə xüsusi istifadə şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların ipotekasına yol verilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar ....3.0.6. qırmızı xətlər – şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər;.... 11.1. Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: … “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 13.4. Yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında”

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

9. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl” Qaydaları 4.1-ci bəndinə əsasən yaşayış zonaları - tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur.Ərazi ümumi istifadə sahəsi olan çox, orta və azmərtəbəli çoxmənzilli yaşayış binaları, mənzilyanı sahələri olan bloklaşdırılmış yaşayış evləri, həyətyanı torpaq sahələri olan kottec tipli bir-iki mənzilli fərdi yaşayış və bağ evlərinin tikintisi üçün zonalaşdırılır. İstifadəsinin xarakterindən və tikintilərin səviyyəsindən asılı olaraq, yaşayış zonası aşağıdakı tikinti zonalarına bölünür: 4.1.1. çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binaları; 4.1.2. orta mərtəbəli (5÷8 mərtəbəli) və çoxmənzilli yaşayış binaları; 4.1.3. azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binaları; 4.1.4. bloklaşdırılmış yaşayış binaları; 4.1.5. həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri. Şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndis-infrastruktur obyektləri (transformator yarımstansiyaları, nasosxanalar və s.) yerləşdirilir. Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir. 4.13 Qeydlər: ....4. Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.

5. Yaşayış və ictimai-işgüzar zonaların formalaşmış mövcud məhəllələrinin yenidən qurulması zamanı (mansardaların, mərtəbələrin artırılması da daxil olmaqla), bu məhəllələrin əhalisi üçün tələb olunan xidməti idarə və müəssisələr nəzərdə tutulmalıdır. Xidmət radiuslarına riayət edilməklə, qonşu məhəllələrdəki xidməti müəssisələr (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) nəzərə alına bilər. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təstiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların” siyahısının 1.4-cü bəndinə əsasən müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Həmin Siyahının 1.5-ci bəndinə əsasən müfəssəl plan yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonra – müvafiq orqanın (qurumun) və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Həmin Siyahının 1.7-cı bəndinə əsasən müfəssəl plan sifarişçi və lisenziyası olan layihəçi arasında bağlanılmış müqavilə əsasında hazırlanır. Müfəssəl planın sərhədləri müqavilənin ayrılmaz hissəsi olan layihə tapşırığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının tələbi torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin şəhərin baş planına əsasən çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün olmadığını bildirir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı ilə sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması qərara alınmış, yerquruluşu planından çıxarış tərtib edilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq üçüncü şəxsin istifadəsində olmaqla, orada tikili mövcuddur. İndiki halda iddiaçının hüquqi marağı həmin torpaq sahəsində tikinti aparılmasının şəhərsalma qayda və normalarına uyğun olmasına dair cavabdeh inzibati orqan tərəfindən müsbət rəy verilməsindən ibarət olmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhərinin təsdiq edilmiş baş planına əsasən sözügedən torpaq sahəsi çoxmənzilli yaşayış binalarının məhəllə ərazilərinə aiddir və yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi kimi təsdiq edilmişdir (bu hal ortofoto görüntüsü, xəritə, sexm, fotoşəkillərdə öz əksini tapmışdır). Həmçinin, qeyd edilməlidir ki, elektron baza kadastr məlumatlarında da sözügedən torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının məhəllə ərazisində yerləşməsi halı öz əksini tapmışdır. Göründüyü kimi sözügüedən torpaq sahəsinin çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan ərazidə yerləşməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçı tərəfindən sahibkarlıq məqsədilə fiziki şəxslərin adına torpaq sahəsini ayırmaq hüququ vardır. Lakin iddiaçı tərəfindən həmin torpaq sahələri ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırmaq səlahiyyətinə malikdir. Bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə müvafiq qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Başqa sözlə desək, bələdiyyə tərəfindən mülkiyyətində olan torpaq sahəsini məhz qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara və həmin prosedur çərçivəsində nəzərə alınmalı olan tələblərə (sahənin xüsusiyyəti, şəhərin baş planına, şəhərsalma sənədlərinə uyğunluğu və s.) əməl etməklə həyata keçirə bilər. İndiki halda isə iddia tələbinin predmetini təşkil edən torpaq sahəsi məhz çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşir. Hansı ki, yuxarıda istinad edilən qaydalarının tələbinə əsasən həmin ərazilər məhz çoxmənzilli yaşayış sahələrinin aid olduğu yaşayış zonasının tərkibinə aiddir. Həmin ərazi məhz məhəllə ərazisi kimi çıxış etməklə, çoxmənzilli yaşayış binalarının əhalisi üçün onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğuların və s. yerləşdirilməsini nəzərdə tutur. Başqa sözlə desək, çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində ərazi məhz həmin şəxslərin maraq və mənafelərinə uyğun olaraq istifadə məqsədini daşımaqla, həmin yaşayış binalarına aid yaşayış zonası kimi çıxış edir. Əks halda həmin ərazinin yerləşmə xüsusiyyətinin nəzərə alınmaması halı ilk növbədə həmin çoxmənzilli yaşayış binalarının sakinlərinin maraq və mənafeyinin pozulmasına gətirib çıxarda bilər. Həmçinin, qeyd edilməlidir ki, çoxmənzilli yaşayış binlarının ümumi istifadəsində olan məhəllə ərazisinin ayrılması ilk növbədə məhz həmin bina sakinlərinin sosial, ictimai, kommunalməişət və s. tələbatlarının və maraqlarının təmin edilməsinə yönəlmişdir. Belə ki, şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndisinfrastruktur obyektləri (transformator yarımstansiyaları, nasosxanalar və s.) yerləşdirilir, yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Bu baxımından kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi çoxmənzilli yaşayış binasının məhəllə ərazisində yerləşdiyindən, nəticə etibarilə həmin sahə yaşayış binasının sakinlərinə xidmət edən yaşayış zonası kimi çıxış etdiyindən, sahənin bu xüsusiyyəti və ayrılma məqsədi (ticarət obyektinin inşa edilməsi) həmin sahənin tikinti niyyətinin həyata keçirilməsinin şəhərsalma məqsədinə və norma və qaydalara uyğunluğunu müəyyən etməyə imkan vermir. Başqa sözlə desək, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin tikinti məqsədilə ayrılması ilə bağlı müvafiq prosedura başlanılsa da, bu prosedur çərçivəsində həmin sahənin xüsusiyyətiməskunlaşma ərazisi və yaşayış zonası və həmin sahənin istifadə məqsədi nəzərə alınmamışdır. Halbuki, çoxmənzilli binaların yerləşdiyi ərazidə məhəllə ərazilərinin nəzərdə tutulması məhz konkret məqsədi (yaşayış zonası kimi çoxmənzilli binalara aid olmaqla, bina sakinlərinin mənafeyinə xidmət etmək) özündə ehtiva edir. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı əlavə olaraq onu qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin ümumi istifadəsində olan sahə kimi deyil, məhz çoxmənzilli yaşayış sahələrinin ümumi istifadəsində olan məhəllə ərazisi kimi çıxış edir. Hansı ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən çoxmənzilli yaşayış binalarının məhəllə ərazisi onun tərkib hissəsi olan yaşayış zonası hesab edilir və həmin zonanın xarakterik xüsusiyyəti bina sakinlərinin həyat fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə qanuni olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2442/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar