Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-231/2023 17.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X25 qızının katibliyi, İddiaçının nümayəndəsi X7, vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən mənzillə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2682/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayonu dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X3 Rayon DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 218 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili X1.
2. Nikahın bağlanması haqqında İV–ЖГ № 484379 seriyalı şəhadətnamədən görünür ki, X2 Səfər Əhməd oğlu ilə nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir.
3. Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1485 saylı arayışdan görünür ki, Hacıyeva X18 şəhəri, Əliheydər Orucov küçəsi,3/5 ünvanında yaşayır.
4. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarilxi məktubunda Quba rayon notariat ofisində xx.xx.2005-ci il tarixdə 4ə-829 reyestr nömrəli ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi göstərilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi idarəsinin reyestr kitablarına əsasən Quba şəhəri, Ə.Orucov küçəsi, ev 3, 5 saylı mənzilə dair X6 adına xx.xx.2000-ci il tarixli, 218 reyestr nömrəli qeydiyyat vəsiqəsi işlənmışdir. Qeydiyyat vəsiqəsi arxiv qovluğunda olmadığına görə həmin mənzilə dair texniki pasportun və orderin təsdıq olunmuş surəti məhkəməyə göndərilmişdir.
6. Texniki İnvertarlaşdırma bürosu tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd X10 məxsus ünvan 3 ünvanında yerləşən evə dair tərtib edilmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə alqı-satqı müqaviləsini cavabdeh inzibati orqana təqdim edərək mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
8. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat və müqavilənin təsdiq olunmuş surəti ərizəyə əlvaə olunmamışdır. Məktubda həmçinin göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan, ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri, alqısatqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat və müqavilənin təsdiq olunmuş surəti, dövlət rüsumunun ösdənilməsi haqqında sənəd təqdim edildiyi halda qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. İddiaçının xx.xx.2022-ci il tarixli növbətiu müraciətinə isə cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, Dövlət notariat arxivinin xx.xx.2022-ci il tarilxi arxiv arayışında Quba rayon notariat ofisində xx.xx.2005-ci il tarixdə 4ə-829 reyestr nömrəli ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi göstərilmiş, müqaviənin qüvvədə olub-olmaması qeyri-müəyyən olduğu üçün ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə- 829 nömrəli ilə qeydiyyata alınmış 13 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 tərəfindən iddiaçıya satılmış ünvan 4 ünvanında yerləşən 5 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən mənzillə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsində göstərilir ki, iddiaçı ilə X13 arasında Quba rayon Dövlət notariat kontorunda 13 oktyabr 2005-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 4-Ə-829 nömrə ilə qeyd edilmiş 224482 saylı alqı-satqı müqaviləsinə əsasən X4 rayon DTİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixli, 218 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan ünvan 5 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasında yerləşən iki otaqlı, ümumi sahəsi 42,9 kv m, yaşayış sahəsi 31,0 kv m olan mənzili iddiaçıya satmışdır. Müqavilədə iddiaçının soyadı qızlıq soyadı olan “Balayeva” kimi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən də göründüydü kimi o, X16 ilə rəsmi nikaha daxil olaraq "Hacıyeva” soyadını qəbul etmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinin əsli hal-hazırda da iddiaçıdadır. O, satın aldığı gündən bu günə kimi Quba şəhəri, Ə.Orucov küçəsi 3 ünvanında yerləşən 5 nömrəli mənzildə yaşayır. O, qeyd edilən mənzilə dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd etdirərək çıxarış alınması üçün cavabdeh təşkilata rəsmi şəkildə müraciət etmişdir. Lakin cavabdeh təşkilat ondan alıqsatqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat tələb etmişdir. Bundan sonra Quba regional ASAN Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən Dövlət notariat arxivinə sorğu göndərilmiş və həmin sorğuya cavabda Quba rayon Dövlət notariat ofisində 13 oktyabr 2005- ci il tarixdə 4Ə-829 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Bundan sonra o, aldığı cavabı da əlavə etməklə yenidən satın alıdğı mənzilə çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin həmin qurumdan ona müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğu üçün ərizənin icrasının Ərazi idarəsi tərəfindən mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edirə ki, Quba rayon Dövlət notariat ofisində 13 oktyabr 2005-ci il tarixdə 4Ə-829 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilməməsi əsası ilə çıxarışın verilməsindən imtina edilməsi qanunsuzdur. Çünki, o, alıcı kimi satın aldığı mənzilin pulunu əvvəlki mülkiyyətçiyə ödəmiş, həmin vaxtdan da qeyd edilən mənzildə yaşayaraq kommunal xidmətlərə görə haqqı da öz adından ödəyir. Həmin mənzilə sahiblik və istifadə hüquqlarını maneəsiz həyata keçirir. Mülkiyyət hüququnun ayrılmaz hissəsi olan sərəncam vermə hüququmu isə səlahiyyətli şəxslərin məsuliyyətsiz davranışları nəticəsində həyata keçirə bilmir. Belə ki, alqı-satqı müqaviləsinin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilib-verilməməsi onun vəzifəsi deyildir ki, hal-hazırda sırf bu əsasa görə o, mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilmir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
11. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinin xx.xx.2022-ci il tarixli 05/01- 3615/10 nömrəli arxiv arayışında Quba rayonu dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi göstərilmişdir. Müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğu üçün ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
12. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2682/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş alqı-satqı müqaviıəsindəki məlumatların həqiqiliyi, yəni qeyd edilən mənzilə dair ilkin mülkiyyətçi ilə İddiaçı (Ə.Balayeva) arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
14. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun qeyd etdiyi heç bir arqumentinə fikir vermədən iddia tələbini sırf təqdim edilmiş alqı-satqı müqaviləsindəki məlumatların həqiqiliyi, yəni qeyd edilən mənzilə dair ilkin mülkiyyətçi ilə onun arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı əsası ilə rədd etmişdir. Maraqlı olan məqam ondan ibarətdir ki, o, məhkəməyə alqı-satqı müqaviləsinin əslini təqdim etmişdir. Həmin müqavilənin Quba rayon Dövlət notariat kontorunun həmin vaxt Quba rayonunda fəaliyyət göstərən dövlət notariusu X5 tərəfindən təsdiq edildiyini, onun hal-hazıra qədər satın aldığı mənzildə yaşamağını, həmin mənzilin kommunal xidmətlərinə dair müqavilələrin onun adına olmağını və s. hallarının heç birini nəzərə almamışdır. Bundan əlavə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən cavabdeh təşkilatın fəaliyyət istiqamətləri və vəzifələrinin qanunvericiliklə tam ve dəqiq olaraq müəyyən edildiyi və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiyanın nəzərdə tutulmadığı, eyni zamanda "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, onun məhkəməyə təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı ilə baglı da məhkəmə hər hansı bir sübuta istinad etmədən iddia telebini rədd etmisdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu), habelə digər nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. “İnzibati icraat haqqında” Qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı
23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.
26. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Quba şəhəri, Əliheydər Orucov küçəsində olan 3 saylı yaşayış binasında yerləşən 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsaslarla iddianın rədd edilməsi barədə gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi və apellyasiya baxışı zamanı əsli ələb olunaraq iş materiallarına əlavıə edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqısatqı müqaviləsi həmin müqavilədə göstərilən daşınmaz əmlak - ünvan 1 ünvanında yerləşən mənzil üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatı üçün əsas qismində çıxış edir. Belə olan halda cavabdeh inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmamış sənədlərin təqdim olunmaması əsası ilə iddiaçının ərizəsinin təmin olunmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.
28. Kollegiya qeyd edilən mövqeyini onunla əsaslandırılır ki, əsli iş materiallarına əlavə edilmiş və mötəbərliyi hər-hansı şübhə doğurmayan xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilməməsi iddiaçının məsuliyyəti kimi qəbul oluna, onun konstitusion sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyasının tələblərinə əsasən iddiaçıya pensiya təyin etməkdən imtina edən cavabdeh inzibati orqanın iddiaçının əmək kitbaçasındakı müvafiq qeydləri şübhə altına alması kifayət deyildir, cavabdeh inzibati orqan həmin qeydlərin həqiqətə uyğun olmadığını sübuta yetirməlidir.
29. Bundan əlavə, cavabdehin özünün təqdim etdiyi məlumata əsasən də iddiaçının aldığı Quba şəhəri, Ə.Orucov küçəsi, ev 3, 5 saylı mənzilə dair qeyd edilən müqavilə üzrə satıcı X6 adına xx.xx.2000-ci il tarixli, 218 reyestr nömrəli qeydiyyat vəsiqəsi işlənmışdir.
30. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Formalaşmış məhkəmə praktikasında sözügedən maddə (sübutetmə yükü ilə bağlı) öhdəliyin icrasına dair iddialara münasibətdə də tətbiq olunur.
31. Beləliklə, iddiaçı mübahisəli mənzilin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması üçün zəruri olan sənədi təqdim etdiyi halda cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan əsasların heç birinin olmamasına baxmayaraq əsassız olaraq iddiaçının müraciətini təmin etməmişdir. İşin apellyasiya məhkəməsində araşdırılması zamanı da, iddiaçıya məxsus mənzilin dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün həmin maddədə qeyd olunan hər-hansı digər əsas da müəyyən olunmamışdır.
32. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
33. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərini pozmaqla yanaşı, əsassız səbəblərdən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu pozmuş, birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2682/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən 5 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən mənzillə bağlı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.