Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-234/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “Çinar” X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu)) silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2-1(118)-1097/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə borcu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu) təşkil edir. İddiaçı müəssisənin direktoru dəfələrlə ərizə ilə 2 saylı Ərqazi Vergilər Baş İdarəsinə müraciət edərək, müəssisənin şəxsi hesab vərəqəsində olan Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən tələb etmə müddəti ötürülmüş 3713,81 manat borcun silinməsini xahiş etmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının müraciətlərinə hər hansı cavab verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclarının, həmçinin sosial sığorta və işsizlikdən sığorta haqlarının silinməsinin təmin olunması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ““Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu)) silinməsinin təmin olunması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4576/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Sosial Müdafiə Fondu zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1097/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 4576/2023 saylı qərardadı ləğv edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Çinar" X1 (STB) (VÖEN:**********) əvvəlki təsisçisi və direktoru X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, qanun üzrə vərəsəliklə bağlı aidiyyəti üzrə notariat kontoru ofisinin xüsusi notariusu tərəfindən mərhumun həyat yoldaşı X2 qanun üzrə vərəsə olmasına dair xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında müəssisəyə təsisçi və direktor dəyişikliyi ilə bağlı xx.xx.2023-cü il tarixli **********072200 saylı hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan günədək müəssisənin fəaliyyəti olmamış və Asan imzanın əldə olunması mümkün olmamışdır. Bundan sonra yeni asan imza alınmaqla müəssisənin fəaliyyətinin bərpa olunmasına cəhd olunsa da, əvvəllər hesablanmış və vergi qanunvericiliyinin tələblərinə əsasən silinməli olan ümidsiz borcların mövcudluğu müəssisənin bank hesablarının aktiv olunması və fəaliyyətinin bərpa olunmasına maneələr yaratmışdır. Bununla əlaqədar, ümidsiz vergi borclarının silinməsi üçün dəfələrlə vergi orqanına müraciətlər olunsa da, vergi orqanı tərəfindən şikayətlərə baxılmamışdır. Belə ki, “Çinar” STB-nin fəaliyyəti xx.xx.2017-ci il tarixli **********188200 saylı kargüzarlıq nömrəli məktubla xx.xx.2017 ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi dayandırılmışdır. Müəssisənin əvvəlki təsisçisi və direktoru X4 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, asan imzanın aktivləşdirilməsi və hesabatların verilməsi mümkün olmamışdır. Müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, 01.01. 2017-ci il tarixdən xx.xx.2018-cı il tarixədək olan dövr üzrə müəssisəyə, yəni ümidsiz borc olaraq silinməli olan dövrə görə, ümumilikdə 3713,81 manat (2698.07 manat əsas borc, 1015,74 manat faiz borcu) hesablanmışdır. Həmin vergilər və faizlər Vergi Məcəlləsinin tələblərinə əsasən ümidsiz borc kimi silinməli olduğu halda, vergi orqanı tərəfindən həmin borcların silinməsi təmin olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, “Çinar” X1 (VÖEN:**********) şəxsi hesab vərəqəsinin məlumatına əsasən xx.xx.2023-cü il tarixə 2.415,55 manat (o cümlədən; 1.851,63 manat əsas, 40,00 manat maliyyə sanksiyası, 523,92 manat faiz) vergi borcu, həmçinin, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2937,49 manat borcu vardır. Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən: hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər; vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur; vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Əlavə olaraq Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə hesab edilir ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir. Bununla yanaşı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Bundan başqa cavabdeh hazırki iddianı mümkün iddia hesab etmir. Belə ki, hazırki iddia öhdəliyin icrası növündə baxılan iddialara aid olduğu və mümkün hesab edilməsi üçün iddiaçının ilkin olaraq inzibati orqana müraciət etməli olsa da, bu şərtə əməl etməmişdir. İddiaçı cavabdeh inzibati orqana hazırkı iddia tələbinin məzmunu ilə bağlı deyil, iddia tələbinin məzmunundan fərqli tələblərlə müraciət etmişdir ki, qeyd olunan hal da hazırki iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayısı ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1097/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı “Çinar” X1 vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu)) silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Çinar” X1 vergilər, faizlər və mailiyyə sanksiyaları üzrə ümidsiz borcları xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat: 2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu təşkil edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 5 illik tələbetmə müddəti 2018-cı ilin avqust ayına hesablanmış borca münasibətdə xx.xx.2023-cü il tarixdə bitmişdir. Başqa sözlə xx.xx.2018-ci il üzrə hesablanmış ümumilikdə 3713,81 manat vergi məbləği üzrə qanunla müəyyən edilmiş tələbetmə müddəti ötmüşdür və ümisdsiz borc qismində silinməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, cavabdeh iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etməməsini əsas gətirərək iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddiaçının mübahisəli borc məbləğinin ümidsiz borc kimi silinməsi barədə müraciətlərinin vergi orqanına daxil olduğunu, lakin vergi orqanı tərəfindən cavablandırılmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə Maddə 85. Şikayətin verilməsinə dair tələblər Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclarının (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış 3713,81 manat (2698,07 manat əsas borc, 1015,74 manat faiz borcu)) silinməsinin təmin olunması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin faiz borcunun Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddəti bitdiyindən ümidsiz borc kimi silinməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir . Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinə bilməsi şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarında göstərilmişdir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir. Hazlrki işin hallarından müəyyən edilir ki, iddiaçı müəssisənin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi dayandırılmışdır. Müəssisənin şəxsi hesab vərəqəsində olan məlumatlara görə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə müəssisəyə ümumilikdə 3713.81 manat, o cümlədən 2698.07 manat əsas və 1015.74 manat faiz borcu hesbalanmışdır. xx.xx.2023-cü il tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq həmin borc üzrə tələbetmə müddəti bitmişdir. Həmçinin işdən görünür ki, xx.xx.2018-ci il tarixədək hesablanmış və hazırda silinməsi tələb edilən 3713.81 manat faiz borcuna münasibətdə vergi orqanı tərəfindən VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində həmin borcun ödənilməsi illə bağlı VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edilməmiş, vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi təmin edilməmişdir. Məhkəmə aradşırması zamanı iddiaçının mübahisəli borc məbləğinin ümidsiz borc kimi silinməsi barədə ərizələrlə cavabdeh orqana müraciət etməsi öz təsdiqini tapdı. Lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək həmin müraciətlərə hər hansı cavab verilməmişdir. Bu isə öz növbəsində iddiaçıya hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hüquqi zəmin yaratmışdır. Ona görə də, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Eyni zamanda məhkəmə kollegiyası ümidsiz borcların silinməsi tələbinə dair oxşar mübəhisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 486/2023 nömrəli, 2-1(102)-517/2023 və 2-1(102)-1488/2024 nömrəli qərarlarında formalaşmış məhkəmə təcrübəsini xatirlatmağı zəruri hesab edir. Belə ki, həmin işlərdə kassasiya instansiya məhkəməsi ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olub-olmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilibyönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. Borcun silinməsi ilə bağlı cavabdehə müraciətin olması işin mübahisəsiz halıdır. Silinməsi tələb olunan və 5 illik tələbetmə müddəti keçmiş faktiki borcun məbləği və tərkibi isə 2698.07 manat əsas və 1015.74 manat faiz borcundan ibarətdir, bununla bağlı da tərəflər arasında hər hansı mübahisə yoxdur. İddiaçının şəxsi hesab vərəqəsindən müraciət tarixindən son 5 il ərzində həmin borc üzrə iddiaçı tərəfindən hər hansı ödənişin edildiyi görünmür. Ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. 5 ilik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği isə 3713.81 manatdır. Göründüyü kimi qiymətləndirmə mexanizminin bütün meyarları üzrə işin halları aydındır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-1097/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-234/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-234/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver