Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-240/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçının mülkiyyətində olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(118)-697/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Muğanlı- İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı əsasında əldə etdiyi 0,12 ha torpaq sahəsinin əvəzində ona ədalətli kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçının mülkiyyətində olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2036/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Cavabdehin apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-306/2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2036/2022 nömrəli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə ona 0,12 ha torpaq sahəsi satılmış, aldığı torpaq sahəsində Şamaxı Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində cavabdeh tərəfindən ağır texnikalarla yol tikintisi aparılaraq torpaq sahəsi tamamilə dağıdılmışdır. O, vurulan ziyanın müqabilində kompensasiyanın ödənilməsini tələb etmiş, müraciətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin göndərdiyi 11 oktyabr 2021-ci il tarixli cavabda həmin torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqmüəyyənedici sənədləri Dövlət Agentliyinə təqdim etdikdən sonra kompensasiya tələbinə baxılacağı bildirilmişdir. İddiaçı doğulduğu və hazırda yaşadığı kəndin ərazisindən bələdiyyənin qərarı ilə torpaq sahəsi almış, hüquqi dövlətin vətəndaşı olduğu üçün də hüququn aliliyinə, dövlətin qanunlarına güvənərək, bələdiyyənin qərarına etibar edərək çıxarış almağa tələsməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə torpaq sahəni tamamilə dağıtdıqdan sonra ondan reyestrdə qeydiyyatdan keçmiş sənədləri istəmişdir. Hesab edir ki, Agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ən azından ona ədalətli kompensasiya ödənilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi” 31 iyul 2020-ci il tarixli, 2193 saylı Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən inşa edilmişdir. “Muğanlı-İsmayıllı- Qəbələ avtomobil yolunun” işləri ilə bağlı layihə tam yekunlaşdıqdan sonra, yəni 2021-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Agentlik tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı avtomobil yolunun tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda müraciətdə qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi üçün sözügedən torpaq sahəsi üzərində onun hüquqlarını təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyinə təqdim etməsi təklif edilmişdir. Eyni zamanda “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən torpaq sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi” tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı avtomobil yolunun” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, iddiaçının topraq sahəsinə dair mülkiyyət hüququnu, onun yerləşdiyi koordinatların, qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçıya münasibətdə hər hansı kompensasiya hesablanmamışdır. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(118)-697/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçınnı torpq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması öz təsdiqini tapır. Torpaq sahəsi səlahiyyətli şəxs tərəfindən satılmış və torpağın dəyəri onun tərəfindən ödənilmişdir. Həmin qərar hazıradək qüvvədədir və hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə sorğu əsasında əldə tdiyi alqı-satqı müqavilələri üzrə üçünü seçməklə, o cümlədən xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.05 ha torpaq sahəsi 5.000 manata, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.04 ha torpaq sahəsi 4.950 manata, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 5 sot 5000 manat, 2-ci – 4 sot 4.950 manat, 3cü – 3 sot 4.500 manat olmaqla, 1 sotun orta qiymətinin təqribən 1000 manatdan çox təşkil etməsini müəyyən etmiş və iddiaçının mülkiyətində olan torpaq sahəsinin 12 sot olduğunu nəzərə alaraq kompensasiyanın miqdarını 12000 manat müəyyən etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, bununla belə “Muğanlı- İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi” tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bundan əlavə “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi” tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıyaalma və yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, iddiaçı göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olmamışdır. Mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər vuranın deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda iddiaçı ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə dair, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərin təqsirli hərəkətləri nəticəsində yəni iddiaçının iddiada qeyd edilən torpağın yol tikinti altında qalması ilə əlaqədar və ona maddi ziyanın vurulması barədə, hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıqdığı zaman iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamış, halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçı tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, İddiaçı topraq sahəsinə dair mülkiyyət hüququnu, onun yerləşdiyi koordinatların, qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının iddiada torpaq sahəsinin Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olmadığından Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər.
“Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçının mülkiyyətində olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının topraq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla bağlı onun adı kompensasiya alacaq şəxslərin siyahısına salınmamış və kompensasiya hesablanmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə kənd təsərrüfatına az yararlı (yararsız) 0.12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin qərar hazıradək qüvvədədir və qanunvericiliklə müəyyən dimiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bələdiyyənin hesabına mədaxil edilmiş və müvafiq qəbzin əsli iş materiallarına əlavə edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin tikinti məqsədi ilə iddiaçıya ayrılmasını məqsədəuyğun hesab etmiş və bu barədə xx.xx.2017-ci il tarixdə rəy vermişdir. Bələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmış və yerqruluşu planından çıxarış tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə bələdiyyə sədri arayış verərək torpaq sahəsinin iddiaçıya satıldığını və qərarın hazıradək qüvvədə olmasını təsdiq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmasa da, iddiaçının həmin daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur və həmin hüququn qeydiyyata alınması üçün hər hansı məhdudiyyət mövcud deyildir. Cavabdehin bununla bağlı imtina dəlili əsassız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 31 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada ölçülmüş 0.12 ha torpaq sahəsi ilkin yerquruluşu sxemində göstərilən torpaq sahəsi ilə eyni çərçivədə yerləşir; naturada iddia olunan və ölçülmüş 0.12 ha torpaq sahəsi bütünlüklə “Muğanlı-İsmayıllı-Qəbələ” yolunun tikintisi altına düşür. Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi” layihəsi çərçivəsinə tam şəkildə düşməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1- ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Məhkəmə kollegiyası qeyd edilən torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşən eyni əsaslarla ayrılmış torpaq sahələri sahiblərinə, o cümlədən X4 cavabdeh tərəfindən kompensasiya ödənilməsini bildirmişdir. Məhkəmə kollegiyası araşdırma zamanı iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı cavabdehə ünvanladığı sorğudan görünür ki, "Muğanlı- İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşən daşınmaz əmlakların qiymətləndirilməsi xidmətini göstərən "xxxx" MMC tərəfindən sorğuya dair təqdim edilmiş məlumatları (2023-cü il üzrə) aşağıdakı kimi qeyd edilmişdir. -0.01 hektar (əkin təyinatlı, yararlı və yararsız torpaq sahələri üçün) 90 manat + 20% əlavə; -0.01 hektar sahibkarlıq məqsədi ilə istifadə edilən torpaq sahələri üçün 1250 manat + 20% əlavə; - Yaşayış məntəqəsi təyinatlı sahələr üçün 1m2 200-250 manat + 20% əlavə; X3 torpaq sahəsinin sahibkarlıq məqsədi ilə istifadəsi və tikintiyə icazəsinin olduğu müstəqil qiymətləndirici ekspertlər tərəfindən müəyyənləşdirilərək 0.01 ha torpaq sahəsi 1250 manat olmaqla qiymətləndirilmişdir. Məhkəmənin sorğusuna əsasən X4 ayrılmış 1200 kv m torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olmuş sənədlər tələb edilmişdir. Həmin sənədlərdən müəyyən edilmişdir ki, Şamaxı rayon Muəanlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatına az yararlı (yararsız) 0.12 ha torpaq sahəsi tikinti məqsədi ilə X4 ayrılmışdır. Daha sonra S.nəbiyevin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və torpaq sahəsinin məqsədli istifadə növü “sahibkarlıq” göstərilməklə təyinatı “kənd təsərrüfatı təyinatlı” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, S.Nəbiyevin mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlər forma və məzmununa görə iddiaçının sənədləri ilə eynilik təşkil edir. Cavabdeh onun torpaq sahəsini sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi kimi qiymətləndirərək bir sotunu 1250 manat məbləğində qiymətləndirmişdir. Bundan başqa birinci instansiya məhkəməsi sorğu vasitəsi ilə əldə etdiyi alqı-satqı müqavilələrinə əsasən sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinin bir sotunun 1000 manatdan çox olmasını müəyyən etmişdir. Belə olan halda iddiaçının hər sot torpaq sahəsi üçün 1000 manat, 0.12 ha torpaq sahəsinə görə 12000 manat kompensasiya tələb etməsi aölabatan hesab edilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci intansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(118)-697/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.