Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-242/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının Nümayəndə1, Cavabdehin nümayəndələri X2 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tibb təhsilini davam etdirmək üçün köçürülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1540/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 2019-cu ildə Ukrayna Respublikasının Dnepropetrovsk Dövlət Tibb Universitetinin “Stomatologiya” fakültəsinə daxil olaraq əyani formada təhsil almağa başlamış, 2021-ci ildə isə X10 Universitetinin eyni ixtisasına köçürülmüş, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 2022-ci ilin fevral ayından təhsilini əyani formada davam etdirməsi mümkün olmamışdır. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 30 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, tibbi təhsilini davam etdirmək üçün X10 Universitetindən Azərbaycan Tibb Universitetinə köçürülməsini xahiş etmişdir. Cavabdeh orqan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 1.8-ci bəndinə istinad edərək İddiaçı müraciətinin icrasından imtina etmişdir. Daha sonra, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 11 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, tibbi təhsilini davam etdirmək üçün X10 Universitetindən Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” fakültəsinə köçürülməsini xahiş etmişdir. İddiaçı müraciəti baxılması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə göndərilmiş, həmin orqan xx.xx.2022-ci il tarixli, B-10347/02-TKTA nömrəli məktubu ilə onun müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, tələblərin köçürülməsi prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 5/2 saylı “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalar əsasında qış və yay aylarında 2.9-cu bəndə uyğun olaraq “Azərbaycan və xarici ali və orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələrin müəssisəsəarası köçürmə sistemi” (transfer.edu.az) vasitəsilə həyata keçirilir. Cari il üçün elektron sənəd qəbulu 25-31 iyul tarixlərində aparılmışdır və sözügedən portal vasitəsilə müraciət edən şəxslərin ərizələrinə ekspertiza mərhələsində müvafiq qaydaların tələblərinə uyğun olaraq baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək tibbi təhsilini davam etdirmək üçün Azərbaycan Respublikasının (yaxud Naxçıvan MR) Dövlət Universitetlərinə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasında orta təhsilini bitirdikdən sonra Ukrayna Respublikasının Xarkov şəhərində ali tibb təhsili alır, hazırda 5-ci kurs tələbəsidir. Məlum hadisələrlə əlaqədar olaraq (Rusiya-Ukrayna müharibəsi) təhsilinin orada davam etdirilməsi qeyri-mümkündür. Bu səbəbdən də tibbi təhsilini davam etdirmək üçün Azərbaycan Respublikasının Universitetlərinə köçürülməsi barədə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq ali məktəbə daxil olmuş, özündən asılı olmayaraq şəraitin dəyişməsi səbəbindən orada təhsilini davam etdirməsi qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-13119/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1540/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 2018/2019-cu tədris ilində X6 tərəfindən keçirilən qəbul imtahanları zamanı 700 ballıq şkala üzrə 163 bal toplamış, 2019/2020-cu tədris ilində ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı keçirilmiş imtahanlarda iştirak etməmişdir. Belə olan halda, iddiaçının müraciəti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 2.8-ci bəndinə uyğun qiymətləndirilməlidir. Bununla bağlı, iddiaçı təhsil aldığı ali təhsil müəssisəsindən akademik göstəricilərinin qənaətbəxş olması barədə arayış təqdim etmişdir. Onun köçürülmə ilə bağlı səbəbləri də fövqəladə halla bağlı olduğu üçün üzürlü səbəb kimi qiymətləndirilə bilər, amma müraciətinin digər iki bəndə (2.8.1 və 2.8.4) uyğun olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə onun müraciətinin təmin olunmasını məqsədəuyğun hesab etmir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinə qiymət verərkən iddiaçının müraciətinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə uyğun qiymətləndirilməli olmasını hesab etmişdir. Lakin, məhkəmə həmin hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən Qaydaların 2.8-ci bəndindəki şərtlərin hamısının eyni vaxtda mövcud olması şərti irəli sürülməmişdir. Yəni, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda, xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı 2.8.1-2.8.4-cü bənddə qeyd edilən şərtlərin hər biri müstəqil nəzərə alına bilər. Məhkəmə özü də qeyd etmişdir ki, iddiaçının tələbi həmin şərtlərin ikisini (2.8.2 və 2.8.3-ci bəndlər) ödəyir. İddiaçı təhsil aldığı ali təhsil müəssisəsindən akademik göstəricilərinin qənaətbəxş olması barədə arayış təqdim etmişdir. Onun köçürülmə ilə bağlı səbəbləri də fövqəladə halla bağlı olduğu üçün üzrlü səbəb kimi qiymətləndirilə bilər. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması şərtini (2.8.4-cü bənd) də ödənilmiş hesab etmək olar. Belə ki, Beynəlxalaq reytinqlərdə iddiaçının təhsil aldığı Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti 4829-cu sırada, Azərbaycan Tibb Universiteti isə 6961-ci sıradadır. Bundan başqa, iddiaçı 2.8.1-ci bənddə qeyd edilən beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal) üzrə imtahanlara hazırlaşıb girə bilər, bu cür imtahanda iştirak şərti üçün ona müddət də təyin edilə bilər. Lakin, artıq yuxarıda qeyd edildiyi kimi, heç bir halda Qaydaların 2.8-ci bəndindəki halların hamısının birlikdə ödənilməsi şərti ilə bağlı məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2018- 2019-cu illərdə X6 tərəfindən keçirilən qəbul imtahanında 700 baldan 168 bal toplamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsində icraat zamanı məlum olmuşdur ki, iddiaçı rus dilini çox zəif bilir. Digər tərəfdən, Xorkov Tibb Universiteti dünya reytinqi üzrə ilk 500lüyə daxil deyil. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər 11.2. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları: 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir.
2. Tələbələrin köçürülməsi 2.9. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Elm və Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir: ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları: ... 2.13. Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak etməyən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) və ya iştirak edib xarici dövlətlərin ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını digər ali təhsil müəssisəsinə, ixtisasa, təhsilalma formasına dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır: 2.13.1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25- 35, A-Level – C və ya B, ACT – 27 bal); 2.13.2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “X7 X3”, “QS X3” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçının Ukrayna Respublikasının X10 Universitetindən Azərbaycan Respublikasının (yaxud Naxçıvan MR) Dövlət Universitetlərinə köçürülməsindən cavabdehin imtinası təşkil edir. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində ondan asılı olmayan üzrlü səbəbdən - Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 2022-ci ilin fevral ayından Ukrayna Respublikasında təhsilini davam etdirməsinin mümkün olmadığı halına istinad edərək, ölkədaxili müvafiq Universitetlərdən birinə köçürülməsini tələb edir. İşin hüquqi halları ilə bağlı kollegiya mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qaydaların: 2.2-ci bəndinə əsasən tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X6 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3-cü bəndinə əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.7-ci bəndinə əsasən DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində aparılır. 2.8-ci bəndinə əsasən DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən aydın olur ki, qanunverici xarici ölkədə ali təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə onların qəbul olduqları ildə DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib-etmədiklərindən asılı olaraq ölkənin ali təhsil müəssisələrinə köçürülmələri üçün fərqli şərtlər nəzərdə tutmuşdur. Belə ki: 1) DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda, belə köçürülmə tələbənin topladığı balın qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması ilə şərtləndirilmişdir; 2) Belə imtahanlarda iştirak etməyən vətəndaşlara münasibətdə isə Qaydaların 2.8ci bəndinə göstərilən şərtlərin məcmu şəklində birgə mövcudluğu tələb olunur. Bununla bağlı kollegiya qeyd edir ki, X6 tərəfindən həm iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan, həm də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı 20 may və 18 iyul 2018-ci il tarixlərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş, müvafiq olaraq 163 və 124 bal toplamış və heç bir ali təhsil müəssisəsinə qəbul olunmamışdır. 2019/2020-ci tədris ilində isə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə keçirilmiş test imtahanlarında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı Ukrayna Respublikasında ali təhsil müəssisəsinə qəbul olunduğu ildə DİM tərəfindən keçirilən imtahanda iştirak etməmişdir. Bununla da, müəyyən edilir ki, iddiaçı ikinci kateqoriyadan olan şəxslər qrupuna aiddir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddianın əsaslılığının Qaydaların 2.8.1, 2.8.2, 2.8.3 və 2.8.4-cü bəndlərində göstərilən 4 şərtin birgə ödənilməli olmasından asılı olduğuna dair hüquqi mövqeyi düzgündür. İddiaçı məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərində Qaydaların 2.8-ci bəndində göstərilən şərtlərin hamısının eyni vaxtda deyil, şərtlərdən hər birinin müstəqil nəzərə alınmalı olmasını, ona münasibətdə də 2.8.2 və 2.8.3-ci bəndlərdə göstərilən şərtlərin ödənildiyini bildirmişdir. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, 2.8-ci bənddə göstərilən normanın dizpozisiyasından göründüyü kimi vətəndaşların ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı sadalanan şərtlərdən hər hansı biri deyil, bütövlükdə həmin şərtlərin nəzərə alındığı göstərilmişdir. Qeyd olunan şərtlərlə nəzər saldıqda da, müəyyən edilir ki, “beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr”, “qənaətbəxş akademik göstəricilər”, “köçürülmə səbəbləri”, “təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması” kimi şərtlər özü-özlüyündə müstəqil olaraq ayrıca nəzərə alınmalı olan deyil, məhz birgə nəzərə alınmalı olan tələblərdir. Beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələrlə bağlı 1-ci şərtə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə bu şərtin ödənilmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində ona müvafiq vaxt verilərsə, bu imtahanları verə biləcəyini bildirmişdir. Kollegiya 2-ci, yəni qənaətbəxş akademik göstəricilər məsələsinə münasibətdə isə qeyd edir ki, Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2022-ci il tarixli, 1111 nömrəli müvəffəqiyyət barədə arayışdan görünür ki, o, 2021/2022-ci tədris ili üzrə müvafiq fənnlərdən ECTS “E” (kafi), “D” (kafi) “C” (yaxşı) və məqbul qiymətlər almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil pilləsinin dövlət standartı və proqramının 7.4-cü bəndinin 2-ci hissəsinə əsasən konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi 71-80 bal üzrə (C) “yaxşı”, 61-70 bal üzrə (D) “kafi”, 51-60 bal üzrə (E) “qənaətbəxş” qiymətləndirilir. İddiaçının müvafiq qiymətlərinin ən aşağısı “qənaətbəxş” olduğundan onun ümumi qiymətləri qənaətbəxş akademik göstəricilər kimi qiymətləndirilə bilər. Yəni, iddiaçıya münasibətdə 2-ci şərt ödənilir. Köçürülmə səbəbləri ilə bağlı qeyd edilməlidir ki, belə səbəblər kimi istənilən müvafiq səbəb (üzrlü və ya üzrsüz) göstərilə bilər. Hazırkı halda da iddiaçı belə səbəb kimi Rusiya- Ukrayna müharibəsini göstərdiyindən 3-cü şərt də ödənilir. 4-cü şərt, yəni təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması şərtinə münasibətdə kollegiya qeyd edir ki, qaydalarda istinad edilən internet bağlantıdan görünür ki, iddiaçının təhsil aldığı Xarkov Milli Tibb Universitetinin, ümumiyyətlə, Ukrayna Respublikasının heç bir ali təhsil müəssisəsinin adı belə təhsil müəssisələrinin siyahısında yoxdur. Beləliklə, işin müəyyən edilən hallarından göründüyü qanunvericiliklə müəyyən edilmiş şərtlərdən iddiaçıya münasibətdə hamısı deyil, yalnız ikisi ödənilir. Kollegiya qeyd olunan mübahisəli hüquq münasibətlərini tənzimləyən hazırda qüvvə olan qanunvericiliyin tələblərini də qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə 1 nömrəli əlavə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 2.13-cü bəndinə əsasən ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak etməyən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) və ya iştirak edib xarici dövlətlərin ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını digər ali təhsil müəssisəsinə, ixtisasa, təhsilalma formasına dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır: 2.13.1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25- 35, A-Level – C və ya B, ACT – 27 bal); 2.13.2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “X7 X3”, “QS X3” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması. Sadalanan normaların tələblərindən göründüyü kimi hazırda qüvvədə olan qanunvericiliklə köçürülmə şərtləri bir qədər konkretləşdirilərək, ya beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələrin müvafiq tələblərə uyğunluğu, ya da qəbul olduğu ildə təhsil aldığı xarici ali təhsil müəssisəsinin reytinqi yüksək təhsil müəssisələrinin siyahısında olması tələb olunur. İşin yuxarıda qeyd edilən hallarından isə iddiaçıya münasibətdə bu şərtlərdən hər hansı birinin ödənildiyi müəyyən edilmir. Odur ki, mübahisəli münasibətə yeni qanunvericiliyin tətbiqi də hazırkı halda iddiaçının hüquqi vəziyyətini yüngülləşdirmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xarici ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının (yaxud Naxçıvan MR) Dövlət Universitetlərinə köçürülməsi üçün qanunvericilikdən irəli gələn əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1540/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.